Şeyx Sənan (dram)/Birinci pərdə

Vikimənbə saytından
Şeyx Sənan. Birinci pərdə
Müəllif: Hüseyn Cavid
İkinci pərdə


I SƏHNƏ

 
Mədineyi-Münəvvərədə, Şeyx Kəbirin evində üləmayə məxsus bir qəbul odası... Odanın iki qapısı, üç-dört pəncərəsi var. Qapının biri Şeyxin hərəmxanəsinə açılır. Pəncərələrdən ikisi xurmalıqdan ibarət gözəl bir bağça ərz edər. Pərdə açıldıqda, Şeyx Əbuzər odanın bir guşəsində ikindi namazını bitirmiş, əlləri və yüzü göyə doğru duaya məşğul görünür.
 
Z ə h r a
 
(Əzra ilə bərabər hərəmxanə qapısından daxil olaraq)
 
Şeyx, ya Şeyx!
 
Ə z r a
 
Şeyx!
 
Şeyx Ə b u z ə r
 
(niyazkar)
 
Ya Allah!
 
Z ə h r a
 
Bana baq...
 
Şeyx Ə b u z ə r
 
(mütəvəkkil)
 
La ilahə-illəllah!
 
Z ə h r a
 
(yaqlaşaraq)
 
Şeyx Əbuzər!
  
Şeyx Ə b u z ə r
 
(dönərək)
 
Nədir, qızım?
 
Z ə h r a
 
Əl’an,
 
Bir xəbər yoqmu Şeyx Sən’andan?
 
Şeyx Ə b u z ə r
 
İki-üç dəfə getdim evlərinə...
 
Z ə h r a
 
Əcəba xastalanmamış ki yenə?
 
Şeyx Ə b u z ə r
 
Qomşular söylüyor ki, həp gecələr
Uyumaq bilmiyor sabahə qadar.
Qoşuyor hər səhər biyabanə,
Həm də əsla qarışmaz insanə.
Halı pəjmürdə, sanki bir məcnun;
Anlaşılmaz nədir məramı onun?!
Şaşırır həp Mədinə əhli bütün
Onu gördükcə müztərib, düşkün.
 
Z ə h r a
 
Nə olur? Bir də get, rica edərim.
 
Şeyx Ə b u z ə r
 
Pəki, gedərim.
 
(Qalqıb gedər. Çıqdığı sırada mə’nalı bir baqışla Zəhraya baqaraq)  
 
Bunda bir sirr var, edilməz faş,
Nə için, anlamam, əcəb bu təlaş!?
 
Ə z r a
 
Bu məraq İştə fəzlədir, Zəhra!
 
Z ə h r a
 
Sorma, hiç sorma, nazənin Əzra!..
 
Ə z r a
 
Səndə bir öylə hüsnü cazibə var,
Ki olur, hər görən pərəstişkar.
Səni Sən’an arar da kəndi bulur,
Daima eşq hüsnə mail olur.
 
Z ə h r a
 
Qalmamış bəndə zərrə səbrü qərar,
Bana Sən’ansız olmuş aləm tar.
Altı yıldır ki, zarü dərbədərim,
Həp onundur məsərrətim, kədərim.
Altı yıldır əsirü mədhuşim,
Onun eşqilə məstü bihuşim.
Azacıq bəndə varsa hüsnü cəmal,
Onda həm hüsn var, həm elmü kəmal.
 
Ə z r a
Kimsəsiz bir zavallıdır Sən’an,
Səndə vardır fəqət nəcabətü şan.
Bir baban var, cihanda şöhrətgir:
Fazili-binəzir, Şeyx Kəbir.
 
Z ə h r a
Doğru, pək doğrudur sözün, lakin,
Bəncə mə’nası yoq həsəb-nəsəbin.  
Qara quldan da alçaq olsa, inan,
Yenə bəndən şərəflidir Sən’an.
 
Ə z r a
 
(pəncərəyə baqaraq)
 
Gəliyor, İştə, gözlərin aydın...
 
Z ə h r a
 
(şaşqın)
 
Kim? O kimdir?
 
Ə z r a
 
(əlilə göstərir)
 
Zavallı pək dalğın...
 
Z ə h r a
 
(baqaraq)
 
Ah, Sən’an! Nasıl da halı fəna!..
Bizi yalnız bıraq da...
 
(odadan çıqdığı sırada Əzraya)
 
Sonra sana
Söylənir, şübhəsiz bütün əhval.
 
Böyük bir təlaş içində qapıya yaqın bir guşədə bəklər. Şeyx Sən’an daxil olub baqınır. Zəhrayı görüncə halı dəyişir.
 
 
Söylə, Sən’an, nədir bu müdhiş hal?
 
Şeyx Sən’an sükut edər.
 
Nə bəla var başında? Söylə, nə var?  
 
Şeyx Sən’an cəvab verməz.
 
Söylə, aç söylə...
 
Şeyx S ə n’ a n
 
Etmə gəl israr.
 
Z ə h r a
 
Səndə var bəlli, bir yığın əsrar.
Söylə, aç söylə, bivəfa, qəddar!
Nə qiyafət bu? Sanki ağlarsın?
 
Şeyx S ə n’ a n
 
Şimdi get, sonra, sonra, anlarsın.
 
Z ə h r a
 
Bəndə bilməm nədir bu taleyi-şum!
Sana halım deyilmidir mə’lum?
Altı yıldır sənin əsirin ikən,
Şimdi biganəyimmi gönlünə bən?
Nə təbiət bu səndə? Həm nə tuhaf!
Yoqmudur səndə mərhəmət, insaf?
Nerdə əvvəlki və’dlər əcəba?
Əcəba yoqmu, yoqmu, səndə vəfa?
O məhəbbətlə parlayan gözlər,
Şimdi bir başqa macəra söylər.
Qalmamış bəndə zərrə tabü təvan,
Məni qəhr et də, lakin atma, aman!..
 
