Əli və Nino/V

Vikimənbə saytından
IV Əli və Nino V
Müəllif: Qurban Səid
VI
Mənbə: Əli və Nino. Qurban Səid

“Ey xan, qüdrətli əcdadlarımız bir gün özlərinə böyük şərəf və ətrafı dəhşətə gətirən ad verəcəkləri bu diyara ilk dəfə ayaq basdıqları zaman “Qara bax!... orada qar var!” - deyə qışqırmışlar. Dağlara yaxınlaşıb, balta dəyməmiş meşələri gördükdə isə “Qara bağ!” deyə qışqırmışdılar. Doğrudan da dağların yamacları qara bir bağa oxşayırdı. Elə o zamandan bəri bu diyara Qarabağ deyilir. Əvvəllər ora Aqvar, sonralar isə Sünik deyərdilər. Ey xan, indi bil ki bizim diyar çox qədim və şöhrətli bir diyardır.
Şuşada bir otağını kirayə götürdüyüm ev sahibim Mustafa kişi yenə məğrur səssizliyə qapandı. Sonra kiçik bir bardağdan Qarabağın meyvə arağından bir qədəh içib, hörüklərə bənzər qeyri adi pendirdən bir tikə kəsdi və boşboğazlığına davam etdi: “Bizim dağlarımızda qaranlıq ruhlar məskən salıb və nəhəng xəzinələrin keşiyini çəkirlər. Bunu hamı bilir. Dağlarımızda müqəddəs daşlar vardır. Meşələrimizin içindən isə müqəddəs çaylar axır. Allaha şükür hər şeyimiz var. Şəhərdə bir gəzinib ətrafınıza baxın... heç qəmli, dərdli bir adam görərsinizmi? Qətiyyən yox. Ayıq adam görə bilərsinizmi? Yox. Ağa, bizim məmləkətimizdə çaşıb qalacaqsınız”.
Mən bu diyarın şirin yalançılığına təəccüblənirdim. Öz balaca diyarlarını şöhrətləndirmək üçün onların uydurmadığı rəvayət qalmamışdı. Hələ dünən kök bir erməni mənə Şuşadakı Maraş kilsəsinin beş min il bundan əvvəl tikildiyini inandırmağa çalışırdı. Ona qayıdıb dedim ki: “Mənə belə yalançı uydurmaları danışma. Bütün xristianlığın yaşı heç iki min il deyildir. Axı xristian kilsəsi Xristosdan qabaq tikilə bilməzdi?!”
Mənim dediyim sözlər həmin erməniyə bərk toxunmuşdu. O, tənəli tərzdə dedi: “Əlbəttə, sən oxumuş, görmüş bir adamsan, sənə sözüm yoxdur. Amma icazə ver bu yaşlı kişi sənə bir neçə söz desin: “Bəlkə də xristianlıq başqa ölkələrdə iki min il bundan qabaq yaranıb. Lakin Xristos işığını biz Qarabağlılara başqalarından üç min il qabaq göstərib. Beş dəqiqə sonra həmin adam, gözünü qırpmadan, mənə fransız generalı Muratın Şuşa ermənisi olduğunu söyləməyə başladı. Guyə o, Qarabağ adının şərəfini fransada yaymaq üçün uşaq yaşlarında Şuşadan Fransaya getmişdi.
Mən Şuşada yol üstü bir daş körpünün üstündən faytonla keçərkən faytonçu körpünü mənə göstərib qürurla dedi ki, “Bax, bu körpünü Makedoniyalı İsgəndər İrana gedərkən tikdirmişdir. O, orada ölməz qəhrəmanlıqlar göstərmişdi”.
Halbuki körpünün aşağı hissəsindəki daşın üstündə körpünün tikilmə ilinin tarixi “1897” il göstərilmişdi. Faytonçunun sözlərinin doğru olmadığını ona işarə edib həmin yazını ona göstərdim. O, da özünü o yerə qoymayıb cavab verdi: “Eh, ağa, ruslar bizim zəfərlərimizi qısqandıqları üçün o tarixi sonradan oraya həkk etmişlər”.
