Məzmuna keç

Əli və Nino/IV

Vikimənbə saytından
III Əli və Nino IV
Müəllif: Qurban Səid
V
Mənbə: Əli və Nino. Qurban Səid

Zeynal ağa Bakı yaxınlığındakı Binəqədi kəndindən olan cahil bir kəndli idi. Onun şoran çöldə tozlu, böyük bir torpaq sahəsi vardı. İllər boyu az çox o sahəni əkib becərərdi. Sonra bir gün zəlzələlərin biri onun torpaq sahəsində yarıq əmələ gətirdi. Bu açılan yarıqdan da neft fışqırmağa başlamışdı. O gündən sonra Zeynal ağa bir daha həyatda pul qazanmaq üçün başqa yollar axtarmağa lüzum görməmişdi. Sel kimi gələn pulu comərdcəsinə xərcləyirdi. Amma buna baxmayaraq hər gün pul artır və onun üçün bu pul yükə çevrilirdi. Elə bir yükə çevrilirdi ki, onu lap əldən salmışdı. Bu qədər açıq bir talehin ardından sonra kişi
bir fəlakətin gələcəyinə inanmağa başlamışdı. Zeynal ağa məhkum olunmuş məhbus kimi edam hökmünü gözləyərək yaşamağa başlamışdı. O, məscidlər, xəstəxanalar, təcridxanalar tikdirirdi. Bu arada məkkəyə də həccə gedib hacı olmuş və orada da yetimxanalar tikdirmişdi. Lakin heç bir rüşvət qəbul etmirdi. Yetmiş yaşında ikən evləndiyi on səkkiz yaşlı arvadı onun namusuna ləkə gətirmişdi. Zeynal ağa zalımcasına və vəhşicəsinə namusunun intiqamını almış, ondan sonra da bir yorğun kişiyə çevrilmişdi. Onun ailəsi dağılmış, bir oğlu onu tərk etmiş, o birisi oğlu isə özünü intihar edərək ona misilsiz bir şərəfsizlik gətirmişdi.
Bu səbəbdən də Zeynal ağanın saçları ağarmış və beli bükülmüşdü. Bakıdakı qırx otaqlı sarayında yalqız yaşayırdı. Onun həyatda sağ qalmış yeganə oğlu İlyas bəy bizim sinif yoldaşımız olduğu üçün buraxılış ziyafətimiz, tavanı qaya daşından düzəldilmiş Zeynal ağanın evinin böyük ziyafət salonunda təşkil edilmişdi.
Axşam saat səkkizdə mən, salonun enli mərmər pilləkənlərilə yuxarı qalxdım. Yuxarıda İlyas bəy pilləkənin başında dayanıb qonaqları qarşılayırdı. O da mənim kimi belindəki kəmərindən zərif xəncər sallanan yaraşıqlı çərkəz libasını geyinmişdi.
Quzu dərisindən olan papağını isə çıxartmamışdır. Çünki bu gündən etibarən hamımız belə geyinmək imtiyazına sahib idik. Sağ əlimi, papağıma vurub: “Salamün əleykim, İlyas bəy” deyərək, köhnə milli adətlə əllərimizi bir-birimizə uzatdıq: mənim sağ əlim onun sağ əlini sıxdı.
“Bu gecə cüzamxana bağlanacaq” - deyə İlyas bəy pıçıldadı. Mən razı halda başımı yırğaladım.
Cüzamxana, bizim sinfin ixtirası və sirri idi. Hətta illərlə şəhərimizdə yaşayan rus müəllimlərinin ölkəmizdən bir tikə belə xəbərləri yox idi. Ona görə də biz onları aldadıb Bakının yaxınlığında bir cüzamxana olduğunu söyləmişdik. İçimizdən bir dərsdən yayınmaq istəyirdisə, o saat o, sinif nümayəndəsinə deyirdi. O, da sinif müəllimimizin yanına gedər və dişlərini qıcırda-qıcırda xəbər verirdi ki, cüzamxanadan bir xəstə şəhərə qaçıb. Polis onu axtarır. Sonra polisin cüzamxananı aramağa çıxmış olduğunu da əlavə edərdi. Şübhə var ki, xəstə həmin o tələbənin yaşadığı məhəllədə gizlənir. Sinif müəllimimiz bu xəbəri eşidən kimi rəngi qaçırdı və qaçan xəstənin tutulub təkrar cüzamxanaya salınana qədər həmin tələbənin dərsdən buraxılmasına icazə verirdi.
