Məzmuna keç

Azərbaycan şairi Nizami/Şərq İslam mədəniyyətində Azərbaycanın rolu

Vikimənbə saytından
Şərq İslam mədəniyyətinə mənsub şəxsiyyətlər üçün keçirilən yubileylər Azərbaycan şairi Nizami. Şərq İslam mədəniyyətində Azərbaycanın rolu
Müəllif: Məhəmməd Əmin Rəsulzadə
Türk hakimiyyəti altında fars ədəbiyyatı

Müəyyən millət və xalqdan olanların İslam mədəniyyətinin inkişafındakı yerlərini təyin etmək istəyi nisbətən yaxın zamanların işidir. Coğrafi ərazilərin bu xüsusdakı əhəmiyyətlərini göstərmək isə daha qədimdir. Türk olmaları etibarilə azərbaycanlıların İslam mədəniyyətinə xidmət etmiş türklər arasında yerləri olduğu kimi, bir Şərq islam məmləkəti olmaq üzrə də, Azərbaycanın bu işdə mühüm bir rolu vardır. Türkcədən başqa, əsərlərini yalnız ərəb və fars dilində yazmış olan tanınmış azərbaycanlı şəxsiyyətlərin bir siyahısı yazılarsa, böyük bir cild yaranar. M.Ə.Tərbiyətin “Azərbaycan alimləri”nə ayırmış olduğu çox qısa cild belə 400-dən çox böyük şəxsiyyəti əhatə edir.[1] Təkcə bunu qeyd etmək kifayətdir ki, İslamdan əvvəlki dövrlərə aid məşhurlarla [2] Qərbin təsiri ilə İslam dünyasında başlayan yeni oyanış dövrünə aid şəxsiyyətlərdən [3] başqa, yalnız Nizami və müasirləri üzərinə həqiqi təsir göstərən və onlardan təsirlənən dövrlərdə yetişmiş mədəniyyətə xidmət edənlərin azərbaycanlı olanları belə, həm sayı, həm də əhəmiyyəti baxımından diqqətəlayiq bir yer tuturlar.

Bunlardan bir neçə mühümünü burada qeyd etmək istərdik. Beləliklə, Şərq islam mədəniyyətinin hər dövründə Azərbaycanın tutmuş olduğu yer haqqında ümumi bir təsəvvür yaranar.

Hicrətdən sonra 421-ci ildə (miladi X əsr) anadan olmuş Xətib Təbrizi[4] ərəb ədibləri və dilçiləri arasında çox mühüm bir mövqe sahibidir. Ərəb ədəbiyyatının əsas kitablarından bir çoxunu şərh etmiş və aydınlatmışdır.

Hicri 458-ci ildə vəfat etmiş (X əsrdə yaşamış) Mərzban oğlu Əbül-Həsən Bəhmənyar, “müəllimi-əvvəl” Əbu Əli Sinanın böyük şagirdlərindən biridir. Ustadının fəlsəfəsini davam etdirmişdir. Əsərləri Avropa dillərinə də çevrilmişdir. [5] Hicri VI əsrin münəccimlərindən Fəridəddin Şirvani otuz illik əməyin bəhrəsi olan astronomik təqvimləri ilə məşhurdur. [6]

VIII əsrdə yaşamış Bakılı Əbdürrəşid ərəb coğrafiyaçıları arasında dəyərli bir müəllif kimi tanınır. [7]

Yenə VIII yüzillikdə yaşamış Əbdülqadir Marağayi musiqidəki biliyi, bu sahədə yazmış olduğu əsərləri və etdiyi yeni ixtiraları ilə məşhurdur.

IX əsrin tanınmış təbiblərindən Şükrüllah Şirvani öz ixtisası ilə yanaşı, başqa elmlərə aid əsərləri ilə də məşhurdur. [8]

Türküstan fatehi Əmir Teymurun tarixini yazan Nizaməddin Şam-Qazani [9] də azərbaycanlıdır.

Memarlıq, kaşıkarlıq, nəqqaşlıq və gözəl yazı (xəttatlıq – kaliqrafiya) kimi sənətlərdə də azərbaycanlı sənətkarların Təbrizdə, Ərdəbildə, Naxçıvanda və Bakıda saxlanan yüksək əsərlərinə rast gələ bilərik.

