Məzmuna keç

Əli və Nino/X

Vikimənbə saytından
IX Əli və Nino X
Müəllif: Qurban Səid
XI
Mənbə: Əli və Nino. Qurban Səid

- Tez gözlərini bağla, əllərinlə qulaqlarını tut və düşüncələrinə qərq ol. Tehrandakı o gecəni xatırlayırsanmı?
Daşdan tikilmiş böyük bir ziyafət salonu var idi, iri salonun giriş qapısı üzərində Nəsrəddin Şahın şərəfli adı həkk edilmişdi. Salonun ortasındakı dördkünc səhnənin ətrafında oturmuş, ayaq üstə durmuş və uzanmış vəziyyətdə olan
ləyaqətli kişilər, dəcəl uşaqlar və vəcdə gəlmiş gənclərlə dolu idi. Onlar həzrəti Hüseynin Kərbəla müsibətini göstərən şəbehə tamaşa edirdilər. Salonda işıq çox zəif yanırdı. Səhnədə saqqallı bir mələk həzrəti Hüseynə təsəlli verirdi. Zalım xəlifə Yezid, süvarilərini səhraya göndərir ki, həzrəti Hüseynin başını kəsib ona gətirsinlər. Nalə və şivən səslərini qılıncların cingiltisi kəsir. Əli, Fatma və insanlığın ilk qadını olan həvva səhnədə gəzişib uzun rübai düzümlərini oxuyurdular. Həzrəti Hüseynin başını qızıl bir sinidə gətirib Xəlifəyə verirlər. Tamaşaçılar titrəyir və ağlaşırlar. Bir imam cərgələri gəzib, ağlayan tamaşaçıların göz yaşlarını pambıqla balaca bir şüşəyə yığırdı. O, gözyaşlarında son dərəcə ovsunlu bir qüvvətin olduğuna inanırdı. Möminin inamı artdıqca şəbehin təsiri də güclənirdi. Enli bir taxta lövhəsi səhra dekorasiyası vəzifəsini görürdü. Sandıq xəlifənin ləl-cəvahirətlə bəzədilmiş taxtını, bir neçə ağac dirəklər cənnət bağını və saqqallı bir kişi də həzrəti Peyğəmbərin qızını təsvir edirdi.
- İndi isə gözlərini aç, əllərini qulaqlarından götür və ətrafına bax!
Saysız-hesabsız elektrik lampalarının kəskin və parlaq işığı göz qamaşdırırdı. Lojalar gipsdən düzəldilmiş və üzərində qızıl suyu çəkilmiş ilahə fiqurları ilə bəzədilmişdi. Onların üstü qırmızı məxmərlə örtülmüşdü. Tamaşa salonundakı kişilərin daz başları gecələr göy qübbəsində görünən ulduzlar kimi parıldayırdı. Bəzi qadınların isə kürəkləri və qolları çılpaq olduğundan salonda həyəcan yaranırdı. Tamaşaçıları səhnədən qaranlıq bir uçurum ayırırdı. Bu qaranlıq uçurumda utancaq kimi görünən musiqiçilər oturub əllərindəki musiqi alətlərini kökləyirdilər. Teatrın salonunda pıçıltıların səsi, proqram vərəqlərinin xışıltısı və yelpiklərin tıqqıltıları bir-birinə qarışmışdı. Bir neçə dəqiqədən sonra Bakı şəhər opera teatrında “Yevgeni Onigin” tamaşası başlanmalı idi.
Nino yanımda oturmuşdu. Onun zərif siması mənə tərəf yönəlmişdi. Onun dodaqları nəm, gözləri quru idi. O qədər də danışqan deyildi. İşıqlar sönən kimi qolumu Ninonun çiyinlərinə qoydum. Nino başını yana çəkdi, eləbil ki, bütün fikri Çaykovskinin musiqisində idi. Yevgeni Onegin şahanə görünüşü olan kostyumıylə səhnədə gəzir, Tatyana da ariyasını oxuyurdu.
