Məzmuna keç

Əli və Nino/XIII

Vikimənbə saytından
XII Əli və Nino XIII
Müəllif: Qurban Səid
XIV
Mənbə: Əli və Nino. Qurban Səid

Sıx bir duman dəniz tərəfdən gəlib şəhəri bürüyürdü. Tinlərdə yanan fənərlər zəif işıq yayırdı. Hirsdən vurnuxan adam kimi sahil boyunca gəzməyə başladım. Duman elə sıx idi ki, insanların üzlərini belə görmək olmurdu. Qarşıma çıxan adamlar ya etinasız və yaxud da ürkmüş kimi görünüb qeyb olurdular. Yola atılmış bir taxta tirinə ilişib, çömbəlmiş bir liman hambalının üstünə yıxıldım. Onun mənasız baxışları çox – çox uzaqlara zillənmişdi. Hambalın qalın dodaqları tərpənirdi. O, xaş – xaş çeynəyirdi və artıq dərin, nəşəli xəyallar içində idi.
Yumruğumu onun kürəyinə əndərib yoluma davam etdim. Limanın ətrafındakı binaların pəncərələrindən gələn işıqlar sayrışırdı. İşıqdan gözlərim qamaşdı. Birdən yerə atılmış şüşə parçalarına ayaqlarımı basdım. Onların cingiltisinin səsindən vahiməyə düşmüş bir adamın sifəti göründü. Dumanın içində bu kök adamın qarnı məni dəhşətə gətirdi. Mən yolumla gedərkən onun qarnına toxundum. Onun qarnı yumşaq və piyli idi. Birdən mehriban bir səs eşitdim: “Axşamınız xeyir, Əli xan”. Başımı qaldırıb baxdıqda Naçararyanı gördüm. O, gülə – gülə üzümə baxırdı. “ Lənət şeytana”, deyə qışqırıb yolumu davam etmək istədim. Lakin o, mənim qolumdan bərk – bərk tutub dedi:
– Sizi pərişan görürəm, dostum. İstəyirsiniz qalın mənimlə”.
Onun səsi şəfqətlə səslənirdi. Birdən birə özümü çox yorğun hiss etdim. Məni soyuq tər basmışdı, artıq taqətim yox idi. Naçararyan: “gəl gedək Filiposyansın restoranına” dedi: - ”Olar” deyə başımla işarə etdim. Mənim üçün artıq heç bir fərqi yox idi. Naçararyan əlimdən tutub məni Baryatinsk küçəsindəki böyük bir restorana apardı. Restoranın yumşaq mebelləri var idi. Divarlarına da qırmızı ipək parçalar çəkilmişdi.
Yumşaq kreslolarda oturduqdan sonra Naçararyan həmdərd bir adamın ədası ilə dedi:
– Bu dəlilikdir, nədir Əli xan, Qafqaz dəliliyi. Bəlkə də bu bürküdəndir. Ya da bambaşqa bir şeydən əmələ gəlib? Sizin başınızı götürüb qaçmağa vadar edən başqa səbəblərmi var? İsti çayımı qurtum – qurtum içərək; Kipianigilə telefonla zəng edərək o gün onlardan görüş üçün icazə aldığımı, Ninonun ayaqlarının ucunda, qorxu içində evdən gizlincə çıxdığını, prinsesin əlini öpdüyümü, knyaz Kipianinin əlini sıxdığımı, kökü çox qədimlərə gedən nəslimizdən, habelə prinses Nino ilə evlənmək istədiyimi təmiz rus dilində necə başa saldığımı Naçararyana nəql etdim.
“Çox yaxşı, bəs sonra necə oldu?”
Bu əhvalatlar Naçararyanı həqiqətən çox maraqlandırmışdı.
– Sonrası necə olub qulaq asın, deyim.
