Avşarlar/Avşar elinin tarixi rolu, coğrafiyası və yayılma arealı

Vikimənbə saytından
Avşar elinin mifik şəcərəsi Avşarlar. Avşar elinin tarixi rolu, coğrafiyası və yayılma arealı
Müəllif: Ənvər Çingizoğlu
Avşar elinin ünlü nümayəndələri


Tarixçi F. Sumer avşarlar haqqında mükəmməl bilgi verəndən sonra yazır ki, bu məlumatlardan da göründüyu kimi, avşarlar tariximizdə ən davamlı rol oynamış böyük bir boydur. Bu baxımdan heç bir oğuz boyu onunla müqayisə edilə bilməz. Burada avşarlar haqqındakı məlumatların xülasəsini vermək yerinə düşərdi.

  1. Rəşidəddinin «Türklərin tarixi» fəslində avşarların hökmdar yetirən 5 boydan biri olduğu yazılır. Buradan onların oğuzların islamiyyətdən əvvəlki tarixlərində də ən mühüm rollar oynamış boylardan biri olduğu nəticəsi çıxır.
  2. Səlcuqlar dövründə öz fəaliyyətləri ilə qaynaqlarda iz buraxmış 3-4 boy var ki, onlardan biri də avşarlardır. Göründüyü kimi, əfşarlar XII əsrin ikinci yarısında Xuzistanda və ona qonşu yerlərdə 40 ildən artıq sürən bir bəylik qurmuşlar.
  3. Avşarlar XVI əsrdə kayı boyundan sonra ikinci olmaq üzrə Anadoluda ən çox yer adına sahib boydur. Bu onların Anadolunun fəth edilməsi və məskunlaşdırılmasında ən mühüm rol oynamış boylardan biri olduğunu göstərir.
  4. Yazıçıoğlu Əliyə görə, Qaraman oğulları avşarlara mənsubdur. Bu çox mümkündür.
  5. Avşarlar oynadıqları böyük tarixi rola baxmayaraq, XIV əsrdə Hələb bölgəsindəki qələbəlik türkmən icmasını meydana gətirən üç boydan biri idi. XIV əsrdən son dövrlərədək Anadoluda və Iranda fəaliyyət göstərən avşarlardır. Bu avşarlar XIV əsrdə Zülqədərli bəyliyinin qurulmasında (imanlu avşarı), Sisin (Kozan) fəthində və məskunlaşdırılmasında iştirak etmişlər.
  6. XV əsrdə avşarlar ağqoyunluların fəaliyyətində də iştirak etmişlər. Bunun nəticəsində onlardan bir qismi Irana getmişdir. Səfəvi dövləti qurulduqda isə Anadoludan Irana yeni avşar obaları köçdü, beləliklə Iranda qüvvətli bir avşar varlığı meydana çıxdı. Bu afşarlara mənsub olan Nadir böyük uğurlar qazanaraq Səfəvi hakimiyyətini öz hakimiyyəti ilə əvəz etdi. Avşarlar öz siyasi hakimiyyətlərini itirdikdən sonra da varlıqlarını davam etdirdilər. Bu gün Irandakı qələbəlik türk ünsürünün mühüm bir qismi avşarların törəmələridir.
  7. Anadoludakı avşarlara gəlincə, onlardan bəzi obalar hələ XVI əsrdən etibarən burada yerləşməyə başlamışdır. Onların böyük hissəsi XIX əsrin ikinci yarısına qədər köçəri olmuş, sonra əsasən Kayserinin Pınarbaşı, Sarız və Tomarza qəzalarında yerləşmişlər. (Bax: F. Sümer, Oğuzlar, Bakı, səh. )
  8. Iranda Fars əyalətində (ostanında) yaşam sürən Qaşqay elinin tərkibində avşarların bir neçə tayfa-tirəsi var. Qaşqayların farsimədən, əmələ və böyük kəşkuli tayfaları arasındakı bulverdi, avşar-kermani, qırxlı, imirli, qasımlı, əmələ-qasımlı, arıxlı, papəti, qutlu və qutulu tirələrinin hamısı avşarlardır.
  9. Şahsevən elinin aparıcı və nəcib oymağı sarıxanbəylilər avşar əsillidirlər. Bu eli yaradan oymaqların əksəriyyəti avşar idilər. Inanlı avşar köklü oymaq sayılırdı.
  10. Bir çox tarixçilər (Rzaqulu xan Hidayət, Mirzə Camal Cavanşir, Rzaqulu bəy Vəzirov) Cavanşir elini avşar köklü hesab edirlər.
  11. XVIII yüzilə aid ərəb əlifbası ilə yazılmış sənədlərdə, həmçinin məşhur Azərbaycan coğrafiyaçısı Qafur Rəşad Mirzəzadənin 1920-ci ildən qabaq çap etdirdiyi bir xəritədə Abşeron adı Əfşaran şəklində yazılmışdır. Açması avşarların yaşadığı yer deməkdir.