Mən operanı həmişə dram teatrından üstün tutardım. Çünki operadakı hadisələr, dramdakılara nisbətən bəsit idi və çoxu da əvvəlcədən bəlli idi. Dram teatrında isə səhnədəki hadisələri adam necə olsa da bilirdi. Musiqi gurultulu olmadığı zaman operaya heç bir etirazım yoxdu. Lakin dramda olub bitən qarmaqarışıq, qəribə hadisələri izləməyə çox zaman həddən artıq vaxt sərf edirdim. Salonda qaranlıqdır. Mən gözlərimi yumduğum zaman qonşularım ruhumun bir musiqi okeanının ovsunlu dərinliklərinə batdığını düşünürdülər.
Bu dəfə gözlərimi yummadım. Ninonun zərif profili arxasında parterin birinci cərgələrində oturanları nəzərdən keçirirdim. Üçüncü cərgənin ortasında qoyun gözlü və filosof alınlı bir kök adam oturmuşdu. Bu, Şuşanın zadəgan ermənilərindən olan Məlik Naçararyan idi.
Bax, Naçararyan oradadır – deyə Ninonun qulağına pıçıldadım.
Ay barbar, səhnəyə bax, ətrafa yox, - deyə Nino pıçıltı ilə cavab verdi, amma buna baxmayaraq özü də göz ucu kök erməni tərəfə baxdı.
Naçararyan oturduğu yerdə başını çevirib dostcasına salam verdi. Tənəffüsdə Ninoya şokolad almaq üçün bufetə getdim. Bufetin qarşısında Naçararyanla qarşılaşdım. Sonra tosqun bir az da keçəl olan Naçararyan lojamıza gəlib oturdu. “Naçararyan neçə yaşınız var”, - deyə ondan soruşdum. O, “otuz” deyə cavab verdi.
Naçararyanın cavabı Ninonun diqqətini cəlb etdi və heyrətləndirdi: “Deməli, bundan sonra sizi şəhərdə görə bilməyəcəyik”.
- Nəyə görə, prinses?
- Çünki sizin yaşınız da olanları əsgərliyə çağırmışlar.
Naçararyan bərkdən güldü, onun gözləri az qala hədəqəsindən çıxacaq idi və şişman qarnı atlana-atlana dedi:
- Təəssüflər olsun ki, prinses, mən müharibəyə gedə bilmərəm. Həkim məndə sağalmaz bir böyrək xəstəliyi tapıb, elə buna görə də mən əsgərliyə getməyib evdə qalmalıyam.
Xəstəliyin adı qəribə səslənirdi.
Nino təəccübdən gözlərini bərəltdi və ürəkyananlıqla soruşdu:
- Bu xəstəlik təhlükəlidirmi?
- Bu insanın özündən asılıdır. İşini bilən həkimin köməyi ilə heç bir xəstəlik təhlükəli ola bilməz.
Nino heyrətlənmişdi və həm də qəzəblənmişdi.
Məlik Naçararyan Qarabağın ən nüfuzlu ailəsinə mənsubdu. Onun atası general idi, özü də ayı kimi sağlam və zırpı idi. Üstəlik evli də deyildi.
Pərdə qalxanda Nino başını çiynimə qoydu. Çaykovskinin məşhur valsı çalınmağa başlananda isə Nino gözlərini mənə dikib pıçıldadı:
- Sən Naçararyanla müqaisədə az qala qəhrəmansan. Heç olmasa səndə adı dolaşıq olan xəstəlik yoxdur.
Qəhrəman Lenski tenor səsiylə oxuya-oxuya Yevgeni Oneginin tapancasının lüləsi qabağına çıxıb, qabaqcadan proqramlaşdırılmış surətdə öldürülənə qədər belə Nino başını mənim çiynimdən qaldırmadı.