Şuşa qəribə bir şəhərdir. Meşələr və çaylarla əhatə olunmuş bu şəhər dağların yüksəkliklərində, dəniz səviyyəsindən min beş yüz metr hündürlüklə tikilmişdir. Müsəlmanlarla Ermənilər orada barış içində gül kimi gün keçirib yaşayırdılar. Çünki Şuşa uzun illərdən bəri qafqaz, İran və Türkiyə ölkələri arasında körpü olmuşdur. Dağlarda və çay vadilərində çiy kərpicdən tikilmiş balaca komalar ucalırdı. Yerli uşaqlar çox zaman bu komaları saray adlandırırdılar. Bu şəhər ətrafındakı komalarda müsəlman bəyləri ilə ağaları və erməni məlikləri yaşayırdılar. Bu adamlar evlərinin qapılarında saatlarla oturub qəlyanlarını çəkərək bir-birlərinə Rus imperatorluğunun məhv olmasının qarşısı dəfələrlə Qarabağ generalları tərəfindən alınmasından danışardılar və Qarabağlılar olmasaydı imperiyanın başına nələr gələ biləcəyindən durmadan bir-birlərini anlatmaqdan yorulmazdılar.
Mən və qoçum, dəmir yol stansiyasından at arabası ilə əyri-üyrü dağ yollarından keçərək yeddi saatdan sonra Şuşaya çatdıq. Qoçuluq dağa çox quldurluğa meyl göstərən silahlı nökərlərin peşəsi idi. Təpədən dırnağa kimi silahlanmış bu adamlar qaradinməz olardılar. Onların hamısının da sifətlərində savaşçı cizgiləri vardır. Atam qoçunu mənə qoşmuşdu ki, yolda məni yad adamlardan qorusun. Qoçum etibarlı bir adam idi. Elə bil bir az da Şirvanşirlər nəslinə qohumluğu da çatırdı. Bu cür qohumlara ancaq şərqdə rast gəlmək olardı.
Artıq beş gün idi ki, Şuşada idim. Ninonun gəlməsini gözləyirdim. Bu beş gündə yerlilərim mənə dünyanın bütün igidlərinin və şöhrətli adamlarının şuşalı olmaqlarından danışırdılar.
Mən şəhərin bağçalarını, parklarını gəzir və məscid minarələrini seyr edirdim. Şuşa çox mömin şəhər idi. Oradakı məscid və kilsələr altmış minlik əhali üçün kifayət idi. Üstəlik şəhər ətrafında saysız-hesabsız pirlər, birinci növbədə də şübhəsiz ki, müqəddəs Vəli Saray bəyin iki ağacı dururdu. Elə ilk gündən şuşalılar məni bu yerlərə dartıb aparmışdılar. Müqəddəs Vəli Saray bəyin qəbri Şuşadan bir saat aralı idi. Hər il bütün şəhər əhli oraya ziyarətə gedər və ehsanlar verərdi. Tünd qara rəngli paltarlar geymiş dindarlar isə balaca meşədə qorunan müqəddəs Vəli Saray bəyin qəbrinə qədər olan yolu diz üstə sürünə-sürünə gedərdilər. Bu xeyli narahatçılıq yaratsa da, zəvvarların diqqətini xüsusilə cəlb edirdi. Müqəddəs Vəlinin qəbri üstündəki ağaclar böyümüşdülər. Onlara toxunmaq ən böyük günah sayılırdı. Kim ağacların bircə yarpağına toxunsaydı, elə yerindəcə iflic olardı. Müqəddəs Vəli Saray bəy bax beləcə qüdrətli adam idi.
