Məzmuna keç

Şagirdlərin müəllimə kələk gəlmələri

Vikimənbə saytından
Şagirdlərin müəllimə kələk gəlmələri
Müəllif: Seyid Əzim Şirvani


Var idi bir müəllimi-dana,
Xoşzəban, xoşədavü nüktəsəra.
Oxudurdu neçə nəfər ətfal,
Məktəbi olmuş idi malamal.
Dərsi-ətfalə diqqət eylərdi.
Dərsü təlimü bəhsü məşqü səbəq.
Tifl üçün napəsənddir əlhəq.
Təbi-ətfal ləbə maildir –
Ki, hənuz əqli qeyri-kamildir.
Oldular dərsü bəhsdən diltəng,
Etdilər ustadə hiyləvü rəng.
Məktəbə kim ki, gəldi vəqti-səhər,
Etdi rühsari-ustadə nəzər.
Dedi: - “Ey ustadi-dövranım,
Sənə qurban ola mənim canım!
Nə səbəbdən bu gül üzün qaralıb?
Gözlərin ağı sərbəsər saralıb?
Gözün üstü şişib, olubdu qovuq,
Zahirən bu gecə dəyibdi soyuq?”
Hər bir gəldi məktəbə bu sifət
Mollanın canına salıb vəhşət.
Qüvveyi-vahimə ziyad oldu,
Mollanın rəngi xövfdən soldu.
Var ikən əvvəli səhih bədən.
Aqibət naxoş oldu vahimədən.
Dedi molla ki, həqqi, ey ətfal
Mən bu gün xeyli olmuşam bihal.
Görünür, məndə var əlaməti-təb,
Heç söz yox, soyuq dəyibdi bu şəb.
Ürəyim eylə qusmağa qalxır,
Dəmbədəmdən qulaqlarım salxır.
Bəs gedim evdə rəxtxabə girim,
Özümü ölməmiş, evə yetirim…
Rəxtxabi döşətdi, yatdı hərif,
Günbəgündən vücudi oldu zəif.
Yenə şagirdlər gəlib hər gün
Mollanın könlünə qoyurdu düyün.
Hiylə ilə o firqeyi-rubah,
Ustadə baxıb çəkərdilər ah.
Biri nagəh yalandan ağlardı,
Birisi nəşini qucağlardı.
Mollanı tutdu aqibət vəhşət,
Dari-dünyadən eyləd rehlət.