Məzmuna keç

Əsli və Kərəm (opera)/Birinci pərdə

Vikimənbə saytından
Əsli və Kərəm. Birinci pərdə
Müəllif: Üzeyir Hacıbəyov
İkinci pərdə


Z ә n g i d ә, padşahın xəzinədarı olan keşiş (Arsen) xanın imarəti həyətində vaqe olur. Həyət gözəl bir bağçadır ki, içində cürbəcür ağaclar və güllər vardır. Sağ tərəfdə keşişin evi görünür, içəri daxil olmaq üçün qapısı vardır. Sol tərəfdə başı qarlı və dumanlı dağlar görünür. K e ş i ş i n q ı z ı (Əsli) bağçada bir sərv ağacının dibində oturubdur. Ətrafda k e ş i ş ilə bərabər
q ı z l a r və o ğ l a n l a r oynayıb gülməkdədirlər. Keşiş qapısının ağzında əyləşib, bağçaya tamaşa edir.

Ә s l i (kürd-şahnaz)--

Qəlbimə bir hiss girmişdir, adı bilməm nədir,
Gah acıdır, gah şirindir, heç dadı bilməm nədir.
Bezmişəm ata-anadan, görməyir heç şey gözüm,
Bu pərişan halımın heç illətin bilməm özüm.
Görmüşəm mən bir yuxu, ol yuxuda bir novcavan,
Qədd-qamət sərv tək, gözlər qara, qaşlar kaman.
Sarılıb incə belimdən, bus edər rüxsarımı,
Söyləyir: sevdim səni, tapdım nəhayət yarımı.

K e ş i ş, q ı z l a r və o ğ l a n l a r Ә s l i y ә tərəf gəlib oxuyurlar.

(M u s i q i: təsnif)

Gülüm, söylə sən görək,
Böylə pərişan neçin?

(M u s i q i)

Gülüm, söylə sən görək,
Böylə pərişan neçin?
Bizi eylə hali sən,
Dərdin nədir, dərdin nədir, dərdin nədir?
Hey … tez söylə, tez söylə, tez söylə sən!

(M u s i q i)

Bunca dövlətdən məgər
Razı deyilsən, qızım?

(M u s i q i)

Bunca dövlətdən məgər
Razı deyilsən, qızım?
Bizi eylə hali sən.
Dərdin nədir, dərdin nədir, dərdin nədir?
Hey … tez söylə, tez söylə, tez söylə sən!

Ә s l i (şahnaz)--

Zərrə qədri dövlətin yoxdur gözümdə hörməti,
Anlamam, billah, nədir dövlətlə dünya ləzzəti.
Eşqdir dərdim mənim, aşiq olub bir oğlana,
Hazıram qurban edəm öz canımı mən ol cana.

K e ş i ş--

Sən nəsən, aşiq nədir?
Heç həya etməzmisən?!
Kimdir ol oğlan belə?
Kim dəli etmiş səni?

(nəvazişlə)

Gəl, qızım, söylə görüm:
Kim edib aşiq səni?

Ә s l i (şahnaz)--

Görmüşəm mən bir yuxu, ol yuxuda bir novcavan,
Qədd-qamət sərv tək, gözlər qara, qaşlar kaman.
Sarılıb incə belimdən, bus edər rüxsarımı,
Söyləyir: sevdim səni, tapdım nəhayət yarımı.

(M u s i q i)

H a m ı (təsnif)--

Yuxunun var insana böylə əsəri məgər? (2 dəfə)
Yuxu verir insana zövqü səfa, cövrü cəfa, zövqü səfa,
Hey, sən söylə, sən söylə, sən söylə hey!…

(bir də təkrar)

(M u s i q i)

Hamı Ә s l i ilə durub içəri daxil olurlar. Səhnədə heç kəs qalmır by halda K ә r ә m ilə S o f i o biri tərəfdən çıxıb bağçaya gəlirlər.

S o f i (bayatı-Şiraz)--

Sal nəzər, şahzadə, bir bax keşişin bağına,
Həm gülə, həm sünbülə, gendən görünən dağına.

K ә r ә m--Dostum Sofi!

Bu qədər güllər və sünbüllər mənə eşq artırır,
Eşq ilə yanmış çirağa yağ olub da yandırır.