Amma bu müqəddəsin indiyədək hansı möcüzəni göstərdiyini mənə heç kim izah edə bilmədi. Bunun əvəzində isə camaat onun bir işində təfərrüatı ilə mənə danışdılar ki, guya o bir dəfə düşmənləri tərəfindən təqib olunarkən onun atı hələ bu gün də şuşanın yerləşdiyi dağın təpəsində çapır. Təqib edənlər ona yaxınlaşmamışdan onun atı nəhəng sıçrayışla dağların, qayaların və Şuşanın üstündən uçub qeyb olmuşdu. Möminlər bu gün belə nəcib heyvanın endiyi qayalarda həkk olunmuş nal izlərini görə bilirdilər. Bir atın o dərəcədə
sıçramasının mümkün olduğuna şübhə etdiyimi bildirəndə onlar incimiş halda and-aman edib dedilər ki, “Ağa, bu at Qarabağ atı idi!” Bunu deyib, qarabağ atı barədə mənə bir maraqlı əhvalat söylədilər:
“Bizim diyarda hər şey gözəldir” - deyə söyləməyə başladılar. Ancaq bu diyarın ən gözəl şeylərindən biri də qarabağ atları idi. Qarabağın şöhrətli atını almaq üçün İran şahı Ağa Məhəmməd bütün hərəmxanasını bu atın əvəzinə verməyə hazır idi. Görəsən mənim dostlarım Ağa Məhəmməd şahın axtalanıb xədimağa olduğunu bilmirdilərmi? Bu at deyilənə görə “Müqəddəs yaranmış bir at idi”. Bu möcüzəli at cinsini meydana gətirənə qədər insanlar yüz illər boyu durmadan əmək sərf etmiş və nəticədə yeni at cinsi – Qarabağın məşhur kəhər atı yaranmışdı. Dünyanın ən məşhur cins atı Qarabağın qırmızı qızılı rəngli atı idi.
Bu qədər tərifdən sonra atlara marağım artdı və xahiş etdim ki, o gözəl atların birini mənə göstərsinlər. Dostlarım qayğıkeş baxışlarla məni süzüb dedilər ki, “Sultanın hərəmxanasına girmək – Qarabağ atlarının tövləsinə girməkdən asandır. Qarabağda cəmi on iki belə kəhər atı vardır. Bu atların sahibləri ancaq müharibə olan zaman onları minirlər”. Bəxtim gətirməmişdi. Ona görə də onların o əfsanəvi Qarabağ atları barədə söylədikləri ilə kifayətlənməli idim.
İndi isə şuşadakı mağarda oturmuş Mustafa kişinin boş uydurmalarına qulaq asa-asa Ninonu gözləyirdim. Bu əfsanəvi diyara da artıq alışmışdım.
“Ey xan – deyə Mustafa kişi sözə başladı – Sizin əcdadlarınız muharibələr aparmışlar, sən isə təhsilli, oxumuş bir adamsan. Elə ona görə də gözəl sənətlər haqqında bəhs edilən söhbətlərdən başın çıxır. Farslar Sədi, Hafiz, və Firdovsi ilə, ruslar isə Puşkin ilə fəxr edirlər. Uzaq Qərbdə də Göte adlı bir şair olub və o, şeytan haqqında şer yazıb”.
Onun sözünü kəsərək: “Bəlkə bu şairlər də Qarabağdan çıxıblar?”- dedim.
- Xeyir, hörmətli qonaq, amma demək lazımdır ki, bizim şairlərimiz onlardan daha istedadlıdır. Onlar o qədər qürurlu idilər ki, şerlərini kağıza yazmadan əzbər oxuyurdular.
- Hansı şairləri nəzərdə tutursan, aşıqlarımı?
- Bəli, aşıqları nəzərdə tuturam – deyə mustafa kişi mötəbər şəkildə cavab verdi. Onlar Şuşanın ətrafındakı kəndlərdə yaşayırlar. Sabah aşıqların dərviş qəhvəxanasında yarışları var. Gedib onları heyran-heyran dinləmək istəyirsənmi?
