Məzmuna keç

Əli və Nino/XI

Vikimənbə saytından
X Əli və Nino XI
Müəllif: Qurban Səid
XII
Mənbə: Əli və Nino. Qurban Səid

Çomağın iki başı var. Bir başı yuxarı, o biri də aşağı başdır. Çomağın ortasından tutub çevirsən yuxarı baş aşağıda, aşağı baş da yuxarıda olur. Çomağın özündə isə heç bir şey dəyişmir.
Mənim vəziyyətim də elə bu cür idi. Mən bir ay və yaxud bir il bundan qabaqki adam idim.
Qoca dünyada eyni müharibə gedir, eyni generallar ya qalib gəlir, ya da məğlub olurdular. Amma bir az əvvəl mənə qorxaq deyənlər, indi mənimlə küçədə qarşılaşdıqları zaman xəcalət çəkdiklərindən gözlərini yerə zilləyirlər. Dostlarımla qohumlarım vaxtı ilə müharibəyə getməməyimə qərarımı verərək çox ağıllıca davranmış olduğumu söyləyirlər, atam da mənə iftixarla baxırdı. Lakin çomaqda heç bir şey dəyişməmişdi.
Bir gün şəhərdə xəbər yayılır ki, Böyük Osmanlı İmperatorluğunun sultanı əlahəzrət Mehmət Rəşid kafirlər dünyasına qarşı müharibə elan etmək qərarına gəlib, Sultanın müzəffər qoşunları müsəlmanları Rusiyanın və İngiltərənin boyunduruğundan qurtarmaq üçün şərqə və qərbə irəliləyirdi. Bununla da Cahad – müqəddəs müharibə elan edilmiş və xəlifənin sarayının üstündə də Peyğəmbərin yaşıl bayrağı dalğalanırmış. Bu xəbər mənim qəhrəmana çevrilməyimə səbəb oldu. Dostlarım gəlib mənim uzaqgörənliyimə səcdə edirdilər. Çünki, müharibəyə getməməkdə haqlı idim. Müsəlman heç bir vaxt Sultana qarşı vuruşmamalıdır. Türklər isə Bakıya gələcəklər və Türklərlə birləşdiyimiz zaman da xalqımız böyük bir müsəlman dövləti meydana gətirəcəkdi.
Mən susurdum. Dostlarımın məni tərifləmələrinə cavab vermədən başımı aşağı salıb onları dinləyirdim. Ağlı başında olan adam tərifə də, nifrətə də soyuqqanlı olmalıdır. Dostlarım xəritələri açıb vəziyyəti müzakirə edirdilər.
Türklərin şəhərin hansı tərəfindən Bakıya girəcəkləri barədə dostlarım biri-birilə mübahisə edirdilər. Mübahisəni saxlamaq üçün, dedim ki, türklər Bakıya hansı tərəfdən gəlirlərsə gəlsinlər, ancaq onlar mütləq şəhərə Ermənikənd tərəfdən girəcəklər. Bu sözdən sonra dostlarım mənə heyranlıqla baxıb, bir daha zəkamı və uzaqgörənliyimi təriflədilər. İnsanların təbiəti bir gecə içində kökündən dəyişdi. O gündən sonra artıq heç bir müsəlman silaha sarılmağa qalxmadı. Zeynal ağa da böyük miqdarda pul qoyub birdən-birə döyüşmək həvəsini itirən İlyas bəyi Bakı qarnizonunda saxlaya bildi. İlyas bəy Osmanlı sultanı müharibə elan etməzdən bir az qabaq zabitlik imtahanından keçmişdi. Məmməd Heydər də imtahan verib zabit olmağa müvəffəq olmuşdu. İndi hər ikisi leytenant rütbəsiylə kazarmada oturub, çara sədaqət andını içməyən mənə qibtə edirdilər. Onların geriyə dönüş yolu artıq yox idi. Onları zabit olmağa heç kim məcbur etməmişdi. Onlar bunu könüllü etmişdilər və çara sədaqət andını içmişdilər. Əgər onlar bu andı pozsaydılar onlara arxa çevirən ilk insan elə mən özüm olacaqdım.
