Məzmuna keç

Şeyda/Dördüncü pərdə

Vikimənbə saytından
Üçüncü pərdə Şeyda. Dördüncü pərdə
Müəllif: Hüseyn Cavid
Beşinci pərdə


Ətrafı sərvlərlə əhatə olunmuş bir xıristiyan məzarlığı, səhnənin ucunda, məzarçıya məxsus bir oda, hənuz günəş batmamış... Mariya matəm əsvabında olaraq, ətrafı, üzəri əklillərlə, çiçəklərlə süslənmiş tazə bir məzar qarşısında dalıb gedir. Müller isə mütəəssir bir halda düşünüb durur. Bu sırada aşağıdakı türkü – şikəstə havasında olaraq – yaralı və tutqun bir ahənglə ətrafdan eşidilməyə başlar.

Türkü

Fələk hər gün qıyar bir novcəvanə,
Hər gün qılar bir aşiqi divanə.
Hər tərəf məzarlıq, hər yer qəmxanə,
Açılmadan solmuş çiçəkli bağlar.
Bir gülən yoq şu qayğılı dünyadə,
Çoqlar nakam olub irməz muradə,
Kimsəni görmədim zevqü səfadə,
Bülbül ağlar, sünbül ağlar, gül ağlar.

Maks Müller. Artıq günəş batıyor, getmiyəlimmi?

Mariya. Ah, bənim yeni doğmuş günəşim batdıqdan sonra, başqa günəşlərin batıb çıqmasında nə əhəmiyyət ola bilir!? (Gözləri yaşarmış olduğu halda). Ah, Roza, Roza, mələk Roza!

Maks Müller (onun qolundan tutaraq). Gedəlim, Mariya, vaqt keçiyor. (Istirham və nəvazişlə). Haydı, qalq, Mariya!

Mariya. Ah, bəni buracıqda, yavrucığazımın yanında bıraqıb getsən, daha məmnun olurum.

Maks Müller. Mariya! Gedəlim; qalq, gedəlim, yarın yenə gəliriz.

Mariya (qalqaraq). Gedəlim, of, gedəlim. (Müllerin yardımı ilə dörd-beş adım yürür, birdən-birə yaralı ahu baqışilə dönüb baqaraq.) Əlvida! Yavrum, əlvida!

Hər ikisi məhzun və mütəəssir adımlarla çəkilir. Bu sırada Rəuf ilə Məs’ud gəlir.

Rəuf (Mariyanın uzaqlaşdığı tərəfə baqaraq). Zavallı Mariya, bir an səbr və aramı yoq.

Məs’ud. Nə yapsın? Gözünün işığı, yeganə ümidi, bir qızcığazı var idi, o da əlindən getdi. Əvət! Mariyanın halı pək acınacaq bir hal... Lakin şu Musaya nə dersin? Bir həftə var ki, hökumət hərifi arıyor da, bir dürlü bulamıyor.

Rəuf. Doğrusu, bən onun sağ qaldığına əsla inanamıyorum. Allah Məcid əfəndinin bəlasını versin, hərifi durduğu yerdə bədbaxt etdi.

Məs’ud. Hələ Şeyda, hələ Şeyda! Onu unutuyormusun?

Rəuf. Onu hiç söyləmə! Şeydanın dərdi çəkilir dərdlərdən deyil... O, Rozanın məcnunu olmuş, bən də onun. Yoqsa şimdi bənim buralarda nə işim?

Məs’ud. Nə etməli; əzizim, məhəbbət əsarətdir.

Rəuf. Ən tuhafı bu ki, Şeyda Rozanın ölümünə əsla inanmaq istəmiyor.

Məs’ud. Öylə isə onun burada nə işi?!

Rəuf. Kim bilir, bəlkə...

Məs’ud. Bəlkə biliyor da, sezdirmiyor, sezdirmək istəmiyor.

Rəuf. Xayır, inan ki, Əzrail belə şəhadət eyləsə yenə inanmaz.