Təbrizdəki Göy məscidin [10] kaşıkarlıq sənəti baxımından qazandığı olduğu şöhrət, uçuntuları üzərində araşdırmalar aparan mütəxəssislər tərəfindən yekdilliklə təsdiq olunur. Naxçıvanda Azərbaycan Atabəylərinin tikdirdikləri Möminə xatun türbəsi [11] yüksək bir sənət abidəsir. Azərbaycan memarlarından S.A.Dadaşov və M.A.Hüseynovun “Bakı akropolu” adlandırdıqları, Şirvanşahlar zamanından qalma, “Şaşal” [12] üstündəki saraya aid binalardan ən məşhuru “Divanxana”nın ağ daş üzərində işlənmiş oymaları və tikilişindəki memarlıq özünəməxsusluğu zövq və sənət əhlini heyran qoymaqdadır. [13]

XIV əsrin şairi Arif Ərdəbili Şirvanda şah Axsitandan qalma bir qaladan bəhs edir ki, divarlarında qoyulmuş incə quruluşlu gözəl heykəllərdən fontan şəklində sular axırmış. Istər bunları, istərsə də Bakıdakı memarlıq abidələrini birnəfəsə təsvir edən şair “Fərhad oğulları”nın bu əsərlərinə tam bir heyrətini bildirir. [14]

Iran rəssamlığının ən məşhur ustadı Kəmaləddin Behzadın müəllimi Pir Seyid Əhməd təbrizlidir. Bu şəxs elxanilərdən rəssamlıq və sənətkarlıqla yaxından maraqlanan Əbu Səidin zamanında yetişmiş Əhməd Musa, Əmir Dövlətyar, Şəmsəddin, Pir Əhməd Baqi-Şimali kimi məşhur Azərbaycan rəssam və nəqqaşlarındandır. [15] Teymurilərdən Hüseyn Bayqaranın zamanında Heratda Əlişir Nəvainin himayəsi və nəzarəti altında çalışmışdır. “Teymurilər dövrü miniatürçülüyü” adı ilə məşhur rəssamlıq məktəbinin meydana gəlməsində rolu olmuşdur. [16]

Eyni məktəbin məlum ustadlarından qədim əlyazmalarını nəfis əsərləri ilə bəzəyən miniatürçülərdən Ağa Mirək də təbrizlidir. [17] Nəvainin zamanında Heratda çalışmış təbrizli məşhur rəssamlardan biri də Sultan Məhəmməddir. Bu şəxs sonradan oğlu Məhəmməd ilə birlikdə Səfəvilərin xidmətinə keçmişdir. [18] Sultan Üveys Cəlayir ilə oğlu Sultan Əhməd öz dövrlərinin görkəmli rəssamlarından olmuşlar. [19] Əbdülbəy Təbrizi rəssam Sultan Üveysin tələbəsi və onun oğlu Əhmədin ustadıdır ki, sonradan Teymur tərəfindən Səmərqəndə köçürülmüşdür. Azərbaycanlılardan nəqqaş Xacə Qiyasəddin, rəssamlar (Kəmali) və Mirzə Əlinin adları da tanınır. Elxanilər dövründə əvvəlcə daha çox çinlilər və uyğurların işi olan nəqqaşlıq və rəssamlıq sonradan azərbaycanlı türklərin əlinə keçmişdir. [20]

Başda Seyrəfi[21] olmaqla, Şərqin bir çox tanınmış xəttatları da Azərbaycandan çıxmışlar. Bunlardan Teymurun katibi olmuş Əmir Bədrəddinin əli ilə yazılmış fərman və münşəat Misirdə dövlət muzeyində mühafizə olunur. Yenə onlardan Baysunqurun kitabxanasının müdiri olmuş Cəfər Təbrizinin yazıları Heratın tarixi abidələrini bəzədiyi kimi Hindistanda da tanınmışdır.[22] Nizami “Xəmsə”sinin 1431-ci ilə aid qədim əlyazmalarından Leninqradda Ermitaj muzeyində nəfis nüsxə də bu Cəfərin qələmindən çıxmışdır. [23]

