Məzmuna keç

Avşarlar/Avşar elinin mifik şəcərəsi

Vikimənbə saytından
Avşar elinin köçürülməsi və say tərkibi Avşarlar. Avşar elinin mifik şəcərəsi
Müəllif: Ənvər Çingizoğlu
Avşar elinin tarixi rolu, coğrafiyası və yayılma arealı
  • Birinci: Adəm peyğəmbər – ona və bütün peyğəmbərlərə, onların nəslinə salam olsun! O, peyğəmbər və bəşərin atasıdır. Onun haqqında məlumatlar məşhurdur. Buna görə onun haqqında məlumat verməyə ehtiyac yoxdur.
  • Ikinci: Şis peyğəmbər. Altı yüz il yaşamışdır.
  • Üçüncü: Ənuş. Peyğəmbər olmuş, doqquz yüz on iki il yaşamışdır.
  • Dördüncü: Qinan ibn Ənuş. O da peyğəmbər idi. Altı yüz doxsan beş il ömür sürmüşdü və xalqı dinə dəvət edirdi.
  • Beşinci: Məhlail ibn Qinan. O da peyğəmbər olmuş və doqquz yüz iyirmi altı il yaşamışdır.
  • Altıncı: Bərd ibn Məhlail. O da peyğəmbər olmuş və doqquz yüz iyirmi iki il yaşamışdır.
  • Yeddinci: Exnux. O bu gün də yaşayan və göydə olan Idris peyğəmbərdir – ona salam olsun! Üç yüz altmış il (bu dünyada) yaşadıqdan sonra qüdrətli və uca tanrı onu göylərə qaldırdı.
  • Səkkizinci: Mətuşələx. (O), həm peyğəmbər, həm də hökmdar olmuşdur. Min doxsan il yaşamışdır.
  • Doqquzuncu: Ləmek. Onun (başqa adı) Cəmşiddir. Huşəngdən sonra padşah oldu. Dəmirdən nizə, xəncər, qılınc kimi silahları o düzəldib. Bezi, ipəyi və boyaları o tapıb. Divlərə əmr etdi ki, hamam tiksinlər, dənizə baş vurub, gövhər çəksinlər. Müşk, ənbər, ud və s. kimi ətirli maddələri o tapıb. O, insanları dörd təbəqəyə böldü: birincisi, müdriklər və dəbirlər (katiblər; ikincisi, hərbçilər; üçüncüsü, əkinçilər; dördüncüsü, sənətkarlar. Və qədim günlərin və ayların novruz, fərvərdin, ordibehişt kimi (adlarını) o qoyub, O, yeddi yüz il yaşadı, heç vaxt başı ağrımadı, heç vaxt xəstəlik ona yaxın düşmədi. (Lakin) sonra qürrələnib, şeytanın təhriki ilə yolunu azdı, hədsiz təkəbbür onu düz yoldan çıxardı və o, Allahlıq iddiasına düşdü. (Axırda) Byurasbın əli ilə həlak oldu.
  • Onuncu: Nuh peyğəmbər – ona salam olsun! Onun zamanında Byurasb adlı bir padşah meydana çıxdı, Şərqdən böyük qoşun toplayıb, Cəmşidi öldürdü və onun şahlığını ələ keçirdi. Bu şəxs bütpərəst idi. Nuh peyğəmbər onu doqquz yüz əlli il (düz yola) dəvət etdi və onun qəbilələrini tanrıya (itaətə) çağırdı. Heç biri (düz yola) gəlmədi, yalnız səksən nəfərdən başqa ki, (Nuh) onları özü ilə gəmiyə mindirdi, qalanları isə tufanda həlak oldular.
  • Onbirinci: Yafəs ibn Nuh. Onun bir qardaşı Sam idi, bütün peyğəmbərlər ondan ayrılıb. O biri qardaşı isə Ham idi, o da zəncilərin atasıdır.