Məs’ud. Haydı, kəndisini bulalım da, bən işin həqiqətini şimdi anlarım. Bu halda məzarçı odasından çıqar.

Rəuf (məzarçıya). Arqadaş! Dünkü hərifi gördünmü?

Məzarçı. Şıq bəyimi? Ixtiyarımı? Dağınıq saçlı dəliqanlıyımı? Hankisini soruyorsun?

Məs’ud (Rəufa). Şu böylə ixtiyar kim imiş, əcəba?

Rəuf. Bəy bizim Əşrəf, ixtiyar da babasıdır.

Məs’ud. Pəki, onlar burada nə yapıyor?

Rəuf (Rozanın məzarına işarətlə). Əşrəf bəy şu məzarın daimi mücavirlərindəndir. Babası da hər aqşam oğlunun arqasınca qoşub duruyor, kölgəsi kibi peşindən ayrılmıyor.

Məzarçı (ətrafa). Əcaib şey! Nerdə bir şaşqın, sərsəri varsa həp buraya toplaşır.

Məs’ud. Haydı, Şeydayı bulalım da evə gedəlim.

Rəuf. Əvət, gedəlim, bəlkə şad bir xəbər duyarız.

Məs’ud. Nə şad xəbər?

Rəuf. Inqilab xəbəri...

Məs’ud. Nasıl inqilab?

Rəuf. Yəqindir ki, qocaman şimal ayısının dərisi parçalansın. Müstəbid rus zənciri üzərimizdən qalqsın və hər millət kəndi yurduna, kəndi hüququna qavuşsun.

Məs’ud. Gəl canım, gəl... sən də Şeyda kibi xəyalpərəst olma!.. Gedərlər.

Musa başında əski, yırtıq bir şapka, təbdili-qiyafət etmiş olduğu halda məzarçı odasından çıqar. Rəufla Məs’ud getdiyi tərəfə baqaraq məzarçıya.

Mu s a . Onları tanıyormusun? İştə bizim əski arqadaşlar!

Məzarçı. Aman, odaya çəkil; başqa bir adam daha gəliyor.

Musa (müstəhzi). İştə o da bizim başımızın sahibi Məcid əfəndi! (Məmnun).

Amma nə eyi təsadüf. Hiç şimdiyə qadar bir avın avçıyı izlədiyini eşitdinmi?

Məcid əfəndi. Haydı, söylənmə, odaya get; bən də şuradakı odunları gətirəyim.

Mu s a . Pəki, arqadaş, pəki... (odaya girər, məzarçı da bir tərəfə gedər).

Məcid əfəndi (ağır adımlarla məzarçının odasına yaqlaşaraq). Bana baq! Orada kim var?

Musa (çıqar. Tanınmayacaq bir səslə). Kimi istiyorsun?

M ə c i d ə f ə n d i . Əşrəf buraya gəlmədimi?

Musa (sükut edər).

Məcid əfəndi. Hər aqşam buraya gələn dəliqanlıyı görmədinmi?

Musa (cəvab verməksizin ona yaqlaşar).

Məcid əfəndi (qorqu və hiddətlə). Sağırmısın, yahu? Niçin cəvab vermiyorsun?

Mu s a . Əvət, alçaqca sözləri eşitməmək için sağırım.

Məcid ə f ə n d i . Ah! (Deyə geri çəkilir).

Mu s a . Al, İştə sana ən kəskin cəvab! (Dərhal revolverlə köksündən vurur).

M ə c i d ə f ə n d i . Ah, ax... (Deyə arqası üstə düşər).

Musa (vəhşiyanə). Gəbər!.. Gəbər, alçaq hərif, gəbər!.. Nihayət cəzanı buldun! (Müstəhzi). Tək əl işə yaramazmış, tək əldən səs çıqmazmış, öyləmi? (Çılğınca qəhqəhələrlə gülər).

Məzarçı (qoltuğunda beş-altı odun parçası olaraq gəlir, heyrət və təlaşla). Aman, şu hərif kim? Buna nə oldu?

