Ay üzər, üzər

Vikimənbə saytından
Ay üzər, üzər
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 106

Camalın şöləsi gəzir cahanı,
Necə ərş üzündə Ay üzər, üzər.
Həsrət dolanmağın yandırır canı,
Demə ki, danışır ay üzər, üzər.

Qəmər hüsnün seyraqubdan daldala,
Oxuyan sinəmi, çalar "dal" "dal" a.
Sənin fikrin mana gəldi dal-dala,
Tək çəkə bilmirəm, ay üzər, üzər.

Geydim ayağıma hicran çəkməsin
Qəm başımdan tutub, hicran çəkməsin.
Heç kəs İman kimi hicran çəkməsin,
Axırda ömrünü ay üzər, üzər.