Şeyx S ə n’ a n
 
Səni atmaqmı!? Bir düşün, əcəba
Bu olur şeymi, nazənin Zəhra?
Sən mələksin, sevimli afətsin...
 
 
Z ə h r a
 
(Şeyx Sən’ana sarılaraq)
 
Ah, sən xaliqi-fəzilətsin.
 
Bu sırada səhnənin işığı çəkilir, ta ucda ikinci pərdə qalqar. Azacıq yüksəkdə, olduqca şairanə, cazibədar, behişti bir mənzərə görünür. Altın qanatlı mələklər əl-ələ, qol-qola olaraq incə qəhqəhələrlə gülüşüb gəzinirlər. Təbii, mələk qiyafətində olan Xumar da onların içində bulunur.
 
X u m a r
 
Şeyx, gəl-gəl! Sevimli Sən’an, gəl!
Sana layiq deyil o yer, yüksəl!
 
Şeyx S ə n’ a n
 
(şaşqın və həyəcanlı)
 
Ah, o... Cənnət pərisi, nazlı mələk!
Bana yüksəl diyor gülümsəyərək.
 
Z ə h r a
 
Söylə, Sən’an, nə var? Nə oldu yenə?
Əcəba kim göründü gözlərinə?
 
Şeyx S ə n’ a n
 
Baq da gör, İştə cənnət, İştə mələk!
 
Z ə h r a
 
Nerdə?
 
Şeyx S ə n’ a n
 
Baq, dinlə, şimdi söyləyəcək.  
 
Zəhrada dərin bir heyrət.
 
X u m a r
 
(Şeyx Sən’ana)
 
Durma, yüksəl, ənisi-ruhum, gəl!
Mütərəddid görünmə! Gəl, yüksəl!
Oqunur gözlərində nuri-dəha,
Yüksəl, ey şeyx! Gəl, düşünmə daha!..
 
Şeyx S ə n’ a n
 
Of, bəndən nə istiyorsun, get!
Bəndə can qalmamış, bir insaf et.
 
Xumar qürur və istiğna ilə gedəcək olur. Şeyx Sən’an böyük bir təlaş və nədamətlə.
 
Gediyor... a-h... getmə, atma bəni!
Mərhəmət qıl, aman, unutma bəni!
Getdi, eyvah, getdi...
 
Z ə h r a
 
Sən’an, kim?
 
Şeyx S ə n’ a n
 
(Xumara)
 
Getmə, gəl a-h, nazənin mələgim!..
 
X u m a r
 
(çəkilərək)
 
Qal, səlamətlə qal, böyük Sən’an!
 
Ucdakı pərdə qapanır, səhnə aydınlaşır.
 
Şeyx S ə n’ a n
 
Getdi, eyvah, küsdü getdi... Aman!
 
Məcnunanə bir ıçqırıqdan sonra bayğın bir halda düşəcək olur.
 
Z ə h r a
 
(dərhal tutar, başını dizi üstünə alaraq)
 
Nə fəlakətli hal, aman, ya Rəb!
 
Ə z r a
 
(gələrək)
 
Bu nə dəhşət! Nədir bu halə səbəb?

Bu sırada Şeyx Mərvan ilə Şeyx Əbuzər qapı arasında görünür.
 
Şeyx M ə r v a n
 
(istehzalı bir tövr ilə)
 
Şeyx Əbuzər! Baq, İştə seyr eylə.
Hər nə gördünsə get də aç, söylə.
Olmuş ağuşi-nərmi Zəhranın
Bəstəri-nazi Şeyx Sən’anın.
 
Ə z r a
 
(bunları görüncə Zəhraya)
 
Gəldilər a-h, aman, çabuq gedəlim.
Durma, Zəhra!..
 
Z ə h r a
Fəqət, yazıq!..
 
Ə z r a
 
Gedəlim!
 
Hər ikisi çəkilib gedər. Şeyx Əbuzərlə Şeyx Mərvan haman Sən’anın üstünü alırlar.
 
Şeyx Ə b u z ə r
 
Bu nə pəjmürdə hal... Aman, Sən’an!
 
Şeyx M ə r v a n
 
Büsbütün hiylədir, inan...
 
Şeyx Ə b u z ə r
 
Sən’an!
 
Şeyx M ə r v a n
 
Xain, alçaq! Nasıl da baq, susuyor?
Sanki bir tilki seyd için pusuyor.
 
Şeyx Ə b u z ə r
 
Sus bə!
 
Şeyx M ə r v a n
 
Aldanma tilkidir, tilki.
 
(acı-acı gülər)
 
Şeyx Ə b u z ə r
 
(hiddətli)
 
Nə təbiət bu səndə, bilməm ki!..
 
Şeyx M ə r v a n
 
(müstəhzi)
 
Əhli-hal eşq için əvət, bayılır,
Haydı, Zəhrayı get, çağır, ayılır.
 
Şeyx Ə b u z ə r
 
Sus, yetər, iştə gəldi Şeyx Kəbir.
 
Şeyx M ə r v a n
 
Gəlsin, etsin də barı bir tədbir...
 
Şeyx Kəbir digər şeyxlər və müridlər ilə daxil olur. Böyük bir heyrətlə ətrafı sararlar. Şeyx Hadi Şeyx Sən’anın başını qolları arasına alır.
 
Şeyx K ə b i r
 
Bu nasıl bət-bəniz? Oğul, Sən’an!
 
(Şeyx Əbuzərə)
 
Su gətir, haydı qoş!
 
Şeyx H a d i
 
Gecikmə, aman!
 
Şeyx Əbuzər gedər.
 
Şeyx Kəbir
 
Hiç səbəbsiz deyil bu müdhiş hal!?
 
Şeyx H a d i
 
Nə də bayğın!.. Yoq onda tabü məcal.  
 
Şeyx K ə b i r
 
Şübhəsiz, burda bir fəlakət var.
 
Ü m u m
 
Şübhəsiz, şübhəsiz bir illət var.
 