O günlərdə mən çox qaradinməz olmuşdum. Gecələr hərdənbir evdən çıxıb, iti addımlarla yaxınlıqdakı kiçik məscidə gedərdim. Məscidin yanında köhnə bir ev var idi. Bu evdə mənim köhnə məktəb yoldaşım Seyid Mustafa yaşayırdı. Seyid Mustafa Peyğəmbərin sadiq qulu idi. Onun balaca badamı gözləri və çopur sifəti var idi. O, mənsub olduğu rütbənin yaşıl qurşağını taxırdı. Onun atası balaca məscidin imamı idi. Babası isə müqəddəs Məşhəd şəhərində İmam Rzanın türbəsində tanınmış bir alim idi. Seyid Mustafa dindar idi. O, gündə üç dəfə namaz qılırdı. İsanın düşmənini ayaqları altında əzmək məqsədilə allahsız xəlifə Yezidin
adını pəncəsinə yazmışdı. Seyid Mustafa Məhərrəm ayının onuncu gününə düşən aşurada qan fışqırana qədər sinə vurardı. Nino onun din uğrunda ağlını itirmiş olduğunu hesab etdiyi üçün ona nifrət edirdi. Halbuki mən onun təmiz və açıq dünya görüşlərinə görə Seyid Mustafanı sevirdim. O, xeyri şərdən, haqqı da nahaqdan hamıdan yaxşı seçə bilirdi.
Seyid Mustafa məni müdrik bir adamın şən gülüşü ilə qarşılayıb dedi:
- Əli xan, eşitmisən? Dövlətli Yaqub oğlu on iki yeşik şampan şərabı alıb ki, onları şəhərə girən ilk türk zabiti ilə içsin. Əli xan, şampan şərabı anladınmı? Müsəlman Cihad döyüşçülərinin şərəfinə şampan şərabı!
Çiyinlərimi dartıb dedim:
- Niyə təəccüblənirsən, ay Seyid? İnsanlar ağıllarını itiriblər.
Seyid acıqla dedi:
- Allah qəzəbləndiyi adamı yolundan azdırar.
Seyid yerindən atıldı. Onun dodaqları əsirdi:
- Dünən səkkiz adam əsgərlikdən qaçıb ki, Sultanın ordusunda xidmət etsin. Səkkiz adam! Əli xan anlayırsanmı? De görüm, bu səkkiz nəfər nə etdiklərini başa düşürlərmi?
- Hər halda quş beyinli adamlardır: - deyə ehtiyatla cavab verdim. Buna baxmayaraq, ürəyim Ənvər Paşa ordularının şəhərimizə girəcəyi anı görmək istəyirdi.
- Bir işə bax, Əli xan, dedi:
- Şiələr sünni Xəlifənin tərəfində vuruşurlar. Məgər Yezid Peyğəmbər nəvəsinin qanını tökməmişdirmi? Məgər Müaviyə həzrəti Əlini qətlə yetirmədimi? Bəs Peyğəmbərin varisi kimdir? Xəlifəmi, yoxsa damarlarında Peyğəmbər qanı axan gözəgörünməz əbədiyyət İmamı? Yüz illərdən bəridir ki, şiə kütləsi yas saxlayır, bizimlə kafirlərdən də betər olan bu dönüklər arasında qan axır. Burada şiə, orada sünni və onların arasında heç bir körpü yoxdur.