- Razılığımı bildirdim və ertəsi gün əyri-üyrü yollarla yoxuşu qalxıb Qafqaz aşıq sənətinin dayaq nöqtəsi sayılan Daş kəndə gəldik. Demək olar ki, qarabağın hər kəndində yerli aşıqlar vardı. Onlar qışda şer yazarlar, mahnılar və dərvişlərin rəqs motivlərini bəstələyərlər, baharda isə klublar və saraylarda yeni şərqilərini və mahnılarını oxuyardılar. Qarabağda üç kənd vardı ki, orada ancaq sırf aşıqlar yaşayırdılar. Şərqin ta qədim zamandan şeriyyətə hörmət bəsləməsinin əlaməti olaraq yerli feodallar onları vergidən azad etmişdilər.
Bu kəndlərdən biri də Daş kənd idi.
Bu kənd sakinlərinin adi kəndli olmadıqlarını müəyyən etmək üçün onlara bircə dəfə baxmaq kifayət idi. Onların kişiləri uzun saç buraxırlar və ipək kaftanlar geyirlər. Qadınları isə qəmgin baxışlarla kişilərinin dalınca gedib musiqi alətlərini daşıyardılar. Aşıqları heyran-heyran dinləmək üçün Daş kənd Şuşadan gəlmiş dövlətli müsəlmanlar və ermənilərlə dolu idi. Tamaşaçı kütləsi kəndin əsas meydançasında toplaşmışdı. Meydanın ortasında isə bir-birilə amansız döyüşə hazır olan iki igid aşıq dayanmışdı. Onlar burunlarını çəkərək – bir-birlərinə nifrətlə baxırdılar. Əsən külək onların saçlarını yellədirdi. Aşıqlardan biri qışqırıb dedi: - Sənin paltarından təzək iyi gəlir, sifətin donuz sifətinə bənzəyir, istedadın ən nazik tükdən də nazikdir və sənə bir az pul versələr özün haqqında təhqiramiz şer yazarsan”.
O biri aşıq acıqlı-acıqlı səsini ucaldaraq dedi:
- Sənin paltarın təlxək libasına bənzəyir, səsin də xədimağanın səsini xatırladır. Mənim istedadım yoxdursa, sənin də şairliyin yoxdur. Sən ancaq mənim dolu süfrəmdən atılan törtöküntülərlə yaşayırsan.
Aşıqlar get-gedə qızışaraq bir-birlərini iynəli sözlərlə təhqir edirdilər.
Nəhayət meydana ağ saçlı nurani bir qoca gəldi. O, aşıqlar arasındakı yarışma üçün iki mövzu elan etdi:
Mövzulardan biri “Araz üzərində ay”, digəri isə “Ağa Məhəmməd şahın ölümü” idi.
Aşıqlar başlarını göyə çevirib şerlərini oxumağa başladılar. Onlar oxuyurdular ki, Ağa Məhəmməd şah kişilik gücünü yenidən qaytarmaq üçün Tiflisə, kükürdlü vannalar qəbul etmək üçün gedir. Ona kükürtlü vannalar da kömək etməyəndə Xədim ağa şəhəri yerlə-yeksan etmiş və bütün qadın və kişiləri vəhşicəsinə öldürtmüşdü. Lakin dala qayıdan zaman tale onu Qarabağa tələsdirdi. O, öz çadırında yatdığı yerdə xəncərlə öldürülmüşdü. Böyük şah həyatdan heç bir həzz almadan öldürüldü. O, hərb yürüşləri zamanı aclığa dözmüş, qara çörək yeyərək, ayran içib yaşamışdı. O, saysız-hesabsız ölkələri fəth etmişdi, amma səhradakı dilənçilər qədər yoxsul olmuşdu. Xədim ağa Məhəmməd belə adam idi.