Şeyx M ə r v a n
 
Şübhəsiz, var cəzası hər əməlin,
Hiç zərər yoq, cəzasıdır çəksin.
 
Şeyx K ə b i r
 
(hiddətli)
 
Söylə, Mərvan, nasıl cəza? Nə əməl!?
 
Şeyx M ə r v a n
 
Möhtərəm Şeyx! Altı gün əvvəl
Vardı Sən’anla bir mübahisəmiz,
Bağırıb söylüyordu pərvasız;
“Olsa me’rac, olur da ruhani,
Həp yalandır üruci-cismani.
Bir bəşərdir, diyordu peyğəmbər,
Hiç görülmüşmü çıqsın ərşə bəşər?”
 
Ü m u m
 
(heyrətlə)
 
Allah, Allah!
 
Şeyx H a d i
 
Saqın, inanmayınız!
Çünki Sən’anı söylətən yalınız
 
Şübhədir... Yoqsa şübhədən başqa
Yoq onun bir qüsuru, yoq əsla.
 
Su gəlir, həm Sən’anə içirir, həm də başını avuşdururlar.
 
Şeyx K ə b i r
 
Şübhədir hər həqiqətin anası,
Şübhədir əhli-hikmətin babası.
Şübhə etməkdə haqlıdır insan,
Çünki hər kəscə bəllidir: Yaradan
Hər zaman, hər tərəfdə nurəfşan,
Fərqsiz onca həp zamanü məkan...
Ona məxsus yoqsa bir mə’va,
Ərşə çıqmaqda varmı bir mə’na?
 
Şeyx N ə i m
 
Sadə me’racı etmiyor inkar,
Hələ tövhid için də şübhəsi var.
Söylüyor: “Görməyincə xaliqi bən,
İctinab eylərim pərəstişdən”.
 
Şeyx M ə r v a n
Bu zəlalətdir İştə...
 
Şeyx H a d i
Sus, sən sus!
 
Şeyx M ə r v a n
Sanki bən susdum, öylədir, əfsus.
 
Şeyx K ə b i r
 
(böyük bir dalğınlıqdan sonra)  
 
Şübhə artarsa, həm yəqin artar,
Mə’rifət nuru şübhədən parlar,
Zənn edərsəm yanılmıyor Sən’an,
Çünki xəllaq için şərəfli məkan
Eyi, parlaq könüllər olsa gərək...
Kim ki, Allahı istiyor görmək,
Arasın qəlbi-tabnakində,
Arasın kəndi ruhi-pakində,
Hər kimin qəlbi, ruhu düzgündür,
Daima hiss edər də haqqı görür.
Feyləsufanə ruha malik olan
Yaşamaz ayrı hərgiz Allahdan.

Şeyx Sən’an gözlərini açaraq donuq bir vəziyyətlə baqınır.
 
Şeyx K ə b i r
 
“Və minəl mai külli-şey’ün hey”
 
Şeyx H a d i
 
Su ilə canlanır, əvət, hər şey.
 
Şeyx S ə n’ a n
Of...
 
Şeyx H a d i
 
Sən’an!
 
Şeyx K ə b i r
 
Nasılsın, evladim?
 
Ü m u m
 
Çoq şükür!..
 
Şeyx M ə r v a n
 
(Sən’ana)
 
Tutduğundan ol nadim,
Bir də hiç şübhə etmə!..
 
Şeyx S ə d r a
 
(Mərvana)
 
Sus, yahu!
 
Şeyx S ə n’ a n
 
(oturaraq, bitab)
 
“Vəhdəhu la ilahə illa hu”
 
Şeyx K ə b i r
 
(Şeyx Mərvana)
 
Hiç utandınmı?
 
Şeyx H a d i
 
(hakəza)
 
Var sözünmü yenə?
 
Şeyx N ə i m
 
Hələ “Şəqqülqəmər” hekayəsinə,
Veriyor başqa dürlü bin mə’na.
 
Şeyx K ə b i r
 
(Nəimə)
 
Yetişir, sən də sus!..
 
Şeyx H a d i
 
(yana)
 
Səfil, ədna!..
 
Şeyx M ə r v a n
 
(Nəimə, xüsusi)
 
Hələ, Zəhra!..
 
Şeyx N ə i m
 
Nasıl?
 
Şeyx M ə r v a n
 
Tuhaf bir sirr,
 
O da bambaşqa bir rəzalətdir.
 
Şeyx K ə b i r
 
(mırıldanmaqda olan Şeyx Mərvan ilə Şeyx Nəimə)
 
Böylə dar ruha malik olduğunuz
Hiç də layiq deyil... Yetər, susunuz!
 
(dirsəklənib oturmaqda olan Sən’ana)
 
Söylə, Sən’an, nə var? Nə oldu sana?
 
Şeyx S ə n’ a n
 
Möhtərəm Şeyx! Sorma, hiç sorma!
 
Şeyx K ə b i r
 
Nerdəsin? Üç gün oldu müntəziriz,
Söylə, bir söylə...  
 
Şeyx S ə n’ a n
 
(məhcub)
 
A-h, əfv ediniz.
 
Şeyx Kəbir
 
Yaşamaqçin hicab qorquludur,
Utananlar pək az müvəffəq olur.
Bu sıqılmaqda bəncə yoq mə’na,
Hər nə var, hiç çəkinmə, söylə bana.
 
Şeyx S ə n’ a n
 
Çünki dəhşətli gördüyüm rö’ya...
 
Şeyx K ə b i r
 
Söylə...
 
Şeyx S ə n’ a n
 
Hiç varmıyor dilim əsla.
 
Bu sırada Zəhra ilə Əzra yarı açılmış qapı arasında görünərək onları böyük bir məraq ilə dinləyib dururlar.
 
Şeyx H a d i
 
(Sən’ana)
 
Bu tərəddüd, inan ki, bicadır.
 
Şeyx K ə b i r
 
Bir həqiqət deyil bu, rö’yadır.
 