Baburilərdən Hindistan imperatoru böyük Əkbərin Aqradakı memarlıq abidələrini bəzəmiş rəssamlar arasında da təbrizlilər vardır. [24]

Osmanlı sultanları tərəfindən Bursa ilə İstanbulda tikilmiş memarlıq abidələrində də Azərbaycanlı türk sənətkarlarının əsərlərini tapmaq mümkündür. [25] Məsələn, Bursadakı məşhur Yaşıl Camenin kaşılarının çox mühüm bir qismini təbrizli ustalar düzəltmişlər. [26]

Mücərrəd elmlərlə maddi sənətlər sahəsindən başqa, azərbaycanlıların təsəvvüf, fəlsəfə və ümumiyyətlə, ictimai fikirdə Şərq islam mədəniyyətinə son dərəcə mühüm faydası olmuşdur.

Sufizmin, şəxsiyyəti mübhəmliklər və mistik əfsanələrlə əhatə olunmuş piri və Cəlaləddin Ruminin ilham qaynağı olmuş Şəms, təbrizlidir. [27] Eyni məktəbin klassik sirlərini izah edən məşhur “Gülşəni-raz” müəllifi Şeyx Mahmud Azərbaycanın Şəbüstər qəsəbəsində doğulmuşdur. [28] Yenə sufilərin tanınmış şəxsiyyətlərindən hürufi təriqətinin məşhur banisi Şah Fəzlullah Nəimi [29] də azərbaycanlıdır. Xəlvətilərin tanınmış mürşidlərindən şirvanlı Seyid Yəhya Bakıda məscid, mədrəsə və dərgah sahibi olmuş və orada dəfn edilmişdir.

Iranın məşhur didaktik şairi Sədi öz “Bustan”ında bakılı Baba Kuhidən [30] iqtibas etmişdir.

Eyni zamanda, şeyx Sədi dövrünün tanınmış mürşidlərindən Şeyx Hümam Təbrizidən [31] də faydalanmışdır.

Səlcuqilər və onlardan sonra elxanilər zamanında Azərbaycanın müxtəlif şəhərlərində İslam elminin hər sahəsində böyük alimlər yetişmişdir. Elxanilər zamanında Azərbaycanın tarix, coğrafiya, heyət, tibb, fəlsəfə və başqa sahələrdə beynəlxalq bir əhəmiyyətə malik olduğu, prof. Z.V.Toqanın istifadə etdiyimiz “Azərbaycan” məqaləsində təfsilatla qeyd olunmuşdur. Ədəbiyyat sahəsinə gəldikdə isə, Azərbaycanın rolu daha böyük bir ölçüdədir. Azəri türklərinin klassik türk ədəbiyyatına Nəsimi, Həbibi və nəhayət, Füzuli kimi tanınmış və böyük simalar verdikləri məlumdur. [32] Azərbaycanlıların klassik İran ədəbiyyatındakı payları da mühüm bir dərəcədədir. Başda Nizami Gəncəvi olmaq üzrə, İran ədəbiyyatına Azərbaycan bir sıra məşhur adlar vermişdir. Bunlardan Xaqani Şirvani, Fələki Şirvani, Mücir Beyləqani, Əbül-üla Gəncəvi və başqalarını qeyd edə bilərik.

Bunlar XII əsrin şairləridir. Onlardan əvvəl XI əsrdə də şair və filosof Qətran Təbrizi vardır ki, o zamandakı Azərbaycan hökmdarlarının həyat və fəaliyyətini nəzmə çəkmişdir. Bu dövrlərdə fars dili müsəlman Şərqində ədəbi və rəsmi bir dil hökmündə idi. Fars olmayanlar da əsərlərini bu dildə yazırdılar. Fəqət yalnız bu dövrlərdə deyil, daha sonrakı əsrlərə aid İran şairləri arasında da, Əhməd ibn Məhəmməd Təbrizi (XIV əsr)[33] , Qasım Ənvar (XV əsr)[34] , Sadıq Əfşar (XVI əsr) [35]Saib Təbrizi (XVII əsr) kimi İran ədəbiyyatının ön sıralarında yer tutan bir çox azərbaycanlıları görürük. Bunlardan təbrizli olması ilə xüsusən fəxr edən Saib [36] fars ədəbiyyatının sonuncu ustadlarından ən qüdrətlisi kimi tanınır. Müasir İran ədəbiyyatında da əslən azərbaycanlı olan ədiblərin rolu mühümdür. Bunlardan “Kitabi-Əhməd” müəllifi Əbdürrəhim Talıbzadə, “Səyahətnameyi-İbrahim bəy” müəllifi Hacı Zeynalabdin Marağayi və “Əxtər” qəzetinin yazarı Məhəmməd Tahir kimi simaları qeyd edə bilərik.

