Məzmuna keç

Şeyx Sənan (dram)/İkinci pərdə

Vikimənbə saytından
Birinci pərdə Şeyx Sənan. İkinci pərdə
Müəllif: Hüseyn Cavid
Üçüncü pərdə


I SƏHNƏ

 
Qafqasyada, şimdiki Tiflis civarında küçük bir dağ ətəyində mənzərəli bir yer... Bir tərəfdə Kür nəhri, digər tərəfdə dağa doğru ucu görünməz əyri bir cığır nəzərləri oqşar. Qarşıda iki-üç çadır görünür. Müridlərdən bir qaç kişi çadırlardan çıqaraq əllərində dəsti Kürdən su gətirir. Bahar mevsimi... Gürcü yortusu. Ikindi çağı... Qürubə qarşı... Şeyx Sən’an Şeyx Sədra ilə bərabər gəzinərək ötüşməkdə olan bülbülləri dinlər və şaşqın bir baqışla ətrafı tamaşa edər...

Şeyx Sən’an
 
(məczub bir halda)
 
İştə Qafqas!.. Səfalı bir mə’va!
Allah-Allah, nədir bu abü həva!?
Nə qadar şairanə bir xilqət!
Yerə enmişdir adəta cənnət.
Bu tamaşayə qarşı hər insan,
Bəncə biixtiyar olur heyran.
Nə qadar dilrüba yeşil təpələr!
Seyrə daldıqca ruhu cəzb eylər.
Gülüşür pəmbə, al, bəyaz güllər,
Ötüşür hər tərəfdə bülbüllər.
Ninni söylər küçük sular xəndan,
Görünür hər tərəfdə bir orman.
Qarlı, qartallı bir yığın dağlar,
Ta uzaqlarda bəmbəyaz parlar.
O bulutlar nə, öylə rəngarəng!?
Bu nə qüdrət! Nə dilfirib ahəng?!
Burda qızğın günəş də pək munis
Gecələr büsbütün nədimeyi-hiss...
Hələ Kür nəhri başqa bir aləm!
Gecə məhtabə qarşı pək həmdəm
Gah olur bir dərin sükutə varır,
Gah çağlar da bir fəğan qoparır;
Çırpınır Kür boyunca pək dilbər  
Qoyu kül rəngi, gök güvərçinlər,
İştə onlar: həp oynaşan, qoşuşan
Dalğacıqlardır öylə xəndəfəşan...
O da bir karivan, aqıb gediyor,
Bir ədəmgahə doğru əzm ediyor,
Bir səfərdir bu adəta məchul...
Qayə məchul, ibtida məchul...
İştə, insanların da halı budur,
Anlaşılmaz niçin gəlib gediyor!?
 
Bu sırada aşağıdakı türkü eşidilməyə başlar, hər kəs dərin bir məczubiyyətlə dinlər, durur.
 
Yücə dağlar aşdım, ormanlar keçdim,
Gözəllər içində bir gözəl seçdim,
Bən o gündən yaradana and içdim,
Dünya gözəl olsa, dönməm yarımdan.
Bənim yarım al yanaqlı mələkdir,
Tazə açmış sevimli bir çiçəkdir,
Qəhr olsun o qəhrəman ki, dönəkdir,
Dünya gözəl olsa, dönməm yarımdan.
 
Türkü söyləməkdə olan Özdəmirlə Oğuz görünməyə başlar.
 
Şeyx Sədra
 
Bana baq, arqadaşlar!
 
Özdəmir
 
Əmr ediniz!
 
Şeyx Sədra
 
Hanki soydansınız? Nə dindəsiniz?
 
Özdəmir
 
Soyumuz türk, dinimiz islam...

Şeyx Sən’an
 
Pək gözəl...
 
Şeyx Sədra
 
Gəl, yaqın gəl, İştə tamam.
 
Şeyx Sən’an
 
Bu civarlarda çoqmu, azmısınız?
 
Özdəmir
 
Doquz-on köy qadar varız yalınız.
 
Oğuz
 
Şeyx! Təşrifiniz əcəb nerədən?
 
Şeyx Sən’an
 
Kə’bədən, Məkkeyi-mükərrəmədən...
 
Hər ikisi böyük hörmət və səmimiyyətlə Şeyx Sən’an və Şeyx Sədranın əlini öpərlər.
 
Şeyx Sən’an
 
Arqadaş, isminiz nədir?
 
Özdəmir
 
Qulunuz
 
Özdəmir...
 
Şeyx Sən’an
 
Pək gözəl, onunku?  
 
Özdəmir
 
Oğuz...
 
Şeyx Sən’an
 
Əcəba, böylə şimdi siz nerəyə?
 
Özdəmir
 
Gediyoruz yaqında qomşu köyə.
 