Naçararyan bizi operanın girişində gözləyirdi. Onun avtomobili var idi. Avtomobilə minib şəhərimizin qaranlıq dar küçələrindən, gimnaziyanın və litseyin qabağından keçdik. Gecələr bu iki təhsil ocağının görkəmi insana xoş təsir bağışlayırdı. Biz şəhər klubunun mərmər pilləkənləri qarşısında dayandıq. Ninonu buraya gətirmək olduqca təhlükəli idi, çünki o hələ litseydə oxuyurdu. Nino, Şirvanşir və Naçararyan adlı cənabların müşayiətindədirsə, deməli prinses Kipiani müqəddəs Kraliça Tamara litseyinin qaydalarını pozulmasında narahat olmaya bilərdi.
Biz gur işıqlı geniş balkona keçdik. Klubun balkonu gecə qaranlığına qərq olmuş Qubernator bağına çıxırdı. Mən ulduzları, işıq saçan dənizi və Nargin adasının mayaklarını seyr etdim.
Qədəhlərin cingiltili səsi gəldi. Nino və Naçararyan şampan şərabı içirdilər. Çünki dünyada heç bir şey, hətta Ninonun gözləri belə məni öz doğma şəhərimdə camaatın gözü qabağında spirtli içki içməyə məcbur edə bilməzdi. Elə bu səbəbdən də mən həmişə olduğu kimi portağal suyu içirdim. Altı nəfərdən ibarət olan orkestr nəhayət fasilə edən vaxt, Naçararyan ciddi və düşüncəli bir tərzdə dedi:
- Budur, Qafqazın üç böyük xalqının nümayəndələri olan biz bir yerdə oturmuşuq: Bir gürcü qızı, bir müsəlman və bir də erməni. Üçümüz də eyni səma altında doğulmuş, eyni torpaq üstündə yaşayırıq. Aramızda fərq vardır, amma yenə də eyni, Məryəm, həzrəti İsa və Cəbrail üçlüyü kimi birik. Eyni zamanda biz avropalıyıq və həm də asiyalı. Qərbdən də alırıq, Şərqdən də. Amma hər ikisinə də mal-dövlət veririk.
Nino sözə başladı:
- Mən həmişə elə zənn edirdim ki, Qafqazlıların ən vacib xüsusiyyətləri dava etməkdir. Lakin indi mən heç bir döyüşmək istəməyən iki qafqazlının arasında oturmuşam.
Naçararyan xoş sifətlə ona baxıb dedi:
- Xeyr, Əslində hər ikimiz də döyüşmək istəyirik, prinses, amma biri-birimizə qarşı yox. Bizi ruslardan sıldırım bir dağ ayırır. Bu dağ Qafqaz dağlarıdır. Əgər bu müharibədə ruslar qalib gələrlərsə, ölkəmiz tam mənada ruslaşacaq. Biz ibadətxanalarımızdan, dilimizdən və milli xüsusiyyələrimizdən məhrum olacağıq. Biz Avropa və Asiya arasında körpü rolunu oynamaq əvəzində, hər ikisinin mələzi olacağıq. Yox, kim çar üçün vuruşarsa, o Qafqazlılara qarşı vuruşur deməkdir.
Nino müqəddəs Tamara litseyində dərsliklərdən öyrəndiyini təkrarladı: “İranlılar və türklər ölkəmizi çapıb talayırlar. Şah şərqi yerlə-yeksan etmişdir, Sultan da qərbi. Nə qədər qız qul edilərək uzaq diyarların hərəmxanalarına aparıldı. Ruslar isə buraya öz razılıqları ilə gəlməmişlər. Biz onları çağırmışıq. Gürcü kralı XII Georgi könüllü olaraq çara təslim olub. Məgər çarın dediyi sözlərlə tanış deyilsinizmi: “Biz gürcü krallığının müdafiəsini onsuz da ucsuz-bucaqsın olan imperiyamızı böyütmək üçün üzərimizə götürmürük”.