Bu cür əlavə tətil bir həftə, bəzən də daha çox davam edərdi. Amma heç bir müəllimin ağlına belə gəlmirdi ki, sanitariya idarəsinə gedib şəhərin yaxınlığında doğrudan da bir cüzamxana olub-olmadığını soruşsun.
Mən ağzına kimi adamlarla dolu ziyafət salonuna girdim. Sifətində xüsusi bir təntənə və bayram ifadəsi olan gimnaziya müdirimiz Vasili Qriqoryeviç Xrapko, böyük bir əda ilə salonun küncündə oturmuşdu. Müəllimlər onu əhatəyə almışdılar. Ona yaxınlaşdım və dərin bir ehtiramla ona baş əydim. Müdirlə bağlı bir danışıq olduğu zaman müsəlman tələbələrinin tərcüməçiliyini mən edərdim. Çünki xarici dilləri və ləhcələri son dərəcə cəld qavraya bilirdim. Müsəlman
tələblərinin çoxu rusca danışarkən elə ilk cümlələrində rus əsilli olmadıqlarını aşkar etdiyi halda, mən hələ üstəlik bir çox rus ləhcələrinin də bilirdim.
Müdirimiz Peterburqdan idi. Ona görə də onunla Peterburq ləhcəsində danışmaq lazım idi. Yəni samitləri pıçıltı ilə deyib, saitləri udmaq lazım idi. Səssiz danışmaq gözəl səslənmirdi, amma son dərəcə nəcib bir hərəkət sayılırdı. Müdirimiz ölkənin uzaq sərhəd boylarınadək inkişaf eləyən ruslaşdırma siyasətinin yayılmış olmasından sevinirdi.
- Axşamınız xeyir olsun, cənab müdir – deyə utancaq şəkildə ona müraciət etdim.
- Axşamınız xeyir, Şirvanşir. İmtahan qorxusundan özünüzə gələ bilmisinizmi?
- Bəli, cənab müdir. Lakin o qorxu keçdikdən sonra dəhşətli bir əhvalatın şahidi oldum.
- Nə olub ki?
- O cüzəmxana məsələsini deyirəm.
- Cüzəmxanaya nə olub axı?
- Xəbəriniz yoxdurmu, cənab müdir! Dünən bütün xəstələr xəstəxanada qaçıb şəhərə doğru yürüşə keçmişlər. Onlara qarşı Salyan kazarmasından iki hərbi hissə göndərmək lazım gəlmişdi. Xəstələr iki kəndi tamam işğal etmişlər. Əsgərlər də o kəndləri mühasirəyə almış, xəstələri güllələmiş və evlərə od vurub yandırmışdılar. Bu dəhşətli bir əhvalat deyilmi, cənab müdir? Cüzamxana deyilən bir yer artıq yoxdur. Çürümüş ətləri bədənlərindən tökülən qırtlaqlarında ət parçaları xırıltı ilə sallanan iylənmiş xəstələr şəhər darvazasının qapıları arxasında səriliblər. Onların üstünə yavaş-yavaş neft tökərək yandırırdılar.
Müdirin gözləri kəlləsinə çıxdı. Onun alnında muncuq kimi tər damlaları görünməyə başladı. Bəlkə də ürəyində fikirləşirdi ki, hələ nə qədər, gec deyil, gedib nazirə desin, onu başqa bir yerə keçirtsinlər.
O, boğunuq bir səslə:
- ”Bura dəhşətli bir məmləkətdir!” - dedi: Amma, balalarım, məhz burada insanlar yüksək dərəcədə intizamın və hakimiyyət orqanlarının cəld hərəkət etməsinin nə qədər vacib olduğunu başa düşürlər.
