Ər və arvad/İkinci pərdə
←Birinci pərdə | Ər və arvad. İkinci pərdə Müəllif: Üzeyir Hacıbəyov |
Üçüncü pərdə→ |
Vaqe olur hәmin o t a q d a. Pәrdәdәn qabaq musiqi çalınır; sonra pәrdә qalxır. S ә f i tәk.
(M u s i q i)
S ә f i--
Bәdnam oldun, Mәrcan, bala-bala!
Camaatın içindә. (2 dәfә)
Ha, ha! Ha, ha! Ha, ha!...
Bәdnam oldun, Mәrcan, bala-bala
Camaatın içindә. (2 dәfә)
X o r--
Ha, ha! Ha, ha! Ha, ha, ha!...
Bәdnam oldun, Mәrcan, bala-bala.
Camaatın içindә. (2dәfә)
S ә f i--
Qıldı nәfsin tuğyan, bala-bala,
Arvad ilә savaşdın.
Bir tövr qıllı şeytan, bala-bala,
Başdan dibә dolaşdın.
Ha, ha, ha!... Ha, ha, ha!...
Bәdnam oldun, Mәrcan, bala-bala
Camaatın içindә.
Qapı döyülür. H a m ı qaçır, tәk bir S ә f i qalıb, qapını açır, әlindә supürgә. M ә r c a n b ә y daxil olur, dalınca K ә r b ә l a y ı Q u b a d.
M ә r c a n b ә y--Kәrbәlayı, sәn hәlә qapıda gözlә; sonra mәn sәni çağıranda gәlәrsәn.
S ә f i--Ağa, sәnә bir kağız var, buyurun!
M ә r c a n b ә y--Nә kağızdır, kim verdi?
S ә f i--Dünәn bir qulluqçu qız bunu gәtirdi.
M ә r c a n b ә y--Kimin qulluqçusu idi?
S ә f i--Bilmirәm. (Gedir).
M ә r c a n b ә y kağızı oxuyur)--"Ey mәnim ruhi-rәvanım Mәrcan bәy. Bir dәfә sәni gördüm, aşiq oldum. İkinci dәfә gördüm, dәli oldum. Üçüncü dәfә gördüm, tab gәtirә bilmәdim vә bu kağızı sәnә yazdım. Әyәr sәk mәnә iltifat edib mәni almasan vә mәni özünә arvad etmәsәn dәli-divanә olub, çöllәrә düşәcәyәm. Ah-nalәm sәni tutacaq.... Mәn iyirmi üç yaşında bir nazәninәm ki, dәrdimdәn ölәnlәr çoxdur; amma mәn dә sәnin dәrdindәn ölürәm. Әgәr mәni alsan, iki yüz min manatlıq malımı da sanә qurban edәrәm. Mәni görmәk istәsәn, sabah saat altıda gәlib, qapınızı tәqqülbab edәrәm.... Sәnә aşiq bir nazәnin". (Mәbhut). Görәsәn bu yuxudur, yoxsa gerçәkdir? Yox-yox, bu, yuxudur.... Mәn yuxu görürәm.... Sәfi! Sәfi! (Çağırır).
S ә f i (daxil olur)--Nә buyurursan, ağa?
M ә r c a n bәy--Sәfi! Mәn yatmışam, yoxsa oyağam?
S ә f i--Allaha şükür, oyaqsan.
M ә r c a n b ә y--Bәrәkallah, Sәfi! Bu kağızı sәnә kim verdi?
S ә f i--Bir qulluqçu.
M ә r c a n b ә y--Kimin qulluqçusu idi?
S ә f i--Bilmirәm.
M ә r c a n b ә y--Nә dedi?
S ә f i--Dedi bu kağızı Mәrcan bәyә ver.
