Məzmuna keç

Əqvalı-hikmətdən müqtəbis bir mənzum

Vikimənbə saytından
Əqvalı-hikmətdən müqtəbis bir mənzum
Müəllif: Mirzə Ələkbər Sabir


Könül, ol talibi-hikmət, - o hikmət kim, həqiqətdir,
Həqiqi hikmət ancaq hüsni-siyrətdən ibarətdir.

Həkimi-kamil olmaqçın deyildir çox bilik lazım,
Fəqət iqnai-nəfsə müqtədir olmaz kifayətdir.

Zəlalət əhli hər şey kəc anlar, kəc də hökm eylər,
O kəs kim, doğru yolu fəhm edər - əhli-fəzilətdir.

Olur aləmdə şəxsin himməti miqdarı-fikrincə,
Nə himmət gözlənir ondan ki, əfkarı qəbahətdir?

Pədərlə madərin nəşindən əsla təlxkam olma,
Səni təkdiru təzir etsə də, bir dadlı şərbətdir.

Doğuşda ayrılırkən müxtəlif surətlərə insan,
Məmatında onu yeksan qılan xaki-nədamətdir.

Cənabı-həq o bəhri-bigiranı-mərhəmətdir kim,
Ona mülhəq olan insan şərəfyabı-səadətdir.

Mənbə

[redaktə]
  • Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 294