_______

  1. “Danişməndani-Azərbaycan” adlanan bu kitab, əsərlərini xüsusən ərəb və farsca yazmış azərbaycanlılara həsr olunmuşdur. Kitab farscadır. Hicri 1314-cü ildə Tehranda çap edilmişdir.
  2. Məsələn, M.Ə.Tərbiyət məşhur fars peyğəmbəri Zərdüştü də Azərbaycan alimləri içərisində verir. Zərdüşt həqiqətən də azərbaycanlıdır. Əbu Reyhan Biruninin 1000 il əvvəl yazdığı ərəbcə əsərində Zərdüştün Azərbaycanda (Muğanda) doğulub böyüdüyü göstərilir.
  3. XVIII əsr Avropa azadfikirliliyini Şərqdə ləyaqətlə təmsil edənlərdən biri də islahatçılığı ilə tanınmış, ilk müsəlman dramaturqu və müasir Azərbaycan ədəbiyyatının banisi Mirzə Fətəli Axundzadədir.
  4. Xətib-i Təbrizi adı ilə tanınan bu şəxs məşhur filosof Əbül-Üla Məərrinin şagirdidir. Künyəsi Əbu Zəkəriyyədir. Adı Yəhya oğlu Əlidir (Əli ibn Yəhya). Danışıq dilinin azərbaycanca olduğu xatirələrlə sübut olunmuşdur.
  5. Bəhmənyar böyük ustadı Əbu Əli Sinadan 30 il sonra ölmüşdür. Ustadı ilə olmuş mübahisələri məşhurdur. “Kitab əl-behcət və-s-səadət və ma bə-d ət-təbiət” və “Məratib-əl-mövcudat” onun son əsərləridir. Bunlar 1859-cu ildə S.Popper tərəfindən almanca tərcüməsi ilə birlikdə Leypsiqdə nəşr olunmuşdur.
  6. Fəridəddin Əbu Həsən Əli ibn Əbdülkərimin ən məşhur astronomik müşahidəsi hicri 541-ci ilə aiddir. Şirvanlı şair Fələkinin də nücuma aid mühüm əsəri vardır. Buna görə təxəllüsü Fələki olmuşdur.
  7. Əbdürrəşid Bakuyi adı ilə tanınan bu şəxs rus və türk tayfaları haqqında maraqlı məlumat verən “Təlxis əl-asar fi əcayib əl-əqtar” adlı əsəri ilə Avropada məşhurdur.
  8. Sultan Məhəmməd Fatehin şəxsi həkimi olan bu şəxs təhsilini Misirdə almışdı. Təfsir və hədis elmlərinə aid əsərləri də var.
  9. Şam-Qazan Təbrizdə bir məhəllədir.
  10. G ö y m ə s c i d qaraqoyunlulardan məşhur Cahanşah tərəfindən tikilmişdir. XV əsrin əvvəllərinə aid olan bu məscidin (came) yanında böyük bir kitabxana, elm adamlarına məxsus zaviyələr və bir mədrəsə də varmış ki, hamısına birlikdə “Müzəffəriyyə” deyilirmiş. Cahan şahın bir müddət İraq və Hindistan hüduduna qədər genişlənən Azərbaycandakı hakimiyyəti 35 il sürmüşdür. Elm və sənət hamisi olmaqla bərabər, Cahanşah özü də ədəbiyyata meyl göstərmiş, “Həqiqi” təxəllüsü ilə şerlər yazmışdır.
