Məzmuna keç

Şamdan bəy/Dördüncü məclis

Vikimənbə saytından
Üçüncü məclis Şamdan bəy. Dördüncü məclis
Müəllif: Nəriman Nərimanov


Hacı İbrahimin bağçası, ortalıqda miz, mizin kәnarında kürsülәr. Bağçada qaranlıqdır. Şamdan bәy dәli halәtindә, tәk bağçada gәzinir, köhnә paltarda, başı açıq, qorxa-qorxa danışır.
 
Ş a m d a n (әtrafa baxa-baxa). Yaxşı vaxt tapıb gәlmişәm ... heç kәs mәni burada görmәz.... Yusif Xәdicә ilә hәr axşam burada çay içirlәr. Bu ağacın dalında gizlәnib gәlәndә ikisini dә burada gәrәk bu (xәncәr әlindә) xәncәr ilә öldürüm....
Qoymaram Yusif mәnim çörәyimi әlimdәn alsın.... (Birdәn diksinir.) Vay! (Әtrafa baxır.) Gәrәk ki, gәlәn var.... (Bir az fikirdәn sonra.) Yox, heç kәs yoxdur. (Gedib bağçadan Yusif olan evә baxır.) Ax, namәrd! Әlimdәn dövlәti yaxşı aldın, dәdәmә od vurdun.... Bax, Xәdicә çıxdı... Sәnin boyuna qurban!... Dәrdindәn gör mәn nә hala düşmüşәm... Yox, Xәdicә deyilmiş. (Gәzinir. Bir az fikirdәn sonra.) Pәrvәrdigara! (Әtrafa baxır.) Mәn nә sәbәbә buraya gәlmişәm?.... (Fikrә gedir.) Hә ... Hә.... (Bәrkdәn.) Gәrәk öldürәm.... Onları öldürәndәn sonra özümü dә öldürrәm.... Çünki bundan da pis gün görmәk istәmirәm.... Bundan sonra qalıb nә edәcәyәm?.... Yemәk yox, içmәk yox, dost yox, aşna yox.... Hamı mәndәn qaçır.... Sәbәbi? (Fikir. Bәrkdәn diksinir.) Vay, gәldilәr.... (Qaçıb gizlәnir. Әtrafa baxır.) Yox, gәlәn yoxdur.... (Üstünә baxır vә әli ilә әtrafı yoxlayır.) A kişi, insafdır ki, belә xoşbәxtliyi әlindәn verәsәn?.... Gәlәsәn bu bağçaya od vuram? Onda hamı tökülüb gәlәcәk.... Qarışığa salıb hamısını öldürәrәm. Uf, nә bәdbәxt oldum.... (Tez-tez diksinib dәli mәqamına gәlir.) Hә.... Gәlir!.... (Ağacın dalında gizlәnir.) Qoy gәlsin.... Oturanda.... Mәn dalından başını kәsib ataram. (Yavaş danışır, guya gözünә Yusif görünür.) A.... Yaxşı әlimә düşübsәn. (Guya Yusif gәlib oturur. Şamdan yavaşdan xәncәri qaldırıb vurur.) A.... İndi qal yerindә.... (Gәlib baxır, guya ölübdür.) Mәn indi nә edim?.... Ha?.... (Özünü itirir.) Yox.... (Bәrkdәn qışqırır, özünü tamam itirir.) Mәn ... mәn.... (Xәncәri öz qarnına vurub ağacın dibindә yıxılır.) Uf!.... Uf!.... (Ölür.)
 
 
ӘVVӘLİNCİ GӘLİŞ
 
Qulu әlindә çıraq bağçaya gәlib mizin üstünü çay içmәkdәn ötәri hazır edir vә qeyrilәri bağçada elә gәrәk gәzsinlәr ki, guya Şamdanı görmürlәr.
 