Şeyx Sən’an yerindən qalqaraq rö’yasını söyləməyə başlar. Şeyx Kəbir onun sözlərini dinləyərək yeri gəldikcə başını təhərrüklə təsdiq və dəvam əlamətləri göstərir.  
 
Şeyx S ə n’ a n
 
Ey böyük Şeyx! Gördüm ətrafi
Sarıyor incə, xoş bir aydınlıq.
Gecənin sanki xəndeyi-safi
Saçıyor kainatə bayğınlıq.
Ruhu təsxir edən gözəl məhtab,
Dəmbədəm nəşr edərdi mevceyi-nur,
Gəldi bir şeyx o dəm yüzündə niqab,
Bəni ta gördü, oldu pək məsrur.
Sanki bir tifl idim... Qucaqlayaraq
Bir zaman öpdü, sevdi, hoplatdı.
Sonra omzunda çoq atıb tutaraq,
Gah gəzdirdi, gah oynatdı.
Aqibət bən o möhtərəm şeyxin
Sillələr endirib də yüz-gözünə,
Əylənirdim... xilas edilmək için,
Xeyli yalvardı, baqmadım sözünə.
Azacıq keçdi, şeyxi-namə’lum,
Bir də gördüm diyor ki: “Baq, Sən’an!
Baq nə müdhiş, nasıl dərin uçurum.
 İştə son mənzil! İştə Gürcüstan!”
Baqdım eyvah, atıb da boynundan,
Bəni bir an içində məhv edəcək.
Bağırıb Haqdan istəyincə aman
Qoşdu imdadə bir ziyalı mələk...
 
Şeyx K ə b i r
 
Sonra?
 
Şeyx S ə n’ a n
 
Ta şeyxə eylədim diqqət,
Bəni titrətdi bir dərin heyrət.
 
Şeyx K ə b i r
 
Əcəba kimdi şeyx?  
 
Şeyx S ə n’ a n
 
Sorma!..
 
Şeyx K ə b i r
 
Niçin?
 
Şeyx S ə n’ a n
 
Sən idin ah, o şeyx, əvət, sən idin.
 
Hər kəsdə böyük bir heyrət. Şeyx Kəbir isə mə’nalı bir tərzdə başını təhərrüklə, bir qadar sükut ixtiyar edər.
 
Bəni, şeyxim, bağışla, mə’zurim;
Çünki məğdur, həm də mənfurim.
 
Şeyx M ə r v a n
 
(yarım səslə Nəimə)
 
İştə gördünmü? Baq, nasıl xain!..
 
Şeyx N ə i m
 
(Şeyx Kəbiri göstərərək, eyni ahənglə istehzalı)
 
Baqalım, bir nə söylüyor kahin!
 
Şeyx H a d i
 
(Sən’anı təsliyətlə)
 
Bunca dəhşət, inan ki, bicadır.
 
Şeyx S ə d r a
 
Hiç təlaş istəməz, bu rö’yadır.
 
Şeyx K ə b i r
 
(Sən’ana)
 
Oğlum! Er-gec tutar cihanı adın,
Söylənir ictihadü irşadın.
Cahil-arif, böyük-küçük yeksər,
Səni özlər, sevər, pərəstiş edər.
Bəni bir gün gəlir də xalq unutub
Sana həp əhli-hal olur məczub.
Hər kəsdə qibtəli bir heyrət.
 
Şeyx H a d i
 
(arqadaşlarına)
 
Bu nə tale, nasıl məziyyətdir?!
 
Şeyx S ə d r a
 
Şübhəsiz ən böyük səadətdir.
 
Ə b ü l ü l a
 
Kimsə bir böylə şanlı gün görməz...
 
Şeyx K ə b i r
 
Bu səadət fəqət uzun sürməz.
 
(Sən’ana)
 
Çünki rö’yada gördüyün uçurum
Səni eylər bu feyzdən məhrum,
Baş verir səndən öylə bir hərəkət
Ki, bütün xalq edər həman nifrət.
Alçalır, ruhun alçalır... Ancaq,
Səni alçaldan ehtiras olacaq.
 
Şeyx M ə r v a n
 
(Nəimə)
 
Bu, fəzilət deyil, rəzalətdir...
 
Şeyx N ə i m
 
(Mərvana)
 
Bu, səadət deyil də, zillətdir.
 
Şeyx Sən’an məbhut bir halda azacıq düşünür. Sonra ağlayacaq dərəcədə bir tutqunluqla Şeyx Kəbirin ayaqlarına qapanır. Şeyx Kəbir onun qolundan tutub qaldırır və əlini omuzuna qoyar.
 
Şeyx K ə b i r
 
Səni annən doğurdu Turanda,
Yaşadın bir zaman da Iranda,
Kəsbi-irfan için, fəzilət için
Sonra Iranı tərk edib gəldin,
Ərəbistanı ixtiyar etdin.
Gənc ikən kəsbi-iştihar etdin.
Lakin ən son yerin, zəki Sən’an!
Olacaq son nəfəsdə Gürcüstan.
Qapılıb hissə olmasan gümrah,
Olacaq məqbərin ziyarətgah.
 
Şeyx S ə n’ a n
 
Şeyxim, əfv et, fəqət bir ərzim var.
 
Şeyx K ə b i r
 
Söylə, yavrum, sıqılma, yoq icbar.
 
Şeyx S ə n’a n
 
Hanki şeydir səbəb fəlakətimə?
Onu mümkünsə, söylə, gizlətmə!
  
 
Z ə h r a
 
A-h!..
 
Şeyx K ə b i r
 
O yalnız qadındır, İştə qadın!
 
Şeyx M ə r v a n
 
(istehzalı bir tövr ilə Şeyx Əbuzərə)
 
Söylə Zəhrayə: “Gözlərin aydın!”
 
Şeyx S ə n’a n
 
(göyə doğru)
 
Ey böyük Tanrı, ey böyük Yaradan!
Hər qulun halı, fikri səncə əyan.
Bəni səndən gözəl bilən, tanıyan,
Varmı, ey xaliqi-zəminü zaman!
 
