Avşarlar/Avşar elinin ünlü nümayəndələri

Vikimənbə saytından
Avşar elinin tarixi rolu, coğrafiyası və yayılma arealı Avşarlar. Avşar elinin ünlü nümayəndələri
Müəllif: Ənvər Çingizoğlu
II fəsil (Avşar boyu: öygü, öyüd, onqon, damğa və atributları)


Avşar elinin nümayəndələri Azərbaycan və şərq ölkələrində qurulan dövlətlərin ictimai-siyasi həyatında mühim rol oynamışlar. Biz əsasən Azərbaycan dövlətlərin idarəolunmasında və başqa dövlət işlərində iştirak edən avşar oğullarından söhbət açacağıq. Qaraqoyunlu dövlətinə xidmət edən tayfa başçıları arasında avşar əmirləri də vardı. Onlardan biri Cəmşid ağadır. Cəmşid ağa Qara Iskəndər bəy Baranlı-Qaraqoyunluya qulluq etmişdi. Savaşda öldürülmüş ağqoyunlu tavaçısı Əhməd bəyin başını Osmanlı sarayına aparmışdı. Ağqoyunlu dövlətinə qulluq edən avşar əmirləri də vardı. Onlardan biri də Mənsur bəydir. Faruq Sümer onun haqqında yazır: «Mənsur bəy Uzun Həsən bəyin hələ ağqoyunluların başçısı olmazdan əvvəl onun yaxın nökərləri (yoldaş) arasında idi. Qüvvətli bir ehtimala görə, Mənsur bəy Suriya avşarların mənsub idi. Həsən bəyə sədaqətlə xidmət etdikdən sonra Iran fəth olunanda tabeliyindəki avşarlarla bu ölkəyə gəlmiş və Kuhgiluyə valisi təyin olmuşdu. Uzun Həsən bəyin oğlu Fars valisi Xəlil mirzənin 1467-ci ildə təşkil etdiyi rəsmi keçiddə (yasalda) Mənsur bəy də öz əsgəri birliyi ilə iştirak eləmişdi. Mənsur bəyin Otluqbeli (paytaxt) müharibəsində iştirakına dair Rumlu Həsən bəyin sözlərinə inanmaq müşküldür. 1497-ci ildə ağqoyunlu taxtına ələ keçirmək üçün hərəkətə keçən Məhəmmədi mirzə Şirazı Pörnək Qasım bəyin əlindən alaraq Mənsur bəyə vermişdi. Pörnək Qasım bəy Azərbaycan hakimi ağqoyunlu Əlvənd və onun bəylərbəyisi Ibə sultan tərəfindən Farsa göndərilsə də, avşarlar onu məğlub etmiş, hətta Qasım bəyi əsir almışdılar. Məhəmmədi mirzənin Piri bəy adlı avşar bəyi vardı ki, o, Məhəmmədi mirzə ilə Sultan Murad bəy arasında baş verən bir döyüşdə ölmüşdür. Mənsur bəyi sonra Iraqi-Əcəmə və Farsa hakim olan Ağqoyunlu Sultan Murad bəyin, 907-ci ildə isə Farsı idarə edən ağqoyunlu Əbülfət bəy Bayandurun xidmətində olduğunu görürük. Az sonra Şah Ismayıl qızılbaş türk oymaqlarının başında ağqoyunlu hakimiyyətinə son qoyaraq Səfəvi dövlətinin qurmuşdur. Mənsur bəy də bir çox digər ağqoyunlu bəyləri kimi gənc qızılbaş hökmdarına itaət etdiyini bildirmiş və 911-ci ildə (1505) Fars valisi təyin olunmuşdur. Lakin Mənsur bəyin valiliyi çox az müddət davam etmiş, onun tutduğu vəzifə Xəlil sultan titulu ilə Zülqədər (dulqədir) elindən Sarışeyxli oymağının rəisi Əhməd bəyə verilmişdir». Səvəfilər dövlətini quran, sərhədlərini genişləndirən, idarə edən avşar əmirləri çox idi. Bunlardan biri Şah Ismayılın Xorasan səfirində (916-1510/1511) iştirak edən Dana Məhəmməd bəy idi. Əhməd sultan adlı digər bir avşar əmiri də I Şah Ismayıl tərəfindən Fərəh hakimliyinə təyin edilmişdi. Avşar elinin adlı əmirlərindən biri də Sultanəli mirzədir. 