M ә r c a n b ә y--Yaxşı, get. (Sәfi gedir. Mәrcan kağızı öpüb, qoyur gözlәrinin üstünә). Oxxay! A bu kağızı yazan әllәr, a bu kağızı yazan әllәrin sahibi! Sәn ki, mәnim dәrdimdәn dәlisәn, mәn dә sәnin dәrdindәn dәli olacağam. (Ağlamsınır). Ox, aşiq oldum, dәli oldum. Yox-yox, bu eşq mәni öldürәr. Mәnim eşq bәlasına bir o qәdәr tabım yoxdur. Doğrudan da ki: mәhәbbәt bir bәla şeydir, giriftar olmayan bilmәz. Ey iyirmi üç yaşında nazәnin! Sәn iki yüz min manatını mәnә qurban edirsәnsә, mәn dә әlli min manatı-sәnә qurban edirәm vә bir canımı da üstündә verirәm. (Bәrkdәn). Yox-yox, rәdd olsun Minnәt! Mәn gәrәk onu bu gün boşayam, mәn aşiqәm, aşiq!
Qәzayi-eşqi ta kördüm, sәlahi-әqldәn durәm.
Mәni rüsva görüb, eyb etmә, ey naseh ki, mәzurәm.
Kәrbәlayı Qubad! Kәrbәlayı Qubad! (Kәrbәlayı Qubad daxil olur). Başına dönüm, axı mәn aşiq olmuşam. Sәn allah, bu işi bu gün qurtar. Mәni Minnәtin üzündәn xilas eylә, allah atana rәhmәt eylәsin. Zәrәr yoxdur, sәnә iki min beş yüz әvәzinә, üç, min manat verәrәm. Mәn aşiq olmuşam.... Mәnә aşiq.... Mәnә aşiq olublar.... Mәn dә aşiqәm.... Eşq vurub başıma. Oy, ürәyim xarab olur.... Nә şirin şeydir bu eşq.... Oy, bitab oldum. (Yıxılır sәndәlin üstә, ürәyi bitab olan tәk olur).
K ә r b ә l a y ı Q u b a d--Ağa, ağa Mәrcan bәy! Ağa Mәrcan bәy, ay ağa!
M ә r c a n b ә y (gözünü açır)--Hә!...
K ә r b ә l a y ı Q u b a d--Ağa! Olmazmı o beş yüz manatı bu saat mәnә verәsәn! Çünki o, notariusda yazılmayıbdır. Әgәr arvadı bu gün tovladım, tovladım; tovlamadım, onda beş yüz manatı gәtirib verәrәm özünә.
M ә r c a n b ә y--Yaxşı, bir hovur verərәm. Ürәyim xarab oldu, aşiq olmuşam. Ey iyirmi üç yaşında nazәnin! (Bitab olur. Sonra birdәn ayağa durub kağızı cibindәn çıxardır). Ay kişi, kağızda da yazıbdır ki, sabah saat altıda gәlәcәyәm.... Kağız dünәn yazılıbdır, demәli, bu gün gәlәcәkdir. Hurra!... Bu gün gәlәcәkdir. İndi saat neçәdir? (Saata baxır). Saat ikidir, hәlә dörd saat var. De bircә, Kәrbәlayı, sәn tez ol, işini gör.
Kә r b ә l a y ı Q u b a d--Mәn hazıram, ancaq arvad gәlsә başlarıq.
M ә r c a n b ә y--Aha, çox yaxşı, sәn get qapıda dur, sonra çağırram. (Qubad gedir). Sәfi! Sәfi! (Sәfi daxil olur). Get, Minnәt xanımı buraya çağır. (Sәfi gedir). Yox, bu kağız mәnә cürәt verdi. Mәn ona açıq-açığına deyәcәyәm ki, sәni boşayıram, daha sәninlә bir yerdә ola bilmәrәm.
M i n n ә t x a n ı m (daxil olur)--Buyurun! Nә deyirsәn! (Gülümsünür)....
M ә r c a n b ә y--Minnәt.... (Kәnara). Cürәtim gәlmәyir, gözümü bәrk qorxuzub. (Ona). Minnәt.... Ey! (Kәnara). Lap arvada dönmüşәm. (Ona). Ağız, Minnәt!... Çörәk yeyibsәn?