(Şeyx Kəbirə)
 
Bən otuz yıl cihanda zahidvar,
Bilmədim qız-qadın nədir zinhar.
Nə qadar bəndə varsa hissü həyat,
Ehtirasatə düşmənim... heyhat!
Bana biganə, zevqi-nəfsani,
Sevdiyim yalnız eşqi-ruhani...
Daha gönlümdə qeyri eşqə, inan,
Yer bulunmaz, xayır... xayır...

Bu sırada təkrar səhnənin işığı azalır, ikinci pərdə qalqaraq ta ucda əvvəlki behişti mənzərə görünməyə başlar.
 
Xumar
 
(sıtmalı bir ahənglə)
 
Sən’an!
 
Nə çabuq çıqdı xatirindən?
 
Şeyx S ə n’ a n
Aman!..
Bən şaşırdım. Saqın, inanma!
 
X u m a r
 
Yalan!..
Hər kəsdə böyük bir heyrət...
 
Şeyx S ə n’a n
Ah, gəl, gəl, qüsurə baqma...
 
Şeyx K ə b i r
Nə o?
Nədir, oğlum?
 
Şeyx S ə n’ a n
Odur, o!.. Baq, yenə o!
 
(Xumara)
 
Bəni əfv et!..
 
X u m a r
 
Sevimli Sən’an, gəl!
Gəl, gəl!.. Oldunsa gər peşiman, gəl!
 
(gedəcək olur)
 
Şeyx S ə n’ a n
 
(Xumara doğru qoşaraq şaşqın və məcnunanə)
 
Gediyor... A-h, getmə!
 
 
Şeyx K ə b i r
 
Kimdir o, kim?
 
İkinci pərdə yavaş-yavaş qapanmağa başlar.
 
Şeyx Sən’an
 
(yaralı və həyəcanlı)
 
Getmə, dur!.. Getmə, nazənin mələgim!
 
(qoşub Xumarı qucaqlamaq istər, lakin müvəffəq olamaz, bayılıb düşər.)
 
Şeyx K ə b i r
 
Allah-Allah, nədir bu əfsanə!?
 
Şeyx M ə r v a n
 
 İştə divanədir o, divanə!..
 
Şeyx Sən’anın qorqunc halını seyr etməkdə olan Zəhra pək həzin və dərin bir ah çəkərək, bitab bir halda Əzranın qolları arasına düşər; bu sırada pərdə yavaş-yavaş enməyə başlar.
 

Pərdə


II SƏHNƏ

 
Məkkeyi-müəzzəmədə böyük bir yol... Yol kənarında bir taqım evlər, uzaqda böyük came’lər, bilxassə qara örtülü Kə’bə görünür. Vəq’ə on yıl sonra vaqe olduğu için birinci səhnədəki əşxas, simaca gözə çarpacaq dərəcədə dəyişmişdir. Pərdə açıldıqda əlində su dəstisi olduğu halda küçücük bir ərəb qızının yoldan keçdiyi görülür.

Şeyx
Sədra ilə Əbülüla digər tərəfdən çıqarlar.
 
Şeyx Sədra
 
Bu nə müdhiş hava, susuzluqdan
Adəta qavrulub yanar insan.
 
Əbülüla
 
(Kə’bəyi göstərərək)
 
Şübhəsiz olmasaydı Beytullah,
Məkkə olmazdı hiç iqamətgah.
Burda ömr eyləmək fəlakətdir,
Şimdi bildim Mədinə cənnətdir.
 
Şeyx Sədra
 
(yoldan keçən qıza)
 
Gəl, qızım, bir içim su ver bana sən.
 
(Qız məmnun bir tövr ilə gülümsəyərək dəstiyi verir)
 
Əbülüla
 
Baş-beyin çatlıyor hərarətdən.
 
Şeyx Sədra
 
(azacıq sudan içər, dəstiyi iadə ilə)
 
Sana, yavrum, Xuda əcir versin.
 
Əbülüla
 
Su nasıldır? Sərinmi?
 
Şeyx Sədra
 
Sorma!..
 
Əbülüla
 
Niçin?  
 
Şeyx Sədra
 
İstiyorsan al iç də baq, qandır,
Su deyil, adəta yapışqandır.
Allah-Allah! Tənəffüs etdikcə,
Ruhu təzyiq edər bir işgəncə.
Halım, eyvah, pək müşəvvəşdir,
Yudduğum həp alavdır, atəşdir.
 
Hər ikisi böyük bir intizar içində çəkilib gedər. Bu sırada Ş e y x Mə r v a n ilə Şeyx Nəim görünür.
 
Şeyx Nəim
 
(Şeyx Mərvana)
 
Düşünürsün də həp inildərsin,
Söylə, Mərvan, niçin mükəddərsin?
Həp dəyişdin Mədinədən çıqalı...
 
Şeyx Mərvan
 
Sorma, gönlüm yaralıdır, yaralı,
Kor olaydı şu tək gözüm də bənim,
Kaş ki, Zəhrayı görmiyəydi, Nəim!..
 
Şeyx Nəim
 
Şu fəsahətlə sən niçin əcəba
Onu ram etmədin!?.
 
Şeyx Mərvan
 
Xayır, əsla,
Yoqdu əsla təşəbbüsümdə qüsur,
Kim ki, mə’yub olursa, rədd olunur [1]
 
 
İştə çirkinlik öylə bir illət
Ki, dəmadəm qazandırır nifrət.
 
Şeyx Nəim
 
Batinin əksidir fəqət zahir.
 
Şeyx Mərvan
Bir yalan sözdür İştə şöhrətgir.
 
Şeyx Nəim
 
Bunca əndişə bisəmər... zira
Şeyx Hadi, Əbülüla, Sədra
Bir-birindən zəki, gözəl insan;
Yenə Zəhracə möhtərəm Sən’an!
 