Musa (acı qəhqəhə ilə). İştə sana yeni bir müştəri daha!

Məzarçı (şaşqın). Nə yapdın? Yahu, nə yapdın?

Mu s a . Başqa laf istəməz. (Cənazəyə işarətlə). Haydı, al da şuracıqdakı boş məzarə göm! (Təbdili-tevrlə). Amma şikar pək yağlı şikar! Saqın, ciblərini unutma!

Məzarçı. Ah, sən başımızı bəlayə soqacaqsın!

Mu s a . Haydı, çoq söylənmə! Şimdiyə qadar sən bana əmr etdin. Artıq bundan sonra sıra bənimdir. Cənazəyi ayağından tutub göstərdiyi tərəfə çəkər, məzarçı da odun parçalarını bıraqaraq baş tərəfdən yaqalar, bərabər götürürlər.

Əşrəf (onlar çəkildiyi sırada, yaralı qolu ağ məndillə bağlı olaraq gəlir, yaralı- məhzun baqışlarla Rozanın məzarı qarşısında dalıb gedər, sonra məzarı tutaraq, sinirli və titrək bir səslə). Roza! Roza! Niçin bəni yalnız bıraqdın, niçin!?

Ani bir hiss ilə dönüb ətrafa baqar. Haman cənazə götürülən tərəfə getmək istər, bu sırada Şeyda başıaçıq, saçları dağınıq, solğun və pərişan bir halda yan tərəfdən qarşısına çıqar.

Əşrəf (bir-iki adım geri çəkilərək). Kim o?

Şeyda. Ah, xain, mərhəmətsiz!.. Sənin burada nə işin? Yoqsa, yoqsa bəni məhv etmək içinmi gəldin?

Əşrəf (müztərib). Şeyda, əmin ol ki...

Şeyda (onun sözünü kəsərək). Tanıyorum, bən səni tanıyorum, bəhanə istəməz. Qəlbimi nasıl parçaladınsa, vücudumu da öylə parçala, bəlkə rahatlanayım. (Həyəcanlı) Fəqət sən!.. Sən yaşa! Roza ilə bərabər yaşa! Roza ilə bərabər məs’ud ol!

Bu halda Əşrəfə doğru bir qurşun açılır. Hər ikisi şaşırıb durur. Fəqət hiç birinə dəyməz.

Musa (gələrək Şeydaya). Xayır! Xayır! Yaşayacaq sənsin, sən... Yalnız xainlər gəbərməli, xainlər məhv olmalıdır.

Ə ş r ə f . Nə istiyorsun, yahu, bəndən nə istiyorsun?

Şeyda (ikisinin arasına girər. Istehzalı və məcnunanə bir baqışla Musaya). Çılğın hərif, səndəmi şaşırdın! Bəxtiyarların ölməsində, talesizlərin yaşamasında nə mə’na var? İştə məhv olacaq bənim, bən... Anlıyormusun?!

Mu s a . Aldanıyorsun, Şeyda, aldanıyorsun... Çəkil önümdən, çəkil.

Şeyda. Xayır, xayır! Bən bu intiqama razı deyilim. Baqsana, burası xıristiyan məzarlığı... şu xaçları görmüyormusun? Hiç isayı xatırlamıyormusun? İnan ki, əfv etmək, intiqam almaqdan daha müdhişdir. (Bu sırada Rozanın xəyalı görünür, təkrar çəkilir). Baq, baq, Rozayı görmüyormusun? İştə o da intiqamdan sıqılıyor, o da əfv etməni diliyor. (Qısa bir qəhqəhədən sonra) Əvət! “Düşmanlarını sev. Əgər bir kimsə sağ yanağına vursa, ona digər yanağını çevir!” Anladınmı? Hiç anlıyormusun? (İstehzalı qəhqəhələrlə gülər. Əşrəfin qolundan tutub itərək). Haydı, əfəndim, get! Get də, rahət yaşa, Roza ilə bərabər yaşa!

Mu s a . Xayır, getməyəcək, gedəmiyəcək!