Sinfimizin uşaqları müdirin ətrafına toplaşıb onun qayda-qanununun faydalı olması barədə nitqini dinlədilər. Cüzamxananın işi bitmişdi. Arxamızdan gələn son sinif tələbələri indi gərək özləri yeni bir nömrə uyduraydılar. Birdən mən soruşdum:
Cənab müdir, xəbəriniz varmı ki, Məmməd Heydərin oğlu məktəbimizin ikinci sinfində oxuyur.
Nə-əə!
Müdirimizin gözləri az qala təpəsinə çıxdı. Məmməd Heydər hər sinifdə ən azı üç il qalmışdı. O, on altı yaşında evlənmişdi, lakin buna baxmayaraq yenə məktəbə gəlirdi. Məmməd Heydərin oğlunun doqquz yaşı tamam olan kimi, o da eyni gimnaziyaya daxil olmuşdu. Xoşbəxt ata, bu həqiqəti hər şeydən əvvəl sirr kimi saxlamağa çalışmışdı.
Lakin bir gün böyük tənəffüsdə dolu yanaqlı bir oğlan qaçaraq Məmməd Heydərə yaxınlaşdı və günahsız gözlərilə ona baxaraq dedi: “Ata mənə beş qəpik ver, şokolad alım. Verməsən riyaziyyat misallarını başqasının dəftərindən köçürtdüyünü anama deyəcəyəm”.
Məmməd Heydər xəcalətindən qıpqırmızı olmuşdu. O, oğlunun başını yumruqlamış, sonra ata olduğunu və oğlunun da eyni məktəbdə oxuduğunu uyğun bir anda müdirə söyləməmizi bizdən xahiş etmişdi.
Müdirimiz yenə soruşdu:
- Yəni, altıncı sinif şagirdi Məmməd Heydərin ikinci sinifdə oxuyan bir oğlu var?
Bəli elədir. O sizdən çox üzr istəyir. Məmməd Heydər oğlunun da özü kimi bir elm adamı olmasını arzulayır. Qərb biliyinə yiyələnmək həvəsi onda getdikcə daha geniş vüsət alır.
Müdirimiz qıpqırmızı oldu. O, dinməz-söyləməz dayanıb, ata ilə oğlunun eyni zamanda, eyni məktəbdə oxuduqlarının, məktəb qaydalarına zidd olub-olmadığı barədə düşündü. Lakin heç bir qərara gələ bilmədi.
Zalın yanından balaca bir qapı açıldı. On yaşlarında bir oğlan uşağı qalın pərdələri yan tərəfə çəkdi, sonra İrandan gəlmiş qara bədənli dörd kor musiqiçilərin əlindən tutub onları salona gətirdi. Kor musiqiçilər əl-ələ tutub salonun bir küncündəki xalının üstündə oturdular. Əllərindəki nadir musiqi alətləri İranda yüz il bundan əvvəl düzəldilmişdi.
Fəryad edən bir musiqi dilə gəldi. Musiqiçilərdən biri salam verən kimi qəzəlxan pozası ilə əlini qulağına qoydu. Bu, şərq müğənnilərinin klassik hərəkəti idi. Salona bir səssizlik çökdü. Bu dəfə korlardan biri həyəcanla dolub daşaraq ud çalmağa başladı. Sonra da qəzəlxan sakit bir səslə, oxumağa başladı:
“Bir İran xəncəri kimisən,
Parlayan yaqut dodaqların
Türk Sultanı olaydım, nikah bağlayardım sənə,
İncilər hörərdim, qulac-qulac saçlarına
Və öpər, öpərdim topuqlarını
QIZIL TASDA gətirərdim,
Əllərimlə qəlbimi sənə...”