Tarixçi Fəzlullah Rəşidəddin yazır ki, Yafət (Yafəs) türklərin təbirincə Olcay xandır. (Bax: F. Rəşidəddin, Oğuznamə, Bakı-1992, səh.10.). Tarixçi Yafətlə Abulcanı bir nəfər hesab edir.

  • Onikinci: Abulca xan. O da bu yolla bir müddət ölkədə padşahlıq etmişdi.
  • Onüçüncü:Dib Bakuy. Ad və Səmud qəbilələri onun dövründə yaşayırdı. Hud peyğəmbər Ad qəbiləsini əlli il Allah yoluna dəvət etdi. Qəbul etmədilər. Allah-taala onları küləklə məhv etdi. Şam elində Ad nəslindən başqa bir qəbilə var idi. Onların Sədid ibn Ad ibn Əmlaq adlı bir böyükləri var idi. Hud – ona salamlar olsun! – onu da (düz yola) dəvət etdi. Qəbul etmədi. Üç yüz il padşahlıq etdi. Kafir kimi öldü. Qardaşı Şəddad onun yerini tutdu. Bütpərəstliyi dirçəltdi. Hud peyğəmbər onu Allah yoluna dəvət etdi. Şəddad dedi: «Əgər sənin fərmanını qəbul etsəm, Allahın nə edər?» Dedi: «Sənə əbədi behiştdə yer verər. Səni heç vaxt pozulmaz əbədi mülk sahibi edər». Behiştin təravət, gözəllik və səfasından ona saydı. (Şəddad) bunların cavabında dedi: «Mən elə bir behişt düzəldərəm ki, yüz dəfə ondan səfalı, təravətli və gözəl olar!» Əmr etdi ki, hər yerdən qızıl, gümüş, cəvahirat, ənbər, zəfəran – gözəl nə varsa, cəm edib gətirsinlər. Şam tərəfdə elə bir behişt düzəltdi ki, bir kərpici qızıldan, bir kərpici gümüşdən idi. Onun divarları üstündə on iki min kümbəz tikdirdi. Ağacları qızıldan idi, budaqlar hər cür cəvahiratla bəzənmiş, torpaq yerinə müşk və zəfaran, Daş yerinə ləl, yaqut, firuzə və mərcan tökdürmüşdü. Beş yüz il zəmanənin böyük sənətkarları bu işdə səy göstərdilər və iş başa çatdı. Ona (Şəddada) xəbər verdilər. Onun (behiştin) görüşünə gəlmək istədiyi vaxt göylərdən bir səs gəldi. (Allah) onu və bütün şeylərini bir anda yox etdi.

Onun haqqında tarixçi Fəzlullah Rəşidəddin yazır: «Olcay xanın bir oğlu oldu. Adını Dib Yavqu qoydular. Dib-taxt tac, yer, Yavqu isə xalqın rəhbəri, önündə gedən deməkdir. O, çox böyük və adlı-sanlı xan idi. Onun dörd hörmətli və adıbəlli oğlu vardı: Qara xan, Or xan, Kür xan və Küz xan. [1]

  • Ondördüncü: Qara xan. O da böyük padşah idi. Çoxlu qardaşı və böyük ordusu var idi. Türküstan məmləkəti Talasdan Sayrama və Buxaraya qədər onun idi. Hicaz və Şam arasındakı daşlı torpaqlarda güclü bir xalq var idi. Allah-taala Nuh ibn Irəm ibn Hasid Səmudun övladlarından olan Salehi – ona salamlar olsun! – onlara peyğəmbər göndərmişdi ki, onları Allah yoluna gətirsin. Onlar (Salehdən) möcüzə istədilər. Saleh dedi: «Siz hər nə istəsəniz, edə bilərəm». Dedilər: «Əgər sənin Allahın bizim üçün bu daşdan bir balalı dəvə çıxarsa, o da bizə süd versə, biz sənə tabe olarıq». Saleh dua etdi. Onların istədiyi kimi qayadan bir dəvə çıxdı. Onlar bunu cadu hesab etdilər. Dəvəni öldürdülər. Dəvəni öldürən kimi balası dağa çıxdı və üç dəfə bağırdı. Saleh camaata dedi ki, üç gündən sonra Allah sizi böyük bir bəlaya düçar edəcək. Dördüncü gün göylərdən bir səs gəldi və hamını bir dəfəyə həlak etdi.