1514-cü ildə Çaldıranda Osmanlı ordusuna qarşı savaşan Qızılbaş ordusunun cinahına Sultanəli mirzə Avşar başçılıq edirdi. I Şah Ismayılı əsir götürmək istəyən osmanlılara «Şah Ismayıl mənəm» demişdi. Osmanlılar onu əsir almışdılar. Üzdən I Şah Ismayıla oxşayırdı. Avşar elinin səsli əmirlərindən biri də Sultanşah bəydir. I Şah Ismayıla xidmət etmişdi. Təzə qurulan dövlətin sütunlarından (ərkani-dövlət) idi. Avşar elinin adlı əmirlərindən biri də Piri bəy idi. I Şah Ismayıla xidmət etmişdi. Pərvanəçi idi. Avşar elinin adlı əmirlərindən biri də Məhəmməd bəydir. I Şah Təhmasibə xidmət etmişdi. Şah onu qardaşı Əlqasib (Əlqas) mirzənin xidmətinə göndərmişdi. Avşar elinin adlı əmirlərindən biri də Həmzə bəydir. I Şah Təhmasibə xidmət etmişdi. Həmzə bəy Azərbaycanda olurdu. Avşar elinin adlı əmirlərindən biri də Şahqulu sultan Sarışeyxlidir. I Şah Təhmasibə xidmət etmişdi. Şahqulu sultan Azərbaycanda olurdu. Faruq Sümer yazır: «953-cü ildə (1546) Təbrizdə avşar və zülqədərlər (dulqədir) arasına düşən bir ixtilaf silahlı çarpışmaya qədər böyümüşdü.Bu hadisə zamanı avşarların başında Sevindik bəy, Şahqulu sultan və Mahmud xan dururdu». Avşar elinin adlı əmirlərindən biri də Sevindik bəydir. I Şah Təhmasibə xidmət etmişdi.Səvindik bəy sarayda olurdu. Uzun illər şahın qorçubaşısı olmuşdu. Faruq Sümer yazır: «Onlardan qorçubaşı Sevindik bəy 969-cu ildə (1561-1562) ölərkən yaşı 90-ı keçmişdi. Oğlu Hüseyn bəy 1 Şah Təhmasibin və onun xələfi II Şah Ismayılın dövründə Xorasanda, müxtəlif sancaqlarda vali olmuş, Sultan Məhəmməd Xudabəndə zamanında isə vali olduğu Səbzəvarda üsyan etdiyi üçün yaxalanıb öldürülmüşdü». Bəzi avşar əmirləri haqqında Faruq Sümer yazır: «977-ci ildə (1569-1570) Kirman valisi olan Yəqub sultan və qardaşı Yusifqulu sultan, Koroğlu Xosrov sultan və Dana (Məhəmməd) bəy oğlu Allahqulu bəy də Təhmasib dövrünün avşar əmirlərindən idi. Şah Sultan Məhəmməd zamanında Fərəh hakimi Hüseyn sultan və qardaşı Əlixan sultan hansı obadan olduqları bilinməyən avşar bəylərindəndir.Onlar Fərəh vilayətində ortaya çıxan Yalançı Ismayıllardan biri ilə vuruşaraq ölmüşdülər.Onların qohumu Yeyən sultan Fərəhə və Isfizarə vali təyin olunmuşdu.997-ci ildə (1588-1589) qorçubaşı avşar Bədir xan idi. O, həmin il Astarabad valisi təyin olundu, qorçubaşılıq avşar boyundan Kirman hakimi Vəli xana, Kirman valiliyi isə Vəli xanın oğlu Bəktaş xana verildi.997-ci ildə Avşar Çoban oğlu Mehdiqulu xanın Xorasan səfərində iştirak etməsi əmr olunmuşdu». Avşar elinin adlı əmirlərindən biri də Səncər sultandır. I Şah Təhmasibə xidmət etmişdi. Səncər sultan 1550-ci ildə özbəklərə qarşı vuruşmuşdu. Avşar elinin adlı əmirlərindən biri də Xızır sultan Gözüböyüklüdür. I Şah Təhmasibə xidmət etmişdi. Sərkərdə idi. 1554-cü ildə Taxti-Süleymanda osmanlılara qarşı vuruşmuşdu. Avşar elinin adlı əmirlərindən biri də Ibrahimqulu sultandır. I Şah Təhmasibə xidmət etmişdi. Sərkərdə idi. 1554-cü ildə Taxti-Süleymanda osmanlılara qarşı vuruşmuşdu. Avşar elinin adlı əmirlərindən biri də Əbülfət sultan Gündüzlüdür. I Şah Təhmasibə xidmət etmişdi. 