Məzmuna keç

Azərbaycan şairi Nizami/Məxzən-ül-Əsrar

Vikimənbə saytından
"Pənc gənc" və yaxud "Xəmsə" Azərbaycan şairi Nizami. Məxzən-ül-Əsrar
Müəllif: Məhəmməd Əmin Rəsulzadə
Xosrov və Şirin

Bismillah ər-Rəhman ər-Rəhim
Həst kəlid-e dər-e gənc-e həkim [1]

N i z a m i

2263 beytdən ibarət olan bu məsnəvi h. 559-da (m. 1163/4) yazılmışdır.[2] Həmin tarixdə şair hələ çox gənc idi. “Məxzəü-ül-əsrar”ı bitirdiyi zaman Nizaminin 20 yaşlarında olduğu təxmin edilir.
“Pənc gənc”in ilk “Xəzinə”sini təşkil edən “Məxzən-ül-əsrar” özündən sonra gələn dörd “Xəzinə” əsərdən şəkil baxımından bambaşqadır. Bu, nə bir eşqin macərasını, nə də bir hökmdarın dünyanı fəth etməsini təsvir edir. Bu, nə bir hekayə, nə təmsil, nə də dastan deyildir. Bu baxımdan onun “Beşlik”dəki o biri qardaşlarına oxşarlığı yoxdur. “Sirlər xəzinəsi”nin o biri poemalarla ortaqlığı yalnız yazıldığı məsnəvi tərzində təlqin etdiyi Nizami fikirləridir. Bu kitab “Beşlik”dəki o biri dörd poema kimi forma nöqteyi-nəzərindən bir vəhdət təşkil etmir. Lakin bu, onun məna və fikir etibarilə o biri mənzumələrdən uzaq olduğuna dəlalət etmir. Əksinə, “Sirlər xəzinəsi”nin yazılışındakı əsl məqsəd şairlik deyil, filosof və şeyx olan Nizaminin əxlaqi fikirlərini daxildən gələn bir istəklə oxuculara təlqin etməkdir. Yalnız bu baxımdan ona müstəqil bir kitab demək olar – din yayan bir müqəddəs kitab.
“Məxzən-ül-Əsrar” təlqinçi bir əsərdir. Burada şair nəzm dili ilə sufiyanə fikir, əqidə, əxlaq və dünyagörüşünü başqalarına aşılayaraq təlim etməkdədir. o, ilahi hikmətlərin sirrinə varid olmuş və bunları bir “xəzinə” halında mömin və müqəddəs “ərənlərə” əmanət vermişdir.[3]

