Məzmuna keç

Aralı

Vikimənbə saytından
Aralı
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh.21

Qəzanın gərdişi tərsə dolandı,
Necə düşdüm əziz eldən aralı.
Ömrümün gülşəni yeksər talandı,
Bülbül kimi oldum güldən aralı.

Tənəzzül gətirdi, iş oldu müşgül,
Dərd üz verir, mən ağlaram müttəsil.
Sərgərdan, avara, həm zaru xəcil,
Qalmışam bir şirindildən aralı.

Nə görmür gecələr həsrət gözüm xab,
Eşitsə naləmi, kim eyləyər tab?
Yarəb, necə oldu alagöz Səhlab?
İman gəzir o səfildən aralı.