Məzmuna keç

Aslan və iki öküz

Vikimənbə saytından
Aslan və iki öküz
Müəllif: Seyid Əzim Şirvani


Bir çəragah içində iki öküz,
Otlayırlardı şad gecə-gündüz.
Nagah onlara bir qəvi aslan,
Eylədi həmlə səxt seyhə-künan.
Çün öküzlər görüb o əhvali,
Oldular fikri-xəsmdən hali.
Verdilər dal-dala o heyvanlar,
Qıldı buynuzlarıyla cövlanlar.
İttifaq eyləyi diliranə,
Durdu onlar müqabil aslanə.
Gördü aslan çü surəti-karı,
Bildi ki, həmləsi deyil karı.
Görüb aslan ki, yox işində zəfər,
Oldu rubəh misali hiylətgər.
Hiylə fikriylə ol qəvi-sövlət,
Öküzün eylədi birin dəvət.
Dedi: - Ey gavi-xoşələf, hərgah
Olasan ol rəfiqdən ikrah.
Sənə minbəd etmərəm azar,
Olusan hər çəməndə bərxürdar.
Sənə verrəm hamı ələfzarı,
Görməsən bir dirəndə azarı.
Olusan daima pənahımda,
Dərgəhi-ərşi-iştibahımda.
O qədər vəsf edib özün satdı,
Axır ol binəvanı aldatdı.
Onları bir-birindən etdi cüda,
Oldu aslanə müddəa peyda.
Onların parə qıldı əzasın,
Ey gözüm nuru, anla mənasın.
Əgər olsaydı ittifaqləri,
Gavlər görməz idi bu xətəri.
Xah rus əhli olsa, xah firəng
Vətən əhlilə olgilən yekrəng.
İttihad eylə, ittifaq eylə,
Üzüvü hər məkandan ağa eylə.