Ər və arvad/Üçüncü pərdə

Vikimənbə saytından
İkinci pərdə Ər və arvad. Üçüncü pərdə
Müəllif: Üzeyir Hacıbəyov


Hәmin o t a q d a. Bu dәfә otaq bәzәnib. Çox qonaqlar vardır. Bir tәrәfdә tarzәn vә xanәndә oturub, musiqi çalınır. Pәrdә qalxdıqda M ә r c a n b ә y fәxir libas geyinmiş daxil olur. Onu görcәk oxuyurlar.
 
(M u s i q i)
 
Q o n a q l a r--
 
Söylә bir görәk, Mәrcan,
Bu nә toy, bu nә xәrcdir? (2dәfә)
Bәs sәnin әvvәldәncә
Arvadın yoxdurmu? (3 dәfә)
Ey.... Minnәt xanımı sәn neylәdin bәs? (2 dәfә)
İndi tazadan arvad
Alırsan Mәrcan?! (2dәfә)
                    
(M u s i q i)
 
M ә r c a n b ә y--
 
Allahın bәndәlәri,
Minnәti boşadım mәn. (2dәfә)
Kәbinin verdim onun,
Özgәyә әrә getdi. (3 dәfә)
Ey.... Kәrbәlayı Qubad aldı Minnәti, (2 dәfә)
Mәn dә alıram indi bir özgә arvad. (2 dәfә)
 
B i r q o n a q--Nә var, pullu adamsan, sәn gündә üç arvad alıb, üçün dә boşaya bilәrsәn.
M ә r c a n b ә y--A kişi, bu siz ölәsiz, iş pulda deyildir, iş ürәkdәdir.
Q o n a q l a r--Doğrudur, doğrudur.
M ә r c a n b ә y--İndi, әziz dostlarım, axır o gün olubdur ki, (ağlamsınır) mәn öz ürәyim istәyәni tapmışam, mәn öz muradıma çatmışam. Allah sizi dә öz muradınıza çatdırsın. (Gözlәrini silir). Mәnim taza arvadım hәlә üzün mәnә göstәrmәyibdir vә söz veribdir ki, qonaqların içindә üzünü mәnә göstәrsin. Tәvәqqә edirәm ki, gәlin gәlәnә qәdәr buradan bir yana tәrpәnmәyin. Oturun burada, yeyin, için, kef çәkin; bu gün şadlıq günüdür, gәrәk şad olasınız.
Q o n a q l a r--Yaşasın Mәrcan bәy!...
 
(M u s i q i. Oxuyurlar)
 
Şadlıqdan başqa ola bilmәz işimiz, (2 dәfә)
Şükür allaha kim, daha yoxdur qәmimiz. (2 dәfә)
Arvad almaqda müzәffәr olmuş Mәrcan, (2 dәfә)
Olmamış düşmәn ona heç qalib hәrgiz, (2 dәfә)
Şadlıqdan başqa ola bilmәz işimiz, (2 dәfә)
Şükür allaha kim, daha yoxdur qәmimiz. (2 dәfә)
 
M ә r c a n b ә y--Sağ olun, qardaşlar, sağ olun! Mәn gedirәm özümü bir qәdәr düzәldim, siz öz işinizә mәşğul olun.
Q o n a q l a r--Buyur! Buyur! (Mәrcan gedir).
B i r q o n a q--Hanı xanәndә? Hanı sazәndә? A gәdә, bizim üçün bir bayatı-kürd çal, xanәndә oxusun.
 
T a r z ә n bayatı-gürd çalır, xanәndә oxuyur, meyxana deyirlәr, qumar oynayırlar.
 
(M u s i q i)
 
X o r--
 
Aqil qardaşım, ayıl, bәsdir xәbidәn, (2 dәfә)
Yatma, dur gör nәdir sәni hamıdan baz edәn, (2 dәfә)
Aman, aman allah, aman, aman allah, allah amandır,
İbrәt eylә qeyrәt eylә, gör nә zamandır. (2 dәfә)
 
(M u s i q i)
 
Bәsirәt gözün açıb, bax bir cahanә! (2 dәfә)
Әhli-elmә bax, gör necә dolub zәmanә! (2 dәfә)
Aman, aman allah, aman, aman allah, allah amandır, (2 dәfә)
İbrәt eylә, qeyrәt, eylә, gör nә zamandır. (2 dәfә)
 
Musiqi rәngi çalınır. R ә q q a s rәqs edir. Rәqs qurtardıqda qapıdan mәşәllәrin işığı görünür vә zurna sәsi eşidilir.
 