M i n n ә t x a n ı m--Yemişәm! Nә eylәyirsәn?
M ә r c a n b ә y--Sözün doğrusu, daha bundan sonra mәn sәninlә bir yerdә ... çörәk yeyәcәyәm. (Kәnara). Tfu mәnim üzümә; görün mәn nә deyirәm, ay camaat!...
M i n n ә t x a n ı m--Daha niyә acıqlanırsan?
M ә r c a n b ә y--Çünki (kağıza baxır). Acığımı sәn tutdurursan, sәn! Bütün tәqsir sәndәdir. Ona görә bir dә mәn sәninlә dolana bilmәrәm, gәrәk sәni boşayam. (Kәnara). Allah, sәnә şükür, dedim.
M i n n ә t x a n ı m--Aha! Demәli, çörәk bәhanә imiş! Sәn mәni boşamaq istәyirsәn! Çox әcәb! Mәn dә namәrd qızıyam, әgәr bir dәqiqә sәnin evindә qalsam. Boşa mәni!
M ә r c a n b ә y (kәnara)--Nә yaxşı razı oldu! (Ona), Әlbәttә boşayacağam, tәvәqqә edirәm ki, bu gün mәnim evimdәn çıxasan.
M ә r c a n b ә y gedir. M i n n ә t x a n ı m tez gedib G ü l p ә r i n i çağırıb evdә oturdur, özü dә pәrdәnin dalına girir.
M i n n ә t x a n ı m--Gülpәri, dünәn dediyim sözlәri unutma, mәn deyәn kimi әmәl eylә! (Gizlәnir).
G ü l p ә r i--Arxayın ol! (Üzün bәrk tutub oturur).
K ә r b ә l a y ı Q u b a d (daxil olur)--Oho!... Oho!... (Öskürür, sükut). Bu gün hava çox istidir. (Sükut). Görәsәn bu evlәrin hamısı Mәrcan bәyindir? (Bir qәdәr çırtıq vurur).
(M u s i q i)
Ay xanım, xanım, dәrdin alım,
Bәs mәni neylәrsәn, vәsmәni neylәrsәn?...
(M u s i q i)
Qaşın qara, gözün qara,
Bәs mәni neylәrsәn, vәsmәni neylәrsәn?
G ü l p ә r i--Buy, a kişi, dәli deyilsәn ki, allah, aman, kişi elә bil ki, qızıbdır.
K ә r b ә l a y ı Q u b a d--Xanım, bir de görüm, sәni görәn adam da qızmazmı? Vallah, bu saat sәnin dәrdindәn qızmış dәvәyә dönmüşәm, inanmırsan: lok, lok, lok, lok, (Arvadın yanından keçәndә xoruz kimi qanad sallayır).
G ü l p ә r i--Ay kişi, xoruz deyilsәn ki, mәnә qanad sallayırsan!
K ә r b ә l a y ı Q u b a d--Vallah, sәnin dәrdindәn bu saat xoruz olmuşam, inanmırsan: quqqulu qu....
G ü l p ә r i--Mәnim әrim var, vallah, bilsә sәni öldürәr.
K ә r b ә l a y ı Q u b a d (kәnara)--Yazıq, daha bunu bilmir ki, әri mәnә әli ilә üç min manat pul verir.
G ü l p ә r i--Nә deyirsәn?...
K ә r b ә l a y ı Q u b a d--Sәnә Kәrbәlayı qurban! Deyirәm ki, әrindәn boşan, gәl mәn sәni alım, gül kimi saxlayım, bülbül kimi saxlayım.
G ü l p ә r i--Bәlkә әrim razı olmadı?!
K ә r b ә l a y ı Q u b a d--Neçün razı olmur? De ki, kәbinim halal, canım azad. Onda hansı әr olsa razı olar.
G ü l p ә r i--Doğrusu, mәn özüm dә әrimdәn incimişәm.