– Mən knyaz Kipianinin hərəkətlərini yamsılayıb, onun rus dilində azacıq gürcü ləhcəsi ilə mənə necə müraciət etdiyini nəql etdim: “Əziz oğlum, möhtərəm Əli xan. İnanın ki, mən qızım Nino üçün sizdən daha yaxşı bir adam təsəvvür də bilmirəm. Sizin xasiyyətinizdə olan bir adamla evlənmək hər bir qadın üçün xoşbəxtlikdir. Amma Ninonun yaşını nəzərə almaq lazımdır. Axı, o hələ məktəbə gedir. Bu uşağın məhəbbət haqqında nə anlayışı ola bilər? Hər halda biz hindlilərin uşaq yaşlarında evlənmək adətini təkrarlamayacağıq. Bir də ki, hər ikiniz ayrı-ayrı dinlərə mənsubsunuz və yetişmə tərzləriniz də biri-birinizdən çox fərqlidir. Bunu mən sizin yaxşılığınız üçün deyirəm. Atanızın da mənim kimi düşünməkdə olduğuna əminəm. Hər şeyi qoyaq bir yana, görmürsünüz nə zəmanədir, dəhşətli müharibə şəraitində yaşayırıq. Kim bilir sabah nə olacaq! Mən də qızım Ninonun xoşbəxtliyini istəyirəm. Bilirəm ki, o sizi sevir. Mən onun xoşbəxtliyinə mane
olmaq istəmirəm. Amma bir şeyi demək istəyirəm: gəlin müharibənin qurtarmağını gözləyək. O vaxt ikiniz də daha böyümüş olacaqsınız. Əgər onda da bir-birinizi bu günkü qədər sevsəniz, səninlə bir daha görüşərik”.
– Bəs indi nə fikirdəsiniz, Əli xan? – deyə Naçararyan soruşdu.
– Mən Ninonu qaçırdıb İrana aparacağam. Bu rüsvayçılığa mən dözə bilmərəm. Sən işə bir bax, Şirvanşir nəslindən biri olan Əli xana yox cavabı verilsin? Bu hərəkətilə knyaz Kipiani görən nə fikirləşir? Mən özümü təhqir olunmuş hesab edirəm. Şirvanşirlər nəsli Kipianilər nəslindən daha çox qədimdir. Ağa Məhəmməd şah Qacar dövründə Şirvanşirlər bütün Gürcüstanı yerlə-yeksan etmişdilər. O vaxtlar olsa idi Kipianilər öz qızlarını böyük sevinclə Şirvanşirlərin oğullarına verərdilər. Sonra o, dini fərqlərdən danışdı: Bununla da Kipianinin nə demək istədiyini başa düşmədim. Məgər İslam dini xristian dinindən aşağı dindir? Bəs mənim şərəfim nə olacaq? İndi atam mənə istehza ilə gülüb deyəcək ki, bir işə bax ha, bir xristian öz qızını mənə verməkdən imtina edir!
Biz müsəlmanlar dişləri tökülmüş canavarlarıq. Yüz il bundan qabaq olsaydı...
Qəzəbimdən səsim kəsildi. Susdum. Əslinə qalsa, onsuz da həddindən artıq danışmışdım.
Naçararyan da xristian idi. O da özünü təhqir olunmuş hesab etsəydi haqlı olardı. Amma özünü o yerə qoymadı.
– Qəzəbinizi başa düşürəm, Əli xan, – deyə Naçararyan dilləndi. Lakin knyaz Kipiani sizə yox deməyib axı. Təbii ki, müharibənin sonuna kimi gözləmək, əlbəttə gülüncdür. Kipiani sadəcə qızının artıq böyümüş olduğunu başa düşmək istəmir. Qızı qaçırtmağa cəhd göstərməyinə sözüm yoxdur. Qız qaçırtma köhnə, sınaqdan çıxmış yoldur, bizim adətlərimizə də uyğundur. Amma bu son çıxış yolu deyildir. Gərək biri knyaz Kipianinin yanına gedib bu nikahın necə deyim, mədəni və siyasi əhəmiyyətini ona izah etsin. Ondan sonra onun yola gələcəyinə əminəm.
– Bəs bu işi kimə tapşırmaq olar?
Elə bunu deyən kimi Naçararyan əlini sinəsinə vurub bərkdən bağırdı:
– Necə yəni kimə, mənə! Arxayın olun, Əli xan, bu işi mənə etibar edin.
Təəccüblə ona baxdım. Görəsən bu erməninin məqsədi nədir ki, o mənim şəxsi işimə ikinci dəfədir ki, qarışır. Bəlkə türklərin Qafqaza doğru irəliləməkdə olduqlarını gördüyü üçün o, müsəlmanlarla yaxın əlaqə yaratmağa çalışırdı. Yoxsa, o doğrudan da Qafqaz xalqlarının ittifaqını qurmaq niyyətindədir? Kim bilir? Mənə heç bir fərqi yox idi. Hər halda o mənim müttəfiqim idi.