Oğuz
 
(yola doğru baqaraq böyük bir məraqla)
 
Özdəmir, Özdəmir! Baq, iştə odur,
Dəli dərvişə baq, nasıl gəliyor.
 
Bu sırada ağ geyimli, nurani bir d ə r v i ş yol kənarında görünür. Heyrətli və kəskin bir nəzərlə baqınıb durur.
 
Şeyx Sən’an
 
Əcəba!?
 
Özdəmir
 
Söylətib də bilməlidir.
 
Oğuz
 
Dəlidir, şeyx əfəndi, pək dəlidir.
 
Şeyx Sədra
 
Kim bilir, bəlkə hiylədir...
 
Oğuz
 
Əsla!
 
Şu hərif bir bəladır, İştə bəla...
 
Özdəmir
 
Dinləməz hər nə söyləsən, yalınız
Kəndi söylər də həpsi mə’nasız.
Yeməz, içməz, yaqın-uzaq bilməz,
Hələ insanə heç yaqın gəlməz.
 
Şeyx Sən’an
 
(dərvişə yaqlaşaraq)
 
Baba dərviş! Qılmayın, lütfən,
Bizi məhrum feyzi-söhbətdən.
Dərviş sükut edər.
Kimsiniz? Məsləkü təriqətiniz
Nə imiş? Söyləyin, rica edəriz.
Dərviş cəvab verməz.
 
Şeyx Sədra
 
(heyrətlə)
 
Pək tuhaf!.. Ya sağır, ya dilsizdir.
 
Şeyx Mərvan
 
(gələrək)
Xayır, aldanmayın, o həm sahir,
Həm müzəvvirdir etsəniz diqqət.
Şeyx Sən’an
 
Kəcnəzərlər yanında öylə, əvət,
Bəncə, lakin o çöhrə pək nadir,
Pək böyük bir zəkayə malikdir.
 
(Dərvişə)
 
Sən niçin həp sükutə mailsin?
Söylə bir, hanki dinə qailsin?
Hanki məzhəbdəsin, nəsin, kimsin?
Əcəba, hanki fikrə xadimsin?

Dərviş, dəşti məqamında laübali və məcnunanə bir ahənglə fəqət zənguləsiz olaraq, başlar; Şeyx Sən’an heyrətlə dinlər. Digər şeyxlər və müridlər də gəlib birər-birər ətrafına toplaşırlar.
 
Dərviş
 
Saqın, hiç sorma! Bir divanəyim bən,
Dəmadəm çırpınır pərvanəyim bən.
Babam heyrət, anamdır şübhə... Əsla
Bilinməz bən kimim, ey şeyxi-vala!
Fəqət pəjmürdə bir səyyahi-zarim,
Şəriətdən, təriqətdən kənarim,
Həqiqət istərim, yalnız həqiqət!
Yetər artıq şəriət, ya təriqət.
Qulaq verməm bən əsla bir xitabə,
Pərəstiş eyləməm hiç bir kitabə.
Əvət, Qur’an, Zəbur, Incilü Tevrat
Birər rö’ya ki, zor təfsiri, heyhat!
Birər rö’ya bütün əlvahi-aləm,
Birər əfsanə, cənnət, ya cəhənnəm.
 
Şeyx Sən’an
 
Təbii, səndə var bir xeyli əsrar,
Niçin məxfi tutar, qılmazsın izhar?
Nə var mərdümgiriz olmaqda bilməm,
Nolur olsan bizə həmrah, həmdəm?
 
Dərviş
 
Birər əfsanədir hər bir sualın,
Gözündən bəllidir fikrin, xəyalın,
Gülər ruhunda bir yaldızlı xülya,
Sənin bir başqa sevda var başında.
Nədir yalnızlıq?! Anlarsın, düşünsən.
Bu rəmzi get də sor, Allahdan ögrən!
Əgər fevqəlbəşər olmaq dilərsən,
Kənar ol daima cinsi-bəşərdən!..
 
(Acı və laübali bir qəhqəhədən sonra, müridləri göstərir.)
 
Bu şaşqın xalqa əsla vermə zəhmət!
Fəqət yalnız bulun, ey tifli-hikmət!
 
(kəskin və mə’nalı bir baqışdan sonra uzaqlaşmaq istər.)
 
Şeyx Sən’an
 
(ona yaqlaşaraq)
 
Aman, ey pir mürşid, mərhəmət qıl!
 
Dərviş
 
(uzaqlaşaraq, böyük bir istiğna ilə)
 
Uzaq bəndən, uzaq, ey mərdi-qafil!
Tərəddüd runüma həp gözlərində,
Çəkil get! Yoq sədaqət sözlərində,
Vəfa yoq səndə, şeyxim, tez cayarsın,
Həmən, bir başqa xülyaya uyarsın.
 