Şeyx Mərvan
 
(hiddətli)
 
Onu xəllaqi-eşqə sormalıdır.
 
Şeyx Nəim
 
Xayır, insanda tale olmalıdır.
 
Şeyx Mərvan
 
(yola baqaraq, usanmış bir halda)
 
Əcəba nerdə qaldılar bunlar?
 
Şeyx Nəim
 
Baqalım, bəlkə başqa maneə var.
 
Hər ikisi geri dönər. Bu sırada i k i k o r ə r ə b görünərək, birinci suzişli və tutqun ahənglə ud çalar, ikinci də yaralı səslə hicaz məqamında olaraq aşağıdakı əbyatı oqur.
 
İ k i n c i k o r
 
Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı,
Nə xəlq olaydı, nə xaliq, nə əşki-həsrət olaydı.
Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm,
Nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı.
Gönüldə nuri-məhəbbət, gözümdə pərdeyi-zülmət...
Nə nur olaydı, nə zülmət, nə böylə xilqət olaydı.
Nədir bu xilqəti-bimərhəmət, şu pərdəli hikmət?
Bu zülmə qarşı nolur bir də bir ədalət olaydı.
Tükəndi taqətü səbrim, ədalət! Ah, ədalət!
Nə öncə öylə səadət, nə böylə zillət olaydı.
 
Qəzəl bitmək üzrə ikən dəvəçi qiyafətində bir ərəb sür’ətlə gəlib keçər.
 
B i r i n c i k o r
 
Ey keçən arqadaş!..
 
Dəvəçi
 
Nədir dərdin?
 
B i r i n c i k o r
 
Bizə Sən’anı göstər, Allah için.
 
Dəvəçi
 
Şimdi əl’an o, Məkkədən çıqıyor.
 
B i r i n c i k o r
 
Bizi bir dərdi-biaman sıqıyor,
Ona Sən’an bulur da bəlkə dəva...
 
Dəvəçi
 
Nə imiş dərdiniz sizin əcəba?  
 
B i r i n c i k o r
 
Biz eşitdik yığın-yığın kor, lal,
Hər tərəfdən sağır, çolaq və topal,
Şeyx Sən’anə iltica ediyor,
Hər kəs ondan şəfa alıb gediyor.
İştə kordur bizim də gözlərimiz,
Yalvarıb biz də bir şəfa diləriz.
 
Dəvəçi
 
(acı-acı gülərək)
 
Bu kəramətlə ya niçin Sən’an
Şeyx Mərvanə eyləməz dərman?!
Barı açsın onun da tək gözünü,
Xalq seyr eyləsin də mö’cüzünü.
 
B i r i n c i k o r
 
Şeyxi göstər də, bəlkə çarə bilir...
 
Dəvəçi
 
Burda siz bəkləyin, o şimdi gəlir.
 
Dəvəçi gedər. Korlar mə’yus bir halda düşünür. Bu sırada Zəhra ilə Əzra erkək qiyafətində görünürlər. Zəhra şimdi pək dəyişmiş, bət-bənizi uçmuş... Adəta sarı bir gül yaprağı qadar solğun, daima düşüncəli və məhzundur.
 
Əzra
 
Xastasn, xasta... Nazənin Zəhra,
Səni er-gec xərab edər bu hava.
Bu nasıl bət-bəniz? Deyilmi yazıq?
Niyə bilməm Mədinədən çıqdıq.
 
 
Zəhra
 
Qalmamış bəndə ixtiyar əsla,
Neyləyim, başqa çarə yoq, Əzra!
Son nəfəsdir, düşün də qıl tədbir...
 
Əzra
 
Nə gəlir əldən a-h! Şeyx Kəbir
Oldu mane sənin səadətinə,
Oldu bais sənin fəlakətinə.
Dedi Sən’anə: “Qafil olma, saqın!
Sana düşman qadındır, İştə qadın...”
Dinləyib şeyxi binəva o zaman,
Dəyişib oldu başqa bir insan...
 
Zəhra
 
Daha bir çarə yoq, keçən keçmiş,
Çünki Sən’an yürəklə and içmiş.
Həp qadınlardan eyliyor nifrət,
Başqa bir fikrə bəsliyor hörmət.
 
(həzin bir ah ilə)
 
Onu son dəmdə bir də görsəydim,
Daha qalmazdı həsrətim, dərdim.
 
Dəvəçi
 
(getmiş olduğu tərəfdən evdətlə gəlib keçərək, korlara)
 
Şimdi Sən’an müridlərilə gəlir,
Sorunuz, bəlkə, bəlkə çarə bilir...
 
K o r l a r
 
Tanrı versin cəzayi-xeyr sana.  
 
Birinci kor udu torba içinə qoyub saqlar.
 
Zəhra
 
(Əzrayə)
 
Bəni tut, a-h, bir şey oldu bana.
 
Əzra
 
Gəl də yoldan bir az kənar olalım.
 
Zəhra
 
Baq, fənalaşdı büsbütün halım.
 
Əzra
 
Üzülürsün, aman, aman, Zəhra!
 
Zəhra
 
(Əzranın yardımilə bir tərəfə çəkilərək)
 
Bəndə can yoq, inan, inan, Əzra!
Ayrı düşdükcə Şeyx Sən’andan,
Bana guya cihan olur zindan.
 
Bu sırada ş e y x l ə r və m ü r i d l ə r görünməyə başlar
 
Şeyx Mərvan
 
Nə səfərdir bu, anlamam ki?!
Şeyx Nəim
 
Əvət,
 
Hiç də mə’nası yoq bunun, əlbət.  
 
Əbülüla
 
Yalınız borcumuz itaətdir.
 
Şeyx Sədra
 
Başqa söz söyləmək cəhalətdir.
 
Şeyx Əbülləhyə
 
Nə çıqar böylə boş səyahətdən?
Xəlqi məhrum edər ibadətdən.
 