Əlimi Naçararyana uzatdım. O, əlimi möhkəm sıxıb dedi:
– Sizi hər şeydən xəbərdar edəcəyəm. Amma Ninonu qaçırtmaq üçün cəhd göstərməyə tələsməyin. Əgər başqa çarə qalmazsa o zaman buna əl atarsınız.
Ayağa qalxdım. Birdən-birə məndə elə hiss oyandı ki, bu yekəqarın adama bel bağlamaq olar. Mən onu qucaqlayaraq restorandan çıxdım. Elə ayağımı küçəyə qoymuşdum ki, kimsə tələsik özünü mənə çatdırdı. Arxaya dönüb baxanda özünü mənə çatdıran adamı tanıdım. O, atamın köhnə dostu Süleyman Ağa idi. Biz
restoranda olarkən o da orada idi. Süleyman Ağa ağır əlini çiynimə qoyub dedi: “Ayıb olsun sənə, Əli xan! Şirvanşir nəslinin övladı da ermənini qucaqlayarmı?” Çaşqınlıqdan ağzım açıla qaldı. Lakin Süleyman ağa gecənin dumanında qeyb oldu. Yoluma davam etdim. Yaxşı ki. Kipianigilə bu gün nəyə görə getdiyimi atama deməmişəm. Açarı çıxardıb qapını açmaq istəyərkən başımı yırğalayıb öz-özümə düşündüm: “Müsəlmanların ermənilərə qarşı belə nifrət hissi bəsləməsi görəsən haradandır?
Bu əhvalatdan sonra günüm telefon aparatının yanında keçirdi. Bu iri dəstəkli yöndəmsiz qara rəngli aparata birdən-birə, heç ağlıma gəlməyəcək dərəcədə elə bağlanmışdım ki, evdən bayıra da çıxmaq istəmirdim. Atam soruşanda ki, niyə gedib Nino ilə evlənmək istədiyini onun valideynlərinə bildirmirsən. Mən ona dodaqaltı anlaşılmaz bir söz deyirdim. Bu əsnada masanın üzərindəki telefonun dəhşətli səsi məni diksindirdi. Dəstəyi qaldırdım, Nino döyüş meydanından məlumat verirdi:
“Əli, sənsən? Qulaq as. Naçararyan anamla oturub, ulu babam şair İliko Çavçavadzenin şerlərindən danışır”. Bir az sonra: “Əli, eşidirsən məni? Naçararyan, şair Şota Rustaveliyə və kraliça Tamaraya İran mədəniyyətinin böyük təsiri olduğunu söyləyir”. Bir az sonra da:
“Əli xan, Naçararyan atamla çay içir. Elə indicə o, dedi ki, bu şəhərin sirri ondakı irqlərin və millətlərin anlaşılmaz birliyindən, yaxınlığından irəli gəlir.
Yarım saatdan sonra telefon aparatının dəstəyindən yenə Ninonun səsi eşidilir. “Naçararyan lap ağıl dəryası imiş”. O, deyir ki, “Qafqazda barış içində yaşayan bir irq varsa, o da bu irqin doğulduğu yer Bakıdır”. Qəhqələ ilə gülüb telefonun dəstəyini yerinə qoydum.
Günlər bu cür biri-birinin ardınca keçib gedirdi. Naçararyan Kipianigilin evindən əl çəkmirdi: onların evində yeyir, içir gününü bu evdə keçirirdi. O, hətta onlarla gəzməyə çıxır və onlara mistik, bəzən də əməli məsləhətlər verirdi. Mən telefon xətti vasitəsilə erməni hiyləgərliyini heyrətlə izləyirdim: “Naçararyan yer üzündəki ilk pulun Ay şəklində düzəldiyini söyləyir. On dörd gecəlik, ay şəkilli qızıl sikkələr və onların insan üzərindəki təsiri Qafqazlılar və İranlıların qədim zamanlarda Aya sitayiş etmələrinin nəticəsidir. Əli xan artıq bu boş söhbətlərə qulaq asa bilmirəm. Qubernator bağına gəl”.
