Alimi-biəməl vaqiəsi
Alimi-biəməl vaqiəsi Müəllif: Seyid Əzim Şirvani |
Bir nəfər mərd getdi təhsilə-
Ki, yetirsin ülumi təkmilə.
Neçə illər ki, qaldı qürbətdə,
Oldu övqatı sərf işrətdə.
Nə kitabü nə dərsü nə təkrar,
Eyşü işrətdə qaldı leylü nəhar.
Elmdən bir şey etməyib hasil,
Vətənə gəldi alimi-cahil.
O zaman kim, vətəndə qaim idi,
Binəva bundan artıq alim idi.
Gəlibən xəlq, bədi-həmdü səna
Etdilər iltimas, key mövla,
Neçə illərdü ey imami-kəbir,
Yoluva göz dikib səğirü kəbir,
Cəm olubdur bu dəm vəznü şərif,
Məscidi-cameə gətir təşrif.
Bizə üç gün gərəkdü vəz edəsən,
Rəsmü adabi-şəri öyrədəsən,
Məhşər əhvalını bəyanə gətir,
Qəlblər kim, ölübdü – canə gətir.
Gördü kim, izdiham edibdir əvam,
Edibən məscidə o dəmdə xuram,
Duruban başə qoydu əmmamə,
Geydi nəleynini o əllamə.
Gəldi məsciddə oldu pişnəmaz,
Etdi bəd əznəmaz razü niyaz
Ərseyi-minbər üstü tutdu qərar,
Edər avaz, key ülül-əbsar.
Siz bilirsiz əya güruhi-fəqir?
Dedilər: - Bilmirik, elə təqrir.
Bilməyənçün, dedi, edim nə bəyan?
Edibən qəhr, düşdü oldu rəvan.
Yenə fərda edər o qövmə xitab –
Ki, bilirsiz, əya küruhi-dəvab?
Dedilər kim, bəli, əya mövla,
Bilirik, ey imami-ərzü səma!
Dedi kim, bəs bilirsiz ey bipir,
Dəxi bica nə eylərim təqrir?
Yenə düşdü aşağə minbərdən,
Getdi ol naibi-imami-zəmən.
Yenə fərda edər o qövmə xitab-
Ki, bilirsiz əya küruhu-lübab?
Dedilər: - Nisfimiz bilir, əmma
Nisfimiz bilmir, ey imami-hüda.
Dedi kim, ol, bilən güruhi-əlim
Eyləsin bilməyənlərə təlim.
Dedilər mərhəba bu göftarə!
Budu söz, dərdə eylədin çarə.
Elmi bir kəlmədə təmam elədin.
Çareyi-dərdi-xasü am elədin.
Sən təki olsa alimü fazil
Bizi hər mətləbə edər vasil.
Həqq-təala verib kəmal sənə,
Aldığın pul ola həlal sənə!