S o f i--

Söylə sən, şahzadə, kimdir aşiqin bir dəm mənə,
Bəlkə mən bu yolda göstərrəm ola xidmət sənə.

K ә r ә m--

Bir yuxu gördüm, əzizim, bir nəfər nazlı sənəm,
Bus edər hərdən məni, söylər mənə yarın mənəm.
Qaş qara, gözlər qara, baldan şirindir ləbləri,
Qədd-qamət sərv tək, xumardır şux gözləri.
Qönçə tək açmış dəhanın, dişləri dür danəsi,
Olmuşam, Sofi, o gündən ol qızın divanəsi.

K e ş i ş çıxıb baş əyir.

K e ş i ş (söz ilə)--Ey şahzadə, sən bizə çox xoş gəlibsən, səfa gətiribsən! Buyurun bizim xanəmizə!
K ә r ә m--Çox sağ ol, keşiş, çox razıyıq.

H a m ı s ı bərabər içəri girirlər.

(M u s i q i)

Bir qədər sonra Ә s l i pərişan bir halda evdən çıxır.

Ә s l i (söz ilə)--Odur … özüdür … yuxumda gördüyüm oğlandır!

Bayatı-kürd

Yandırıb yaxmaqdadır eşğ atəşi əndamımı,
Düşmüşəm bir dərdə kim, bilməm özüm əncamımı.
Bar ilahi, tez yetir gəlsin mənim cananımı,
Ya diriltsin bəndəni, ya kim, tez alsın canımı.

Kənarda bir sandaliya üzərinə yıxılıb qalır.

(M u s i q i)

K ә r ә m dəxi içəridən çıxır, bu da pərişan haldır.

K ә r ә m (söz ilə)--

O kim idi? … o qız kim idi?…
Yoxsa mən yenə yuxu gördüm … yuxu….

(M u s i q i: şikəsteyi-fars)

Yenə gördüm surətin ol məhvəşin odlanmışam,
Tazadan eşqə düşüb, suzi-cigərlə yanmışam.
Gəl, gəl, ey dilbər, məni bu şübhədən eylə xilas,
Gördüyüm sənsənmi, yoxsa yuxuya aldanmışam?

O tərəfdən Ә s l i ayağa durub getmək istərkən bunlar bir-birini görürlər və bir qədər məəttəl qalıb qucaqlaşırlar, bəədə Ә s l i kənara çəkilir.

Ә s l i (söz ilə)--

Ah!… Oğlan, kərəm eylə, bizi görərlər.

K ә r ә m--

Əsli nədir, ey dilbər? (Buraxmayır).

Ә s l i (dartınır)--

Ah!… Kərəm eylə, keşiş babam gəlir.

K ә r ә m--

Əsli nədir, gözəlim!

Ә s l i--

Ah!… Kərəm eylə, qorxuram.

K ә r ә m--

Əsli nədir, qorxma!

Ә s l i--

Yox, oğlan, kərəm eylə, kərəm eylə.

K ә r ә m--

Ey nazlı dilbər, qoy sənin adın Əsli olsun, mənim adım Kərəm.

Ә s l i--

Qoy olsun, ancaq qorxuram, keşiş babam çıxıb bizi görər.

K ә r ә m--

Canım Əsli, bir ləhzə mənim ilə otur, səni tapmışam və səndən ayrıla bilmirəm.

(M u s i q i)

Ә s l i (şikəstə)--

Nə gəzərsən məlul-məlul bu yerdə,
Aman Kərəm, məni rüsvay eyləmə!
Məni sənə qismət eyləmiş yəzdan,
Aman Kərəm, məni rüsvay eyləmə!

K ә r ә m--

Doymadım dadlı-dadlı dilindən,
Aman Əslim, elə sözlər söyləmə!
Gözümü qan bürüdü, qorxuram ölümdən,
Aman Əslim, elə sözlər söyləmə!

(M u s i q i)

Ә s l i--

Heç olurmu buralarda elə iş,
Keşiş babam duyar, eyləyər təftiş,
Duymamışkən tez olgilən qalx, siviş,
Aman Kərəm, məni rüsvay eyləmə!