Qubernator bağına gedib, köhnə qala divarlarının yanında görüşdük. Nino tələsik qısa cümlələrlə mənə son məlumatları böyük həyəcanla danışdı. Anası dad-aman edərək Ninoya nəsihət edib ki, o öz gənc həyatını gəlmə bir müsəlmana etibar etməsin. Atası isə zarafat edərək xəbərdarlıq edib ki, guya mən Ninonu hərəmxanaya göndərəcəyəm.
Gənc Nino isə qəhqəhə ilə gülmüş və eyni zamanda ciddi şəkildə valideynlərinə xəbərdarlıq edib demişdi:
“Hələ gözləyin...Əli xan məni qaçırarsa, o zaman neyləyəcəksiniz?”
Onun saçlarını tumarladım. Mən öz Ninomu yaxşı tanıyırdım. Nino istədiyini bilməsə belə, həmişə arzusuna nail olurdu.
Nino deyinə-deyinə dedi:
– Bu müharibə on il davam edə bilər. Valideynlərin bizdən uzun bir zaman gözləməyimizi istəmələri dəhşətdir.
– Nino, məni doğrudan da belə sevirsən?
Onun dodaqları titrədi:
– Biz biri-birimizdən ayrı yaşaya bilmərik. Mənim valideynlərim işi son dərəcə çətinləşdirirlər. Amma mən fikrimdən dönməyəcəyəm, soruşursan ki, doğrudan da sevirsən? Hə, səni həqiqətən sevirəm. Amma məni götürüb qaçsan, vay sənin halına!
Nino susdu. Sonra oğrunca aradan çıxıb evlərinə getdi və telefon oyunu təzədən başladı:
– “Əli xan, Naçararyan deyir ki, onun əmisi oğlu Tiflisdən ona məktub yazıb bildirir ki, çarın Qafqazdakı canişini qarışıq nikahlara tərəfdardır. Canişin bunu, Şərqin Qərb mədəniyyətinə qovuşmasının bir üsulu hesab edir. Onun nə demək istədiyini başa düşürsənmi, Əli xan?”
– Yox, mən artıq heç bir şey başa düşmürdüm. Mən sadəcə tənbəl-tənbəl evdə oturub mümkün qədər az danışırdım. Nino ilə bir sinifdə oxuyan xalam qızı Aişə yanıma gəlib, xəbər verdi ki, Nino son üç gündə bir neçə dərsdən “qeyri-kafi” qiymət almışdı. Əlbəttə, Aişə bunun günahını mənim üstümə atırdı. Mən gələcəyin qayğısına qalmaqdansa, gərək Ninonun ev tapşırıqlarına diqqətimi artıraydım. Aişənin qabağında xəcalət çəkirdim. Sonra xalam qızı ilə nərd oynadıq. Aişə oyunu uddu və gedəndə Ninonun dərslərinə kömək edəcəyinə mənə söz verdi.
Yenə telefon zəng çaldı: “Sənsən Əli xan, bir neçə saatdır ki, siyasət və təsərrüfat işlərindən danışırlar. Naçararyan deyir ki, pullarını İrandaki malikanələrə sərbəst qoya bildikləri üçün müsəlmanlara qibtə edir. Kim bilir, Rusiyanın başına nələr gələcək? Bəlkə hər şey dağılacaq. İranda isə ancaq müsəlmanlar torpaq ala bilərlər. O, Gilanın yarısının Şirvanşirlər ailəsinə mənsub olduğunu bildirir. Rusiya da qopacaq hər hansı bir həngaməyə qarşı ən mükəmməl qarant, başqa ölkələrdə torpaq sahibi olmaqdır. Bu gələcəyi təminat altına alır. Naçararyanın bu sözləri valideynlərimə misilsiz təsir göstərib. Anam bir çox müsəlmanların həqiqətən çox mədəni olduqlarını söyləyir.
Bu söhbətin üstündən iki gün keçəndən sonra telefon zəng çaldı. Telefonda sevincindən gülən və ağlayan Nino mənə xəbər verdi ki:
– Anamla, atam bizə xeyir-dua verdilər. Allaha çox şükür.
– Nino, qoy əvvəlcə sənin atan mənə zəng eləsin. Çünki ilk gəlişimdə o məni təhqir edib. Elə də oldu. Knyaz mənə zəng çaldı. Knyazın səsi mülayim və mərhəmətli idi: “Qızımın qəlbindəkiləri oxumağa çalışdım. Qızımın sizə qarşı olan hissləri daxilən müqəddəsdir. Bu durumda onun yolunu kəsmək günah olardı. Bizə gəlin, Əli xan!”