Qəzəlxan susmuşdu. Onun yanında oturan xanəndə səsini qaldırdı və böyük nifrətlə bağırdı:
“Və hər gecə
Bir siçan kimi qaçardın
Eyvandan qonşunun evinə”
Tamburun qəmli səsi ətrafa yayıldı. Kamança da həzin bir səslə mələyirdi. Bu dəfə üçüncü xanəndənin oxumağının səsi yüksəldi:
“O ki bir çaqqaldır, onda iman yox,
Eyvah, ləkələndim, qara bəxtim ox!..”
Bir an ətrafa səssizlik çökdü. Üç, dörd qısa musiqi ahəngindən sonra dördüncü xanəndə xəfif və incə bir tərzdə oxumağa başladı...
“Üç gün itilədim xəncərimi.
Dördüncüdə sapladıb, haqlayıb düşmənimi,
Para-para etdim onu
Tərkimə atıram səni, sevgilim,
Döyüş örtüyümlə örtürəm üzümü
Və dörd nala çapıram səninlə dağlara”.
Mən qalın pərdələrdən birinin yanında dayanmışdım. Mənim yaxınlığımda müdirimiz və coğrafiya müəllimimiz dayanmışdılar.
Müdirimiz sakit səslə:
Nə qorxulu musiqidir! Deyə fısıldadı. Elə bil dəhşətli bir səsə qulaq asırsan. Görəsən bu şərqidə söylənilən sözlərin mənası nədən ibarətdir.
- Elə musiqinin ahəngi kimi mənasız olmalıdır, - deyə coğrafiya müəllimimiz cavab verdi.
İstədim ayaq barmaqlarımın üstündə kimsəyə bildirmədən sakitcə oradan uzaqlaşım. Birdən gördüm ki, qalın pərdə yavaşca tərpənən kimi oldu. Ehtiyatla ətrafa baxdım. Saçları qar kimi ağ, gözləri qeyri adi bir şəkildə parlayan bir qoca kişi pərdənin arxasında durub musiqini dinləyib ağlayırdı. Bu qoca kişi İlyas bəyin atası, Əlahəzrət Zeynal ağa idi. Onun mavi damarlı yumşacıq əlləri əsirdi. O əllərdə bəlkə imza atmağa belə qüvvə qalmamışdı, lakin bu əllər yetmiş milyon manat pula hakim idi.
Zeynal ağa, sadə bir kəndli idi. Lakin xanəndəlik sənəti haqqında böyük təcrübəyə malik idi.
Qəzəl sona yetdi. Musiqiçilər bu dəfə bir Qafqaz oyun havası çaldılar. Mən salonda süzməyə başladım. Tələbələr orada qrup-qrup dayanıb öz aralarında söhbət edirdilər. Onlardan bəziləri şərab içirdilər. Mən isə içmirdim.
Sinif yoldaşlarımız dostları və tanışları ilə bir küncə çəkilib öz aralarında zarafatlaşırdılar. Ətrafda saçları sarı, gözləri mavi, sifətləri pudralı bir çox rus qızları vardı. Onlar rus tələbələri ilə və bəzən də erməni və gürcü tələbələri ilə söhbət edirdilər. Lakin onların yanlarına bir müsəlman tələbəsi yaxınlaşanda rus qızları bir an özlərini itirir, sonra isə dərhal istehza ilə özlərini çəkir, hırıltı ilə gülür, bir-iki kəlmə söz söyləyib, uzaqlaşardılar.
Biri pianoya yaxınlaşıb vals çalmağa başladı. Müdirimiz qubernatorun qızını rəqsə dəvət etdi.
Şükür allaha! Pilləkənin üst tərəfindən Ninonun səsi gəldi: Axşamınız xeyir, İlyas bəy. Bir az gecikdim. Amma bu mənim günahım deyildir.
Mən bayıra sıçradım. Nino nə bayır paltarı və nə də müqəddəs Tamara qız litseyinin uniformasını geymişdi. Qızıl düyməli qısa bir məxmər çəpgən onun çiyinlərinə atılmışdı. Onun beli elə sıx və incə bağlanmışdı ki, mən bir əlimlə onu aça biləcəyimə inanırdım.
