Məzmuna keç

Əsli və Kərəm (opera)/İkinci pərdə

Vikimənbə saytından
Birinci pərdə Əsli və Kərəm. İkinci pərdə
Müəllif: Üzeyir Hacıbəyov
Üçüncü pərdə


BİRİNCİ ŞƏKİL

İsfahan şəhərində p a d ş a h ı n s a r a y ı n d a vaqe olur. Saray mümkün mərtəbədə şəşəəli döşənmişdir. P a d ş a h taxtda əyləşibdir, ә y a n l a r dəxi yanına düzülübdürlar, K ә r ә m dəxi padşahın hüzurunda ortada dayanıbdır.

P a d ş a h (rast)--

Söylə görüm, oğlum, bu qədər ahə səbəb nə?
Gündüz, gecələr ahu fəğan, nalə səbəb nə?
Derlər səni tərsa qızına aşiq olubsan,
Söylə görüm a … bundakı dəsgahə səbəb nə?

K ә r ә m (söz ilə)--Şah baba, izn ver ki, mən öz eşq bəlamı sizə dil ilə deyil, tel ilə qandırım. Sofi, ver mənim sazımı. (Sofi saz gətirir).
P a d ş a h--Söylə qulaq asaq!
K ә r ә m (sazı əlinə alıb çalır)--

(M u s i q i)

K ә r ә m--

Keşiş bağçasında bir gözəl gördüm.
Əqlimi başımdan aldı, nə çarə?
Daramış zülfünü, tökmüş üzünə,
Sərimi sevdayə saldı, nə çarə?

(M u s i q i)

Mən də bildim bir keşişin qızıdır,
Səhərdən çıxmış dan ulduzudur,
Yuxuda gördüyüm ol özüdür,
O, halımı bilməz isə nə çarə?

(M u s i q i)

Dərdli Kərəm deyir firqətim qəti,
Kəskindir qılıncı, yürükdür atı.
Ol İsəvi, mən Məhəmməd hümməti,
Həqq dininə dönməz isə nə çarə?

(M u s i q i)

P a d ş a h (rast)--Sən xəzinədarım keşişin qızına aşiqsən; burada heç bir ahü-nəva etməli iş yoxdur. Sən səbr elə, mən onun qızını alıb sənə verərəm.
Ә y a n l a r (təsnif)--

Əlbəttə, şah buyursa, əgər buyursa, əgər əmr etsə,

(M u s i q i)

Əlbəttə, şah buyursa, əgər buyursa, əgər əmr etsə,
Keşişin sözü olmaz. (2 dəfə)

N ö k ә r (daxil olur)--Padşah sağ olsun, xəzinədar keşiş hüzurunuza izn istəyir.
Ş a h--Söylə gəlsin.

K ә r ә m keşişin adını eşitcək müztərib hal olur və ağlayır.

Ş a h--Oğlum, nə oldu sənə, nə üçün ağlayırsan?

(M u s i q i)

K ә r ә m--

Aşardı qarlı dağın ardına,
Xan Əslim ağlıma düşdü, ağlaram.
Hey ağalar, dayanamam dərdinə,
Xan Əslim ağlıma düşdü, ağlaram,

(M u s i q i)

Eşidib keşişin adını,
Xan Əslim ağlıma düşdü, ağlaram.
Duymuşam məhəbbətin dadını,
Sevdiyim xətrimə düşdü, ağlaram.

(M u s i q i)

Ş a h--Oğlum, sənin bəxtindən keşiş özü hüzuruma gəlibdir. Mən bu gün ondan nişan alaram.

K e ş i ş daxil olur, baş əyir, əlində bir dəstə açarlar.

Şah--Söylə görüm, xəzinədar, mətləbin nədir?
K e ş i ş--Padşah sağ olsun, tamam otuz ildir ki, sənin çörəyini yeyib, sənə xidmət etmişəm, indi çörəyini mənə halal elə və məni qulluğumdan azad elə.
Ş a h--Keşiş, nə olubdur? Yoxsa məndən və ya mənim adamlarımdan incimisən?
K e ş i ş--Əstəgfurulla!… Ancaq mən çox qocalmışam, qorxuram ki, xidmətimdə qüsur göstərəm.

Ә y a n l a r bir-birlərinə işarə edirlər.

