Əli və Nino/XIV

Vikimənbə saytından
XIII Əli və Nino XIV
Müəllif: Qurban Səid
XV
Mənbə: Əli və Nino. Qurban Səid

Günlər həftələrə, həftələr də aylara qarışıb gedirdi. Bu zaman ərzində dünyada, ölkəmizdə və evimizdə çox şeylər baş vermişdi. Gecələr də uzanmışdı. Ağaclardan tökülən saralmış yarpaqlar Qubernator bağının cığırlarını örtmüşdü. Payız yağmurları üfüqü qaraltmışdı. Dənizin üzərində nazik buz layları üzürdü və onlar sahildəki qayalıqlara dəyib parçalanırdı. Günlərin birində küçələr ağappaq qarla örtüldü və bir müddət qış hökm sürdü. Sonra gecələr yenə də qısalmağa başladı.
Səhradan şəhərə ağır addımlarla yüklü dəvələr gəlməyə başladı. Dəvələrin sarı tükləri quma, torpağa bulaşmış və əbədiyyətə baxan gözləri hələ də uzaqlara zillənmişdi. Dəvələr güllə və silah dolu sandıqlar daşıyırdılar. Bunların hamısı böyük bir döyüşdə ələ keçirilmiş hərbi qənimət idi. Türk əsirləri də cır-cındıra çevrilmiş boz rəngli uniformalarında küçələrdən keçirdilər. Onlar dəniz sahilinə tərəf gedirdilər. Orada əsirləri kiçik gəmilərə doldurub Nargin adasına aparırdılar. Əsirlər bu adada dizenteriya xəstəliyindən, aclıqdan və vətən həsrətindən məhv olurdular. Qaçmağa müvəffəq olanlar İranın duz basmış səhralarında və yaxud da Xəzər dənizinin boz rəngli dalğalarında can verirdilər.
Müharibə çox uzaqlarda gedirdi. Amma indi gözlənilmədən müharibə gəlib lap yaxına çatmışdı. Biz onu yaxından hiss edə bilirdik.
Şimaldan əsgərlərlə, Qərbdən isə yaralılarla dolu qatarlar gəlirdi. Çar öz əmisini komandan vəzifəsindən kənar edib, orduya özü rəhbərlik etməyə başlamışdı.
Çarın əmisi indi Qafqazın hökmdarı idi. Onun qaranlıq və qorxunc kölgəsi vətənimizin üzərinə çökmüşdü. Böyük knyaz Nikolay Nikolayeviçin uzun və arıq əlləri Anadolunun mərkəzinə qədər uzanırdı. O, çara qarşı bəslədiyi qəzəbini ordularının amansız və vəhşicəsinə hücumları ilə soyudurdu. Böyük knyazın qəzəbi ilə gurlayan ordu qarlı dağları və qumlu səhraları aşaraq Bağdad, Trabzon və İstanbula qədər uzanıb gedirdi. Camaat ona “uzun Nikolay” ləğəbini vermişdi. Onun vəhşi çılğınlığından, qəzəbə gəlmiş müharibə qudurğanlığından hamı vahimə ilə danışırdı. Müharibəyə bir çox ölkələr qoşulmuşdular. Cəbhə Əfqanıstandan Şimal dənizinə kimi uzanırdı. Müxtəlif hökmdarların, dövlətlərin və sərkərdələrin adları, cəbhədə can vermiş qəhrəmanların cəsədlərinə qonmuş zəhərli milçəklər kimi qəzetlərin səhifələrini doldururdu.
Yenə yay gəldi. Qızmar günəş səhərin başına od yağdırırdı. Küçələrdəki asfalt adamın ayaqları altında əriyirdi. Şərqdə və həm də Qərbdə zəfərlər bayram edilirdi.