Uzun qara bir məxmər yubkası ayaqlarına çatırdı. Mən ancaq onun ayaqqabılarının burunlarını görürdüm. Başına kiçik bir başlıq qoymuşdu. Alnından da iki cərgə qızıl sikkə asılmışdı. Gürcü şahzadə xanımının qədim vaxtlardan qalma bayram libası və hələ üstəlik bir Bizans Madonnasının siması!
Madonna bir qəhqəhə çəkdi:
Yox, Əli xan sən hirslənməməlisən. Bu yubkanın bağlarını bağlamaq saatlar çəkir. Nənəmin yubkasıdır. Bunu yalnız sizin şərəfinizə zorla əynimə geymişəm.
Mənimlə birinci rəqsi kim edəcək? - deyə İlyas bəy səsləndi. Nino sual dolu gözləri ilə mənə baxdı. Başımla “rəqs et” deyə mən işarə etdim. Yaxşı rəqs edə bilmirdim.
İlyas bəyə Ninonu etibar edə bilərdim. Çünki İlyas bəy ədəb ərkanı bilən bir dost idi.
İlyas bəy musiqiçilərə səs elədi:
Şamilin duasını çalın”
Birdən çılğın bir melodiya yüksəldi. İlyas bəy salonun ortasına sıçradı. Xəncərini sıyırdı. Onun ayaqları Qafqazlıların dağ rəqsinin atəşli ritmiylə hərəkətə gəldi. Xəncərin tiyəsi onun əlində parlayırdı. Nino rəqs edə-edə ona yaxınlaşdı. O, kiçik ayaqları ilə balaca oyuncaqlara bənzəyirdi. “Şamilin duası” musiqisi çalınırdı. Biz əl vuraraq musiqinin tempini tutmağa çalışırdıq. Nino qaçırılmalı olan gəlin idi... İlyas xəncəri dişlərinin arasına aldı. İlyasın qolları yırtıcı quşun qanadları tək açılmış və qızın ətrafında dolaşırdı. Ninonun ayaqları da durmadan fırlanaraq salonun ətrafında oynayırdı. Onun titrəyən qollarının hərəkəti qaçırılacaq bir gəlinin qorxu, ümidsizlik və fədakarlığını ifadə edirdi. Sol əlində bir cib dəsmalı tutmuşdu. Onun bütün bədəni əsirdi. Yalnız başlığındakı qızıl sikkələr cərgə ilə tərpənmədən qalmışdı. Belə də olmalı idi və rəqsdə ən çətin şey elə bu idi. Bu dərəcə çılğınlıqla salon boyunca rəqs etmək və başlığındakı qızıl sikkələrin birini də tərpənməyə qoymamaq ancaq gürcü qızlarına məxsus idi. İlyas bəy, ona aman vermədən dairə boyunca Ninonun dalınca qaçırdı. İlyasın qolları ilə etdiyi işarələr, getdikcə daha amiranə olurdu. Ninonun da hücumu dəf etməyə çalışan hərəkətləri getdikcə incələşirdi. Nəhayət Nino yolu bir ovçu tərəfindən kəsilmiş maral kimi dayandı. İlyas bəyin onun ətrafında çızdığı dairə getdikcə daralırdı. Ninonun gözləri itaətkar idi. Onun əlləri əsirdi.
Musiqinin kəskin səsi get-gedə yüksəlirdi. Nino sol əlini açdı. Onun əlindəki dəsmal dalğalanaraq yerə düşdü. Elə bu anda da İlyas bəyin xəncəri Ninonun ipək dəsmalına ilişdi və onu yerə mıxladı.
Simvolik rəqs ona çatdı.
Yeri gəlmişkən bir şeyi yada salmaq istəyirəm ki, rəqsdən qabaq mən öz xəncərimi İlyas bəyə vermişdim. Onun xəncərini də özümə götürmüşdüm. Deməli, Ninonun dəsmalını kəsən mənim xəncərimin tiyəsi idi. İşini daima pirli tutmaq lazımdır. Köhnə bir atalar sözündə deyilir ki, “Dəvəni Allahın əmanətinə tapşırmazdan əvvəl onun ipini kola sıx bağla”.