Ş a h--İndi ki, azadlıq sənin öz xahişindir, mənim də sözüm yoxdur. Lakin onu bil ki, bu otuz illik xidmətindən mən çox razıyam, məhşərəcən hümmətim üstündə baqi qalacaqdır. Ancaq, keşiş, sən də gərək mənim əmrimi yerinə yetirəsən.
K e ş i ş--Buyur, padşah, can və baş ilə yetirərəm. (Kənara). Ax, qorxuram ki, qızımı istəyə.
Ş a h--Keşiş, mənim oğlum Əhməd Mirzə sənin qızına aşiq olubdur (keşişdə hərəkət), sən gərək qızını mənim oğluma verəsən.
K e ş i ş (pərişan-hal)--Padşah sağ olsun, necə ola bilər, dinimiz ayrı, adətimiz ayrı….
Ş a h--Mən sənin qızını müsəlman edərəm.
K e ş i ş (daha da bədhal olub)--Padşah sağ olsun, hər nə ağır təklifin varsa mənə əmr et, lakin bu təklifdən vaz keç (əyanlarda işarələr).
Ş a h--Yox, keşiş, heç vaxt keçmərəm, gərək qızını mənim oğluma verəsən.
K e ş i ş (yalvarır)--Padşah sağ olsun, buyur boynumu vursunlar, amma qızımı əlimdən alma.
Ş a h--Keşiş, gözümün ağı-qarası bir nəfər oğlum var, mən onun əza və cəfasına razı ola bilmərəm, əmr edirəm ki, qızını ona verəsən.
K e s i s--Padsah!…
Ş a h (qəzəblə)--Xamus!… Artıq söz lazım deyildir.
K e ş i ş--Padşah sağ olsun, indi ki, sənin əmrindir, razıyam. Ancaq mənə beş ay möhlət ver ki, toy tədarükü görüm.
Ş a h--Razıyam möhlətə (Kərəmə); oğlum, daha sənin ahü-nəvan əbəsdir, get, arxayın ol! (Kərəm ağlayır).
Ş a h (təәccüblə)--Oğlum, daha niyə ağlayırsan?

(M u s i q i)

K ә r ә m--

İnanmıram qara keşiş sözünə,
Yox etibarım onun özünə;
Salacaqdır məni çölün düzünə,
Xan Əslim ağlıma düşdü, ağlaram.

(M u s i q i)

Uca dağ başında ötüşür quşlar,
Tərlanım uçdu kimlər görmüşlər,
Dərdimi anlamaz bunda keşişlər;
Xan Əslim ağlıma düşdü, ağlaram.

(M u s i q i)

Dərdli Kərəm deyir: bu dərdim bitməz,
Yarımın sevdası sərimdən getməz,
Yüz min öyüd ver, biri kar etməz,
Xan Əslim ağlıma düşdü, ağlaram.

(M u s i q i)

Ş a h (ayağa durur, getmək üçün oğlunun qolundan tutur)--Oğlum! Keşiş mənə söz verəndən sonra sözündən çıxa bilməz. Beş ay dözərsən, inşaallah, sonra yarın sənə yetişər. İndi gəl gedək səni şikara aparım. (Hamısı gedirlər, keşiş onları bir qədər ötürüb sonra qayıdır).

(M u s i q i)

K e ş i ş--

Qaçmaq, qaçmaq, (2 dəfə)
Qaçmaqdan başqa əlacı yoxdur. (2 dəfə)
Getmək, getmək,
Getməsəm əgər əngəlim çoxdur.
(Fikir ilə) Olsam razı…. Yox!…
Qaçmaq, qaçmaq, (2 dəfə)
Qaçmaqdan başqa əlacı yoxdur. (2 dəfə)
Qaçmaq, qaçmaq, qaçmaq,
Qacmaq!… (Qaçır gedir).

PƏRDӘ

İKİNCİ ŞƏKİL

Zəngidə k e ş i ş i n b a ğ ç a s ı n d a vaqe olur. Ancaq bu səfər bağçadakı güllər sınıb, solub, ağacların bəziləri qırılıbdır. Sandalyalar alt-üst olubdur. Yenə sol tərəfdə dağlıq və ortada sərv ağacı. Zəngi əhlindən S ә f i adlı qoca məyus və kasıb bir bucaqda yumrulub yatıbdır. Musiqi çalınırkən səhnə açıq durur. Sonra ә y a n l a r, q o ş u n, K ә r ә m ilə p a d ş a h kamal-dəbdəbə ilə daxil olurlar.

Ş a h (söz ilə)--Bu necə işdir, keşiş bizim qabağımıza çıxmadı? Səsləyin keşişi!
Ә y a n l a r d a n b i r i--Hey, hey!… Kesis, hey, hey!… (Gedir içəri baxır və çıxır); şah sağ olsun, heç kəs yoxdur.
Ş a h--Bu necə olan işdir?! Yoxsa keşiş məni aldatdı, bu saat onun başını bədənindən cida etdirərəm.
Ә y a n l a r d a n b i r i (axtararkən Səfini görür)--Şah sağ olsun, burada bir şəxs yatıbdır.
Ş a h--Durğuzun ondan soruşaq.
Ә y a n (Səfini oyadır)--Hey, hey, dur ayağa! (Səfi güç ilə qalxır, gözlərini ovur). Dur, padşah gəlibdir. (Səfi üzü üstə yıxılır və səcdə edir.)
Ş a h--Ey adam, söylə, keşiş haradadır?
S ә f i--Atam-anam sənə qurban olsun, padşah! Keşiş budur üç aydır evli-eşikli bu vilayətdən qaçıbdır.
Ş a h--Ax, məlun!… (fikrə gedir).