Şeyx Sən’an
 
(iləriləyərək)
 
Aman! Ey pakdamən pirim, əfv et!
Aman! Səbr et, sözüm var...
 
Dərviş
 
(etinasız)
 
İstəməm, get!
 
Dərviş “get!” mə’nasını anlatır bir tevr ilə əlini sallar. Feyləsufanə baqışlarla, məcnunanə adımlarla uzaqlaşıb gedər. Şeyx Sən’anı böyük bir şaşqınlıq və düşüncə alır.
 
Mə’yus olaraq bir tərəfə çəkilir.
 
Şeyx Sədra
 
(onu təskin ilə)
 
Möhtərəm şeyx! Bir düşün... zira
Sana layiq deyil bu hal əsla.
Fəzlədir bəncə böylə bir təşviş,
Sən böyük şeyx; o, sərsəri dərviş...
İki mübhəm sözün nə qiyməti var!?
Böylə sərsəm əqidədən nə çıqar?
 
Şeyx Sən’an
 
Məhv olub getdi həp düşüncələrim,
Bəni yalnız bıraq, rica edərim.
 
Şeyx Sədra itaət və təslimiyyətlə geri çəkilir, Bu sırada uzaqdan incə və narin ahənglə çalğı səsi eşidilməyə başlar. Şeyxlər və müridlər heyrətlə baqışırlar. Şeyx Mərvan ilə Şeyx Nəim və müridlərdən bə’zisi barmaqlarıyla qulaqlarını tıxamaq istərlər.
 
Şeyx Sədra
 
(heyrət və təzyiflə onlara)
 
Pək əcayib şu halınız!.. Mutlaq,
Burda lazımmıdır qulaq tıqamaq?
Ürfü şər’ olmuyor bu fikrə şərik,
Çəkilir şeymidir bu sərsəmlik!
Musiqi, nəğmə ən gözəl sən’ət,
Bunu hiç mən’ edərmi bir hikmət!?
İştə, bülbüllərin təranələri,
Nevbaharın nəsimi-nəğməgəri,
İncə yapraqların öpüşmələri,
Nazlı afətlərin gülüşmələri,
Nəğmeyi-şuxi həzrəti-Davud,
Yaxud ahəngi-şe’r giryeyi-ud,
Həp birər musiqi deyilmi?
Şeyx Mərvan
 
(kinayə və istehza ilə)
 
Əvət,
Bu da bir ictihadi-pürhikmət.
 
Şeyx Sədra
 
Etsəniz ictihadə gər diqqət,
O da bir başqa musiqidir, əvət!..
 
Yan tərəfdəki cığırdan, öndə çalğıçılar olduğu halda, süslənmiş gürcü qızları, əlvan geyimli çocuqlar və dəliqanlılar görünməyə başlar. Şeyxlər və müridlər bir tərəfə çəkilib onları tamaşa edərlər.
 
Q ı z l a r və ç o c u q l a r
 
(aşağıdakı şərqiyi çalğıya uyduraraq həp bir yerdə söylərlər)
 
Əsər nəsimi-dilgüşa,
Gülər bahari-nəş’əza.
Çəmən, çiçək, günəş, hava,
Cihanı xüldzar edər
D ə l i q a n l ı l a r
 
Səfalıdır çəmən, çiçək,
Fəqət nə çarə eyləmək
Ki, hər baqışda bir mələk
Könülləri şikar edər.
 
Q ı z l a r v ə ç o c u q l a r
 
Məhəbbət əhli daima
Olur bəlayə aşina.
Cəfayə etməz e’tina,
Nigarə can nisar edər.
 
D ə l i q a n l ı l a r
 
Gözəllərin vəfası yoq,
Cəfası var, səfası yoq,
Bu sözlərin əsası yoq,
Nə etsə yarə, yar edər.
 
Dəliqanlılardan dört-beşi şeyxləri salamlar; birisi də çalğıçılara “çal!” deyə, bir qızla bərabər rəqsə başlar. Oğuzla Özdəmir də onlara yaqlaşıb əl çalar. Sonra dəliqanlılardan bir-ikisi Oğuza əl və göz işarətlərilə oynaması için rica edərlər. O da bir qızla bərabər ləzgicə rəqs eylər. Rəqs bitdikdə həpsi bir yerdə əvvəlki şərqiyi çalğıya uyduraraq oquya-oquya uzaqlaşıb gedərlər. Özdəmirlə Oğuz da şeyxlərə yünül bir təmənna edərək onları izlər.
 
Şeyx Mərvan
 
(Özdəmirlə Oğuzu göstərib istehzalı qəhqəhə ilə)
 
Şeyx Sən’anı şimdi gəl qandır,
Sanki bunlar da bir müsəlmandır.
 