* * *

“Beşliy”in bu əsərində biz fikirlərini rəmzlər, rəmzli hekayələr, təmsillər və şairanə təşbihlərlə təlqin edən və hər şeyi tək bir varlıqdan görən bir mürşidlə qarşılaşırıq. Bu mürşid öz kitabına, adət olduğu kimi, Cənabi-Həqqə xitab edən bir alqış və minacatla başlayır.
Nizaminin qənaətincə – müsəlmanlığın Allah haqqında əsas əqidəsi də budur – “bütün varlıqları O, vücuda gətirib: zəif torpaq, yer üzü onun bayrağı altına sığınmışdır. Biz Onunla dururkən, O, öz-özünə durmuşdur. Varlığının müəyyən bir şəkil və surəti yoxdur, kimsəyə bənzəməz, dəyişməz, ölməz, bizim hamımız fani ikən, O əbədidir. Yüksəkliklə müqəddəsliyə sahib olan Odur”.
Allaha mədh və sənadan sonra Həzrət Peyğəmbərin tərifi gəlir. Nizami bu əsərində “Peyğəmbərin tərifi”ni (“nə’ti-nəbi”) dörd dəfə təkrarlayır. Nizaminin dediyinə görə, hökmü qiyamətə qədər sürəcək ən böyük bilik və hidayət sahibi olan rəhbər – Məhəmməddir. Böyük bir peyğəmbər sifətililə o, Allahla daimi və səmimi münasibətdədir. Merac bu ruhi münasibətin bir rəmzidir. Sufilikdəki Allahla ruhi təmas əqidəsinin şairanə bir rəmzini gördüyü ehtimal edilən merac dastanına Nizami Məhəmməd Həzrətlərini mədh edərkən xüsusi bir qayə və diqqətlə daima qayıtmaqdadır.
Peyğəmbərin mədhindən sonra, klassik üsulun tələbinə görə növbə kitabın ithaf olunduğu padşahın – Ərzincan hökmdarı Bəhram şahın mədhinə çatır. Bu barədə keçən bölümdə məlumat verilmişdir.
Bundan sonra şair bizə sözün əsl şərəf və fəzilətindən söz açır. Şairin qənaətincə “yaradılış pərdəsinin açılmasıyla varlıq səhnəsinə ilk gələn söz olmuşdur”. “Söz (yəni şer) deməkdəki sirr pərdəsi peyğəmbərliyin bir kölgəsidir”. Məxluqun qədimliyi-təzəliyi araşdırılarkən “Tanrı hüzurunda ön cərgədə peyğəmbərlər, ikinci sırada isə şairlər dururlar”.[4]
Şer ilə şairin rütbə və şərəfi təyin edildikdən sonra Nizami bir-iki fırça ilə ilahi eşq ilə coşan füsunkar bir şair kimi öz portretini yaradır.
Məsələnin yaxşı anlaşılması üçün əlavə etməliyik ki, Nizaminin peyğəmbərlər dərəcəsinə çıxardığı şair – həvəslərinə deyil, qəlbinə bağlı olan şairdir. “Həvəs yolkəsənlərindən qorxmağı” və “həyatda ancaq qəlbin rəhbərliyi ilə yol getməyi” o, xüsusi olaraq, tövsiyə edir. Nizaminin qənaətincə, “qəlbləri qüvvətli olanlar hər iki dünyada öz arzularına çatırlar”. Belə müqəddimədən sonra şair son dərəcə nəfis və təsvirlərlə bəzənmiş bir-iki fəsildə özü ilə dərdləşərək vəcdə gəlir. Belə bir halətdə o, Allaha qovuşur, onunla tək qalır, şəxsi söhbətləri ilə “xəlvət” düzəldir. Maddi aləmə bağlılıqdan, dünyəvi əlaqələrdən ayrılaraq təcərrüd halında mistik bir hissiyyatla o, Allahın hüzurunda olduğunu anlayır, həqiqi aydınlığa çatır, bəxtəvərdir. Bu səadətini o, istəyinə çatmış bir adam sevinci ilə təsvir edir. Bu “müqəddəslik” “gündüz qədər aydın bir gecədə”, “bir merac gecəsində” üz verdi. “Elə bir gecə ki, düşməni olan gündüz belə onun kimi bir gecə olmaq istərdi”.
Öz-özünə ucalaraq, ruhunun (Peyğəmbər kimi merac edərək) Həqq ilə təmasda olduğunu bu şəkildə bildirdikdən sonra, şair vəhy deyilsə də, özünə ilham olunan hikmətləri yaymağa başlayır. Kitabın əsl təlqinçi məqalələri də buradan başlayır.