Q u l u (tәk, danışa-danışa mizin üstünü hazır edir). Xәdicә xanım görükür, Yusif bәyi çox istәyir. Lap onu uşaq kimi bәslәyir. Yaxşıca yatmışdım, gәlib durquzur, deyir ki, get, samovarı bağçada hazır elә, indi Yusif ağa gәlәcәkdir, çay içsin. Deyirәm, ay xanım! Axı niyә evdә içmir? Deyir ona bağçada xoş gәlir. Nә bilim, vallah, evdә Yusif ağa yatanda hamıya deyir ki, dırnağınızın üstә gәzin ki, onu durquzmayasınız. Sәhәr dә duranda evdә nә ki qulluqçular var, gәrәk onun qabağında sluşi duralar, ta ki, o, qulluğa gedә. Arvad da deyәndә belә olar. Mәn yanı deyirdim ki, mәnim dә arvadım var. Yaxşı oldu öldü! Gorbagor qızı sәhәr durub mәni öpmәkdәnsә iki qapaz da başıma vururdu, vurha-vurha! (Gedib samovarı gәtirir.) Gözümdә qaldı, bir gün oturub saqqalıma hәna yaxa. Görüm gorbagor olsun, necә ki, oldu! O gün Yusif ağa deyir ki, "sәnә arvad alacağam". Deyirәm ki, allahı sevirsәn, ağa, bu fikrә düşmә. Ondan ötәri ki, әvvәl genә canım vardı, arvadın qapazına dayanırdım. İndi başıma arvad qapaz salsa, dişdәrim qarnıma gedәr. Qocası olsa, genә yaxşıdı, hәr deyәndә döymәk olar. Amma Nazlı kimi olsa, әrinin saqqalını yolan kimi mәnimkini dә yolar.Yox, istәmirәm.... Arvadsız da yola gedәrәm.... (Birdәn әlindәn stәkan düşüb sınır.) Vay! Gör sәn allah, mәn arvadı neylәyirәm: әlim titrәyir, başım titrәyir, bir ayağım burda, birisi gorda.... Bunları yığışdırım. (Stәkanın qırıqlarını yığır. Nazlı әlindә şәkәrdan, bir dә çaynik içәri daxil olur vә Qulunu belә görüb acıqlı deyir).
 
 
İKİNCİ GӘLİŞ
 
Qulu vә Nazlı.
 
N a z l ı. Ay әli qurumuş, bunu nә üçün sındırdın?
Q u l u (acıqlı baxır). Әlin dә qurusun, dilin dә. Mәn ki, sındırmadım, özü düşdü....
N a z l ı. Yalansa üzünü mürdәşir yusun!
Q u l u. Mürdәşir sәnin әzizdәrini yusun!
N a z l ı (gәlib әlindәn dәsmalı alır vә stәkanları başlayır silmәyә, Qulunu itәlәyir). Get, rәdd ol. Ver mәnә, sәn get çörәk gәtir. Gör çörәyi dә salıb dağıda bilәrsәnmi? (Qulu acıqlı baxa-baxa gedir.)
Q u l u. Kökün kәsilsin. (Gedir.)
N a z l ı. İmansız oğlu ancaq yatmaq bilir. İş dә deyәndә adamı yarıtmaz. İndi mәn Xәdicә xanıma nә cavab verәcәm? (Çaynikә su açır.) Ah.... Bu da bir iş imiş! Bu gecә vaxtında bağda oturub çay içmәk nәdir? Qaranlıqda göz-gözü görmür....
(Qulu tәlәsmiş әlindә çörәk gәlir.)
 
 
ÜÜÇÜNCÜ GӘLİŞ
 
Qulu vә Nazlı.
 
Q u l u. Tez ol, ağa da, xanım da bu saat gәlirlәr. (Nazlı tәlәsib nәlbәkinin birini salıb sındırır.)
N a z l ı. Bay, evin yıxılsın! İmansız o qәdәr tәlәsdirir ki, nәlbәkini dә sındırdım.
Q u l u. Canın çıxsın, bәrk tut.
N a z l ı. A sәni görüm yarımayasan. Sәn olmasaydın mәn dә sındırmazdım, elә tәlәsdirirsәn ki, adam bilmir nә elәsin.
Q u l u. Çox danışma, tez ol yığ, görmәsinlәr. (Tәrәfә baxır.) Odu, gәlirlәr.
 
