Məzmuna keç

Ağacların bəhsi

Vikimənbə saytından
Ağacların bəhsi
Müəllif: Mirzə Ələkbər Sabir
Məsnəvi


Alma, palıd, şam ağacı hal ilə
Eylədilər bəhs bu minval ilə:

Başladı tərifə palıd qamətin,
Öydü özün, zorbalığın, halətin;

“Yetməz olur, - söylədi, - dağlar mənə,
Layiq olur fəxr edə bağlar mənə;

Az qala başım yetişir göylərə,
Şax budağım kölgə Salıb hər yerə;

Əssə külək, qopsa da tufan, yenə
Əyməyə əsla gücü çatmaz mənə;

Canlıcadır, zorbacadır baldırım,
Sındıra bilməz məni heç ildırım!”

Alma ağacı ona verdi cəvab:
“Eyləmə tərif özünü, ey cənab!

Zorbadı hərçənd ki, qəddin sənin,
Yox mənə tay olmağa həddin sənin;

Səndə bitər bir neçə vecsiz qoza,
Ancaq o da qismət olar donquza.

Məndə, vəli, yaxşı, gözəl alma var,
Rəngini hər kim görə heyran qalar!

Dadlı, lətafətli, məlahətlidir,
Saplağı incə, özü ləzzətlidir!”

Şam ağacı bildi bu keyfiyyəti,
Söylədi:”Bəsdir, buraxın söhbəti!

Boş danışıqdan nə çıxar, ay balam?
Qış günü siz çılpaq olursuz tamam;

Leyk mənim qışda dəxi yaz kimi,
Yaşıl olur paltarım atlas kimi;

Lazıməm ev tikdirən insanlara,
Həm dirəyəm, həm qapı eyvanlara

Qış sobada xəlq məni yandırar,
Mənfəətim xəlqə mənim çox dəyər”.