Əlbəttə, biz bu sözləri eşitmişdik. Çar birinci Aleksandrın yüz il bundan qabaq haqqımızda çıxartdığı manifesti düz səkkiz il oxuduğumuz məktəbdə başımıza yeritməyə çalışmışlar. “Biz gürcü krallığının müdafiəsini onsuz da ucsuz-bucaqsız olan imperiyamızı daha artıq böyütmək üçün...” sözləri Tiflisin mərkəzi küçəsində vurulan bürünc bir lövhənin üzərində həkk edilmişdi.
Nino haqsız deyildi. O zamanlar Şərq hərəmxanaları müharibələrdə yaxalanmış Qafqaz qadınları ilə, Qafqaz şəhərlərinin küçələri isə xristian cəsədləri ilə dolu idi. Mən Ninoya cavab verib deyə bilərdim ki, “Mən müsəlmanam, siz isə xristian.
Allah da sizi bizə qənimət bəxş edib”. Lakin susmağa üstünlük verdim və Naçararyanın cavabını gözlədim.
O dedi:
- Baxın, prinses, siyasi düşüncəsi olan adamın bəzən haqsızlıq, hətta ədalətsizlik edəcək qədər cəsarət göstərməsi də lazımdır. Bəli razıyam, ölkəmizə sülh ruslarla birlikdə gəldi. Lakin biz Qafqazlılar bu sülhü indi rusların köməyi olmadan da qoruyub saxlaya bilərik. Ruslar bizi biri-birimizdən qorumalarının gərəkliyini irəli sürərək buraya rus hərbi hissələri, rus çinovnikləri və rus qubernatoru göndəriblər. İndi, prinses, özünüz deyin, siz özünüzü məndən qorumalısınızmı? Mənim də Əli xandan qorunmam lazımdırmı? Bu yaxın keçmişdə biz Şuşanın yaxınlığındakı İsa bulağının başında əlvan xalçaların üstündə oturub dostcasına söhbət etmirdikmi? İran artıq bizimlə düşmən deyildir ki, Qafqaz xalqları ondan qorxmalı olsunlar. İndi düşmənimiz şimalda oturub və bizi inandırmağa çalışır ki, biz biri-birimizdən müdafiə olunmalı uşaqlarıq. Ancaq bizlər artıq çoxdandır ki, uşaqlığı arxada qoyub, uşaqlıq yaşından çıxmışıq.
- Deməli ona görə müharibəyə getmirsiniz? - deyə Nino soruşdu.
Naçararyan həddən artıq şampan şərabı içmişdi. “Yox, səbəb təkcə buna görə deyil” - deyə söz başladı. Mən həm də tənbələm, özü də rahat yaşamağı sevirəm. Erməni kilsəsinin əmlakını ruslar müsadirə etdikləri üçün onlardan küsmüşəm. Sonra da ki, klubun balkonunda oturmaq, atəş xəttindəki səngərlərdə çürüməkdən yaxşıdır. Bizim ailəmiz məşhurlaşmaq üçün kifayət qədər çalışıb vuruşmuşdu. Mən özüm isə kef əhliyəm.
- Mən bu mövzuya tamam başqa nöqtəyi nəzərlə baxıram, - dedim. Mən kef əhli deyiləm, müharibədən də xoşum gəlir. Amma məhz bu müharibədən xoşum gəlmir.
Naçararyan şərab içə-içə mənə baxıb dedi:
“Siz hələ gəncsiniz, dostum, ona görə” - dedi və şampan badəsini təkrar qaldırıb söhbətinə davam etdi. Biz durub evə getməyə hazırlaşanda Nino artıq deyəsən Naçararyanın haqlı olduğuna təxminən inanmışdı. Naçararyanın avtomobilinə mindik. Yolda Naçararyan yenə də dilləndi:
- Bu qeyri adi şəhər Avropanın darvazasıdır. Əgər Rusiya belə geridə qalmasaydı, ölkəmiz çoxdan Avropa ölkəsinə çevrilərdi.