Mən vaxtımı çayxanalarda, kafelərdə, dostlarımın yanında və evimdə keçirirdim. Erməni Naçararyanla dostluq etdiyimə görə bir çoxları məndən üz döndərmişdilər. İlyas bəyin alayı hələ də şəhərdə idi. Onlar kazarmanın tozlu həyətində hərbi təlim keçirdilər. Opera, teatr və kinoteatrlar müharibədən qabaq olduğu kimi tamaşaçıların üzünə açıq idi. Çox şeylər baş vermişdi, amma ölkəmizdə və evimizdə heç bir şey dəyişməmişdi.
İmtahanların yükü altında inildəyən Nino yanıma gələn zaman onun gözlərində dərin bir qorxu var idi. Xalam qızı Aişə müəllimlərin Şirvanşirin nişanlısına mərhəmət göstərib sinif jurnalına bir-birinin ardınca “kafi” qiymətlər yazdıqlarını xəbər verdi. Nino ilə birlikdə küçədə gəzən zaman onun məktəb rəfiqələri böyük bir maraqla arxamızca baxıb, bizi gözdən itənə qədər izləyirdilər. Biz şəhər klubuna, teatrlara və rəqs gecələrinə gedirdik.
Ancaq nadir hallarda tək qalırdıq. Dostlarımız bizi xeyirxahlıqla keçilməz bir qala divarı kimi əhatə edirdilər. İlyas bəy, Məmməd Heydər, Naçararyan və hətta dindar Seyid Mustafa belə bizi müşayiət edirdilər. Onların öz aralarında sözləri bir-birilə tutmurdu. Kök və zəngin olan Naçararyan şampan şərabı içib, Qafqaz xalqları arasındakı qarşılıqlı məhəbbətdən danışdığı zaman Məmməd Heydərin əhvalı pozuldu və dözməyib dedi: “Cənab Naçararyan, mənə elə gəlir ki, qayğıkeşliyiniz yersizdir. Çünki müharibədən sonra onsuz da cüzi miqdarda ermənilər sağ qalmış olacaqlar”.
Nino yerindən atılıb səsləndi:
– Amma Naçararyan sağ qalan kişilərdən biri olacaqdır.
Naçararyan söhbətə qarışmayıb, şampan şərabı içməkdə davam edirdi. Mənim eşitdiyimə görə o, bütün pullarını İsveç banklarına keçirmək niyyətindədir. Mən Məmməd Heydərdən Naçararyanla bir az mehriban olmağı xahiş etdim. O, qaş-qabağını sallayıb dedi: “Heç bilmirəm nə səbəbdən ermənilərə nifrət edirəm”.
Bu əhvalatın üstündən günlər, həftələr, aylar keçdi. Nəhayət, imtahan günü gəldi, Nino müqəddəs kraliça Tamara litseyinin imtahan zalında dayanıb riyazi tənliklərin həll edilməsində, klassik əsərlərdən iqtibaslar və tarixi rəqəmlər vasitəsilə kamilliyini sübuta yetirdi və məzun oldu.
Buraxılış gecəsindən sonra sevincindən özünə yer tapa bilməyən Ninonu evlərinə gətirəndən sonra qoca Kipiani dedi:
– İndi siz nişanlısınız. Hazırlaşın Əli xan, Tiflisə gedirik. Sizi ailəmizlə tanış etmək istəyirəm. Beləliklə, biz Gürcüstanın paytaxtı Tiflisə yola düşdük.
Tiflis sıx bir meşəni xatırladırdı. Bu meşədə hər bir ağacın öz adı vardı. Hər bir ağac o birisinin ya əmisi, ya əmioğlusu, ya dayıoğlusu, ya xalası, ya da xalası qızı idi. Bu şəhərdə yolu tapmaq, azmaq insan üçün o qədər də asan iş deyildi. Adlar köhnə palıda vurulmuş balta səsi kimi adamın qulağında cingildəyirdi:
Orbeliani, Çavçavadze, Sereteli, Amilaxari, Abaşidze şəhərin kənarında Didube bağında ziyafət verirdi. Çalğıçılar gürcü zurnasında kaxetiyalıların döyüş havası olan “Mravalyaver”i və çılğın xevsurların “Lilo” rəqs havalarını çaldılar.