  12. Avşar eli qədim zamanlarda, XIII yüzildə Həmədan və Əxlat ətrafında yaşayırdılar. Tarixçi Əhməd Zəki Vəlidi Toğan yazır: «Avşar boyu Xarəzmşahlar dövründə də güclü qəbilə kimi Həmədan və Əxlat ətrafında ətrafında yaşamışdır. Cəlal əd-Dinin bunlardan aldığı qənimətlərin yalnız beşdə biri (xüms) 30000 qoyundan ibarət idi. (Bax: Ə. Z. V. Toğan, Azərbaycan, Bakı, 2007, səh.39-40).
  13. Həmədanın Əsədabad bölgəsindəki Qızılüzən çayının və ona qoşulan Talvar çayının vadisində yaşayan əhali avşar soyuna mənsubdurlar. Həmədanın dağlıq bölgəsi avşarların yurd yeridir.
  14. Kərəcin cənub hissəsində Əfşariyyə adlı bölgə var. Oranın yaxınlığında Iştəharud bölgəsinin əhalisi də əsasən avşarlardan ibarətdir.
  15. Avşarların daha çox məskunlaşdığı ərazilərdən biri də Urmiyadır. Urmiyanın Dol mahalında avşarlar binə bağlamışdılar. Dol mahalı Qaşqagədikdən Xantavusa qədərdir. Oranın məsafəsinin uzunluğu təxminən 5 ağacdır. Tarix kitablarında yazılır: «Dol mahalı Urmiya gölünün sahilində yerləşir. Kiçik olmasına baxmayaraq çox abaddır. Dol qərb tərəfdən Kurd, Meh dağları, şimaldan Baranduz mahalı ilə həmsərhəd idi. Dol mahalında Urmiya gölü sahilindən külli miqdarda duz əldə edilirdi. Mahalın kəndləri əsasən onun mərkəzində uzanan bağ-bağatlı geniş Zirə və Naznaz dərələrində yerləşirdi. Həmin kəndlərin birində, Səmədlidə mahal bəyləri yaşayırdılar.Dolun tabeliyində Rəşki-Sultanava, Pirəli, Kamanə, Nizava, Nara, Oğul Daşağıl, Birinci Kənan, Ikinci Kənan, Bərdəxoş, Nazlı, Papaz, Zivə, Jarava, Şeytanava, Samurta, Xudrava, Dölə, Dördbənd, Talava, Cuşbər, Balıstan, Xan, Tavus və Təzəkənd kəndləri var». XVII yüzildə Urmiya hakimi Kəlbəli xan Qasımlı-Avşar Dol mahalını Gündüzlü (Qaroğlu) oymağına vermişdi. Gündüzlü oymağı orda kənd salıb, arx çəkib, ağac əkmişdi. Kəlbəli xan Binab və Nazlı mahallarını Bərduk qalasından Mehranruda qədər olan yerləri Avşar elinin Kəhkəhli oymağına vermişdi. Binab mahalı Marağa şəhərinin 16 km-də yerləşirdi. Mərkəzi Binab qəsəbəsi idi. Əhali Sofiyançayın suyundan istifadə edirdi. XVIII-XIX yüzillərdə burda bir karvansara, həftə bazarı və bir neçə dükan vardı. Nazlı mahalının ərazisi 96 kvadrat km-dən ibarət idi. O, şimaldan Ənzəl, şərqdən Urmiya gölü, cənubdan Sumay, qərbdən Urmiyanın özü ilə həmsərhəd idi. Kəlbəli xan Qasımlı Qırxlı oymağını Rövzə çayının sahilində yerləşdirmişdi. Rövzə mahalı şimaldan Sumay, şərqdən Nazlı, cənubdan Tərgəvər, qərbdən Urmiya ilə sınırlanır. Sənədlərdən görünür ki, Rövzə mahalına 25 böyük və kiçik kənd bağlı idi. Əhali əsasən heyvandarlıqla və əkinçiliklə məşğul idi. Mahal bəyləri Lar adlı böyük bir kənddə yaşayırdılar. Kəlbəli xan Urmiya şəhərinin ətrafını Qasımlı, Araşlı, Imanlı oymaqlarına vermişdi. Bura qədimdə Urmiya mahalı adlanırdı.
  16. Avşarların ən çox cəmləşdiyi bölgələrdən biri də Tikabdır. Tikab tarixi, coğrafi ədəbiyyatlarda Tikabi-Əfşar, Avşar Tikabı adlanır. Bəzi qaynaqlarda Təkab kimi xatırlanır. Tarixi kitablarda mahal haqqında yazılır: «Təkab, şimaldan Sərəs, Qaraağac, cənubdan Miranşah, şərqdən Ənguran, qərbdən Sayınqala mahalları ilə həmsərhəddir. Mahalın ərazisi dağlıqdır. Keçən çağlarda bulaqlar və buradan axan yeganə Təkəb çayı əhalini su ilə təmin edərdi. Təkab mahalı çox geniş əraziyə malik olduğu üçün inzibati cəhətdən Tikantəpə və Aşağı Təkab nahiyyələrinə ayrılırdı». XVII yüzildən sonra Təkab mahalının ümumi inzibati mərkəzi mühüm ticarət və strateji əhəmiyəti olan Tikantəpə kəndi idi. Burada dükanlar, həftəbazarı və hamam var idi.