Şeyx Sədra
 
Onların baqmıyıb da zahirinə,
Baq riyasız təmiz yürəklərinə.
Var fəqət bə’zi şeyx bədbatin,
Zahiri-halı xoş, yürək xain...
Çəkməz əl şeytənətlə vəsvəsədən,
Həp müzəvvirlik onca danişü fənn...
 
Şeyx Sən’an
 
(sərsəm bir halda dərvişin getdiyi tərəfə doğru iləriləyərək)
 
A-h, o dərviş, o ruhi-müstəsna!..
 
Şeyx Sədra
 
(Sən’ana yaqlaşaraq)
 
Möhtərəm şeyx, halınız nə fəna?!
 
Şeyx Sən’an
 
Nerdə dərviş? O nerdə, göstəriniz?
 
Şeyx Mərvan
 
Dəlidir, şeyx, o həm də bir dinsiz.
 
Şeyx Sən’an
 
Dəlilik başqa bir fəzilətdir,
Dinsiz olmaq da bir təriqətdir.
Dəlidir, sözlərində mə’na var,
Sərsəridir, başında sevda var.
O deyil gərçi zahirən Mənsur,
Həp “ənəlhəq” diyor da, çırpınıyor.
 
Şeyx Sədra
 
(çəkilməkdə olan Sən’anı izləyərək)
 
Getdi, şeyxim, çəkildi, getdi inan,
Hiç bilinməz o nerdədir əl’an?
 
Şeyx Sən’an
 
Başqa laf istəməm, xayır... yalınız
Azacıq şimdi bəndən ayrılınız;
Bir qadar Kür boyunca tək-tənha,
Düşünüb gəzmək istərim...
 
Şeyx Mərvan
 
Əcəba!
 
Əcəba biz də gəlsək olmazmı?
 
Şeyx Sən’an
 
Yenidən siz də deşməyin yaramı.
 
Şeyx Nəim
 
(gələrək)
 
Şeyx!..
 
Şeyx Sən’an
 
Get, get, düşüncəsiz budala!
 
Şeyx Sədra
 
Bən nasıl?
 
Şeyx Sən’an
 
(əlilə rədd edərək)
 
İstəməm, xayır!.. Əsla!..
 
Pək dalğın adımlarla uzaqlaşıb gedər. Hər kəsi dəhşətli bir heyrət istila edər və şeyxin getdiyi sırada pərdə enməyə başlar.
 

Pərdə


II SƏHNƏ

 
Yol üzərində küçük bir balkon... Qarşıda havuzlu, çiçəkli bir bağça... Gündüz...
 
Serğo
 
(aşğıdakı türküyü çağıraraq bağçayı sulamaqla məşğul olur)
 
Uzaqlşdım gülümdən, sevgilimdən,
Ayrı düşdüm vətənimdən, elimdən.
Həp sızlarım, bir şey gəlməz əlimdən,
Yar-yar deyib gecə-gündüz ağlarım.
 
Çoqdan bəri nazlı yarı görmədim,
Öpmədim, gül yüzündən gül dərmədim,
Gülər yüzlə hiç bir ömür sürmədim,
Yar-yar deyib gecə-gündüz ağlarım.
 
Anton
 
(əlində bir çiçək dəməti olduğu halda, bağça tərəfindən gələrək)
 
Serğocan, Serğo!..
 
Serğo
 
Vay, əfəndiciyim!
 
Anton
 
(bir bəxşişlə bərabər dəməti Serğoya verir)
 
Şunu lütfən Xumara ver də...
 
Serğo
 
Bəyim!
 
Daha bir başqa əmriniz?
 
Anton
 
Nə deyim!
Söylə Antondur eyləyən təqdim.
 
(Çəkilib görünməz bir guşədə bəklər)
 
Serğo
 
(balkona çıqıb da qapıya yaqlaşır, yarım səslə)
 
Gəl, Xumar! Nerdəsin, Xumar, bana baq!
 
Xumar
 
(ağ geyim geymiş olduğu halda çıqar, Serğonun əlindəki dəmətə baqaraq)
 
Şunu kim verdi?
 
Serğo
 
Anton...
 
Xumar
 
(hiddətli)
 
Ay axmaq!
Al, götür haydı, ver də kəndisinə.
 
E’tinasız bir tevr ilə içəri girər. Serğo dönüb təkrar çiçək dəmətini Antona iadə edər.
 
Anton
 
Nə diyor?
 
Serğo
 
Rədd edib də atdı yenə...  
 
Sanki bilməzsiniz təbiətini?
 
Allah alsın onun şu xislətini.
 
Anton
 
(dəməti yerə atıb çignəyərək, zəhrxənd ilə)
 
Sən də biçarə taleyim kibi sol,
Ayaq altında çignənib qəhr ol.
 
(Mə’yus bir halda çıqıb gedər)
 
Serğo
 
(həm Antona, həm də balkona baqaraq heyrətlə)
 
Qız deyil, bir bəladır İştə Xumar,
O, bir atəş ki, həp cihanı yaqar.
 