Qutaisidən gələn Abaşidze familli əmi oğlu İveriya dağının mahnısı olan “Mqali Deliya”nı oxudu. Bir əmioğlu da “Davlur” rəqsini oynadı. Ziyafət bütün gecə davam etdi. Günəş dağların arxasından yavaş-yavaş işıq saçmağa başlayanda musiqiçilər himn çalmağa başladılar: “Dur, ey kraliça Tamara, Gürcüstan sənin üçün ağlayır”. Mən dinməz-söyləməz Ninonun yanında oturmuşdum. Birdən birə qabağımızda xəncər və qılınclar parladı.
Sübh ala qaranlığında bir dəstə əmi oğlanlarının ifa etdikləri gürcü xəncər rəqsi maraqsız bir səhnə oyununu xatırladırdı.
Yanımda oturanların söhbətlərinə qulaq asırdım: Onlar keçmiş yüz illiklərdən bu günümüzə qədər uzanıb gələn yanğılardan danışırdılar: Saakadze komandasında olan Sereteli nəslinin bir nümayəndəsi Tiflisi Çingiz xandan müdafiə edib.
Yəqin xəbəriniz var ki, Çavçavadzelər nəsli, Kral nəslindən olan Baqrationlardan daha çox qədimdir.
Birinci Orbeliani kim idi və haradan gəlmişdi? Necə yəni haradan. O, üç min il bundan qabaq Çindən gəlmişdi. Çin imperatorunun oğullarından biri idi. Orbeliani nəslindən olan bəziləri indi də qıyıqgözdürlər.
Utancaq-utancaq ətrafa göz gəzdirdim. Bütün bu köklülərin qabağında məndən əvvəl əbədiyyətə qovuşan Şirvanşirlər kimlər, idi?
Nino mənə təsəlli verdi: “Sən bunlara fikir vermə, Əli xan. Mənim əmilərim çox qədim və adlı-sanlı nəsildəndir. Amma bir fikirləş. Sənin ulu babaların Tiflisi fəth etdikləri zaman, bəs onların əcdadları harada idilər?
Heç bir şey demədim, amma qürurlandım. Nino elə indidən, öz qohum-əqrabasının içərisində özünü Şirvanşir arvadı hesab edirdi. Mən minnətdarlıqla ona baxdım. Fərəhlənməyəsən nə edəsən!
Qırmızı Kaxetiya şərabı duru atəş kimi idi. Mən tərəddüdlə qədəhimi qaldırıb Orbeliani ailəsinin şərəfinə sağlıq dedim. Yaşlı bir qadın başını mənə tərəf əyib dedi: “Bu şərab safdır, çünki tanrı ona nəfəs vermişdir. Arxayın için, Əli xan. Bunu çox az adam bilir. O biri məstliklərin hamısı şeytandan gəlir”.
Biz şəhərə qayıdan vaxt hava tamam işıqlanmışdı. Otelimə getmək istəyirdim. Lakin əmioğlu idi, ya da əmi idi, bilmədim, o məni saxlayıb dedi:
– Keçən gecə siz Orbeliani ailəsinin qonağı idiniz, bu gün isə mənim qonağımsınız. Səhər yeməyini “Purqvinoda” edəcəyik. Günorta da dostlarımızla birgə nahar edəcəyik.
Mən gürcü qonaqpərvərliyinin əsiri olmuşdum. Bir həftəm elə bu minvalla ziyafətlərdə keçmişdi: Hər gün Alazan və Kaxetiya şərabları, kabablar və motal pendirləri və s. əmioğlular gürcü qonaqpərvərliyinin keşiyini çəkən əsgərlər kimi bir-birini əvəz edirdilər. Dəyişən onlar idi, dəyişmədən yerində qalan isə mənimlə Nino idi. Ninonun səbrinə məəttəl qalmışdım. Həftənin axırında o, hələ də bahar şehi kimi gümrah idi. Ninonun gözləri gülür, dodaqları da əmioğlularla, xalalarla, bibilərlə və onların qızları ilə söhbət etməkdən yorulmaq bilmirdi. Onun gecə,
gündüz rəqs etmiş, şərab içmiş və gözünə yuxu getməmiş olduğunu sadəcə səsindəki balaca xırıltı bildirirdi.