  11. M ö m i n ə x a t u n Azərbaycan Atabəyləri sülaləsinin banisi Eldənizin (Eldəgəz) arvadı və Məhəmməd Cahan Pəhləvanın anasıdır. Türbə 1172 – 1185-ci illərdə tikilmişdir.
  12. “Şaşal” İçərişəhər adlanan qədim Bakıda Şah Məscidi ilə Xan sarayının tikildiyi təpəyə deyilir. “Şaşal” adı altı mənasını verən “şeş Əli”dən əmələ gəlmişdir ki, bu da Xan sarayı qapılarından birinin üstündəki ağ daş üzərində yazılmış Əli adının sənətkarlıqla işlənmiş olduğu bir oymadan çıxarılır. Bu oymada Əli adı altı dəfə təkrar olunur.
  13. Rus mühəndislərindən birinin Hötenin “memarlıq susmuş musiqidir” sözlərindən ilham alaraq, “daşa dönmüş musiqi” deyə heyran olduğu bu binanı, 1845-ci ildə nəşr olunmuş səyahətnaməsində Kazan universitetinin professoru İ.Berezin “Müsəlman memarlığının ən gözəl abidələrindən biri” kimi qiymətləndirmişdir.1683-cü ildə Bakını gəzmiş isveçli Kemfero Engelberto bu abidə haqqnda aşağıdakıları yazmışdır: “Divanxana tam heyrət doğurur... özünəməxsus şəkil və memarlıq üslubu ilə də seçilən bu bina sarayın ən möhtəşəm bir zinətini təşkil etməkdədir”.
  14. Arif Ərdəbilinin “Fərhad və Şirin” adlı əsərinin bir əlyazma nüsxəsi İstanbulda Aya-Sofya kitabxanasındadır. Şifrəsi 3335-dir.
  15. B i n y o n. – Persian miniature painting, Oxford. 1832. s. 183
  16. R e n e Q r o u s s e t – Les civilisations de l’orient. Paris. 1929
  17. R e n e Q r o u s s e t – Histoire de l’Asie. Paris. 1922
  18. Z.V.Togan. İslam ensiklopediyası. “Azərbaycan” məqaləsi.
  19. D ö v l ə t ş a h. Təzkirə. Braun çapı. s. 292
  20. Z.V.Togan. İslam ensiklopediyası. “Azərbaycan” məqaləsi.
  21. S e y r ə f i İslam xəttatlarından Yaqut Müstəsiminin davamçısı. Seyyid Heydər Kündənevisin (kündənevis – qalın yazan) şagirdidir. Təbrizin qədim abidələri, xüsusən “Ustadşagird” adı ilə tanınmış bina onun yazıları ilə bəzənmişdir. Malik Deyləmi onun haqqında belə yazmışdır:

    Seyrəfi naqəd-e cəvahere-e xətt
    K-əz ney-e kelk gəşt qouhər-riz
    Həst bir Hosn-e xətt-e u şahed
    Dər-o-divar-e xette-ye Təbriz

    M.Ə.Tərbiyətin yazdığına görə, Azərbaycanın olduğu kimi İranın da ən yaxşı xəttatlarının nəsəbləri Seyrəfiyə gedib çıxır.
  22. M.Ə.Tərbiyət. Danişməndani-Azərbaycan, Tehran, 1314 hicri
  23. Musee de l’Ermitage. Travaux de departement oriental. Tom. III. Tanuscirt de “Clamceh” de Nizami de 1931 art du M.Dirkonov. pp. 274 – 286.
  24. F.R.Atay. Hindistanda iki ay. “Ulus”, 29.3.1943
  25. Çaldıran döyüşündən sonra Sultan Səlimin 300-ə qədər elm və sənət adamını Azərbaycandan İstanbula köçürməsi kitablarda qeyd olunur.
  26. Camenin mehrab hissəsini təşkil edən kaşılarda “əməl-e ostadan-e Təbriz” (Təbriz ustalarının işi) qeydinə rast gəlmək olar. Bursadakı Yaşıltürbə kaşılarından da təbrizli Hacı Əlinin imzası vardır.
  27. Cəlaləddin Ruminin “Şəms ül-həqiqət” adlı əsərindən seçmələri ingiliscəyə tərcümə etmiş Nikolson, Şəms Təbrizini yunan filosofu Sokratla müqayisə edir.
  28. M a h m u d Ş ə b ü s t ə r i n i n “Gülşəni-raz”ı hicri 829-cu ildə “Şirazi” təxəllüsünü daşıyan bir şair tərəfindən türkcəyə çevrilmişdir (“Danişməndani-Azərbaycan”). Yüz il bundan əvvəl bu əsərin almancaya tərcüməsi ilə bərabər, farsca mətni Vyanada çap olunmuşdur. “Gülşəni-raz” sufizmin “vəhdəti-vücud”, “insani-kamil” və bir çox başqa ideyalarını sadə və aydın dil ilə izah edən min beytdən ibarət bir əsərdir. Şeyxin bundan başqa da mühüm əsərləri var.
  29. Təbrizdə doğulmuş bu şeyx məşhur əsəri “Cavidannamə”ni hicri 796-cı ildə Şirvan həbsxanasında ikən yazmışdır. 796-cı ildə Üləmanın fitvası əsasında Miranşahın əmri ilə Naxçıvanda öldürülmüşdür.
  30. Əbu Abdullah Məhəmməd ibn Bakuyi Şirazda bir dağ başında yaşadığı üçün ona B a b a K u h i deyilmişdir. Bakıdan gəlmişdir. Divanı Britaniya muzeyindədir, son zamanlarda Şirazda nəşr edilmişdir.
  31. Ş e y x H ü m a m elxanilərdən Abaqa xanın vəziri Sahib-divanın nədimlərindən olmuşdur. Fəsahət və səlislik baxımından “Azərbaycan Sədisi” kimi məşhurdur. Bir qəzəlinin sonunda, təəssüfləmi, ya təvazö iləmi, özü barədə yazdığı aşağıdakı beytləri M.Ə.Tərbiyət nəql etmişdir:

    Pəyam deh suy-e bolbol ke ba vocud-e homam,
    Rəva bovəd ke soxənha-ye eşq pərdazi?
    Homam-ra soxən-e delfərib-o-şirin-əst,
    Vəli çe süd ke biçare nist şirazi.

  32. Bu şairlər türk ədəbiyyatı xəzinəsinə daxil olmaqla bərabər, farsca şerlər də yazmışlar.
  33. Bu şəxs elxanilər dövründə yaşamış bir şairdir. Əbu Səid Bahadur xanın adına yazdığı “Şahənşahnamə” mənzuməsi Yafəsdən başlayaraq ta Əbu Səid xana qədər baş vermiş dünya hadisələrini əhatə edir. Əsərin tam nüsxəsi Britaniya muzeyindədir. Əsər Rəşidəddinin tövsiyyəsi ilə yazılmışdır.
  34. Q a s ı m Ə n v a r farsca ilə bərabər türkcə və gilək dilində də şerlər yazmışdır. Hicri 757-ci ildə Təbriz ətrafındakı Surxabda doğulmuşdur.
  35. S a d ı q Ə f ş a r əsərlərini həm farsca, həm də türkcə yazmişdır. Eyni zamanda rəssamlığı da var imiş. Bir tablosu Leninqrad muzeyindədir.
  36. S a i b öz zamanında müsəlman Şərqinin ən tanınmış şairi idi. Osmanlı sarayının istəyilə, Səfəvilər Saibin əsərlərini İsfahandan İstanbula hədiyyə göndərirdilər (Encycr de l’İsl). “Encyclopedie de l’İslam”da Saibin isfahanlı olduğu yazılır ki, bu yanlışdır. Saib təbrizlidir, Azərbaycanda doğulmuşdur. Türkcə də gözəl şerlər yazmış və doğum yeri olan Təbrizlə fəxr etmişdir. Aşağıdakı beytlər onundur:

    Saeb əz xak-e pak-e Təbriz-əst
    Həst Sədi gər gəl-e Şiraz.

    və ya:

    Ze hosn-e təb-e to Saeb, ke dər tərəqqi bad,
    Bolənd-nam şod əz comle şəhrha Təbriz

    və ya türkcə:

    Sabiqən zövq verirdi şüəraya Şiraz
    Indi Şirazın keçib abü həvayi-Təbriz.

    Saibin təbrizli olduğunu ondan sonra yaşamış görkəmli şairlərdən Təsir də aşağıdakı beytində təsdiq edir:

    Hazeq-e nəbz-e soxən dər həme-ye aləm nist
    Becoz əz Saeb-o-Təsir ke əz Təbriz-ənd