Məzmuna keç

Aləmdə səsim var mənim

Vikimənbə saytından
Aləmdə səsim var mənim
Müəllif: Seyid Əzim Şirvani


Əmərəm ləblərini ta nəfəsim var mənim,
Tutiyəm şəkkərə, ey gül, həvəsim var mənim.

Gəldi qanımı töküb yar qurtatsın qəmdən,
Şükr lillah ki, könül, dadrəsim var mənim.

Bənd-bəndim kəsələr eyləmərəm tərki-fəğan,
Qoy nəva ney tək edim ta nəfəsim var mənim.

Mürği-baği-mələkutəm qəfəsi-çərxə əsir,
Bu əcəb təng olan gör qəfəsim var mənim.

Bikəsəm aləm ara, dərdü qəmindən özgə,
Nə həvadarü nə yavərü nə kəsim var mənim.

Etmişəm gərçi bu dəm aləmi-nasutü vətən,
Ey könül, böylə deyil, pişü pəsim var mənim.

Karvan getdi, könül, qafil edirsən nalə,
Dəm-bə-dəm naləvü bangi-cərəsim var mənim.

Mövti-cismani ilə sanma mənim ölməyimi,
Seyyida, ölmərəm, aləmdə səsim var mənim.