Səkkizinci günün sabahı Sandro, Dodiko, Vameç və Soso adlı qohumlar yatdığım otağa gəldilər. Mən qorxmuş halda yorğanı başıma çəkdim. Lakin onlar zalımcasına başladılar sözə:
– Əli xan, bu gün siz Çakelilərin qonağısınız. Sizi onun Qacoridəki malikanəsinə aparacayıq.
Qaş-qabağımı sallayıb dedim ki, mən bu gün heç kimin qonağı deyiləm. Qoy bu gün mən yazıq şəhidin üzünə cənnət qapıları açılsın və məlaikə Mikayıl alovlu qılıncı ilə məni cənnətə salsın, çünki mən xoş əməl yolunda həlak olmuşam.
Sözlərim onlara heç bir təsir eləmədi. Onlar bir-birinin üzünə baxıb bərkdən mərhəmətsizcəsinə qəhqəhə çəkdilər. Sonra da bir kəlmə söz dedilər: “Kükürd suyu vannası”.
“Kükürd suyu vannası” deyə təkrar etdim. Nə kükürd suyu vannası, o ancaq cəhənnəmdə olur. Halbuki mən cənnətə gedirəm.
Qohumlar dedilər ki, yox, elə ən yaxşısı kükürd suyudur. Çalışdım ki, ayağa durum. Başım qurğuşun kimi ağırlaşmışdı. Əl-ayağım keyimişdi, onları elə bil heç də hiss etmirdim. Güzgüyə baxarkən orada parlaqlığını itirmiş gözlərlə, rəngi qaçmış bir sifət gördüm.
Öz-özümə deyinə-deyinə: “Mənə belə yaxşıdır. Həqiqətən Kaxetiya şərabı maye atəşi imiş? Bəs bilmirdin ki, müsəlman şərab içməz”.
Vamec mənə müraciət edib dedi:
– Biz Ninoya xəbər verərik. Dörd saatdan sonra Qacoriyə gedəcəyik. O vaxta qədər sən də özünə gələrsən.
Vamec eşiyə çıxdı. Mən onun telefonla danışdığını eşidirdim: “Əli xan birdən-birə kefsizləmişdi. İndi onu kükürdlü hamamlara aparıb, kükürd suyu ilə müalicə edərlər. Prinses Ninoya söyləyin ki, ailəsi ilə birlikdə elə indi Qacoriyə yola düşsünlər. Biz də bir az sonra gələrik. Əli xanın xəstəliyi təhlükəli deyil. Sadəcə özünü o qədər də yaxşı hiss etmir”.
Güclə ayağa durdum. Başım gicəllənirdi. Gürcü qonaqpərvərliyi Tehranda əmimin sakit və alicənab qonaq qəbulundan tamamilə fərqli idi. Əmimin evində oturub tünd çay içirsən, şerlərdən və bildiyin elmlərdən danışırsan. Halbuki burada şərab içirlər, rəqs edirlər, şərqilər söyləyirlər və deyib-gülürlər: bu ziyafətdəki qonaqlar üzü yola olduqları kimi, həm də sərt sifətli idilər. Bu imişmi Avropanın qapısı? Yox, təbii ki, yox. Bu ölkə Asiyanın digər hissələrindən fərqlənirdi. Bura darvaza olmağına darvazadır, amma bu darvazanın qapısı haraya açılır? Bəlkə də uşaq sevincində, qayğısız uşaq oyunlarında təcəssüm tapan bir müdrikliyə aparırdı, bu darvaza! Bilmirdim. Bildiyim şey o idi ki, çox yorğunam. Pilləkənlə yırğalana-yırğalana aşağı düşdüm. Faytona mindik.
