Məzmuna keç

Əzudüddövlənin oğlunun xəstələnməsi

Vikimənbə saytından
Əzudüddövlənin oğlunun xəstələnməsi
Müəllif: Seyid Əzim Şirvani


Əzudun oğlu oldu çün bimar,
Atasından tükəndi səbrü qərar.
Dedi bir abidi-fəriştənihad:
Quşları eylə bənddən azad.
Ta xuda oğluva şəfa versin,
Lütf ilə dərdinə dəva versin.
Ol xudavəndi-ədlü bəxşişü dad,
Etdi bülbülləri o dəm azad.
Leyk bir əndəlibi-nəğməsəra
Nəğməsindən müzəyyən oldu səra,
Qaldı künci-qəfəsdə zarü əsir,
Biqərarü həzinü bəs dilgir.
Əzudun oğlu ta ki, tapdı şəfa,
Bilib əhvalı ol güli-rəna.
Dedi: - Ey bülbüli-Məsihnəfəs,
Səni sövtün qoyub əsiri-qəfəs.
Olmasaydı əgər bu göftarın,
Olma idi bu gunə azarın.
Neçə ki, Seyyidi-bədikəlam
Dil bəlasın çəkər cahanda müdam.
Nitqdəndir bəlalər insanə,
Nitq elə hər sözü həkimanə.
Demirəm ki, həmişə xamuş ol,
Nitq həgamı sahibi-huş ol.
Necə kim Sədi eyləmiş israr:
“Əvvəl əndişə, vongəhi göftar”.
Fikr qılmaq binadü, söz divar.
“Paybəst amədəst, pəs divar”