Sultan Səlimin qırx min şiəni qılıncdan keçirdiyi gündən heç də çox keçməmişdir. Bəs indi? Şiələr Peyğəmbərin varisini məhv edən xəlifə üçün vuruşurlar. Məgər hər şey, möminlərin qanı, İmamların sirli ölümləri yaddan çıxmışdır? Burada şiə şəhərində insanlar oturub sünnilərin kəlməsini və dinimizi məhv etməsini həsrətlə gözləyirlər. Axı Türkiyə nə istəyir?! Ənvər Urmiyaya kimi irəliləmişdir. İran parçalanacaq, din məhv olacaq. Ya Əli, od saçan qılıncınla gəl! Gəl, ya Əli, bu dönüklərin cəzasını ver! Ya Əli, ya Əli...!
Seyid Mustafanın yanaqlarından göz yaşları axırdı. O, yumruğu ilə sinəsinə vururdu. Mən sarsılmış halda ona baxırdım. Nəyin haqq və nəyin isə nahaq olduğunu artıq bilmirdim. Düzdür, türklər sünnidirlər. Amma buna baxmayaraq, ürəyim, Ənvər Paşanın ordusunun şəhərimizə girəcəyi anı görmək istəyirdi.
Axı bu nə deməkdi? Şəhidlərimizin qanı məgər boş yerə axıb?
Seyid, - dedim, - türklər də bizim tayfadandır. İkimiz eyni dildə danışırıq. İkimizin də damarlarında turan qanı axır. Bəlkə də ona görə Xəlifənin ayparalı bayrağının altında ölmək daha asandır.
Seyid Mustafa gözlərini sildi. Sakit və qürurla dedi:
- Mənim damarlarımda Məhəmməd Peyğəmbərin qanı axır. Turan qanımı deyirsən? Mənə elə gəlir ki, məktəbdə öyrəndiklərini bir az unudursan. Get Altay dağlarına, hətta daha uzaqlara, get Sibir hüdudlarına kimi, bax gör orada kimlər yaşayır? Bizim dilimizdə danışan, bizim qanımızdan olan, bizim kimi türklər. Amma Allah onları yolundan azdırmış və onlar bütpərəst qalmışlar. Özləri də daşa, torpağa, bütlərə sitayiş edirlər. Su ilahiəsi sayılan Su-Tengriyə, səma ilahəsi olan Teb-Tengriyə səcdə edirlər. Əgər günlərin birində oralarda yaşayan yakutlar və yaxud altaylılar qüvvətlənib bizə qarşı müharibə elan edərlərsə, onda biz şiələr, eyni qana malik olduğumuz üçün bu bütpərəstlərin qələbəsinə sevinməliyik?
- Elə isə nə etməliyik, Seyid? - deyə soruşdum. - İranın qılıncı paslanıb. Türklərə qarşı vuruşsaq çara kömək etmiş olarıq. Məgər Məhəmməd Peyğəmbərin adı ilə biz çarın xaçını xəlifənin ayparalı bayrağına qarşı müdafiə etməliyik? Axı nə etməliyik, Seyid?
Seyid Mustafa sonsuz bir kədərə bürünmüşdü. O, mənə baxıb dedi:
- Əli xan, soruşursan ki, nə etməliyik? Bunu mən özüm də bilmirəm.
Seyid mustafa dəhşətli iztirab içində idi.
Mən pərt halda susdum. Seyidin otağındakı balaca neft lampası his eləyərək yanırdı. Lampanın sarımtıl zəif işığı namaz xalçasının rəngarəng naxışlarını işıqlandırırdı. Bu namaz xalçası qatlanıb yola götürülə biləcək qəribə bir boxçanı xatırladırdı. Seyid Mustafa da bu dünyaya bir səyahət dolayısıyla gəlmiş kimiydi. Zatən başqalarının günahlarını pisləmək Seyid üçün çox asan idi. On il, iyirmi il keçəcək və Məşhəddə gözə görünmədən və hiss edilmədən İranın taleyini idarə edən müdriklərin biri İmam Rzanın türbəsində imamlıq edəcəkdir. Onun gözləri artıq indidən qocaldığından xəbərdar olan bir qocanın gözlərini xatırladırdı. Əgər o, İranın yenidən böyük və qüdrətli bir dövlət olmasına gətirib çıxartsaydı da, yenə haqq və din məsələlərində zərrə qədər güzəştə getməzdi. O, günaha batıb dünyanın nemətlərindən həzz almaqdansa, məhv olmağın doğru olduğuna inanırdı. Seyid ona görə susur və nə edəcəyini bilmirdi. Həqiqi haqq və din astanasında tənha keşikçi olan Seyid Mustafanı mən elə buna görə çox istəyirdim.