Onun haqqında tarixçi Fəzlullah Rəşidəddin yazır: «Vəliəhd Qara xan atasının yerini tutdu və padşah oldu. Onun çox xoşbəxt və padşahlığa layiq bir oğlu dünyaya gəldi. [2]

  • Onbeşinci: Oğuz. Allahdan qorxan, pak bir padşah idi. Iran, Turan, Şam, Misir, Qıbçaq çölü, Hindistan, Kəşmir, Xətay, Türküstan və yer üzərindəki digər məmləkətləri öz ölkəsinə çevirdi. Altmış il dünyanı gəzdi. Alınmaz qalaları fəth etdi. Çox ölkələr tutub, təmizlədikdən sonra Sayram şəhərinə qayıtdı. Bura onun əsl məskəni idi. Geri qayıdıb, çoxlu camaat yığdı. Parıltısı Ayın üzərinə düşən çoxlu çadırlar qurdu. Elə bir cah-cəlal düzəltmişdi ki, buludlar (sevincdən) göz yaşı tökürdü. Bu elə bir təmtəraq idi ki, onun gözəlliyi fələyi kəməndə salmışdı. Onun işığının şöləsi ilə bütün hərəkətli və hərəkətsiz ulduzlar bir-birinə bağlanmışdı. Lalələrin saf havadan yaranan şeh qədəhinin əlində tutub, çəmən gənclərinə xidmət etdiyi bir çöldə hamının yeməyi üçün bir məclis qurdu.

Bu toyda yüz iyirmi min qoç, doqquz min madyan at, on səkkiz min inək sərf olundu. Orduya və qəbilə başçılarına nəğd qızıl və gümüş paylandı. Məmləkətini oğlanlarına verdi. Göycə dəniz tərəfdə əcəl «Allahın müəyyən etdiyi vaxt mütləq gələcəkdir» ayəsinə uyğun olaraq, atını onun üstünə çəkdi və onu bu fani dünyadan əbədi dünyaya apardı. (Biz Avşarların soy-kökünü Oğuz xana qədər Əbubəkr Tihraninin kitabından istifadə etmişik. [3]

Oğuz haqqında tarixçi Fəzlullah Rəşidəddin yazır: «Üç gün və üç gecə bu uşaq anasının südünü əmmədi. Anası onun yaşayacağına ümidini itirib, qəm-qüssəyə büründü. Bir gecə yuxusunda oğlu ona dedi «Əgər sən istəyirsən ki, mən sənin döşündən süd əmim, onda bir olan yaradana inam gətir, onu tanı və onun haqqını öz üzərində mütləq bil». Qadın üç gün dalbadal bu halı yuxuda gördü. Lakin bu qəbilə dinsiz (kafir) olduğundan, başına gələni onlara danışmağa ürək etmədi. Və ərindən gizli qadir allaha inam gətirməyə başladı. Əllərini göyə qaldıraraq dua etdi və dedi: «Ilahi, mənə, yazıq bəndənə kömək et, balamın süd payına şəkər qat!» Oğuz bu andaca anasının döşünə sığınıb, əmməyə başladı.

Bir ildən sonra atası övladında yetkinlik və alicənablıq əlamətləri sezdi. O, oğlunun bakirliyinə, gözəlliyinə heyran qalaraq dedi: «Bizim qəbiləmizdə, soyumuzda bundan gözəl uşaq dünyaya gəlməyib!»