Q o n a q l a r--Gәlin gәldi. (Gedirlәr qapıya).
M ә r c a n b ә y (tәlәsik daxil olur, yaxşı geyinmişdir)--Oy! (Üzünü yellәyir). Yox, deyәsәn mәn bu gecә tab gәtirә bilmәyәcәyәm. Vallah, arvadın vәhmi mәni basıbdır. Puf! Nә istidir!
 
Qapılar açılır, sәs-küy ilә gәlini gәtirirlәr. M i n n ә t x a n ı m üzü rübәndli gәlib ortada durur. M ә r c a n b ә y onun o tәrәf bu tәrәfinә keçir.
 
M i n n ә t x a n ı m--Mәn әhd elәmişdim ki, qonaqların içindә üzümü sәnә göstәrim, indi әhdimә vәfa edirәm.
 
Q o n a q l a r xanımın әtrafına yığılırlar vә diqqәtlә tamaşa edirlәr. Hamı M i n n ә t ә sakit baxır. Minnәt xanım әvvәlcә çarşabını açır. Sonra başındakı yaylığını. Hәr dәfә M ә r c a n b ә y tәlәsdiyini bildirir. Ayaqlarının birini götürüb o birini qoyur. Axırda Minnәt xanım rübәndini açıb Mәrcanın üzünә baxır.
 
M ә r c a n b ә y--Minnәt!
M i n n ә t x a n ı m--Bәli!
M ә r c a n b ә y--Sәnsәn?
M i n n ә t x a n ı m--Bәli, mәnәm, ... Mәrcan!
M ә r c a n b ә y--Bәli!
M i n n ә t x a n ı m--Sәnsәn?
M ә r c a n b ә y--Bәli, mәnәm! Vay, dәdәm vay!... Bu mәnim öz әvvәlki arvadımdır. Ay camaat, bu Minnәtdir! Yox, yox, belә şey olmaz! Mәnә sataşırlar. (Hamı mat, mәbhut durur). Yox, mәnә sataşmaq olmaz! Mәnim kimi adamı aldatmaq olmaz! Kimdir, bu saat desin, bu oyunu mәnim başıma gәtirәn, kimdir?
 
Camaatı yara-yara K ә r b ә l a y ı Q u b a d daxil olur.
 
K ә r b ә l a y ı Q u b a d--Mәrcan bәy, dur üç min manatı bu saat ver, arvadı aparım evә. Bircә tez ol, başına dönüm, istәyirәm bu gun bir dükan yeri alım.
M ә r c a n b ә y (bәrkdәn)--Ay zalım balası zalım! Mәni sәn aldatdın. Mәnim evimi yıxdın, hәlә bir gәlib mәndәn pul da istәyirsәn?! Ay camaat, mәni tutmayın, bu kişini öldürәcәyәm. Buraxın, mәni tutmayın, bu saat mәn bu kişini qanına bulaşdırım, bu mәnim namusuma toxunan işdir. Tutmayın mәni, hanı mәnim afserskim? Hanı, hanı?...
K ә r b ә l a y ı Q u b a d--Bu nә danışır, әdә, dәli olubsan nәdir? Mәnә kәlәk istәyir kәlsin.... Bu saat pulu ver, yoxsa kedib bu saat notariusu gәtirrәm, evini yazdıraram. Zәhmәt çәkib arvadını almışam!
M ә r c a n b ә y--Ay evin yıxılsın kişi, arvad buradadır, budur arvad, burda!
K ә r b ә l a y ı Q u b a d--Vay, dәdәm vay!... Bәs mәn aldığım arvad kimdir?
M ә r c a n b ә y--Mәn nә bilirәm kimdir!
K ә r b ә l a y ı Q u b a d--Qoy gedim bir arvadı gәtirim bura.
 
Gedir, c a m a a t qarnını tutub gülüşür.
 