(M u s i q i)

K ә r ә m (birdən başlayır, üzünü dağlara tutub oxuyur)--

Xan Əslim Zəngidən fərar eyləmiş,
Yol verməyin, başı dumanlı dağlar!
Belə getmiş atasilə anası,
Yol verməyin, başı dumanlı dağlar!

(M u s i q i)

İsfahan bəyləri qalxdılar toya,
Zənginin xalqı qaçdılar Xoya,
Aşiq gəldi məşuqundan doya,
Yol verməyin, başı dumanlı dağlar!

(M u s i q i)

Dərdli Kərəm bu eşq ilə bişmişdir,
Sövda üçün bu sərindən keçmişdir.
Əsli, keşiş qaçıb burdan getmişdir,
Yol verməyin, başı dumanlı dağlar!

(M u s i q i)

H a m ı (təsnif)--

Qara keşiş, qara keşiş
Fərar etmiş Zəngidən, Zəngidən.
Ax, üç ay edər keşiş burdan sən gedən. (2 dəfə)

K ә r ә m--

Haqdan mənə, haqdan mənə
Təqdirdir: aşiqəm, aşiqəm.
Gərəkdir olsun məndə ahü dərdü qəm. (2 dəfə)

H a m ı--

Yolun sənin, yolun sənin
Yumrulsun a, ay keşiş, ay keşiş!
Sən necə qıydın şaha, gördün belə iş. (2 dəfə)

K ә r ә m (sərv ağacına tərəf gedib oxuyur; segah)--

Dur, sərv ağacı, xəbər ver, sorayım,
Sərv ağacı, sənin maralın hanı?
Eşit gəl, eşit ver mənim cavabım,
Sərv ağacı, sənin maralın hanı?

Doğru söyləməzsən qəddin əyilsin,
Dilərəm mövladan belin bükülsün,
Çürüsün yarpağın, şaxın qurusun,
Sərv ağacı, sənin maralın hanı?

Dərdli Kərəm deyir: yanıb tutərəm,
Yarımın yanına bu gün yetərəm;
Viran bağda bülbül olub ötərəm,
Sərv ağacı, sənin maralın hanı?

(M u s i q i)

Ş a h (şur)--Bəsdir, oğlum, bu qədər ah-nəva bəsdir. Mən bu saat hər yerə adam göndərib keşişi tapdıraram.

K ә r ә m (hicaz)--

Yeni bir sevdadır gəldi başıma,
Gəlin halallaşaq, mən gedər oldum.
Gəlib, ya gəlməyib sizi tapmaram,
Gəlin halallaşaq, mən gedər oldum.

(M u s i q i)

Ürəyimdə yanar bunca atəşlər,
Yar əlindən yenə yaralar işlər.
Gülüb oynadığım qızlar, qardaşlar,
Gəlin halallaşaq, mən gedər oldum.

(M u s i q i)

Duz-çörək yediyim qohum-qardaşlar,
Nədir bu fələyin etdiyi işlər,
Gözümdən axıtdı qan ilə yaşlar;
Gəlin halallaşaq, mən gedər oldum.

Ş a h (şur)--

Oğlum, bu nə sözdür danışırsan, danışırsan?
Eşq oduna bunca alışırsan, alışırsan?
Tərsa qızına aşiq olub bunca uyursan,
Mən tək qocanı didəsi giryan qoyursan.
Ölsəm, oğlum, bu hökumət kimə qalsın?
Kim şahlıq edib dövlətin əhvalına yansın?

K ә r ә m (şur)--

Məndən, ata, padşahlıq uyma, uyma,
Mən aşiqi gəl gözü yaşlı qoyma.
Haqq aşiqi olmuşam, yəqin bil,
Qoy yarımı axtarım tapım, bil.

(M u s i q i)

H a m ı (təsnif)--

İzn verin getsin, şahım, bu Kərəm (2 dəfə)
Getsin yarın tapsın, alsın o məram. (2 dəfə)
Sənin oğlun, şahım,
Həqdən aşiqdir, aşiqdir, aşiqdir.
Eşqə düşmək, şahım, ona layiqdir, Layiqdir, layiqdir.

(M u s i q i)

P a d ş a h üzünü dəsmal ilə tutub ağlayır.

(M u s i q i)

K ә r ә m--

Qəm-qəsavət bu gün başa düzüldü,
Ağla, atam, ayrılığın günüdür.
Bizə qismət qürbət eldə verildi,
Ağla, atam, ayrılığın günüdür.

(M u s i q i)

Məni kül eylədi elin dilləri,
Bundan belə gözləməyin yolları.
Varayım, gəzəyim qürbət elləri,
Ağla, atam, ayrılığın günüdür.

(M u s i q i)

Məni, ata, halal elə gedirəm,
Bir tənbehdir öz-özümə edirəm.
Əslidən başqa özgəni nedirəm?
Ağla, atam, ayrılığın günüdür, hey!… (Gedir).

PƏRDӘ