Uşaq bir ildən sonra Isa əleyhissəlam kimi dil açıb, dedi: «Mən şah çadırında (bərgahda) doğulmuşam, ona görə hamı məni Oğuz adlandırmalıdır». Uşaqlıqdan, böyüyüb, kişiləşəndən ta ən yetkin çağına qədər Oğuz həmişə allaha üz tutmuş, ona minnətdar olmuşdur. Istər yuxuda, istər ayıq halda həmişə o, böyük yaradanı mütləq yada salırdı. Ona allah qapısı açıldı. O, ən müxtəlif bilik sahələrində, ox atmaqda, nizə tullamaqda, qılınc oynatmaqda və alimliklə dünya şöhrəti qazandı.

Atası Oğuzu əmisi Küz xanın qızına nişanladı. Oğuz aravadını evə gətirdikdən sonra ona Allaha iman gətirməyi təklif etdi. Qız onun şərtini qəbul etmədikdə Oğuz ona yaxın durmadı.

Atası gördü ki, oğlu arvadına diqqət vermir, buna görə ona o biri qardaşı Kür xanın qızını nişanladı. Oğuz həmin qızdan da eyni şeyi tələb etdi. Qız razılaşmayıb dedi: «Əgər sən məni bu işə məcbur etsən, mən bütün bunları atana danışaram, o da səni öldürər». Oğuz bu qızla da əlaqəni kəsdi.

Oğuzun hər iki qıza nifrət etdiyini görən Qara xan onu Or xanın qızına nişanladı. Bir dəfə həmin qız öz qulluqçuları ilə sahildə (çayın?) gəzərək (ətrafı?) seyr edirdi. Qulluqçular paltar yuyurdular. Bu vaxt ovdan qayıdan Oğuz həmin qızla danışıb, öz fikrini bildirdi: «Əgər sən mənim sözlərimə razı olub onları qəbul etsən, mən də səni özümə arvad edərəm. Əgər belə olmasa, mən səndən uzaq qalacağam və o biri gəlinlərdən ayrıldığım kimi səndən də ayrılacağam».

Qız belə cavab verdi: «Mən sənin zərrəciyinəm, sən nə buyursan mən tabe olub itaət edəcəyəm.

Oğuz həmin qızı evinə gətirdi və onunla yaxın münasibətdə oldu. O bu qadını çox sevirdi. Qadın da Oğuza sevgi və bağlılıq göstərirdi. Oğuz yenə də əvvəlki nişanlılarından üz döndərirdi.

Bir dəfə o öz yaxın yoldaşları ilə ova getdi. Onun atası dinsiz (kafir) Qara xan bu vaxt toy-düyün qurmuşdu. O özünün üç gəlininin—Oğuzun arvadlarının sağlığına badə qaldırırdı və toyun şiddətli vaxtında soruşdu: «Əvvəlki gəlinlər sonrakından daha yaxşı, gözəl, kamil ola-ola Oğuz nəyə görə onu daha çox sevir?» Əvvəlki gəlinlərin hər ikisi elə bil ki, ürəklərini boşaltmaq üçün girəvə gözləyirdilər və indi onlar üçün əlverişli şərait yaranmışdı. Onlar kinlə, qəzəblə dedilər: «Oğuz bizi bir olan allaha inanmağa, ona tapınmağa çağırdı. Biz ona belə bir allahı tanımadığımızı deyəndə o hirslənib, bizdən uzaqlaşdı. Bu gəlin isə onun dediklərinə əməl etdi. Bu səbəbdən Oğuz ona belə sayqı-sevgi bəsləyir. Indi bu iki nəfər—Oğuzla onun arvadı ata-babaların imanından üz döndərərək yeni dinin tərəfini saxlayırlar».