M ә r c a n b ә y--Niyә gülürsünüz? Mәnә gülürsünüz? Mәnә sataşırsınız? Namәrdlәr, siz hamınız bәdzatsınız! (Gülüşmә). Juliksiniz, moşenniksiniz! Yox, yox, bu dәrd mәni öldürәr. (Yıxılır stolun üstә.)
K ә r b ә l a y ı Q u b a d (daxil olur, yanında Gülpәri)--Bәs bu kimdir, sәnin arvadın deyildirmi?
M ә r c a n b ә y--Bu Gülpәridir, ay evini allah yıxsın! Sәn arvadı dәyişik salmısan.
K ә r b ә l a y ı Q u b a d--Vay, evim yıxıldı!... Allah sәnin evini yıxsın, Mәrcan bәy! Bu nә kәlәk idi mәnim başıma açdın! Ay camaat, mәn öz arvadımı kәnddә qoyub, şәhәrә qaçdım. Burada da bir arvad boğazıma keçdi. İki yüz manat da kәbin pulu yazdırmışam. Bәs mәn dükan yeri alacaqdım.
M ә r c a n b ә y--Vay, sәnin evin yıxılsın Kәrbәlayı Qubad!... A kişi, bәs sәn mәnim arvadımı alırdın?
 
Bir a r v a d әlindә ağac, pәrdә dalında qışqırıq sala-sala daxil olub, ucadan çığırır.
 
A r v a d--Hanı o başı batmış Kәrbәlayı Qubad? A kişi, mәnim üstümә arvad alırsan? A sәnin saqqalın tökülsün! (Ağac ilә vurur Kәrbәlayı Qubadı vә bir-iki ağac da Mәrcan bәyә dәyir. Arvad gedә-gedә deyir). Görәk, Kәrbәlayı Qubad, hәrgah sәnin saqqalında bir tük qoysam sağ, onda bu lәçәk mәnә haram olsun. (Qonaqlar tutub, qoymayırlar vursun vә arvadı yola salırlar). Mәn gedirәm, sonra görüşәrik, allah qoysa.
 
A r v a d gedir. K ә r b ә l a y ı Q u b a d vә M ә r c a n b ә y hәrәsi bir tәrәfdә oturub ağlayırlar.
 
M i n n ә t x a n ı m--Mәrcan! Kefin necәdir? Canın-başın sağdırmı? Mәni satmaq istәyirdin, ay namәrd! Mәni! Di get, al payını. (Qubada). Sәn saqqalından utanmadın, xalqın arvadını satın almaq istәdin? Daha bir ayrı alış-veriş tapmırdın?! De al payını!...
 
(M u s i q i)
 
Q o n a q l a r--
 
Mübarәk olsun toyun
Sәnin, Mәrcan, ay Mәrcan! (2 dәfә)
A kişi, bәs utanmadın?
Belә bәdnam oldun sәn! (2 dәfә)
 
M ә r c a n b ә y--
 
Nә bilim mәn çarşabın....
 
K ә r b ә l a y ı Q u b a d--
 
Nә bilim mәn çarşabın....
 
M ә r c a n b ә y--
 
İçinә kim girmişdir.
 
K ә r b ә l a y ı Q u b a d--
 
İçinә kim girmişdir.
 
X o r--
 
Nә bilim mәn çarşabın İçinә kim girmişdir.
Mәrcan, Mәrcan, Kәblә Qubad, hey!...
 
(M u s i q i)
 
X o r--
 
Mübarәk olsun toyun
Sәnin, Mәrcan, ay Mәrcan! (2 dәfә)
A kişi, bәs utanmadın?
Belә bәdnam oldun sәn! (2 dәfә)
 
M ә r c a n b ә y--
         
Nә bilim mәn çadranın....
 
K ә r b ә l a y ı Q u b a d--
 
Nә bilim mәn çarşabın....
 
M ә r c a n b ә y--
 
İçinә kim girmişdir.
 
K ә r b ә l a y ı Q u b a d--
 
İçinә kim girmişdir.
 
X o r--
 
Nә bilim mәn çarşabın
İçinә kim girmişdir.
Mәrcan, Mәrcan,
Kәblә Qubad, hey....
 
PӘRDӘ