Getdim onların evlərinə, Ninonun anası məni görüb öpdü və ağladı. Knyaz Kipiani bayramsayağı geyinmişdi. O da nikahdan, ər-arvadlıqdan danışdı. Amma onun fikirləri atamınkındən fərqli idi. Knyazın fikrincə, nikah qarşılıqlı etimad və qarşılıqlı qayğıya əsaslanır. Ər ilə arvad həmişə məsləhətləşməli və işdə biri-birlərinə kömək etməlidirlər. Onlar həmişə yadda saxlamalıdırlar ki, ikisi də azad ruhlu və bərabər hüquqlu insanlardır.
Ninonu heç bir zaman çadra geyməyə məcbur etməyəcəyimə və hərəmxanada saxlamağa cəhd göstərməyəcəyimə dair onlara söz verdim. Nino içəri girdi və mən onun alnından öpdüm. Başını çiyinləri arasında gizlətməyə çalışan Nino kömək istəyən kiçicik bir quşa bənzəyirdi.
Knyaz da əlavə edib dedi:
– Amma bu işdən heç kimin qətiyyən xəbəri olmamalıdır. Əvvəlcə Nino məktəbi bitirməlidir, sonra isə bu işi hamıya bildirərik. Qızım, çalış yaxşı oxu. Əgər imtahandan kəsilsən, daha bir il gözləməli olacaqsan.
Nino qələm kimi olan qaşlarını qaldırdı: “Arxayın ol, ata. Mən hər iki imtahandan müvəffəqiyyətlə çıxacam: həm məktəbdə, həm də ailədə. Hər iki halda Əli xan mənə kömək edəcəkdir”.
Onların evindən bayıra çıxdığım zaman gördüm ki, Naçararyan maşının yanında dayanıb məni gözləyir. Onun domba gözləri mənə zillənmişdi.
– Naçararyan, – deyə səsləndim – sənə nə istəyirsən hədiyə edim: Dağıstanda bir kənd, və yaxud bir İran ordeni? Bəlkə Ənzəlidə portağal bağları istəyirsən?
O, əlini çiynimə qoyub dedi:
– Onların heç birini istəmirəm. Taleyin təkərini düz yola çəkə bildiyim üçün xoşbəxtəm. Bu mənim üçün kifayətdir.
Minnətdarlıqla onun üzünə baxdım. Şəhərdən çıxıb Bibi-heybət körfəzinə tərəf getdik. Çirkli qara maşınlar neft hopmuş torpağa işgəncə etməklə məşğul idilər. Naçararyan mənə necə canfəşanlıq edirdisə, Nobel kompaniyası eyni coşqunluqla ölkənin təbii mənzərəsini dəyişdirmək işini başa çatdırırdı. Dənizin böyük bir qismi torpaqla doldurularaq qurudulmuş və sahilə birləşdirilmişdi. İşini bilənlərdən bir nəfər torpaqla doldurulmuş yeni ərazinin üzərində kiçik bir çayxana açmışdı. Biz orada oturub Çin çayı içdik. Alkoqol kimi sərt olan bu çay dünyanın ən nəfis çayı idi. Çayın gözəl ətrindən məst olan Naçararyan Qarabağa hücumu gözlənilən türklərdən və Anadoluda türklərlə ermənilər arasındakı qırğınlardan danışırdı.
– Qorxma, – dedim. Əgər türklər Bakıya gələrlərsə, səni evimdə gizlədərəm.
Naçararyan cavab verdi ki, o heç nədən qorxmur.
Nargin adasının arxasında ulduzlar parıldaşırdı. Sahilə dilsiz bir sükut çökmüşdü: “Dənizlə sahil daimi müdarizədə əbədi birləşən ərlə arvad kimi idi”. Bunu görəsən mənmi dedim, yoxsa Naçararyan? Artıq yadımda deyildi. Naçararyan məni evimizə gətirdi. Atamın yanına gedib dedim: “Knyaz Kipiani
Şirvanşirlər ailəsinin ona göstərdiyi hörmət üçün minnətdarlığını bildirir. Nino artıq mənim nişanlımdır. Sabah onlara gedin və qalan məsələləri də həll edin.
Mən çox yorğun və çox xoşbəxt idim.