  17. Avşarların daha çox yaşıdıqları bölgələrdən biri də Sayınqala mahalıdır. Hazırda Şahindej adlanır. Tarixi kitablarda mahal haqqında yazılır: «Marağanın cənub-şərqində yerləşən bu mahal şimaldan Əcirli, Çahardol mahalları, cənubdan Saqqız mahalı, şərqdən Təkab mahalı, qərbdən Bokan mahalı ilə həmsərhəddir. Əhali əsasən maldarlıqla məşğul idi. Mahal onun qərb sərhəddindəki Cığatu çayının Sarıq qolu və burada mövcud olan çeşmələrin suyu ilə təmin edilirdi. XVIII, XIX yüzillərdə Sayınqaladan başqa yerlərə gedən yollar (Miyandab və Təkab yollarını istisna etməklə) yararsız idi. Nisbətən əlverişli olan Miyandab və Təkab yolları da yağışlı və qarlı günlərdə keçilməz olurdu. Mahalın cənub-qərbində Kirifli (Kərəftu adlanır) dağı uzanır. Orada bir sıra mağaralar vardır. Dağın müxtəlif yerlərində və mağaraların divarlarında çoxlu daşüstü təsvirlər və yazılar vardır.Mərkəzi Kürdistan əyalətinə gedən yol üzərində yerləşən Sayınqala kəndi müəyyən strateji və hərbi əhəmiyyətə malik idi. Sayınqalada Böyük xan, Mirzəcan, Qırx ayaq və Şah Məhəmməd Novdanı adlı çeşmələr axırdı. Çox güman ki, kənddə müdafiə əhəmiyyətli Sayın adlı qalanın olması ilə əlaqədar olaraq ona həmin ad verilmişdir». Şahindej ətrafında Avşar elinin Araşlı və Qasımlı oymaqlarının tayfa-tirələri yaşayırlar.
  18. Avşarların yaşadıqları bölgələrdən biri də Qoşaçaydır. Hazırda Miyandab adlanır. Tarixi kitablarda mahal haqqında yazılır: «Miyandab mahalı Marağanın cənub-qərbində, Urmiyə gölünün sahilində və tam düzənlikdə yerləşmişdir. O, şimaldan Kavdil kəndi, cənubdan Tatau, şərqdən Cığatı və qərbdən Urmiyə gölü ilə həmsərhəddir. Miyandabın havası istiyə maildir və ərazisinin müəyyən hissəsi bataqlıqdır. Burada ilin bütün fəsillərində mal-qaranın otlaması üçün yaş yem olduğu üçün qoyunçuluq geniş yayılmışdır. Mahalın mərkəzindən əlavə, onun böyük kəndləri olan Qabanava və Zənciravada da həftəlik bazar təşkil edilirdi. Miyandabı başqa şəhər və mahallarla rahat karvan yolları birləşdirir. Mahalın mərkəzi Miyandab qəsəbəsi idi Xanlığın başqa mahallarına nisbətən burada ipəkçilik daha artıq inkişaf etmişdir».
  19. Təbriz şəhəri avşarları kök saldığı qədim şəhərlərdən biridir. Evliya Çələbi «Səyahətnamə» adlı əsərində Təbrizin zadəgan və əyanları haqqında yazır: «Xeyli zadəgan və əyanları vardır. Lakin avşar, dümbülü, dümyülü, xələç, tərəkəmə, göydolaq tayfaları çoxdur». (Bax: E. Çələbi, Səyahətnamə, Bakı, 1997, səh.25). Ünlü səyyah əhalinin dilindən danışarkən avşar tayfasının özlərinin özəl ləhcəsi olduğunu qeyd edir.
  20. Avşarların yaşadıqları yörələrdən biri də Savədir. Savə Hovmə, Cəfərabad, Zərənd, Xərqan, Məzliqan, Novbəran bölgələrindən ibarətdir. Bu bölgələrdə 729 kənd və qəsəbə qərar tutur. Xərqan avşarların cəmləşdiyi bölgələrdən biridir. Oranın təxminən 250 km uzunluğu, 80 km eni var. 200-dən çox qəsəbə və kənd yerləşir. Əhalisinin hamısı türkdür.
  21. Avşar elinin binayi-qədimdən məskunlaşdığı bölgələrdən biri də Qarabağdır. Əski tarixçilər Qarabağı avşarların vətəni hesab edirlər. Qarabağda Avşar elinin araşlı oymağı binə bağlayıb. Hazırda Ağcabədi bölgəsində Avşar adlı 3 kənd, Araşlı adlı yurd yeri var. Həmin bölgədəki Hüsülü kəndinin ən böyük tayfalarından biri Ərəşli adlanır. Qarabağ Arazbarında Ərşə adlı başqa bir yurd yeri avşarların nişanəsidir.
  22. Kermanşahın dağlıq hissəsində avşarlar özlərinə yurd qurublar.
  23. Bocnurd və Kaşanın cənub bölgələrində kompakt halda yaşayan avşar obaları var.
  24. Nişapur və Səbzvarın arasında avşarlar qədim dövrlərdən bəri yaşam sürürlər.