“Kükürdlü hamamlara! – deyə Sandro faytonçuya çığırdı. Faytonçu atları qamçıladı və şəhərin Meydan məhəlləsindən keçib, gümbəzli böyük bir binanın
qabağında dayandıq. Binanın qapısının ağzında canlıdan çox skeleti andıran yarıçılpaq bir kişi dayanıb, bizi gözləyirdi. Bu kişi elə xəyala getmişdi ki, gözləri açıq ola-ola bizi görmürdü.
“Qamarcoba, Mekisse” deyə Sandro ona müraciət etdi. Qapıdakı kişi diksinərək özünə gəlib baş əydi və dedi: “Qamarcoba, Tevadi, Salam knyaz”. Sonra da o, qapını açıb bizi binanın iri salonuna apardı. Salon çox böyük və isti idi. Daş döşəmələrinin üzərində çılpaq adamlar uzanmışdılar. Biz paltarlarımızı soyunduq və koridordan keçib ikinci otağa girdik. Otağın döşəməsində kvadrat biçimli böyük dəliklər var idi. O dəliklər buxarlanan isti kükürdlü sularla dolu idi.
Sandronun səsi elə bil çox uzaqdan gəlirdi: “Çox qədim zamanlarda bir kral ova çıxmışdı. O, ov quşunu bir meşə xoruzunun üstünə şığıdır. Kral ov quşunun ovu ilə birlikdə geri dönməsini xeyli gözləyir. Lakin nə ov quşu, nə də meşə xoruzu geri qayıdır. Nəhayət, kral başlayır onları axtarmağa. Axtara-axtara gəlib çıxır balaca bir meşəliyə. Bu meşəlikdə kükürdlü su axırdı. Kral ov quşunun da, meşə xoruzunun da kükürdlü çayda boğulub öldüyünü görür. Kral kükürdlü suları gördükdən sonra elə həmin yerin yanında Tiflis şəhərinin təməl daşını qoyur. İndi sənin dediyinə görə, meşə xoruzu hamamı buradadır. O balaca meşəlik də şəhərin Meydan məhəlləsində yerləşirmiş.
Gümbəzli binanın içi kükürd buxarı ilə dolmuşdu. İsti hamamı kükürd iyi bürümüşdü. Elə bil lax yumurtanın iyi idi. Qohumların bədəni tərdən parıldayırdı. Əlimi köksümə sürtərək ovuşdurdum, kükürd bədənimə yeriyirdi. Mən bu şəhəri fəth etdikdən sonra kükürdlü hamamlarda çimən bütün cəngavərləri və fatehləri xatırladım. Cəlaləddin Xarəzmi, Topal Teymuru və Çingiz xanın oğlu Cığatayı. Tökdükləri qandan sərxoş olmuş bu şəxslər, sonra kükürd suyuna girib qanlı ağırlığı yuyub yüngülləşmişdilər.
– Bəsdi Əli xan, çıx bayıra.
Qohumumun səsi məni xəyaldan ayıltdı. Yavaş-yavaş kükürdlü sudan çıxdım, yandakı otağa keçib taqətsiz halda daş döşəmənin üstünə sərildim.
– Mekisse! – deyə Sandro çığırdı.
Bizi buraya gətirən Mekisse gəldi. Sonradan onun hamamçı olduğunu öyrəndik. O, çılçılpaq idi və ülgüclə qırxılmış başına çalma qoymuşdu. Sən demə, kisəçi də o elə özü idi. Mən üzü üstə uzandım, Mekisse kürəyimə sıçradı. O, xalı üstündə rəqs edən rəqqas kimi kürəyimi məharətlə tapdalayırdı. Bundan sonra onun barmaqları biz kimi ətimə batırdı. Qollarımı elə bururdu ki, sümüklərimin xırçıltısını eşidirdim. Qohumlarım yanımda durub ona məsləhət verirdilər.