Şeyx Cəfər
 
Bəncə hiç şübhə yoq ki, insilə cin
Yaratılmış fəqət ibadət için.
 
Şeyx Sədra
 
Buna idrakınız varırmı sizin?
Sizcə məchul... qədri şeyxinizin.
Hər kimin qəlbi korsa, keçmiş ola!..
Şeyx Sən’anı anlamaz əsla.
 
Əbülüla
 
Şeyximiz sahibi-kəramətdir,
Hər nə söylərsə eyni-hikmətdir.
 
Dəvəçi
 
(çabuq dönərək)
 
Əcəba şeyx nerdədir?.. Dəvələr,
Yük ağırdır, əzildilər yeksər.  
 
Şeyx Mərvan
 
Pək təbii bu, yüklənən əzilir.
 
Şeyx Sədra
 
Hiç məraq etmə, şimdi gəlir.

Dəvəçi sür’ətli adımlarla gəldiyi tərəfə dönər.
 
B i r i n c i k o r
 
Bizə imdad edin, aman!
 
İ k i n c i k o r
 
Hələ dur!
 
Əbülüla
 
(yola baqaraq, arqadaşlarına)
 
Gəliyor, iştə şeyximiz gəliyor.
 
Hər kəs bir tər tərəfə çəkilib şeyxin vüruduna müntəzir olur; Ş e y x S ə n ’ a n , Şeyx Hadi və Şeyx Əbuzər sür’ətli adımlarla gəlirlər.
 
Şeyx Hadi
 
(ümuma)
 
Möhtərəm arqadaşlar! On sənədir,
Tərk qılmış cihanı Şeyx Kəbir.
Şeyx Sən’an ki, bəhri-hikmətdir,
İştə ondan bizə əmanətdir.
İctihadilə bəlli bir ustad.
Bizi on yıldır eyliyor irşad.
Şimdi əzm eyliyor də Turanə,
Keçəcək sonra xaki-Iranə.
Bu səfərdən məramı şeyximizin,  
 
Pək böyük, pək ağırdır, iştə bilin!
Bən də yoldaşlarımla bir yandan,
Hində əzm etmək üzrəyim əl’an.
Pək böyükdür bu yolda niyyətimiz,
Böyük olsun gərək də himmətimiz,
Məqsəd ancaq Məhəmmədin dini
Bürüsün az zamanda yer yüzünü,
Yola gəlsin də bə’zi sapqınlar,
Haq nədir anlasınlar azğınlar.
Dini-islamə istəməz pərdə,
Nəşr edilsin gərək o hər yerdə.
Böylə haq yolda kim olursa fəda,
Ona yardımçıdır rəsuli-xuda...
 
Ş e y x l ə r
 
Öylədir, öylə...
 
Müridlər
 
Şübhə yoq artıq.
 
K o r l a r
 
Şeyx, ya şeyx!
Şeyx Əbuzər
 
(korlara)
 
Bəkləyin azacıq.
Şeyx Sən’an
 
(parlamaqda olan günəşi göstərir)
 
Arqadaşlar! Şu parlayan günəşin,
Feyzi birdir cihand hər kəs için.
Türk, hindu, ərəb, əcəm bilməz,  
 
Nuru hər yanda artar, əksilməz.
Mə’nəvi bir günəş də var: nəvvar –
O da islam dinidir, parlar.
Parlar, afaqı nurə qərq eylər.
Həq, həqiqət nədirsə həp söylər.
Pək müqəddəsdir, İştə məqsədimiz,
Bunu lakin, saqın unutmayınız:
Bir çoq alimnüma xəyanətkar,
Dini-islamə rəxnə salmışlar.
Bir yığın ictihadi-bimə’na.
Qaldırır hər tərəfdə bir də’va.
 
Şeyx Sən’an söylədiyi sırada: göyə, Kə’bəyə, həmayilindəki Qur’ani-şərifə işarətlə birər-birər göstərir.
 
Xaliqi-kainat halbuki bir...
İştə Qur’an və Kə’bə həp birdir.
Əhli-islama həp şu birliyi biz
Nəşrü isbata qeyrət etməliyiz.
 
Bu sırada Əbülüla, Şeyx Əbülləhyə və Şeyx Cəfər kəndi aralarında qonuşurlar. Şeyx Sən’an sözünə davam ilə
 
Arqdaşlar! Bu yolda zəhmət var;
İstirahət deyil, əziyyət var.
Cəbr yoq, zor yoq, istəyən qalsın,
Kim ki, məmnun deyilsə ayrılsın.
 
Əbülüla
 
Şeyx Cəfərlə, Şeyx Əbülləhyə,
Şeyxəna! Dönmək istiyor geriyə.
 
Şeyx Cəfər
 
(Şeyx Sən’ana)
 
İxtiyarız da, şeyx! Mə’zuruz,
Səfər etməkdən İştə qorxuyoruz.  
 
Şeyx Əbülləhyə
İzn versən dönüb də hər ikimiz,
Həp ibadətlə iştiğal edəriz.
 
Şeyx Hadi
 
(mə’nalı və istehzalı bir qəhqəhə ilə Şeyx Əbülləhyəyə)
 
Əyilib qalqacaq, yeyib içəcək,
Sonra qıl köprüdən qolay keçəcək!
 
(hər ikisinə)
 
İxtiyar, dul qadınların da bütün,
Həp bu mərkəzdədir məramı bu gün!
Əcəba!.. Həzrəti-Rəsulüllah,
Cümlə əshab – Əli, Ömər həmrah,
Daima hərbgahə qoşmuşlar,
Haqqı təbliğ için vuruşmuşlar.
Bu niçin? Söyləyin, niçin, əcəba?
Yoqsa bir aldanışmıdır?
 
(Şeyx Cəfər və Şeyx Əbülləhyə)
 
Haşa!..
Şeyx Sən’an
 
(hər ikisinə)
 
Hiç zərər yoq, gedin Mədinəyə siz,
Bunu lakin unutmayın hərgiz,
Quru, boş səcdənin yoq aqibəti,
Haq sevər yalnız əhli-mə’rifəti.
 
