Məzmuna keç

Əhli-İranda, pah oğlan, yenə hümmət görünür!

Vikimənbə saytından
Əhli-İranda, pah oğlan, yenə hümmət görünür!
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.


Əhli-İranda, pah oğlan, yenə hümmət görünür!

Yenə hər guşədə bir tazə cəmaət görünür!

Baxasan hər tərəfə – cünbüşü qeyrət görünür!

Bütün əsbabi-tərəqqidən əlamət görünür!

Əhsənüllah ki, dəxi bizdə səadət görünür!

Oxuduqca qəzetə qəmli ürəklər açılır,

Fərəhəngiz xəbərlər görərək qəm qaçılır,

Qəlbdən, gözdən ona əşki-bəşaşət1 saçılır,

Çünki hər səfhədə bir tazə rəvayət görünür!

Əhsənüllah ki, dəxi bizdə səadət görünür!

İrəcək olsa əgər göz, nəzər Iran işinə,

Xassə, Iranda olan kişvəri-Tehran işinə,

Üləma fikrinə, bəy xahişinə, xan işinə,

Gündə bir firqəni təşkil edən ə’yan işinə,

Nə xəyanət, nə ədavət, nə cinayət görünür!

Əhsənüllah ki, dəxi bizdə səadət görünür!

Е’tidali deyə bir firqənin ünvanından,

Sevinir şəxs bunun məsləkü vicdanından,

İndi iranlıların qəm ötəməz yanından,

Keçəcəklər kişilər millət üçün canından,

Çünki bunlarda bu gün bir yeni hümmət görünür!

Əhsənüllah ki, dəxi bizdə səadət görünür!

Neçə ac bəy, neçə tox molla, neçə kök qazi,

Üzv olub məclisə həll etdilər istiqrazi,

Olsun Allah belə kamil kişilərdən razi,

Unuduldu dəxi İranda şüuni-mazi,

İndi İran demə bir guşeyi-cənnət görünür!

Əhsənüllah ki, dəxi bizdə səadət görünür!

Gərçi xud zəlzələ Təbrizə bir az verdi zərər,

Şərqi İranda çoxun həm elədi zirü zəbər,

Etməyir məclis əgərçi bulara ətfi-nəzər,

Çünki işlər hələ bir növ’ zərafət görünür!

Əhsənüllah ki, dəxi bizdə səadət görünür!