(Nazlı tez hәr şeyi hazır edir. Xәdicә içәri daxil olur, çәkilib kәnarda dypup.)
 
X ə d i c ə. Aj Qulu! Get Yusif ağana de ki, çay hazırdır, gәlsin. (Oturur).
N a z l ı. Xanım, gәdәn salıb istәkanı da, nәlbәkini dә sındırdı.
X ә d i c ә. Nә edәk, görünür yazıq qocalıb, gözlәri görmür. (Xәdicә Yusif üçün çay tökür. Nazlı gedir vә o saat Yusif daxil olur.)
 
 
DÖRDÜNCÜ GӘLİŞ
 
Xәdicә vә Yusif.
 
Y u s i f (gәlib әylәşir). Bu gün qәzetdә oxuyub görürәm ki, bir şәhәrdә mәhәbbәtdәn bir ayın әrzindә iyirmi adam ölübdür.
X ә d i c ә. Övrәt, ya kişi?
Y u s i f. 15 kişi, 5 övrәt. (Çay içir.)
X ә d i c ә (özünә çay tökür). Hәqiqәt, mәhәbbәt edәn şeyi heç bir şey edә bilmәz.
Y u s i f. Bunların ölmәklәrinә sәbәb sәbirsizlikdir.
X ә d i c ә. Yusif demә heç, vallah, insan bir halәtdә olur ki, heç tab gәtirmәyә sәbir qalmır.
Y u s i f. Doğrudur. Amma sәni inandırıram ki, hәrgah bizdә sәbir olmasaydı, biz dә bәdbәxt olmuşduq.
X ә d i c ә (gәlib Yusifin yanında әylәşir vә әlini әlinә alır). Sәnin canın üçün elә ki, iş aşkar oldu vә bildim ki, biinsaf oğluna söz veriblәr, neçә dәfә istәmişәm özümü hәlak edim. Yenә demişәm qoy görәk axırı necә olacaqdır.
Y u s i f. Mәn dә elә fikirlәr ilә özümü saxladım.
X ә d i c ә. Hәrçәnd bu yolda çox göz yaşı tökmüşәm, amma yenә allah-taala hamını belә arzusuna yetirsin, necә ki, bizi.
Y u s i f. Xәdicә! Mәhәbbәt, hәqiqәt, yaxşı şeydir: danışmayanı danışdıran, çirkini gözәl edәn, qorxağı ürәkli edәn mәhәbbәtdir.
X ә d i c ә. Ağıllını da dәli!....
Y u s i f. Bәli, o intiha dәrәcәsidir. (Çay içir. Qulu gәlir.)
 
 
BEŞİNCİ GӘLİŞ
 
Qulu, Xәdicә Yusif.
 
Q u l u. Ağa, vallah bu Nazlı mәnә göz verir, işıq vermir. Gәlib orda bir dava-qalmaqal salıbdır ki, heç olmayan kimi....
Y u s i f. Nә istәyir?
X ә d i c ә (gülә-gülә). Görünür, stәkan-nәlbәkini sındırmağın üstә.
Y u s i f. Qulu sındırıbdır?
Q u l u. Xeyr, canım! Stәkanı mәn sındırmışam, nәlbәkini o özü.
X ә d i c ә. Ha ... Ha.... (Gülür.) Hamısını sәnin üstünә atıbdır.
Q u l u. Di gör, cən allah!
 
(Nazlı içәri daxil olur.)
 
 
ALTINCI GӘLİŞ
 
Nazlı vә qeyrilәri.
 
