Ənin

Vikimənbə saytından
Jump to navigation Jump to search
Ənin
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Tərtibçi:A.Abdullayeva (2012). Azərbaycan maarifinin yorulmaz carçısı: Həsən bəy Zərdabi – 170 (az). Orijinal mənbədən 2016-05-06 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-08.

Uçdun, ey ruhi-pürfütuhi – Həsən!
Uçuşun iztirari-təndənmi?
Qoca bülbül, niyə sovuldun sən?
Ya səfa bulmadın çəməndənmi?

Ey həqiqi mücahidi-islam!
Nəşri-irfanda etdiyincə dəvam-
Səni aləmə yaxdı yoxsa əvam?
Gedişin kəsrəti-mihəndənmi?...

Yoxsa əkdikcə toxum südqü səfa
Səni təkdir edirmiş əhli cəfa?
Gözlədikdə bu yolda şərti-vəfa,-
Görmədin yardım əhli-fəndənmi?

Ey “Əkinçi” məzariatında
Bulmadınsa səmər həyatında,
İştə həngameyi-məmatında
Bu tənəbbüt deyil Həsəndənmi?

Leyk millət fəqət sifatın üçün,
Mütəzəkkir nüuti-zatın üçün,
Əsəfa, bir bina səmatın üçün
Yadigar olmasın da səndənmi?..

Həsənim, şimdi qıl behiştə xuram,
Onda Seyyid Əzimə söylə səlam;
Key məhin şairi-bədii-kəlam
Bir xəbər tutmasın vətəndənmi?

Ürəfa məskəni olan Şirvan
Cühəla xabgahidir əlan;
Bizi iğfal edən bu nüktə haman
Kəndimizdən deyil, zəmanədənmi?