Cəmi 20 olan bu məqalələri aşağıda xülasələşdiririk.
Birinci məqalə “İnsani-kamil və tərkidünyalıq” haqqındadır. Atamız Adəm, Allahın bu buyruğundan çıxaraq günah iş gördüyü üçün cəzaya uğrayıb cənnətdən yer üzünə qovulmuşdur. Lakin o, öz günahını başa düşüb tövbə etdiyi üçün yerdə Allahın xəlifəsi təyin edilir. Nizami həmin hekayədən belə nəticə çıxarır: Allahdan qorxmaq və Ona mütləq surətdə tabe olmaq lazımdır. Belə olarsa, insan üçün heç bir təhlükə yoxdur, çünki “Allahdan yaxşılıqdan başqa bir şey gözləmək olmaz”. “Fəna olan bizik, Allah isə yaxşılığın elə özüdür”. Şairin dediyinə görə, “günahımızı başa düşüb Allaha sığınsaq, həmişə onun mərhəmət və lütfündə olacayıq”.
Ikinci məqalə “Ədalət və insaf” haqqındadır. “Ədalət ağılı məmnun edən bir rəhbərdir. Məmləkət işləri yalnız ədalət sayəsində görülür. Ölkə yalnız onunla abad olur”.
Üçüncü məqalə “Dünyanın dəyişən bir varlıq olduğu” haqqındadır. Fırlanan fələk çərxinin altında olan hər şey dəyişməyə və zavala məhkumdur. Yaşa dolan zaman bizimlə daima müxalifətdədir, o, bizimlə oynar, gah canlılara hakimlik edir, gah da bizi kuzə düzəldənlərə palçıq edir”.
Dördüncü məqalə “Padşahın rəiyyətə qarşı vəzifəsi” haqqındadır. Dünyanın əsası ədalətsizlik üzərində qurulmuşsa da, dünyanı idarə etmənin şərti ədalətdir. Kim bu dünyadakı “evində” bir gecə ədalətə qulluq etsə, özünün sabahkı evini tikmiş olur.
Beşinci məqalə “Özünə güvənmək və kimsəyə əl açmamaq” haqqındadır. Nizami “bir ovuc buğdaya bənzər arpa” üçün “ürək dənini arpa və buğda kimi üyütmənin” əleyhinədir. Ona görə “xəsislərin çörəyini yeməkdənsə, torpaq yemək daha yaxşıdır”. “Əlini ona-buna uzatmaqdansa, bir işə uzat!” – deyir şair. Altıncı məqalə “Dözümlü olmaq və riyazət” haqqındadır. Burada şair dözümlü olmağın insana mənəvi istiqlal və mətanət verəcəyi fikrini əsaslandırır. “Xudpəsəndlik xəstəliyi fəlakət zərbələri nəticəsində şəfa tapır, çünki “azadlığa gətirib çıxaran hər yolda sevinc günlərini qabaqlayan əzab günləri vardır”.
Yeddinci məqalə “İnsanlıq şərəfi” haqqındadır. Bu şərəf insana yalnız o vaxt nəsib olur ki, o, öz ehtiras və həvəslərinə kölə deyil, hakim olur. Əsl insan nəfsini özünə tabe edəndir. “Həva və həvəsə uymaq – zalimlik, özünü tanımaq isə peyğəmbərlikdəndir”. “Çalışmaq və xalqa xidmət etmək – budur insanlığın şərəfi!”.
Səkkizinci məqalə “Yaradılışın qədimliyi” haqqındadır. Insanlar yaranmamışdan əvvəl kainatın mövcud olduğunu, günəşin, ayın, ulduzların, mövsümlərin, gecələrin, gündüzlərin eyni nizam daxilində hərəkət etdiklərini özünə məxsus bəlağətlə təsvir etdikdən sonra şair bu köhnə dığırlanan fələyin altında yaxşılıqdan-kobudluqdan hər nə varsa, hamısının bir-birindən rəng alıb-rəng verməkdə olduğunu bəyan edir. Varlıqdakı dialektikanın (təarüz) qədimliyinə bu şəkildə işarə etdikdən sonra, müdrik filosof insan övladını bu xətərli yolda qəflətə dalmaqdan qorxudaraq deyir: “bu yolda yatanın ya başı əldən gedər, ya da papağı”:

Hər ke dərin rah konəd xabqah,
Ya sərəş əz dəst rəvəd, ya kolah!

Doqquzuncu məqalə “Özünü tanımaq” haqqındadır. O deyir: biz su ilə palçıqdan yoğrulmuşuqsa da, bir qiymətli cövhərə malikik. Bizim torpaqdan yoğrulmuş xəmirimizi bişirdikləri zaman içinə “ürək” deyilən bir məcun qoymuşlar. Torpağımız əzablarla, əziyyətlərlə əzilməkdədirsə də, bu “torpağın qəlbi” xəzinələrlə doludur. Şair tövsiyə edir ki, bu torpağın qədrini bilmək və onu yaradana şükr etməliyik. “Bura bizə təyin edilməmiş olduğu bir vaxtda, yəni fani vücud örtüyünü üstümüzə salmadığımız bir zamanda, ruhumuz əbədiyyətin uca nöqtələrinə uçmaq əzmində idi”. Ruhumuzun müvəqqəti olaraq bağlandığı vücudumuzu tərk etdikdən sonra əsl hədəfi olan yüksəkliyə uçmasını və özünə layiq məqama qonmasını həyatdakı sonu düşünməklə təmin etməliyik. “Sonu düşündüyü üçün arının pətəyi balla dolu olur”. “Mərdanə cərgəyə düzülmüş qarışqa gələcək günün yemini daşımaqdadır”. “Adam kor deyilsə, bu böcəklə, bu qurddan necə geri qala bilər?” “İnsanın getməyə borclu olduğu yolun səhralardan keçən çətin bir yol” olduğunu Nizami yaxşı bilirdi. Lakin “yolun çətinliyini görərkən süstləşməməyi” və məqsədə çatmaq üçün oxucularına “din atına minməyi”, yəni bir iman sahibi olmağı tövsiyə edir.
Onuncu məqalə “Hünər sahibi olmaq” haqqındadır. Hünər sahibi olmağı tövsiyə etməzdən əvvəl, bizə xidmətdə olan kainatın təsəvvür ediləcək bir zamanda sona çatacağını, çərxin tənəzzülə uğrayacağını, fələyin bizə xidmətindən qalıb qiyamətin qopacağını şair qorxunc bir səhnə halında təsvir edir. Dəhşət doğuran bu “axirüzzəman” təsəvvür qarşısında insan nə etməli, nəyə əl atmalıdır? Bu suala Nizami, “bir hünər sahibi olub, kəmala çatmaq lazımdır” – deyə cavab verir: “eyb və qüsurla dolu olan dünyada” başqalarında eyb və qüsur axtarmağı mənasız iş sayan filosof şair deyir: “bunları özündə axtar və pak olmağa çalış!”.
On birinci məqalə “Təkəbbür və məğrurluq” haqqındadır. Burada şair insanlara mənasız qürur və lovğalanmaqdan vaz keçməyi və ideal şəkildə təvazökar olmağı tövsiyə edir. “Qəlbinin tapdığı yol ilə irəlilə ki, hər iki cahana sahib olasan”. Lakin necə irəliləməli? “Rütbəndən qorxmamaq üçün aşağıya, kölgəndən ürkməmək üçün arxaya baxmadan irəlilə!” [5]
On ikinci məqalə “Maddiyyatdan uzaqlaşmaq” haqqındadır. Bunu həkimin bir hikmətli cümləsi ilə ifadə etmək olar: “Üzərində məqsəd sikkəsi olmayan zər (qızıl) ilə zərnix (arsen) eyni qiymətdədir”.[6]
On üçüncü məqalə “Dünyanın faniliyi” haqqındadır. Bu dünya – “fani bir mənzildir, qərarı yox, xəzan ruzigarıdır, baharı yox!”
On dördüncü məqalə “Ədalətsevərlik və düzsözlü olmaq” haqqındadır. Burada Nizami bütün insanları ədaləti sevməyə təşviq edir. Vətəndaşlığın vəzifəsi zülmə və haqsızlığa qarşı çıxmaq və həqiqəti cəsarətlə söyləməkdir. Ağıl sahibi əsl insan yalnız belə etməlidir, çünki “ağıl – Məsihdir, ondan ayrılma!” “Şərab ağıla düşmən olduğu üçün haram elan edilmişdir”, yoxsa “adama kef verən və nəşə gətirən bir şeydir”. Kişinin əsl silahı doğruluqdur. “Əyrilikdən ziyan, doğruluqdan isə salamatlıq və yaxşılıq” gəlir.
On beşinci məqalə “İnsanın əhəmiyyəti və qiyməti” haqqındadır. Bu məqalədə şair, zəmanəmizdə daha aktual olan nəsillər arasındakı ahəng və gənclik ilə şəxsiyyət məsələsini təhlil edir. Deyirlər ki, “daş qocaldıqca lələ çevrilir”. Şairin qənaətincə bu, mübahisəli bir məsələdir, çünki o, öz təcrübəsində “bu güruhun qocaldıqca, betər olduğunu” gözləriylə görmüşdür. Şairin tədqiqinə görə, “Yaşlılar arasında gənclərə yardım edən insaflı qocalar az olur”. Beləliklə, “könül genişliyi təzə çiçəklərdən, yaralar isə əski tikanlardan gəlir”. Daha münasib bir təşbih: “başı ağıl üçün ayrılmış qab ikən, əski beyin onu qəbul etməyə heç də hazır deyildir”. Amma “səhhət və sağlamlıqdan ibarət olan gəncliyin dəlilik [7] tərəfləri də az deyildir”. Bu halda nə etməli? Nizamini nümunə götürüb ona oxşamalı; çünki o, gül kimi xəzinə saçır və cavan ikən qocalıq iddiası edir”. “Təzə çıxan ayı hilal şəklində görürsünüz, lakin onun kəmalə yetişib bədr olacağını unutmayın”. “İddialara yox, hünərə qiymət vermək lazımdır”. “Su da, sədəf də çoxdur, lakin inci olacaq damlalar azdır”. “Nə qədər can, nə qədər qan lazımdır ki, bir gövhər bir taca qonsun!”.
On altıncı məqalə “Gələcəyi düşünmək” haqqındadır. Burada şair ziyanlarımıza görə şəxsən özümüzün cavabdeh olmağımız fikrini təlqin edərək soruşur: “Şərabı içən sən, dünyanın qəbahəti nə?” Hərəkətlərinin nəticəsini düşünməyən adamlar, şairə görə, daima ziyan görərlər. Gələcəyi, aqibəti düşünənlər isə azdırlar. “Dünyanın hər yeri daşlarla dolu isə də, ləl olan daş çox azdır”.
On yeddinci məqalə “Guşənişinlik və təcrid” haqqındadır. Sufiliyə xas olan bu iki kəlmə ilə bir insanın mənən öz qınına çəkilməsi, həva və həvəslərdən ayrılması, öz idealı yolunda hər cür məhrumiyyət və çətinliklərə dözməsi ifadə olunur.
Şair, bizdən qüvvətli olan həyat şəraiti qarşısında nə sırtıq, nə də məyus olmağı bizə məsləhət görür. Nə yersiz ağlamaqla kor olmağı, nə də arsızca daima gülməyi tövsiyə edir. Bunların hər ikisi ölçüsüzlükdür. Həyatın sirri isə ölçülü olmaqdadır. Insanları bədbəxt edən içlərindəki təzaddır. Bunun şairanə misalı isə mumdur. “Yanarkən mum kimi gülənlərin ömrü qığılcım kimi qısa olur”.
On səkkizinci məqalə “Zəmanə adamlarının vəfasızlıqları” haqqındadır. Şair çiy süd əmmiş insan oğlunun vəfasızlığını yaxşı bilirdi. Bunun üçün işarə etdiyi insanları dost seçməkdə ehtiyatlı olmağa dəvət edir. Bu axtarışlarda vücudumuzun aciz olduğunu başa salaraq, şair vəzifəni qəlbimizin öhdəsinə qoymağı məsləhət görür.