Qara xan deyilənlərin doğru olub-olmamasını kiçik gəlindən soruşdu. Lakin qız hər şeyi dandı. Qara xan acıqlanıb, özündən çıxdı. Bu zaman qohum-qardaşlarını yanına çağırıb, dedi: «Mənim oğlum Oğuz uşaqlıqda hökmdar olmaq üçün ən layiq ən xoşbəxt, ən uğurlu adam idi. Amma mən indi eşitdim ki, o öz inamından əl çəkib, özünə başqa bir allah seçmişdir. Hər hansı bir uşağın bizə, bizim məbudumuzda arxa çevirib ona nifrət etməsi ilə biz necə barışa bilərik». Məsləhətləşib, onlar Oğuzu öldürmək qərarına gəldilər. Bunu etmək üçün döyüşçüləri bir yerə yığıb, güc topladılar. Oğuzun onu çox sevən, ona şəfqətlə yanaşan kiçik arvadı bundan xəbər tutanda qonşu qadınlardan biri əri Oğuzun yanına göndərib, onu məsələdən xəbərdar etdi. Oğuz döyüşə hazırlaşdı.

Ovdan qayıdan Oğuz öz sevinə çatana qədər atası və əmiləri öz yaxınları ilə birlikdə döyüşə hazırlaşmışdılar. O öz nökərləri ilə birlikdə onlarla döyüşə girdi və bu döyüş vaxtı onun atası Qara xan, əmiləri Kür xan və Küz xanı öldürdülər. O öz yerini möhkəmlətdi və yetmiş beş il ara vermədən əmilərinin qəbilələri məhv etdi. Qaraqumun ən ucqar bucaqlarına qədər onların vilayət və uluslarını özünə tabe etdi. Oğuzun qılıncından keçməyib, sağ qalanların hamısı ona boyun əydilər. Onlar dedilər: «Biz sənin soyundan, sənin qəbiləndənik, biz bir kökün budaqları, meyvələriyik, bəs niyə görə sən bizim axırımıza çıxmaq üçün bu qədər çalışırsan? Oğuz dedi: əgər siz allahı və onun birliyini qəbul etsəniz, onda sizə aman veriləcək, mən sizin Türkistanda yaşamağınıza razılıq verəcəyəm».

Lakin onlar bu şərti qəbul etmədilər, Oğuz da onları Qaraquma qədər qovdu. Onlar Tuqla çayının sahili boyunca uzanan çöllərdə, vadilərdə yurd salıb, yoxsulluq içərisində yaşamağa məcbur oldular. Həmin yerləri onlar özlərinin yaylağına, qışlağına çevirdilər.

Yoxsulluqdan zəlillikdən, gücsüzlükdən və xəstəlikdən onlar həmişə qəm-kədər içində olurdular. Oğuz onları «moval» adlandırdı. Bu sözün mənası belədir: «həmişə qəmli olun, əzab çəkin, bədbəxt olun. It dərisinə bürünün, ov əti yeyin və bundan sonra heç vaxt Türkistana ayaq basmayın». (Ona görə də türkmənlərin inamına görə monqollar Kür xan, Küz xanın və Or xanın törəmələri, Şərq ölkələrinin hökmdarlarıdırlar. Amma onların həqiqi kökü bəlli deyildir. Əvvəlki iki qızın taleyi onların bir olan allaha inam gətirib-gətirməmələri bəlli deyil.

Bu döyüşlərdən sonra atdan düşən kimi Oğuz qızıl çadır qurdurdu, burada öz silahdaşları və dostları ilə birlikdə toy qurdu. Onbeşinci: Ulduz xan.

Ulduz xanın böyük oğlunun adı Avşar, ikinci oğlu Qızıq, üçüncü oğlu Bəgdili, dördüncü oğlu Qarqındır. (Bax: Əbülqazi Bahadır xan. Şəcəre-tərakimə. Bakı-2002. səh. 67.).

  • Onaltıncı: Avşar xan.

Mənbə

[redaktə]
  1. F. Rəşidəddin, Oğuznamə, Bakı-1992, səh.10.
  2. F. Rəşidəddin, Oğuznamə, Bakı-1992, səh.10
  3. Ə.Tihrani, Tarixi-Diyarbəkriyyə, Bakı, Elm, 1998, səh.39-49