K ә r b ә l a y ı Q u b a d--Axı sәnin әrin nә adamdır ki, sәnin qәdrini bilsin. Sәnin qәdrini bu qara lәlәşin bilәr! Vallah, sәni mәn tükcә incitmәrәm! Razısanmı? Nәnәm sәnә qurban! (Sükut). Razısanmı? Canım sәnә qurban! (Sükut). Aha! Fars deyәr ki: "Sükut әlamәti-rizast". Görünür ki, razısan. Elә deyilmi? Gözümün ağı gözünün qarasına qurban!
G ü l p ә r i--Razıyam.
K ә r b ә l a y ı Q u b a d--Vәssәlam. Bax, sәn bu güncә talağını әrindәn al; sonra bir üç ay on gün gözlә iddәn çıxsın; ondan sonra gedәk evimizә.
G ü l p ә r i--Yaxşı, sәn get, mәn bu gün kağızlarımı alaram. Sәlamәt qal. (Gülpәri gedir).
K ә r b ә l a y ı Q u b a d--Sәlamәt qal, canım sәnә qurban! Sәlamәt qal. (Papağını çıxarır). Paho! Lap tәrlәdim. Amma, vallah, bәrәkallah mәnә. Sözün doğrusu, indi mәn arvad alış-verişindә yaxşıca dәllal ola bilәrәm. Mәn heç özümü belә bilmirdim.
M ә r c a n b ә y (daxil olur)--Nә tövr oldu?
K ә r b ә l a y ı Q u b a d--Coxdan!...
M ә r c a n b ә y--Nә çoxdan?
K ә r b ә l a y ı Q u b a d--Coxdan!...
M ә r c a n b ә y--Ay kişi, tez de görüm nә oldu?
K ә r b ә l a y ı Q u b a d--Nә olacaq? Razı oldu, qurtardı getdi.
M ә r c a n b ә y--Ә kişi, nә deyirsәn? Razı oldu?
K ә r b ә l a y ı Q u b a d--Әlbәttә oldu, oynaya-oynaya oldu.
M ә r c a n b ә y--Ә kişi, qәribә sәn hünәrlisәn!
K ә r b ә l a y ı Q u b a d--Rәhmәtlik oğlu, dәvә kimi nәrildәmişәm, xoruz kimi banlamışam, qoç kimi mәlәmişәm, zarafat deyildir!
M ə r c a n b ә y--Yәni dedi әrimdәn boşanıb gәlәrәm?
K ә r b ә l a y ı Q u b a d--Bәli, bu gün sәndәn talağ alacaqdır.
M ә r c a n b ә y--Ay bivәfa arvad!... Hәr halda, balam, allah sәndәn razı olsun, mәn ki, sәndәn razıyam.
K ә r b ә l a y ı Q u b a d--Bәs pulu nә vaxt vercәksәn?
M ә r c a n b ә y--Elә ki, arvad sәnin evinә gәldi, haman dәm yüyür gәl pulunu al!
K ә r b ә l a y ı Q u b a d--Çox gözәl.
M ә r c a n b ə y--Yәni lap razı oldu?
K ә r b ә l a y ı Q u b a d--Sәni aldatmıram ki, indi bir hovur arvad sәndәn talaqını istәyәndә görәrsәn. İndi mәn gedirәm, sabah işi lap tәmizlәyәrik. İndi tәlәsiyirәm.
M ә r c a n b ә y--Niyә tәlәsiyirsәn?
K ә r b ә l a y ı Q u b a d--Gedirәm Sijimqulu bәyin yanına. Deyәsәn, o da arvadından narazıdır, boşamaq istәyir.
M ә r c a n b ә y--Çox әcәb! (Kәrbәlayı Qubadı yola salır).
M i n n ә t x a n ı m (pәrdәnin dalından çıxır)--Qoçaq Gülpәri oyun oynadı, indi qaldım mәn özüm. (Mәrcan daxil olur. Acıqlı o yan-bu yana gәzir). Bu saat mәnim talağımı ver!
M ә r c a n b ә y (kәnara)--Kişi doğru deyirmiş. (Ona). Hә!... Özgә әrә getmәk istәyirsәn?...