N a z l ı. Xanım! Niyaz bәy gәlib deyir ki, әgәr çay varsa, gәlim içim.
X ә d i c ә. Var, de gәlsin.
Y u s i f. Ay qız, bu Qulunu nә üçün incidirsәn?
N a z l ı. Mәn neylәmişәm?
X ә d i c ә. İndi gәlib sәnin әlindәn şikayәt edirdi.
Q u l u. Vallah xanım, başıma da bir qapaz salıb. İndi dә başım ağrıyır.
Y u s i f ,X ә d i c ә. (gülürlәr). Ha!.... Ha!....
N a z l ı (Quluya). Yavaş, gözünün ikisini dә çıxardacağam....
Y u s i f. Yaxşı, bәsdir. (Nazlıya.) Get Niyaz bәyә de gәlsin. (Nazlı gedir).
X ә d i c ә (Quluya). Ay Qulu, sәn onun sözünә baxma, o cavandır, sәn qoca, ona niyә qoşulursan?
Q u l u. Vallah, ay xanım! Mәnim onnan işim yoxdu, özü dә hәmişә mәnә sataşır. Yatıram, gәlir deyir dur, dururam, deyir otur. Otururam, deyir dur, iş gör. İşlәyirәm, deyir sәn bacarmırsan. İşlәmirәm, deyir tәnbәlsәn. Axı, mәn başıma nә daş salım.... Dünәn dә gedib Nigar xanıma şikayәt elәyir ki, mәn plovun qazmağını altından çıxardıb yemişәm. O da bu sözә inanmayıb ağzına gәlәni ona deyibdir.
Y u s i f. Yaxşı, bәsdir, get.
Q u l u (gedә-gedә). Nazlının işini yaxşı xarab elәdim!....
 
 
YEDDİNCİ GӘLİŞ
 
Niyaz bәy vә qeyrilәri. Yusif vә Xәdicә yerlәrindәn dururlar.
 
N i y a z b ә y (Yusifә). Qәribә lәzzәt aparırsınız!
Y u s i f. Necә ki? (Xәdicә çay tökür.)
N i y a z b ә y. Dәxi necә olacaq? Belә gecәdә, bu bağçanın içindә oturub çay-içmәk nәyә desәn dәyәr.
X ә d i c ә. Elә dә pis öyrәnibdir, ay dayı, evdә iki stәkan içәndә burada dördünü içir. (Niyaz bәyә çay verir.)
Y u s i f. Hәqiqәt, elәdir.
N i y a z b ә y. Elә dә gәrәk olsun. (Fikir.) Tәzә xәbәr eşidibsinizmi?
X ә d i c ә,Y u s i f. Yox nә var?
N i y a z b ә y. Şamdan dәli olubdur.... (Xәdicә danışmayıb tәәccüblә Niyaz bәyә baxır.)
Y u s i f. Jox, ha?
N i j a z b ә j. Sizin canınız üçün.
Y u s i f (fikrә gedir). Kim dedi?
N i j a z b ә y (çay içә-içә). Mәn özüm gördüm.
X ә d i c ә. Harda?
N i j a z b ә j. Dünәn bazardan keçirdim. Bir dә gördüm ki, biri meydanın ortasında durubdur vә xalq dә başına yığılıb. Yavuq gedib görürәm ki, bir cındır paltarda üzü-gözü torpağa bulaşmış adamdır. Diqqәtlә baxıb görürәm ki, hәnuz özü.... Yazığım gәldi. Amma qoy hәlә bu gündә olsun ki, qәbahәtini anlasın.
Y u s i f. Yәqinimdir ki, indi başa düşübdür vә çox da peşmandır. Elә ki, mәn onu tanımışam heç kәs tanımaz. İnandırıram sizi ki, hәrgah bir dә fәnd bağlaya, çox işlәr körәr.
N i j a z b ә j. Jox.... Dәxi ölәn yeridir ki, ölübdür. A kişi, bilmirsәn bu zalım oğlu dünyanı bir-birinә necә vurdu.
(Nazlı gәlir.)
 
 
SӘKKİZİNCİ GӘLİŞ
 
Nazlı vә qeyrilәri.
 