Tən çe şenasəd ke tora yar kist,
Del bovəd agəh ke vəfadar kist.

(Bədən necə bilə bilər ki, sənə dost kimdir,
yalnız qəlb agah ola bilər ki, vəfalı dost kimdir – red.)

On doqquzuncu məqalə “Düşməndən çəkinmək” haqqındadır. Şairin bu xüsusdakı tövsiyəsi sadədir: Düşmənin böyüyü-kiçiyi olmaz; hətta kiçik düşmən daha təhlükəlidir. Əqrəb kiçik olduğu halda, əjdahadan daha qorxuludur; bunlardan ikincisi açıqda ikən, birincisi gizlidir. “Ən böyük qəflət – ən kiçik düşməndən qafil olmaqdır”.
Iyirminci məqalə “Mütəəssiblərdən şikayət” haqqındadır. Hər yenilik nümayəndəsi və hər böyük sənətkar kimi Nizami də öz dövrünün mütəəssiblərindən çox əziyyət çəkmişdir. Şair deyir: “Dünyanın vəziyyətinə bax, gör onun başçıları, “adlı-sanlıları” kimdirlər?” Bu bir-iki bədnam, “adı batmış” başçılar istəyirlər ki, şairi sındırsınlar, lakin o, buna əhəmiyyət vermir, “çünki hilal halında olan şəxsiyyət sındırıldıqca böyüyərək” bədr (tam, bütün ay) olacağına əmindir.