K o r l a r
 
Ey böyük şeyx, mərhəmət!.. Imdad!..  
 
Şeyx Sən’an
 
Siz nə istərsiniz?
 
B i r i n c i k o r
 
Fəqət imdad,
Bizə imdad edib şəfa veriniz!
Görmüyor kainatı gözlərimiz.
 
Şeyx Sən’an
 
Böylə e’cazkar bir insan,
Xayır, əsla yaratmamış Yaradan.
Bir qulum bən də pək həqir, aciz,
Bu yalan iftirayə uymayınız.
Həm də görməkdə bir məziyyət yoq,
Kədər, işkəncə var; məsərrət yoq.
Gərçi görmək də başqa ne’mətdir,
Görməmək ən böyük səadətdir.
 
B i r i n c i k o r
 
Bizi rədd etmə, ah, inayət qıl!
 
İ k i n c i k o r
 
Nə olur, şeyx, bir kəramət qıl!..
 
Şeyx Sən’an
 
Nə zamandan tutuldu gözləriniz?
 
B i r i n c i k o r
 
Anadan doğmadır bənimki təmiz.
 
Şeyx Sən’an
 
Həp cinayət!.. Qadın cinayatı!
Həp qadın cürmi-ehtirasatı!
 
Ah, bunlar niçin doğar-doğurur?
Şu qadınlar, niçin doğar-doğurur?
 
(ikinci kora)
 
Anadan doğma kormusun sən də?
 
B i r i n c i k o r
 
Bəndə əsrarı həp onun, bəndə...
Ağlamaqdan bu hal gəlmiş ona,
Çünki aşiqdi bir gözəl qadına.
 
Şeyx Sən’an
 
Həp cinayət, qadın cinayatı!
Həp qadın cürmi-ehtirasatı!
 
(şeyxlərə və müridlərə)
 
Hər səfalət doğar qadınlardan,
Baş verir hər fəlakət onlardan.
Öncə Həvva, o möhtəris nənəmiz,
İşləyib bir cinayət, açdı bir iz.
Bizi qovdurdu baği-cənnətdən,
Qıldı məhrum qürbi-rəhmətdən,
Qadın insanı haqdan ayrı salır.
Həp qadınlar başa bəla sayılır.
 
(Korları göstərir)
 
İştə bunlar, zavallı insanlar,
Nəyə sızlar, yanar?.. Səbəb onlar!..
 
B i r i n c i k o r
 
Şeyx, ya şeyx! Görmək istiyoruz.
 
İ k i n c i k o r
 
Bizi mə’yus qılma, məğduruz.
 
Şeyx Sən’an
 
Nəyi görmək dilərsiniz, bilməm?
Yanıyor zülm içində həp aləm!
Görməməkçin şu çirkin işləri siz,
Yalvarıb haqqa, həmdü şükr ediniz.
 
Dəvəçi
 
(gələrək)
 
Buyurun, şeyx əfəndi!..
 
Şeyx Sən’an
 
Pək gerçək,
Gedəlim, haydı, yolçu yolda gərək...
 
Gedərlər.
 
Zəhra
 
(Əzra ilə bərabər gələrək)
 
Getdilər, ah, getdilər...
 
Əzra
 
Zəhra!
 
Hiç təlaş etmə, gəl!
 
Zəhra
 
(niyazkar)
 
Aman, Əzra!..
 
Əzra
 
(əlilə göstərir)
 
Döndü Sən’an, baq, İştə baq, gəliyor,
Gəliyor, həm də baq, nasıl məsrur...
 
Zəhra
 
Ah, yarəbbi, çoq şükür!.. Lakin,
Bu gəliş, kim bilir, əcəb nə için?..
 
Şaşqın bir halda dörd-beş adım çəkilib bəklərlər. Şeyx Sən’an, Şeyx Əbuzər, Şeyx Əbülləhyə və Şeyx Cəfər bərabər dönüb gəlirlər.
 
Şeyx Sən’an
 
Şeyx Əbuzər! Sənin də sinnin çoq,
Həm vücudunda istitaət yoq.
Sən də bunlarla şimdi bir yerdə
Get, tapın rövzeyi-peyəmbərdə.
Daima eylə Haqqa həmdü səna...
Azacıq xastadır fəqət Zəhra.
 
( hər üçünə)
 
Gecə-gündüz xəbər bilin ondan,
Unutub qafil olmayın bir an.
Həm nəzakət bu, həm səvab işdir...
 
Əzra
 
(Şeyx Sən’anə yaqlaşaraq)
 
Səni Zəhra vidayə gəlmişdir.
 
(Şeyx Sən’anda dərin bir heyrət... Zəhrayı göstərərək)  
 
İştə, qarşında titrəyir duruyor,
İştə, solğun çiçək qadar məğdur!..
 
Şeyx Sən’an
 
Ah, Zəhra! Zavallı, solğun nur!
Səni Sən’an görüncə alçalıyor.
Gəlməz əldən əyilməmək... Əlbət,
Səndə var çünki başqa ülviyyət.
Bəni əfv eylə, ey şikəstə həyat!
Sən mələksin... Fəqət... Fəqət... Heyhat...
 
Zəhra
 
Ah, Sən’an!.. Aman!.. Böyük Sən’an!..
 
(Həmən bayılıb Əzranın qolları arasına düşər)
 
Şeyx Sən’an
 
(acı və dəhşətli bir sükutdan sonra)
 
Şeyx Əbuzər! Müvazib ol... hər an
Onu təskin için çalış... Zira
Pək fəna xastadır...
 
(Əzraya)
 
Saqın, Əzra!
Onu gözdən ayırmayın əsla.
 
(dört-beş adım uzaqlaşaraq)
 
Əlvida!.. Əlvida!.. Gözəl Zəhra!..
 

Pərdə

Qeydlər[redaktə]

  1. Küll mə’yub mərdud.