M i n n ә t x a n ı m--O sәnin borcun deyil, bu saat mәnim talağımı ver!
M ә r c a n b ә y--Baş üstә, hazır olum gedәk talağa. (Gedir).
G ü l p ә r i daxil olur.
M i n n ә t x a n ı m--Ay Gülpәri, bәrәkallah, çox yaxşı iş gördün. İndi mәnim işim qalıbdır. Mәn bu saat gedәcәyәm atam evinә, ancaq bir hovur buraya gәlib, sonra yenә gedәcәyәm. Sәn sabah mәnim çarşabımı geyәrsәn vә qapının ağzında gözlәrsәn, mәn әrimdәn talağ kağızımı alıb sәnә verәcәyәm. Onu da yanında saxlarsan, sonra hәr nә lazımdır mәn sәnә deyәrәm.
G ü l p ә r i--Baş üstә, xanım.
M i n n ә t x a n ı m--İndi get, әrim sәni burada görmәsin.
G ü l p ә r i gedir.
M ә r c a n b ә y (daxil olur)--Gedәk talağa.
M i n n ә t x a n ı m--Bu saat. (Gedir).
M ә r c a n b ә y (fikirli)--Ay bivәfa arvad! Gör, sәn allah, mәni qoyub Kәrbәlayı Qubada gedir. Mәni, mәni ki, iyirmi üç yaşında bir nazәnin dәrdimdәn ölür. (Tәlәsik). Aha, saat neçәdir, o vaxta bir saat qalıbdır, zәrәr yoxdur, qurtardım Minnәtin üzündәn, qurtardım! Bir saatdan sonra bir nazәnin sәnәm gәlәcәkdir. O mәnә aşiq, mәn ona aşiq. Әlbәttә, insan gәrәk arvada әvvәlcә aşiq ola, sonra ala, yoxsa görmәz-bilmәz alırıq, sonra da peşiman olub qovuruq. (Çağırır). Sәfi! Sәfi! (Sәfi gәlir). Xanım hazırdırmı?
S ә f i--Bәli, hazırdır!
M ә r c a n b ә y--Çox yaxşı. İndi sәn bu otağı tәmizcә süpür, bir saata qәdәr qurtar vә sonra qapı döyülәn kimi, gәl mәnә xәbәr ver. Mәn dә bu saat gәlirәm. (Gedir).
S ә f i--Baş üstә!
(M u s i q i)
Elә ki, әr axmaqdır,
Onun payı toxmaqdır.
Dәyirman öz işindә,
Baş ağrıdan çax-çaxdır. (2 dәfә)
Ay Mәrcan, vay Mәrcan, gәl görüm nә gündәsәn?!
(M u s i q i)
Millәtpәrәst olmaqlıq,
Xalqın evin yıxmaqlıq--
İkisi dә bir işdir,
O da, bu da--axmaqlıq! (2 dәfә)
Ay Mәrcan, vay Mәrcan, gәl görüm nә gündәsәn?!
M ә r c a n b ә y gәlib keçir öz otağına. Qapı döyülür, S ә f i qapını açır, M i n n ә t x a n ı m yaxşı libasda daxil olur.
S ә f i--Buy xanım, heç sizi tanımadım!
M i n n ә t x a n ı m--Sus!... (Üzünü açır). Sәfi! Get Mәrcan bәyә söylә ki, bir nәfәr arvad gәlib onu görmәk istәyir. Ancaq mәn olduğumu demә ha! Anlayırsan nә deyirәm?
S ә f i--Arxayın ol, xanım, yaxşı anlayıram. (Gedir).
M i n n ә t x a n ı m--Bu libasda o mәni tanımaz, gәrәk bir qәdәr ehtiyatlı olam.
Sәs gәlir, M i n n ә t x a n ı m bәrk-bәrk gizlәnir.
M ә r c a n b ә y (titrәyә-titrәyә daxil olur)--A ... a.... Nazәnin sәnәm! Mәnә kağız yazan sәnsәnmi?