Söhbətin mövzusunu dəyişdirmək üçün dedim:
- Seyid, talehimiz cənabi Allahın əlindədir. Qoy Allah bizi doğru yoldan ayırmasın. Ancaq mən bu gün səninlə o mövzuda deyil, bam-başqa şey haqqında danışmaq istəyirəm.
Seyid Mustafa xınalı əllərinə baxdı. O, kəhrəba təsbehini çevirməklə məşğul idi. Başını qaldırıb gülümsədi. Onun çopur sifəti elə bil bir az da enliləşdi: “Dərdini bilirəm, Əli xan. Evlənmək istəyirsən” - dedi. Özümü itirmiş bir halda yerimdən sıçradım. Mən Seyid Mustafa ilə şiə hərbi-siyasi gənclik təşkilatı qurmaq
məsələsini müzakirə etmək niyyətində idim. Amma Seyid, artıq indidən mənim nikahımı kəsməyə hazır olan molla kimi danışırdı.
- Axı, sən mənim evlənmək istədiyimi haradan bilirsən? Bir də ki, evlənmək istəməyimin sənə nə dəxli var?
- Sənin niyyətini gözlərindən oxuyuram. Sən mənim dostum olduğun üçün də evlənmək istəyinin bir az da olsa mənə dəxli var. Sən məndən xoşu gəlməyən xristian Nino ilə evlənmək istəyirsən? Elədir mi?
- Düzdür, Mustafa. Bəs sən nə deyirsən buna?
Seyid Mustafa iti və ağıllı baxışlarını mənə dikib dedi:
- Mən sənə “hə” deyirəm, Əli xan. Kişi evlənib yuva qurmalıdır. Özü də ən vacib odur ki, bəyəndiyin qızla evlənəsən. Qadının kişidən xoşu gəlməsi vacib deyildir. Ağıllı kişi qadının iltifatını qazanmağa səy göstərməz.
Qadın bir tarladır, kişi də əkinçi. Məgər tarlanın hökmən əkinçini sevməsinə lüzum varmı? Yox, çünki əkinçinin torpağı, tarlanı sevməsi kifayətdir. Evlən. Amma heç bir zaman yaddan çıxartma ki, qadın yalnız və yalnız sadəcə bir tarladır.
- Deməli, sən belə fikirdəsən ki, qadının ruhu da, zəkası da yoxdur? - deyə ondan soruşdum.
Seyid Mustafa canıyananlıqla mənə baxıb dedi:
- Bunu hələ soruşursan da, Əli xan? Təbii ki, bunların heç biri onlarda yoxdur. Bunlar axı ona nəyə lazımdır? Qadının bakirə olması və çoxlu uşaq doğması ona yetər.
Şəriət deyir ki, bir kişinin şahidliyi üç qadının şahidliyindən daha məqbuldur. Bunu yaddan çıxartma, Əli xan. Mən həyəcanla oturub gözləyirdim ki, dindar Seyid Mustafa zəhləsi gedən bir xristian qızı ilə evlənmək istədiyimə görə mənə lənətlər yağdırmağa başlayacaq. Lakin onun cavabı məni sakitləşdirdi. Bu cavab onun açıq və ağıllı insan olduğunu bir daha isbat edirdi.
Yavaşca ondan soruşdum:
- Deməli Ninonun xristian olmasına etirazın yoxdur? Bəlkə müsəlman olması şərtdir?