Aşıqlar bütün bunları əruz vəzni üslubunda oxuyurdular. Onların biri ən gözəl qadınların yaşadığı ölkədə Xədimağanın işgəncələrinə dəqiqliyi ilə təsvir edir, o birisi isə bu qadınların edam səhnəsini təfərrüatı ilə təsvir edirdi. Tamaşaçılar məmnun olmuşdular. Aşıqların alınlarından muncuq iriliyində tər dənələri axırdı. Birdən mülayim səsi olan aşıq səsləndi: “Araz üzərindəki Ay kimə bənzəyir?”
Acıqlı aşıq onun sözünü kəsərək: “Sənin sevgilinin camalına” dedi.
Mülayim səsi olan aşıq dilləndi: “Bu Ayın işığı mülayimdir”.
- Xeyir, - deyə acıqlı aşıq cavab verdi. - Bu Ay şəhid olmuş cəngavər bir döyüşçünün qalxanına bənzəyir”.
Bu bənzətmədə birinciliyi əldə etmək üçün aşıqlar yorulub biri-birini taqətdən salırdılar. Sonra onların hər ikisi ayrı-ayrılıqda Ayın gözəlliyindən, düzənlikdə bir
Bakirənin saç hörküsü kimi dolana-dolana əsən küləyə, Araz çayının sularında əks olunan Aya Baxan sevgililərdən şərqilər oxuyurdular.
Bənzətmələrin sonunda acıqlı qalib elan edildi və xoşa gəlməz bir gülüşlə rəqibinin sazını mükafat olaraq əlindən aldı. Sazın çanağı ağzına qədər pullarla doldurularkən qaşqabağını sallayıb ətrafa baxırdı.
- Qələbənə görə sevinirsənmi? - deyə soruşdum. O nifrətlə yerə tüpürdü və dedi: – Ağa, buna qələbəmi deyərlər? Haradadır o keçmiş yarışmalar. Yüz il bundan qabaq belə yarışmaların sonunda qalib gələn məğlubun başını çapa bilərdi. O zamanlar sənətə hörmət böyük idi. İndi nazik ürəkli olmuşuq. İndi kimsə bir qoşma üçün qanını fəda etmir.
- İndi sən bu diyarın ən yaxşı aşığısan.
- Yox – dedi və onun gözlərində dərin bir kədər göründü. - Mən ancaq bir sənətkaram. Əsl aşıq deyiləm.
Bəs əsl aşıq nə deməkdir?
Acıqlı aşıq dilləndi: - ”Ramazan ayında” əsrarəngiz bir gecə vardır. Ona Qədir gecəsi deyirlər. Bu gecədə təbiət bir saatlığa yatır. Çaylarda sular axmır, cinlər, şeytanlar xəzinələrin keşiyində durmurlar. Çəmənlərdə otların artdığını və ağacların danışdığını eşitmək olur. Çaylardan su pəriləri yüksəlir və o gecədə dünyaya gələn adamlar alim və şair olurlar. Qədir gecəsində aşıq gərək bütün şairlərin hamisi olan İlyas peyğəmbəri çağırsın. Peyğəmbər düz vaxtında peyda olur və öz camından aşığa su verib deyir: - Bu gündən etibarən sən əsl aşıqsan və yer üzündə hər şeyi mənim gözlərimlə görəcəksən.
Buna nail olan aşıq hər ünsürə hakim olur: bütün insanlar və heyvanlar, küləklər və dənizlər onun səsinə baş əyir, çünki onun səsində artıq peyğəmbərin qüdrəti və gücü vardır.
Acıqlı aşıq yerə oturdu, üzünü əlləri arasına aldı və birdən birə hönkür-hönkür ağlamağa başladı.
- Amma Qədir gecəsinin hansı gecə olduğunu və bu gecənin hansı saatında yatmaq lazım olduğunu artıq heç kim bilmir. Buna görə də bu dünyada əsl aşıq qalmayıb.
Dünyada tənha qalmış acıqlı aşıq ayağa durub qəmgin və qaradinməz halda qarabağın yaşıl cənnətini bir səhra canavarı kimi tərk etdi.