1554-cü ildə Taxti-Süleymanda osmanlılara qarşı vuruşmuşdu. Avşar elinin tanınmış əmirlərindən biri də Məlikaslan bəydir. I Şah Təhmasibə xidmət etmişdi. Şahzadələrdən birinin lələsi idi. 1566-cı ildə özbəklərə qarşı yürüşdə iştirak etmişdi. Avşar elinin adlı əmirlərindən biri də Şahverdi bəydir. Şahverdi bəy I Şah Təhmasibə xidmət etmişdi. O, 1566-cı ildə özbəklərə qarşı vuruşmuşdu. Avşar elinin başçılarından biri də Nədir xandır. I Şah Abbasın hakimiyyəti dönəmində Astarabadın hakimi təyin edildi. Öncə Allahqulu xan qorçubaşını əvəz edirdi. Avşar elinin məşhur əmirlərindən biri də Bisütun bəydir. Nadirqulu xan Bisütun bəyi 1730-cu ildə Azərbaycan hakimi təyin etmişdi. Levaşovun və baron Şafirovun 1732-ci il 20 mart raportundan Təbrizin ikinci dəfə osmanlılar tərəfindən tutulması haqqında məlum olur ki, II Şah Təhmasib şəhəri müdafiəsiz qoymuş, onun idarə edilməsini əvvəlcə xalxallı Məhəmmədqulu xana, sonra isə Bisütun xana həvalə etmiş imiş. Məhəmmədqulu xan özünün vəzifədən götürüldüyünü bilərək karvansaranı və varlı evləri talayıb, Xalxala getmişdi. Bisütun xan da Təbrizdə çox davam gətirmədi. Əli paşanın çoxsaylı qoşunlarla yaxınlaşdığını eşidən kimi, öz oğlunu 1500 döyüşçü ilə orda qoyaraq şəhəri tərk etdi. Sakinlərin əksəriyyəti də şəhəri tərk etdi, yalnız iki minə yaxın ən yoxsulu qaldı. Osmanlı qoşunları Təbrizə yaxınlaşanda Bisütun xanın oğlu da döyüşçüləri ilə şəhəri tərk etdi. Avşar elinin adlı əmirlərindən biri də Qədirqulu bəydir. Qədirqulu bəy Nadir şah Avşara xidmət etmişdi. Şahın Hindistan yürüşündə iştirak etmişdi. Avşar elinin adlı əmirlərindən biri də Hacı Məhəmməd bəydir. Hacı Məhəmməd bəy Nadir şah Avşara xidmət etmişdi. Şahın Hindistan yürüşündə iştirak etmişdi. Avşar elinin tanınmış simalarından biri də Bəyverdi bəy Avşardır. Nadir şahın hakimiyyəti dönəmində Sulduz və Savucbulaq mahallarında elbəyi, ulus vəkili vəzifəsində çalışmışdı. El və mahal camaatı ilə müdarayla dolanmadığandan Çarxçıbaşı Fətəli xan Araşlı Nadir şaha ondan şikayət etdi. Nadir şah əmr verdi ki, Fətəli xan özü onu cəzalandırsın. Fətəli xan Urmiyanın 1 ağaclığındakı Göytəpə mənzilində Bəyverdi bəyi yanına çağırtdırıb, boğazına ip atdı. Avşar elinin adıbəlli igidlərindən biri də Divanqulu bəydir. Divanqulu bəy Nadir şahın ordusunda xidmət etmişdi. 1738-ci ildə tunel qazan alətlərlə Bəstə getmişdi. Qalanı alıb Bədir xan Əfqanı əsir tutmuşdu. Avşar elinin adlı əmirlərindən biri də Səfiyar bəydir. Nadir şah Qəndəharın alınması müjdəsini Səfiyar bəylə qardaşı, Azərbaycan hakimi Ibrahim xan Zəhirəddövləyə bildirmişdi. Avşar elinin tanınmış simalarından biri də Əlimurad xandır. Əlimurad xan Əndəhud hakimi təyin edilmişdi. Itaətdən boyun qaçırdığı üçün Nadir şah oğlu Rzaqulu mirzəyə əmr etmişdi ki, Sərxəs yaxınlığındakı Əndəhuda gedib Əlimurad xana qulaqburması versin. Rzaqulu mirzə bir il qoşun tərtibi ilə məşğul oldu. Sonra Əndəhuda hücuma keçdi. Əlimurad xanın yanında olan avşar başçılarının bir dəstəsi ondan üz döndərib şahzadəyə tərəf keçdilər. Əlimurad xan 6 həftə inadla vuruşsa da, bir görə bilməyib, təslim oldu. Onu Herata göndərib, orda edam etdilər.