– Mekisse, bir də onun kürəyinə atıl. Hə, bax belə yaxşıdır. İndi onun sol tərəfini əməlli başlı ovxala.
Bu masajdan sonra yüngülləşmişdim. Ağappaq sabun köpüyünün içində uzanmışdım. Kisəçinin əməyi hədər getməmişdi. Hiss edirdim ki, bədənimin bütün əzələlərinə güc qayıdır.
“Bəsdir” – deyə Mekisse dilləndi. Mən özümü güclə qaldırdım. Yandakı otağa keçib ikinci hovuzun soyuq kükürdlü suyuna girdim. Birdən-birə soyuq suyun içinə girəndə bir an nəfəsim tutuldu. Bir azdan sonra əzələlərim yumşalmağa başladı. Ağ bir qətfəyə bürünüb dala qayıtdım. Qohumlarımla Mekisse ümid dolu gözlərlə mənə baxırdılar. Mən çox ciddi bir tərzdə dedim ki, “acmışam” və bardaş qurub oturdum.
Qohumlarım “o sağalıb” deyə birgə səsləndilər və “tez qarpız, pendir, xiyar, göyərti, çörək və şərab gətirin!” dedilər.
Müalicəm qurtarmışdı.
Biz hamamın giriş salonunda oturub, yemək-içməklə məşğul olduq. Bütün yorğunluğum və zəifliyim keçib getmişdi. Buz kimi qarpızın qıpqırmızı şirin dilimi bədənimdəki kükürd iyisini aparmışdı. Qohumlarım da ağ “Napareyli” şərabını qurtum-qurtum içirdilər. “Görürsən də!” deyə Dodiko sözə başladı, amma sözünü bitirmədi. Çünki bu bircə “görürsən də” sözü hər şeyi ifadə edirdi. Ölkələrinin kükürdlü su vannasından duyulan qürur, gürcü qonaqpərvərliyindən “ziyan görmüş” qonaqlara qayğı hissi və Dodikonun müsəlman qohumunun zəifliyindən ötrü boynuna götürdüyü məsuliyyət hissi bu bir kəlmə ilə ifadə olunurdu.
Ziyafət süfrəmizə çoxlu adam qoşulurdu. Çılpaq qonşularımız şərab şüşələrini əllərində silah kimi tutub süfrəmizə yaxın gəlirdilər. Knyazlar, onların borc verənləri, asan varlanmaq yolunu axtaran adamlar, bilici kişilər, şairlər və dağ yerlərindən gələn mülk sahibləri... gürcü bərabərliyinin şən bir simvolu halında gəlib bizimlə bir süfrə başında oturdular. Bu artıq hamam deyildi, daha çox klub, qəhvəxana və yaxud da çılpaq, gülməli adamların, qayğısız, gülər gözləri olan insanların yığıncağı idi.
Balaca gözlü kök bir kişi sözə başladı:
– Osmanlılar gəlirlər. Eşitdiyimə görə bir alman generalı elə bir top gətirib ki. onu atanda mərmi düz gəlib Tiflisdəki Sion məbədinə dəyə bilər.
– Siz yanılırsınız, knyaz, – deyə başqası cavab verdi.
– Bu topu hələ düzəltməyiblər. Onu düzəltməyi planlaşdırıblar. Əgər top hazır olsa belə, onunla Tiflisi vurmaq olmaz. Almanların əlində olan bütün xəritələr yanlışdır. Çünki onları hələ müharibədən əvvəl ruslar hazırlayıb almanlara ötürmüşlər.