- Niyə şərt olsun? - deyə Seyid Mustafa soruşdu. Zəkası və ruhu olmayan bir məxluğun dini, imanı da olmaz. Qadın qisminə nə cənnətdə, nə də cəhənnəmdə yer var. Qadın qismi öləndən sonra dağılıb heçə dönür. Unutma ki, ondan olan oğlanlar, əlbəttə şiə olmalıdırlar.
Başımı razı halda yırğaladım.
Seyid Mustafa ayağa durub kitab rəfinə yaxınlaşdı. Onun meymun əllərinə bənzəyən uzun əlləri üstünü toz basmış bir kitabı rəfdən götürdü. Kitabın cildinə nəzər saldım. Orada farsca “Çeynabi Təvarix əl səlcuq” sözləri yazılmışdı. Yəni Səlcuq sülaləsinin tarixi.
Seyid kitabı açdı və dedi:
- Budur, səhifə 207.
Sonra yüksək səslə oxumağa başladı.
- Hicri 637-ci ildə Sultan Ələddin Keyqubad Qəbadiyyə sarayında vəfat etdi. Onun yerinə Səlcuq taxtına Qiyasəddin Keyxosrov keçdi. Çox keçmədən Qiyasəddin Keyxosrov bir gürcü prinsesi ilə evləndi. Onun gürcü qızına məhəbbəti o qədər güclü idi ki, sikkələrin üzərində öz şəkli ilə yanaşı, arvadının da şəklini vurmağı əmr etdi. Bir gün alimlərlə din xadimləri sultanın yanına gəlib deyirlər: “Sultanın şəriətə qarşı çıxması düzgün deyildir. Onun bu əməli günah işlətməkdən ibarətdir”.
Qüdrətli hökmdar Qiyasəddin bu sözləri eşidib qəzəblə cavab verdi: “Cənabi Allah məni sizə hökmdar təyin edib. Sizin vəzifəniz də itaət etməkdir”. Alimlərlə din xadimləri hökmdarın sözlərindən sonra gedib kədərə qərq oldular. Lakin Allah sultan Qiyasəddin Keyxosrovun gözlərini açdı və o, alimləri yanına çağırtdırıb onlara başa saldı ki, - ”Mən müqəddəs qanunları pozmaq istəmirəm, çünki onlara riayət etmək vəzifəsini Allah mənim boynuma qoyub. Elə buna görə də əmr edirəm: uzun yalı olan və sağ pəncəsində qılınc tutan aslan mənəm. Başımın üzərində parıldayan günəş də çox sevdiyim qadındır. Dediklərim də sizin üçün qanundur”. O zamandan bəri aslan və günəş İranın simvoludur. Ağıllı kişilər isə deyirlər ki, “gürcü qadınlarından gözəl qadın yoxdur”.
Seyid Mustafa kitabı bağladı və üzümə baxıb gülümsədi. Görürsən də, vaxtı ilə Keyxosrovun etdiyini indi sən edirsən. Heç bir qanun bunu qadağan etmir. Gürcü qadınları da Peyğəmbərin dindar möminlərinə vəd etdiyi qənimətin bir hissəsidir. Peyğəmbər Quranda deyir: “Gedin onları alın”.
Seyid Mustafanın dərdli sifəti birdən-birə yumşaldı. Onun muncuq kimi balaca gözləri işıqlandı. O, iyirminci əsrin balaca bir tərəddüdünü müqəddəs Qurani kərimin kəlamı vasitəsilə aradan qaldırdığı üçün özünü xoşbəxt sayırdı. Onun bütün vücudu bəyan edib deyirdi: qoy, kafirlər əsl tərəqqinin harada olduğunu bilsinlər!
Onun otağından çıxıb, evə tərəf getdim. Qaranlıq küçələrdə mətin addımlarla addımlayırdım. çünki arxam-müqəddəs Qurani Kərim, Sultan Qiyasəddin Keyxosrov və bilikli Seyid Mustafa idi.