(çəkilib bir tərəfə gedər)
 
Simon
 
(şaşqın və düşüncəli adımlarla yoldan keçər. Gözü balkona ilişincə)
 
İştə dilbər, sevimli bir mələyin,
Qəsri-pürnuri!.. İştə xüldi-bərin!
Dolaşıb gainatı seyr etsəm,
Nerdə əyləncə varsa, həp getsəm,
Yenə könlüm açılmıyor əsla.
A-h, o!.. Yalnız o hüsni-müstəsna
Qəlbimin aşinayi-giryəsidir.
Ruhi-məcruhimin nədiməsidir.

Bu sırad Xumar əlində ipəkli işləmə olduğu halda balkona çıqar.
 
Simon
 
(onu görür-görməz)  
 
Daha yoq bəndə zərrə səbrü qərar,
Mərhəmət, mərhəmət!.. Sevimli Xumar!
 
Xumar
 
Fəzlə, həp fəzlədir bu istirham,
Get, çəkil get, bütün o hissü məram
Ki, sizin qəlbinizdə var əl’an,
Bəndə yoq, yoq o hissə hörmət, inan!
 
Şeyx Sən’an
 
(dalğın bir halda yoldan keçər, başını qaldırıb Xumarı görüncə mütəhəyyir)
 
O nə! Rö’yamı gördüyüm, eyvah!
Omudur?.. Lailahə illəllah!..
 
(yenə mütərəddid və şaşqın adımlarla yoluna dəvam edər)
 
Simon
 
(bir qadar düşündükdən sonra, Xumara)
 
Nə olur, a-h! Inadı, gəl, tərk et!..
 
Xumar
 
Yetişir, get, get, Allah eşqinə get!
 
P l a t o n
 
(yarımsərxoş bir halda, içəridən çıqaraq)
 
Yenə kimdir o, qeylü qal ediyor?
 
(mütəəssir və pərişan adımlarla uzaqlaşmaqda olan Simonu görüncə)  
 
Yeni aşiqmi ərzi-hal ediyor?

Xumar başını aşağı dikər, bu sırada Platonun dostlarından qalın və qaba səsli bir papas yoldan keçər, Platonu görüncə
 
Papas
 
Vay, əfəndim, nasılsınız?
 
P l a t o n
 
Buyurun,
Buyurun, lütf edib bir az oturun.

Bir-birinin əlini sıqarlar, Xumar da papasın əlini öpər.
 
Papas
 
(əli ilə Xumarın saçlarını oqşayaraq)
 
Yenə bir başqa hal var səndə,
Yoq məsərrət sevimli çöhrəndə.
Haydı, lütfən, qızım, bir az su gətir,
Hiç məraq istəməz, hər iş düzəlir.
 
P l a t o n
 
İstəməz, nəş’əsiz sudan nə çıqar!
Gedəlim pək gözəl şərabım var.
Həm də pək əski, altı yıllıqdır,
İç də gör, padşaha layıqdır.
 
Papas
 
(Xumarı diqqətlə süzərək mə’nalı bir ahənglə)
 
Bəncə qalsın o bir şərəfli günə,
Sərf edilsin yarınkı bir dügünə.  
 
P l a t o n
 
(qəhqəhə ilə)
 
Bir xəyal İştə, bir xəyali-mühal,
Həm bu sözlər Xumarca bir bəd fal,
Çünki həp bəhs edər manastırdan,
Ərə getmək ölümdür onca, inan!..
 
Papas
 
İştə bir arizu ki, bəncə əbəs...
Xayır, etməz Xumar o fikrə həvəs.
 
(Xumara)
 
Həp cavanlar sənin əsirin ikən,
Böylə bir söz gülünc olur səndən.
 
P l a t o n
 
(papasın qolundan tutaraq)
 
Gəl, canım, gəl!.. Bütün bu sözləriniz
Fəzlədir onca, dinləməz hərgiz.
 
(papasın köksündəki xaça işarətlə)
 
İştə Məryəmlə, ruhi-Isayə,
Şu böyük xaçə, həm kəlisayə,
Əhd edib, bən yürəklə and içdim;
İlk talib Xumar için hər kim,
Hər kim olmuş olursa, rədd etməm,
Bıqdım artıq, nədir bu cevrü sitəm?
 
Papas
 
Səni məcbur edənmi var əcəba!
Niçin and içdin? A-h, İştə xəta!..  
 
P l a t o n
 
Ya xəta, ya səvab... haydı bıraq,
Gəl, sözüm sözdür, etmə fəzlə məraq.
 
Papasla Platon içəri girər. Xumar əli alnında olaraq balkonda iskəmləyə oturub düşünür.
 