Küncdən biri dərindən ah çəkdi. Başımı çevirib baxanda, ağ saqqallı, qartal burunlu qoca bir kişini gördüm. Qoca dərindən ah çəkərək sözə başladı:
– Zavallı Gürcüstan! Biz odla su arasında qalmışıq. Müharibədə almanlar qələbə çalsalar, Tamara məmləkətinin axırı çatacaq. Ruslar müharibədə qalib çıxsalar, bəs nə olacaq? O zaman soluq sifətli çar öz istəyinə nail olacaq, amma böyük knyazın barmaqları xirtdəyimizi daha bərk sıxacaqdır. Elə indi ən igid gənclərimiz müharibə meydanlarında həlak olurlar. Sağ qalanları isə ya böyük knyaz və yaxud başqa bir düşmən boğacaq. Biz çıxılmaz bir vəziyyətə düşmüşük. Bizim döyüş ruhumuz birdən-birə sönüb gedəcək. Tamara məmləkətinin axırı çatıb. Bizim
günümüzə baxın: döyüşçülərimiz balaca boy və zəif, məhsullarımız pis, şərablarımız da turş.
Qoca ağır nəfəs alaraq susdu. Biz də susmuşduq. Birdən boğuq bir pıçıltı səsi eşidildi:
– Onlar Baqrationu öldürdülər. Çarın qardaşı qızını götürüb qaçdığı üçün ruslar ondan intiqam aldılar. Çarın özü onu İrəvan alayının komandanı təyin edib cəbhəyə yolladı. Baqration da aslan kimi döyüşdü, amma on səkkiz güllə ilə vurulub öldürüldü.
Qohumlarım şərab içirdilər. Mən də bardaş qurub, gözlərimi yerə zilləyərək Baqrationu düşünürdüm. Baqrationun ailəsi xristian aləminin ən qədim knyaz nəsli idi.
Saqqallı qoca haqlı idi. Gürcüstan həqiqətən də odla su arasında qalmışdı.
Süfrə ətrafında oturanların biri dilləndi:
– Baqrationun bir oğlu qalıb – Teymuraz Baqration, əsl kraldır ki, var. Ona xələl toxunmasın deyə bir nəfər onu gizlədib qoruyur. Araya yenə sükut çökdü. Mekisse kürəyini divara söykəyib özünü dininə həsr etmiş bir peyğəmbər ədası ilə dayanmışdı.
Dodiko sükutu pozub, əsnəyərək dedi:
– Bizim ölkəmiz qeyri-adi gözəl bir ölkədir. Tiflis şəhəri və onun kükürdlü hamamları, Kaxetiya şərabları! Hələ bir düzənliyin ortasından şırıltı ilə axan Alazan çayına baxın. Gürcüstan məhv olursa belə, gürcü olmaq xarüquladə bir şeydir. Sizin burada etdiyiniz söhbətlər ümidsizlik yaradır. Amma deyin görüm, Tamara məmləkətində bundan yaxşı günlər görən olubdumu? Heç vaxt, elə həmişə belə olub. Buna baxmayaraq yenə də çaylarımız şırıltı ilə axır, bağları böyüyür, xalqımız da çalıb-oynayır. Bütün ümidsizliyə baxmayaraq, bizim Gürcüstanımız gözəldir və gözəl olaraq da qalacaq.
Bu qəddi-qamətli Dodiko sözünü qurtarıb ayağa durdu. Məxmər kimi yumşaq dərisi olan bu cavan oğlan müğənni və qəhrəmanlar nəslindən idi.
Küncdə oturan ağsaqqallı qoca xoşbəxtcəsinə gülümsəyib dedi:
– Şükürlər olsun ki, belə dəliqanlılarımız var, olmaqda da davam edəcək.
Vamec mənə tərəf əyilərək pıçıldadı: “Əli xan, unutma ki, bu gün sən Qacoridə Şakelilərin qonağısan”.
Hamımız qalxıb geyindik və bayıra çıxdıq. Faytonçu qamçını şappıldatdı. Vamec də: “Şakelilər qədim zadəgan nəslindəndirlər...” deyib sözə başlayanda mən ürəkdən qəhqəhə çəkib güldüm.