Təkrar tapança ilə nişan almaq istər, bu sırada Rəufla Məs’ud bir tərəfdən, məzarçı da digər tərəfdən çıqar.

Rəuf. Musa! Musa! Nə yapıyorsun?

Məs’ud (Əşrəfin qolundan tutaraq). Bana baq, söyləyəcək sözüm var. Bir tərəfə çəkilirlər. Musa onları izləmək istər.

Məzarçı (mane olaraq). Dur bə, şaşqın hərif! Hiç nə yapdığını düşünüyormusun?

(Bu sırada bir qaç kərə ıslıq səsi eşidilir. Məzarçı təlaşla). Ah, şimdi polislər ətrafımızı saracaq.

Mu s a . Fəqət yılanı öldürüb də yavrusunu bıraqmaq sərsəmlik deyilmi ya?!

Məzarçı. Sus bə, yahu, çıldırıyormusun? Bəri gəl, səninlə işim var. (Musayı bir tərəfə çəkər).

Rəuf (Şeydaya). Pəki, qalpağını nerdə bıraqdın?

Şeyda (acı təbəssümlə). Ruzigarın xoşuna getdi də, alıb götürdü.

Rəuf. Vaqt keçiyor, artıq gedəlim.

Şeyda. Xayır, siz gediniz, bəncə burası daha eyi... (Məzarlara işarətlə). Çünki bunlar, bu cansız cəsədlər, bu duyğusuz biçarələr sizə nisbətlə daha səmimi, daha munis. Həm də bunlar sizlər kibi yalançı, xain deyillər; hiylə və şeytənət bilməzlər.

Rəuf (mütəəssir və mərhəmətli). Şeyda! Şeyda!

Məs’ud (gələrək). Daha nə bəkliyorsunuz? Haydı, gedəlim.

Bu sırada Rozanın xəyalı təkrar Şeydaya görünür.

Şeyda. Ah, gediyor. Roza gediyor, İştə sizin ölmüş bildiyiniz afət məzarları dolaşıyor, sevgilisini arıyor, Əşrəfi arıyor.

Rəuf ilə Məs’ud şaşqın və mütəəssir bir tevrilə baqışırlar. Rozanın xəyalı, gözləri yerə dikilmiş olduğu halda, bir qaç adım yürür, sonra birdən-birə dönərək əzici və kəskin bir baqışla Şeydayı süzməyə başlar. Roza! Roza! Allah eşqinə! Bəni rahət bıraq!

Rəuf. Şeyda! Niçin kəndinə acımıyorsun? Niçin kəndini üzüyorsun?

Rozanın xəyalı, munis və əfsunkar bir təbəssümlə çəkilib gedər.

Şeyda (səbirsiz). Ah! Bana darıldınmı? Aman, nerəyə gediyorsun? (Yaralı bir fəryadla). Roza! Roza! Roza! Sür’ətli adımlarla xəyala doğru ilərilər, arqadaşları da kəndini izlər, bu sırada iki polis əllərində silah olaraq qoşub gəlirlər.

Bi r i n c i p o l i s . Ey, nə qaçıyorsunuz?

İ k i n c i p o l i s . Qımıldanma, dur!

Hər üçü durduğu yerdə dona qalır, polislər dərhal üçünün də əllərini kələpçə ilə bağlar.

B i r i n c i p o l i s (barmağilə işarət edərək, amiranə). Haydı, buyurun!

İ k i n c i p o l i s . Doğru qaraqola!

Rəuf. Əfəndim, bizdə silah yoq..

Məs’ud (ciblərini, qoltuqlarını göstərərək). İştə baqa bilirsiniz.

Bi r i n c i p o l i s . Söylənib durmaq fəzlə...

İ k i n c i p o l i s . Haydı, qaraqola!

Musa ilə məzarçı da əli bağlı olaraq, digər tərəfdən iki polislə bərabər gəlir, həpsi bir yerdə çəkilib gedərlər.

Pərdə

Qeydlər

[redaktə]