Nina
 
(bağça tərəfindən gələrək)
 
Yenə bilməm nədir bu küskün hal?
Daima həmdəmin düşüncə, xəyal...
Nə qadar qız yetirsə Gürcüstan,
Sana bənzər mələk yetirməz, inan.
Sana hər kəs, böyük, küçük məftun,
Sən niçin böylə daima məhzun?..
 
Xumar
 
Cümlə əhval əyandır İştə sana,
Çarə yoq, çarə yoq, gözəl Nina!..
Tutmasam annəmin vəsiyyətini,
Tutacaq sonda bəd duası bəni.
Bana söylərdi daima: “Yavrum!
Ərə getmək həyat için uçurum...
Yoqdur erkəklərin vəfası, Xumar!
Yerin olsun fəqət manastırlar”.
 
Nina
 
Neyləsin binəva qadın!.. Hər an
Ona dünyayı tar edərdi baban.
Baban olduqca içkidən sərsəm,
Kədərindən zavallı oldu vərəm...
 
Şeyx Sən’an
 
(təkrar dönərək Xumarı görüncə)
 
A-h, o, mütləq o!.. Gördüyüm rö’ya!
 
(yaqlaşaraq)
 
İştə, nazəndə heykəli-sevda!..
 
Xumar
 
Söylə kimsin?
 
Şeyx Sən’an
 
Zavallı bir məftun...
 
Nina
 
Kim bilir... Bəlkə...
 
Xumar
 
Qaliba məcnun...
 
Şeyx Sən’an
 
Bəlkə məcnunim, eyləməm inkar,
Bais ancaq o hüsni-əfsunkar...
 
Serğo
 
(Gələrək)
 
Şu hərif kim?.. Nə söylənib duruyor?
 
(Şeyx Sən’anın əbasından tutub bağıraraq)
 
Söylə kimsin?.. Nə istiyorsun?
 
P l a t o n
 
(əlində şərab ilə dolu bir qədəh olduğu halda papasla bərabər dışarı çıqaraq, hiddətlə Serğoya)  
 
Dur!
Bir misafir ki gəldi, ikram et,
Şu bağırmaq nə? Haydı, dəf’ ol, get!
 
(Serğo bir tərəfə çəkilir, Platon Sən’ana)
 
Şeyx! Bir əmrinizmi var əcəba?
Şeyx Sən’an
Onu kəndim də anlamam əsla.
 
P l a t o n
 
Söyləyin, hiç çəkinməyin zira...
 
Şeyx Sən’an
A-h, rö’ya, o gördüyüm rö’ya!
 
P l a t o n
 
Şeyx, sözsüz deyilsiniz əlbət...
 
Şeyx Sən’an
 
(Xumara işarətlə)
 
İstəyim yalnız İştə bir şəfqət,
Bir təbəssüm o hüsni-dilbərdən,
Bir nəvaziş o mavi gözlərdən...
 
Papas
 
(qaba bir qəhqəhə ilə)
 
Aşiq olmuş Xumarə zənn edərim.  
 
Şeyx Sən’an
 
(Xumara)
 
Bən niçin böylə zarü dərbədərim?
Söylə, ey nazənini-qönçədəhən!
Söylə, ruhum, nə tez unutdun sən,
Bana “gəl-gəl!” deyən nəvazişlə,
Əcəba sən deyilmisin? Söylə..
 
P l a t o n
 
(heyrətlə, Şeyx Sən’ana)
 
Bu görüş oldu hanki mə’vadə?
 
Şeyx Sən’an
 
Gecə rö’yadə, ərşi-ə’ladə.
 
Papas
 
(zəhrxənd ilə)
 
Şübhə yoq, şübhə yoq ki, məcnundur.
 
P l a t o n
 
Görünür həm Xumarə məftundur.
 
Bu sırada ş e y x l ə r və m ü r i d l ə r gəlirlər.
 
Şeyx Mərvan
 
Burda şeyx...
 
Şeyx Nəim
 
İştə aqibət, bulduq.
 
Şeyx Sədra
 
Aman Allah, nasıl da halı bozuq.
 
P l a t o n
 
(papasa yarım səslə)
 
Qaliba şeyx möhtərəm bir zat.
 
Papas
 
Fazil insana bənziyor...
 
Şeyx Sən’an
 
(şeyxlərə mə’nalı bir ahənglə)
 
Heyhat!..
 
Şeyx Sədra
 
Möhtərəm şeyx! Aqın-aqın insan
Səni həsrətlə bəkliyor əl’an.
Bütün islam həp ziyarət için
Toplanıb gəlmiş...
 
Şeyx Sən’an
 
İstəməm, çəkilin!
Bəndən olmaz bir istifadə sizə,
Başqa mürşid bulun da kəndinizə,
Şeyxiniz hər nə varsa tərk etdi.
Getdi, həp əski bənliyim getdi,
Şimdi bir başqa fikrə məftunim.
 