N a z l ı. Xәdicә xanım, sәni Hacı ağa çağırır. (Xәdicә gedir).
N i y a z b ә j. A kişi, mәnim vә Hacı İbrahimin yanında bir cürә söhbәt edibdir ki, lap quruyub qalmışam.
Y u s i f. Haçan?
N i j a z b ә y. Pәh.... Görükür xәbәriniz yoxdur. Qıza hәlә elçi göndәrmәmişdәn әvvәl Hacı eşitmişdi ki, qızı istәyir. Bunu bir gün qonaq çağırıb istәyir ki, iidi bundan söz alsın. Mәnim yanımda özünü bir dәrәcәyә çıxartdı ki, özüm dә mat qaldım.
Y u s i f. Yaxşı, nә deyirdi ki?
N i y a z b ә j. Dәxi iә deyәcәk. Deyirdi ki, belә basdım, belә kәsdim. Nә bilim, qubernator mәnim xatirimi belә istәyir, filan knyaz mәni belә qonaq elәdi, filan xan mәnimlә belә rәftar elәdi. Sizin canınız üçün, mәn onun yerinә qızarmışam.
Y u s i f. Hacı da, görükür, inanıbdır.
N i y a z b ә y. Bәs nәdir. Elә gedәndәn sonra mәnә deyir ki, gördün necә hünәrli oğlandır. Buna qızımı vermәyib kimә verәcәyәm. Sonra da bu iş aşkar olandan sonra özü mәni çağırıb deyir ki, mәn böyük sәhv etmişәm. A kişi, tәәccüb orasıdır ki, özü yalan deyir öz yalanına da özü inanır.
H a m ı (gülürlәr). Ha! Ha! Ha!
 
(Hacı İbrahim, Nigar vә Xәdicә daxil olurlar.)
 
 
DOQQUZUNCU GӘLİŞ
Yusif, Niyaz bәy, Hacı İbrahim, Nigar vә Xәdicә.
 
H a c ı İ b r a h i m. Yenә nә var, gülürsünüz? (Yusif vә Niyaz bәy ayağa dururlar.)
N i y a z b ә y. Heç....
H a c ı İ b r a h i m. Doğrudan nә var? (Hәrәsi bir kürsü üstә әylәşir.)
N i y a z b ә y. Zalım oğlunun sözünü danışırıq.
N i g a r. Şamdanınmı?
Y u s i f. Bәli.
N i g a r. A bala, Xәdicә, ağana çay tök. Evdә içmәdi ki, gedәrәm bağçada içәrәm.
H a c ı İ b r a h i m. Allahı sevirsiniz, qoyun qalsın. Öz bәlasını allah ona veribdir. Mәn bircә Yusif bәyә tәәccüb edirdim ki, ona necә aldanıb, halbuki neçә vaxt da onunla dostluq edibdir.
N i y a z b ә y. Söz odur, hünәr elә gәrәk.
Y u s i f b ә y. Xeyr, xeyr.... Bir hünәr istәmәz ki, bu aşkar şeydir. Mәn on il bundan müqәddәm onunla bir yerdә oxumuşam. Vә oxuyan vaxtda mәnim hәqiqәt, bununla yeyib-içmәyim bir yerdә olubdur vә bir elә ittifaq da düşmüyübdür ki, mәn onu әmәlli tanıyam. Zira ki, oxuyan zaman da zindәganlığımız uşaq zindәganlığı kimi keçibdir, fikrimiz ancaq oxumaqda olubdur. Bu zalım oğlu on ildәn sonra gәlib. Dәxi mәn nә bilim ki, bu nә tövr adamdır.
H a c ı İ b r a h i m. Bәli, adam tanımaq çox çәtindir.
N i g a r. Sәnin özün dә ona lap aşiq olmuşdun.
N i y a z b ә y. Mәn ki, onu elә gördüm, çox adamın evini yıxardı.
X ә d i c ә (әlindә stәkan istәyir Şamdan tәrәfә su töksün. Birdәn onu uzanmış görüb bәrkdәn çığırır vә stәkanı әlindәn buraxıb). Vay!
 
(Bu vaxt qeyrilәri gәlib Xәdicә duran yerә, ölünü görüb hamısı heyran qalırlar vә Yusif baxıb deyir.)
 
Y u s i f. Axırda bu günә düşmәyin tәbiidir.... Yaman dil başabәladır! Xain vә yalançı bir adamın aqibәti belә olur. Bu zavallının mәhv olmağına sәbәb nә oldu? Camaatın ittifaqı! Belә bir ittifaq ilә yaman vücudlardan topsuz-tüfәngsiz xilas olmaq hәmişә mümkündür....
 
PӘRDӘ