* * *

Nizami bütün bu məqalələrdə yürütdüyü fikirlərin hərəsini bir hekayə və ya təmsil ilə təchiz və təsvir etmişdir. Bunların hamısını, xülasə halında olsa da, burada təhlil etmək sözün həddindən artıq uzanmasına səbəb olardı. Bununla bərabər, çox mənalı və bəzən də çox maraqlı bədii nümunə olan bir neçə misal gətirmək zövqündən özümüzü məhrum edə bilmədik.
Ədalət və insafdan bəhs edən məqaləsini şair Ənuşirvan ilə vəzirinə aid bir hekayə ilə təsvir edir. Şah vəziri ilə birlikdə gəzintiyə çıxdığı zaman iki xaraba evin divarları üstünə qonmuş iki bayquşun səs-səsə verərək uladıqlarını görmüşdür. Şah vəzirə tərəf dönərək: sən quşların dilini anlayırsan; bunlar nə danışırlar? – deyə soruşmuşdur. Vəzir: – söhbət toy-düyün haqqındadır – demişdir. – Bayquşun biri o birindən qızının nigahı müqabilində yüz xaraba istəyir. Bu birisi isə cavab verir: “Günlər belə keçsə və padşah eyni adam qalsa, mən sənə yüz yox, yüz min xaraba verərəm”.

Gər məlek inəst, çenin ruzeqar,
Z-in deh-e viran dehəmət səd hezar.
Tərcüməsi:
Şah bu isə, böylə getsə ruzigar,
Yüz min xərabəlik diləsən də var!

Padşahın rəiyyətə qarşı vəzifəsinə aid məqalə aşağıdakı hekayə ilə təsdiqlənmişdir:
Böyük səlcuqlardan sultan Səncərin qarşısına zülm və işgəncəyə məruz qalmış bir qoca qarı çıxaraq demişdir:

Doulət-e torkan ke boləndi gereft
Məmləkət əz dad pəsəndi gereft.

Çon ke to bidadgəri pərvəri
Tork nəyi, hendu-ye ğarətgəri.
Tərcüməsi:
Türklərin çün yüksəldi dövlətləri,
Ədalətdən süsləndi hər elləri.

Madam ki, sən zülmə amil olursan,
Bir türk deyil, çapqınçı bir hindusan!

[8]