(Xumarı göstərir)
 
Onun eşqilə İştə məcnunim.
 
Şeyx Mərvan
 
Sən ki, əvvəl qadından ürkərdin,
Şimdi fikrin niçin dəyişdi, niçin?
 
Şeyx Sən’an
 
(Şeyx Mərvanə)
 
Onu seçməz sənin gözün əsla,
O mələkdir, qadın deyil, haşa!..
 
(məczub bir halda ümumə)
 
Seyr edin bir o hüsni-məbhuti,
O baqışlar nasıl da lahuti!
Oqunur gözlərində ülviyyət,
Sanki bir heykəli-üluhiyyət!
 
Şeyx Nəim
 
Möhtərəm şeyx, unutma niyyətini,
Bir düşün illəti-əzimətini!
Eylədin Kə’bə qarşısında yəmin,
O bu gün məhv olurmu bir qız için?
 
Şeyx Sən’an
 
Vətənim, cümlə niyyətim, Kə’bəm,
Şimdi yalnız odur, o, vaz keçməm.
 
P l a t o n
 
(papasa)
 
Kaş ki, and içmiyəydim əvvəldən,
Çarə, bir çarə bul.  
 
Papas
 
Əmin ol sən,
 
Vaz keçər, şimdi vaz keçər...
 
(Şeyx Sən’ana)
 
Lakin,
Qıza nisbətlə fəzlədir sinnin.
 
Şeyx Sən’an
 
Mə’nəvi eşqə qarşı hər insan
Bir demək... birdir İştə pirü cavan.
 
Papas
 
O həmail nə öylə?
 
Şeyx Sən’an
 
Qur’andır.
 
Papas
 
Şimdi isbat edib də gəl qandır!
Hiç bu mümkünmü isəvi bir qız
Bir müsəlmanə varsın? Anlatınız...
 
Şeyx Sən’an
 
Birsə Haq, cümlə din də bir... naçar,
Xalqı yalnız ayırmış azğınlar,
Hər kəs uymuş cihanda bir hissə...
 
Papas şərab ilə dolu qədəhi Platondan alıb şeyxə verir.
 
Papas
 
İçiniz bu şərabı öylə isə.
 
Şeyx Sən’an
 
Zatən onsuz da sərxoşum əl’an...
 
Papas
 
Xayır, al iç, sözün deyilsə yalan.
 
Şeyx Sən’an pərəstişkaranə baqışlarla Xumarı süzərək, həmən qədəhi alıb içmək istər, lakin bir dürlü cəsarət edəməz və bir taqım mütərəddidanə vəziyyətlərdə bulunur. Ən nihayət kəskin bir qərar ilə son damlasına varıncaya qadar içər. Şeyx Sədra dalğın bir halda baqınıb durur.
 
Ümum
 
(Şeyx Sən’an şərabı içdiyi sırada)
 
Şeyx, aman! Dur...
 
Şeyx Mərvan
 
(istehza ilə Şeyx Nəimə)
 
Mürəvvici-islam!..
 
Şeyx Nəim
 
(Sən’ana)
 
Əcəba içdiyin deyilmi həram?
 
Şeyx Sən’an
 
Ürəfa məşrəbincə var miqyas.
 
Papas
 
(cibindən küçük bir xaç çıqarıb Şeyxə verir)
 
Pək gözəl, şeyxim, al şu xaçı da as.  
 
Şeyx Sən’an
 
(alıb asaraq, yarım qəhqəhə ilə)
 
İbn Məryəm asıldı darə, fəqət
Onu təkrarə varmıdır hacət?
Bumu İsanın ərşə me’racı?
Bən nəyim şimdi? Canlı dar ağacı...
 
Şeyx Mərvan
 
Sana layiqmidir bu iş, yahu?
 
Şeyx Sən’an
 
İştə bir parçacıq gümüşdür bu,
Bunu asmaqla bir yüzük taxmaq
Bəncə birdir, bir... anladınmı bunağ!
 
Papas
 
(Şeyx Sən’ana)
 
Sus, çəkilməz bu dürlü istehza...
 
Şeyx Sən’an
 
Xayır, onsuz da həzrəti-Isa
Bizcə ən möhtərəm, böyük sima...
 
Papas
 
Məqsədin anlaşıldı, pək rə’na,
Şimdi Qur’anı al da yaq...
 
Şeyx Sən’an
 
Əcəba!
Onu yaqmaqda varmı bir mə’na?  
 
Hər kəsdə həyəcan və heyrət...
 
Papas
 
Fəzlədir həp bəhanə, üzr ancaq,
Yaqacaqsın...
 
Şeyx Sən’an
 
(Qur’anı çıqarıb verir)
 
Al, İştə kəndin yaq!
 