M i n n ә t x a n ı m--Bәli, mәnәm!
M ә r c a n b ә y (ağlamsınır)--Mәn sәnә aşiq olmuşam, dәrdindәn ölürәm, ya mәni öldür, ya dirilt!
M i n n ә t x a n ı m--Xeyr, әvvәl mәn sәnә aşiq olmuşam. Mәn sәni әvvәl ibtidadә gördükdә qәlbimin içinә bir zәrrәyi-eşq daxil olub, bәәdә o zәrrә mürur-zaman ilә tövsi edib, bir atәşi suznak oldu vә fikrimi etraf-binnar etdi.
M ә r c a n b ә y (kәnara)--Paho! Görünür, bu da qәzet oxuyanlardandır.
M i n n ә t x a n ı m--İndi gәlmişәm ki, görüm sәn dә mәni sevirsәnmi? Çünki sәn mәni görübsәn.
M ә r c a n b ә y--Ey nazәnin sәnәm! Mәn sәni görmәmişdәn sәnә aşiqәm, ancaq urus demişkәn: interesno znat: mәn sәni nәrәdә görmüşәm?
M i n n ә t x a n ı m--Bir gün sәn at ilә gәlirdin, mәn dә balkonda oturmuşdum, gilas yeyirdim; sәn ötәn zaman mәn sәnin başına bir danә gilas atdım, sәn başını yuxarı qaldırıb mәni gördün.
M ә r c a n b ә y (şadlığından bilmir nә qayırsın)--Vay, dәdәm vay! Sәn o nazәninsәn? Yәni mәn bu qәdәr xoşbәxt olmusam! Yox, yox!... Mәn bu qәdәr xoşbәxtliyә davam gәtirә bilmәrәm! Yox, yox!... Mәn dәli olaram, özümü itirmişәm! Hanı mәnim başım? Mәn haradayam? Bura haradır? (Ora-bura yüyürüb, divardan bir şey tutur). Elә bildim taxtabitidir. Bax, eşq vurub mәni dәli edibdir! Ey nazәnin sәnәm! Bir lәhzә üzünü açıb mәnә göstәr.
M i n n ә t x a n ı m--Yox, bu sәfәr әlimә bax! Hәlә üzümü görmәzsәn, ancaq o vaxt ki, mәnim kәbinimi kәsdirәrsәn. Mәn buraya gәldikdә bütün qonaqların içindә üzümü açıb sәnә göstәrәrәm ki, xalq sәnin taleyinә hәsәd aparsın!
M ә r c a n b ә y (kәnara)--Vaxsey, anam qurban! (Ona) Ey nazәnin sәnәm! Bәs nә vaxt kәbinimizi kәsdirәk?
M i n n ә t x a n ı m--Üç aydan sonra.
M ә r c a n b ә y--Vay, dәdәm vay!... Üç aydan sonra! Yox, bu xoşbәxtlik mәni dәli edәcәkdir!
M i n n ә t x a n ı m--Üç aydan sonra mәnim kәbinimi kәsdir, mәnim tәrәfimdәn hәr kәsi istәsәn vәkil elә, mәnim adım Bәdigülcamaldır. Üç aydan sonra qonaqların hazır olsun, mәn öz adamlarım ilә gәlәcәyәm. Hәlә ki, xudahafiz!... (Tez çıxıb gedir).
M ә r c a n b ә y--Yox, getmә, sәn getsәn mәnim canım gedәr. Uc aydan sonra ... uc ay, uc ay!... Ey fәlәk!... Mәn sәnә nә etdim ki, sәn mәni bu qәdәr xoşbәxt elәdin? Yoxsa mәnә satasırsan? Yox, yox! Satasma!... Bәli, getdi, getdi.... (Oxuyur)
Getsәn o qәdәr ağlaram, alәm olu dәrya,
Axırda olursan qәrq o dәryayә, yavaş get!
(Çağırır) Sәfi! Sәfi!
S ә f i (daxil olur)--Bәy, nә buyurursan?