- Mən coğrafiya dərslərindəki xoş günləri yada salıb ürəkdən qəhqəhə çəkdim. Çünki coğrafiya müəllimimiz də şəhərimizi Avropaya daxil etmək istəyirdi.
O gün çox xoş bir axşam keçirdik. Vidalaşanda mən Ninonun gözlərindən və əllərindən öpdüm. Naçararyan isə başını dənizə tərəf çevirib dənizi seyr edirdi. Sonra da Naçararyan məni avtomobili ilə Sisianaşvili darvazasına tərəf apardı. Avtomobil oradan daha irəliyə gedə bilməzdi. Çünki qala divarlarının arxa tərəfi Asiya idi.
Naçararyan mənim ilə vidalaşan zaman soruşdu:
- Nino ilə evlənəcəksinizmi?
- İnşallah, qismət olsa.
- Dostum, onunla evlənmək üçün bir çox çətinliklərin öhdəsindən gəlməli olacaqsan. Əgər köməyə ehtiyacınız olsa, qulluğunuzda hazıram. Mən istəyirəm ki, siz başqa-başqa dinlərə mənsub olsanız da xalqımızı qohumluq əlaqələri ilə bağlayan ilk ailəni qurasınız. Mən belə evlənmələrə ürəkdən tərəfdaram. Biz əl-ələ verib mövqelərimizi müdafiə etməliyik. Birləşməliyik və bir olmalıyıq.
Səmimiyyətlə onun əlini sıxdım. Deməli həqiqətən də ləyaqətli və vicdanlı ermənilər də var imiş. Kəşf etdiyim bu yenilik son dərəcə insanı düşünməyə məcbur edirdi.
Yorğun halda evə gəldim. Xidmətçi yerdə bardaş qurub kitab oxuyurdu. Əlindəki kitaba bir nəzər saldım: Qurani Kərimin səhifələri incə yazılarla dolu idi. Xildmətçi ayağa qalxaraq məni salamladı.
Əlindəki müqəddəs kitabı onun əlindən alıb oxumağa başladım: “Ey möminlər, unutmayın ki, şərab içmək, qumar oynamaq və canlının rəsmini çəkmək qadağan edilmişdir və bunlar şeytan əməlləridir. Bunlardan uzaq qaçın ki, bəlkə xoşbəxtliyə nail olasanız. Şeytan sizi Allahın düşüncəsindən və ibadətindən döndərmək istəyir”.
Quranın səhifələrindən ətrafa xoş bir qoxu gəlirdi. İncə sarımtıl rəngli vərəqlər xışıldayırdı. Allahın iki dəri örtüklü cild arasına alınmış kəlamları ciddi və öyüdverici idi. Quranı xidmətçinin özünə qaytardım, sonra yuxarı otağıma qalxdım. Divan geniş və yumşaq idi. Həmişəki adətim üzrə dərin düşünmək və hər şeyi yaxşı görmək üçün gözlərimi yumdum. Şampan şərabı, bal səhnəsindəki Yevgeni Onegin, Naçararyanın açıq rəngli qoyun gözləri, Ninonun zərif dodaqları və şəhərimizi zəbt etmək üçün dağ tərəfindən şəhər divarlarını aşan saysız-hesabsız düşmən dəstələri gözümün qabağında canlandı.
Küçədən bir mahnı səsi gəldi. Bu, aşiq olmuş Haşım kişi idi. O, çox yaşlı idi və heç kim onun hansı eşq üçün kədərləndiyini bilmirdi. Camaat ona “məcnun” - eşq xəstəsi adını vermişdi. Gecələr şəhərin qaranlıq küçələrində sərgərdan dolaşır, dalanların birində yerə oturur və səhər açılana qədər ağlaya-ağlaya öz eşqindən şərqilər oxuyardı.
Onun oxuduqları ahəngli adama yuxu gətirirdi. Üzümü divara çevirib dərin yuxuya getdim.
Həyat hələ də çox gözəl idi.