Özünə güvənmək və kimsəyə əl açmamaq haqqındakı məqaləsini şair belə bir hekayə ilə tamamlamışdır: Cavanlardan biri kərpic palçığını ayaqlayan bir qocaya rast gəlir. “Ata, nə üçün özünü yorursan, nəyə görə özünə bu qədər əziyyət verirsən? Kərpic kəsmək sənin yox, gənclərin işidir. Sən xahiş etsən, kim sənə kömək etməz?! Hansı cavan səndən bir parça çörəyini əsirgər?!” – deyə gənc qoca kərpickəsənə müraciət edir. “Elə ona görə əziyyət çəkərək palçıq qayırıram ki, günlərin bir günü sənə əl açmayım” – deyə qoca cavab verir və həmin cavabla da gənci utandırır.
Ədalət və doğruluq haqqındakı fikirlərini təsdiqləmək üçün düzdanışan bir zahidin cəsarətini təsvir edir: Zülmkar və qəddar bir padşah varmış. O, xalqa zülm edir və əhalinin malına və mülkünə əl atırmış. Qoca bir zahid bu vəziyyəti tənqid edərək padşahın zülmkar olduğundan şikayətlənirmiş. Padşah qocanı öz hüzuruna çağırtdırmış və bundan xəbər tutan kimi qoca qüslünü alıb və kəfənini geyib şahın hüzuruna gedir. Zalım padşah əvvəldən öz cəlladlarını hazırlayaraq onlara əmr veribmiş ki, qoca ağzını açmamış onu öldürsünlər. Qocanı görən kimi padşah onun üstünə qışqırmış: “Mənə zalım deyən sənsənmi?” “Bəli, – deyə qoca cavab verir: – mən sənin haqqında sən bildiklərindən də ağır sözlər demişəm, lakin unutma ki, mən səni olduğun kimi göstərən bir güzgüyəm; öz üzünü bu güzgüdə eybəcər görürsənsə, günah güzgüdə yox, sənin özündədir. Odur ki, o güzgünü yox, özünü qır”. Düz sözlərindən və cəsarətindən təsirlənən padşah həmin qocanın kəfənini üstündən götürtdürmüş və ona xələt geyindirmişdir. Bu ibrətdən dərs alan padşah zülmü atıb ədalətə qovuşmuşdur.
Pisliyə yox, yaxşılığa qulluq etmək hikmətinin təsviri üçün şair İsaya aid bir təmsil gətirmişdir.
Çürümüş bir köpək leşinin ətrafına toplaşanlardan biri leşin pis iyləndiyindən, o biri – çirkinliyindən, üçüncüsü çürüdüyündən, dördüncüsü isə qurdladığından bəhs edirmiş. Bu arada İsa gələrək deyir: “Bir baxınız, görün nə ağ, nə gözəl, nə sağlam dişləri vardır!”.

* * *

Əvvəllər qeyd etdiyimiz kimi, “Məxzən-ül-əsrar” şairdən çox filosof və şeyx Nizaminin əsəridir. Təlqinçi bir əsər olduğundan, başqa bədii əsərlərinə nisbətən sənət baxımından bir az soyuqdur. Buna baxmayaraq, Nizamiyə xas orijinal ifadə və mistik ruh ilə yazılan bu əsər şer nöqteyi-nəzərindən də yüksək və canlı parçalara malik, fövqəladə bir “Sirlər” xəzinəsidir. Həm şairin sağlığında, həm də özündən sonra Şərq ədəbiyyatının çox məşhur simaları “Məxzən-ül-əsrar”a təqlid ilə ona nəzirələr yazmışlarsa da, tənqidçilərin bir səslə söylədiklərinə görə, heç biri onun qədər uğurlu olmamışdır.

______

  1. “Bismillah-ər-Rəhman ər-Rəhim həkimin xəzinəsinin qapısının açarıdır – red.
  2. M.A.Tərbiyət öz “Danişməndan-i Azərbaycan”ında “Sirlər xəzinəsi”nin rəbi-ül-əvvəlin 24-də tamamlandığını bildirir. Həmin tarix isə m. 20 fevral 1164-ə uyğun gəlir.
  3. “Sirlər xəzinəsi”ni Cəlaləddin Ruminin “Məsnəviy-e mənəvi”sinə bənzədirlər.
  4. Pişo pəsi səfe kibriya
    Pəs şoəra amədo piş ənbiya.
    (Böyüklər səf çəkilib düzülərkən, şairlər arxada, öndə isə peyğəmbərlər dururlar – red.)

  5. Zir məbinta nə şəvi payətərs,
    Pəs mənegər ta nəşəvi sayətərs
    (Aşağı baxma ki, öz payəndən (rütbəndən) qorxmayasan,
    Arxaya baxma ki, öz kölgəndən qorxmayasan – red.)

  6. Zər ke dər-u sekkey-e məqsud nist,
    An zəro zərnix beqeymət yekisit.
    (üzərində istənilən sikkə olmayan zər-qızıl zərnix ilə eyni qiymətdədir. – red)

  7. Türkcə “dəliqanlı” sözü bu yer üçün nə qədər də münasib və uyğundur.
  8. Müəllifin tərcüməsi sərbəstdir. Şerin hərfi tərcüməsi belədir:

    Türklərin dövləti ucalarkən,
    Ölkə ədalətdən yaxşı vəziyyətə düşdü.

    Sən zülmkarlıq bəslədiyin üçün
    Türk deyil, qarətkar bir hindusan.