Ümum
 
Şeyx, Qur’an yaqılmaz!..
 
Şeyx Sən’an
 
İllət var.
 
Şeyx Sədra
 
Susunuz, bəlkə başqa hikmət var!
 
Şeyx Sən’an
 
Hökmi-Qur’an ilələbəd ucalır,
Yaqılan həp kağız, mürəkkəbdir.
 
Bu sırada havayı bulut qaplar, şiddətli göy gurultusu başlar. Bu gurultu pərdənin sonuna qadar ara-sıra müdhiş bir halda dəvam edib durur.
 
Papas
 
(Qur’anı almayaraq israr ilə)
 
Onu atəşdə yaqmayınca, inan,
Sana əsla olunmaz itminan.  
 
Şeyx Sən’an
 
Hökmi-Qur’anı tutmuyan məğrur,
Onu atəşdə yaqmış ədd olunur.
Bir də bihudə etdiyin israr,
Bunda İsa və Məryəmin adı var.
 
Xumar və Nina
 
A-h!..
 
P l a t o n
 
Şeyx, istəməz, bıraq dursun.
 
Ümum
 
Tövbə, ya şeyx, tövbə, tövbə!..
 
Şeyx Sədra
 
Susun!..
 
Şeyx Sən’an
 
Eşqdən başqa hər nə varsa, əvət,
Tövbə, bin tövbə!.. Eylədim nifrət.
 
Şeyx Nəim
 
Bir düşün, şeyx, unutma Kə’bəyi.
 
Şeyx Sədra
 
Dur!
 
Şeyx Sən’an
 
(Xumara işarətlə)
 
İştə Kə’bəm də, cənnətim də budur.
 
Papas
 
(Platona)
 
Daha bir çarə yoq, nə istərsən,
O qaçırmaz boyun itaətdən.
 
P l a t o n
 
Şeyxim, ancaq bir iş də yapmalısın,
İki yıl tam domuz otarmalısın.
Hər kəsdə böyük bir qələyan.
 
Şeyx Sədra
 
(Şeyx Sən’ana)
 
Xayır, artıq bu pək fəna təhqir,
Səni ikrah için bu bir tədbir...
 
Şeyx Sən’an
 
(Platona)
 
Onun eşqiylə bən ki dərbədərim,
Hər nə əmr etsəniz qəbul edərim.
 
Şeyxlər və müridlər “ah” deyə mütəəssir bir halda geri çəkilər.
 
Gediniz, arqadaşlarım... Gediniz!
Başqa bir şeyxə iqtida ediniz.
İştə bən naili-vüsal oldum,
Aradım nuri-həqqi, ta buldum.
Seyr edib kainatı həp yorulun,
Arayın, siz də nuri-həqqi bulun.
Unutun həp zavallı Sən’anı,
Unutun siz o sərsəm insanı.  
 
Şeyx Sədra
 
Möhtərəm şeyx, bir təsəvvür edin...
 
Şeyx Sən’an
 
Yetişir, haydı, dəf’ olun da, gedin!
 
Şeyx Mərvan
 
Nerdə əvvəlki qayeyi-əməlin?
 
Şeyx Sən’an
 
(qəhramiz bir hiddətlə bağıraraq)
 
Durmayın, haydı, dəf’ olun, çəkilin!

Şeyx Sədra dərin bir heyrət və dalğınlıq içində düşünüb durur.
 
M ü r i d l ə r d ə n b i r i n c i q ı s ı m
 
(böyük bir təəssür və təəssüflə)
 
Gedəlim, doğru Kə’bəyə varalım,
Xaliqi-kainata yalvaralım.
Bəlkə şamil olur da mərhəməti,
Şeyxi eylər ihatə məğfirəti.
 
İ k i n c i q ı s ı m
 
(Mərvan və Nəimlə bir yerdə)
 
Şeyximiz atdı hökmi-Qur’anı,
Şeyximiz satdı dini, imanı,
Öncə islamə bir mürəvvic ikən,
Xaç asıb çıqdı dinü məzhəbdən.  
 
B i r i n c i q ı s ı m
 
Gedəlim, Haqqa iltica edəlim,
Gedəlim, şeyx için dua edəlim...
 
İ k i n c i q ı s ı m
 
Gedəlim, ta ki biz də sapmıyalım,
Gedəlim, biz də xaçə tapmıyalım...
 
Şeyx Sən’an
 
Gediniz, gərçi hiylə ya təzvir
Sizcə xoş... bəncə eşq yüksəkdir!..
 
Bütün şeyxlər və müridlər çəkilməyə başlar. Yalnız Şeyx Sədra ən arqada qalaraq şaşqın və dolğun baqışlarla ağır və mütərəddid adımlarla uzaqlaşıb gedər.
 

Pərdə