Məzmuna keç

Abid və quru kəllə

Vikimənbə saytından
Abid və quru kəllə
Müəllif: Seyid Əzim Şirvani


Çay kənarında bir nəfər abid
Həqqə olmuşdu şövq ilə sacid.
Gördü bir kəllə su üzündə əyan,
Aparır çay aşağə seyli-rəvan.
Durub abid o kəlləyə yetdi,
Kəllənin halını sual etdi.
O quru kəllə nitqə gəldi rəvan,
Dedi: - Ey abidi-fəriştənişan,
Şah idim mən cahanda izzət ilə,
Ruzgarım keçirdi şövkət ilə.
Tac ilə təxtü dövlətim var idi,
Gəncü zərrü rəiyyətim var idi.
Hər tərəf işlər idi fərmanım,
Xoş keçərdi həmişə dövranım.
Məclisimdə müdam cami-şərab,
Saqivü badə, çəkgü tarü rübab.
Neçə zərrinkəmər qulamlərim,
Hasil idi cahanda kamlərim.
Məclisim xüld badə kövsər idi,
Hər murad istəyəm-müyəssər idi.
Eylədi dəhr eyşimi bərbad,
Mürği-ruhə əcəl olub səyyad,
Mənzilim ta ki bir məğak oldu,
Bədənim döndü tirə xak oldu.
Qəbrimi seyl həm fəna qıldı,
Məni bu halə mübtəla qıldı.
Seyyida, bir diyardır bu fəna-
Ki, bərabərdir onda şahü gəda...