(M u s i q i)

K ә r ә m--

Sarılaram incə miyan belindən,
Doymamışam dadlı-dadlı dilindən.
Qorxuram ki, ayrılasan sən məndən,
Aman Əslim, elə sözlər söyləmə.

(M u s i q i)

Ә s l i (durur ayağa)--

Ağam Kərəm, paşam Kərəm, xan Kərəm,
Atış Kərəm, tutuş Kərəm, yan Kərəm.
Əsli olsun sənə qurban, can Kərəm,
Aman Kərəm, elə sözlər söyləmə!

K e ş i ş i n səsi gəlir. Ә s l i K ә r ә m ә baxa-baxa həsrətlə getməyə məcbur olur.

K ә r ә m (segah)--

Gərcək oldu bu yuxum, tapdım məgər xan Əslimi,
Verməsə, billah, keşiş ölləm əgər xan Əslimi.
Ağlımı aldı başımdan səndəki sevdayi-eşq,
Kor olmuş gözlərim təkcə görər xan Əslimi.

S o f i (çıxıb Kərəmi axtarır və tapır)--Ey şahzadə, keşiş səndən nigarandır, harada qaldın gəlmədin.

K ә r ә m (segah)--

Tapmışam cananımı, Sofi, mənə rəhm eylə sən,
Noldun, ey birəhm, sən söylə, ona rəhm eylə sən.
Gördüyüm röyadakı dilbər keşişin qızıdır,
Söyləməm, bil kim, bu sirri tək sənə rəhm eyləsən.

S o f i (söz ilə)--Yuxuda gördüyün, keşişin qızı imiş?
K ә r ә m--Odur … özüdür.
S o f i--Daha bundan asan bir iş yoxdur. Şah baban əmr edər, keşiş qızını sənə verər. Özü də bu işə çox şükürlər edər, çünki şahzadədən artıq kimə qız vermək olar.
K ә r ә m--Yox, Sofi, qardaş, mən keşişdən çox qorxuram. O, qızı mənə vermək istəməyəcәkdir.
K e ş i ş (çıxır)--Ey şahzadə, səndən nigaran oldum (kənara). Şahzadə çox pərişanhaldır, burada bir hikmət vardır. (Onlara). Buyurun eyş-işrətə məşğul olaq.
S o f i--Çox razıyıq. Lakin şahzadə bir qədər kefsizdir. İsfahana getməyimiz lazımdır.

Q ı z l a r və o ğ l a n l a r hamısı buraya çıxırlar. Ә s l i isə qapının ağzında dayanır.

K e ş i ş--Buna heç bir sözüm ola bilməz. Əmr sizindir. (Kənara). Çıxıb getsələr yaxşıdır….
K ә r ә m v ә S o f i--Xudahafiz, səlamət qalasınız. (Hamı baş əyir.)

(M u s i q i)

H a m ı (təsnif)--

Xoş gəldin, xoş gəldin,
Xoş gəldin, şahzadə! (2 dəfə)
Yaşasın şahzadə, ömrü onun çox olsun! (2 dəfə)

K ә r ә m v ә S o f i gedirlər, Ә s l i özünü saxlaya bilməyib, birdən hönkür-hönkür ağlayır, h a m ı mat qalır.

Ә s l i (segah)--

Sən məni tənha qoyub getdin, mənim canım Kərəm,
Rəhm qıl, qoyma məni hicr oduna yanım, Kərəm!
Bilmirəm ata nədir, ana nədir, əqvam nədir,
Sən mənə oldun belə candan əziz, xanım Kərəm!

K e ş i ş (acıqla)--Qızım, qızım, bu nə işdir görürsən.

Təsnif, musiqi ilə bir yerdə.

Yoxsa, qızım, şahzadəyə aşiqsən?
Yoxsa qızım, şahzadəyə aşiqsən?
Bəs elə imiş, bəs elə imiş,
Onda gör səni mən necə edərəm.

Ә s l i--Bəli, mən şahzadəyə aşiqəm. (Hamıda hərəkət.)

K e ş i ş--

Get gözümdən tez! (2 dəfə)
Rədd ol burdan, rədd ol!
Mən səni sevməm,
Get gözümdən tez,
Get közümdən tez,
Sən dəlisən, sən dəlisən.
Sən dəlisən, get!…

(M u s i q i)
Get, get, get!…

PƏRDӘ