M ә r c a n b ә y--Get, hamını buraya çağır. (Sәfi gedir). Bәxtim qudurubdur, amma qorxuram içindәn bir xәta çıxa.... Xeyr, nә xәtası vardır?! Bir göyçәk arvaddır rastıma çıxıbdır, alıram. (Nökәrlәr daxil olurlar). Ay uşaqlar, heç dünyada xoşbәxt adam görübsünüz?
H a m ı--Xeyr, ağa!
M ә r c a n b ә y--Di görün! O xoşbәxt adam mәnәm!
H a m ı s ı--Allah sәni hәmişә xoşbәxt eylәsin!
M ә r c a n b ә y--Bu yavuqda mәnim toyumdur. Taza arvad alıram, ona görә sizin hәrәnizә bir abbası pul bağışlayacağam.
H a m ı--İltifatın artıq olsun! (Onlardan biri gülmәyini saxlaya bilmәyib pıqqıldayır).
M ә r c a n b ә y--Ha? Nә oldu? Nә üçün gülürsәn? Mәnә sataşırsan?
N ö k ә r--Xeyr, ağa, sәni xoşbәxt görüb şadlığımdan gülürәm.
M ә r c a n b ә y--Qoçaq, sәnә iki abbası verәcәyәm. (Hamı gülür). Siz nә ucun guldunuz?...
H a m ı--Ağası xoşbәxt olan adamlar әlbәttә gülәrlәr.
M ә r c a n b ә y--Qoçaqlar, sizin dә hәrәnizә iki abbası verәcәyәm. İndi hәrәniz hәr nә bilirsinizsә oxuyun, mәn dә qulaq asım. (Nökәrlәr sәs verib hәrә bir şey oxuyur). Yox! Bu olmadı! Heyvan deyilsiz ki, uluyursunuz? Tәk-tәk oxuyun.
B i r n ö k ә r--Ağa, istәyirsәn mәn sәnә bir türk havası oxuyum.
M ә r c a n b ә y--Oxu!
(M u s i q i)
N ö k ә r--Mәn bir türkәm, dinim, cinsim uludur. (Oxuyub qurtarır).
Q e y r i n ö k ә r--Ağa, istәyirsәn mәn sәnә bir fars havası oxuyum.
M ә r c a n b ә y--Oxu!
(M u s i q i)
N ö k ә r--Eşqin, eşqәt pәnceyi darәd ahәni. (Oxuyub qurtarır).
A y r ı n ö k ә r--Ağa, istәyirsәn mәn sәnә bir ermәni havası oxuyum.
M ә r c a n b ә y--Oxu!
(M u s i q i)
N ö k ә r (oxuyur)....
S ə f i--Ara, istәyirsәn mәn sәnә bir urus havası oxuyum.
M ә r c a n b ә y--Oxu görәk!
(M u s i q i)
S ә f i (oxuyur)--Poy, lastoçka, poy! (Oxuyub qurtarır).
B i r n ö k ә r d ә--Ağa, istәyirsәn mәn sәnә bir gürcü havası oxuyum.
M ә r c a n b ә y--Oxu! oxu!
(M u s i q i)
N ö k ә r (oxuyur)--
Qurban olum sәni doğan anaya,
Sәni doğdu, mәni saldı bәlaya....
M ә r c a n b ә y--Bunlar hamısı çox gözәl, indi bizim öz Qafqaz havamızdan bir şey oxuyun!
(M u s i q i)
X o r--
Eşitmişik xanımı yola salmısan, (2 dәfә)
Xanım getcәk, kim, sәn tәnha qalmısan.
Ay Mәrcan bәy, ay Mәrcan bәy, ay Mәrcan bәy!
(M u s i q i)
Biz sәnin üçün çalıb, gülüb, oxuruq, (2 dәfә)
Heç fikr etmә kim, sәn tәnha qalmısan.
Ay Mәrcan bәy, ay Mәrcan bәy, ay Mәrcan bәy!
PӘRDӘ