Azərbaycan şairi Nizami/Unudulmuş Nizami
←Nizaminin yaradıcılığı | Azərbaycan şairi Nizami. Unudulmuş Nizami Müəllif: Məhəmməd Əmin Rəsulzadə |
Nizamiyə borcumuz→ |
Bir tərəfdən İslam şərqinin uğradığı ümumi gerilik, o biri tərəfdən isə çarizm istilasının zülm və istismarı nəticəsində öz keçmişini və bu keçmişdəki mədəni nailiyyətlərini unutmuş Azərbaycan Nizamini də yaddan çıxarmışdı.
Gəncənin yaxınlığında yıxılıb-tökülmüş bir məzar vardı. Bu məzar uşaq arzulayan qısır qadınların uşaq dilədikləri bir “Şeyx”ə mənsubdur. Bu “kəramətli türbə”nin bütün Şərqin olduğu qədər Azərbaycanın da başını ucaldan böyük bir şairin əbədi yatağı olduğunu bilənlərin sayı azdı.
Bu şairin, eyni zamanda, böyük Azərbaycan şairi olduğunu isə bilən bəlkə də heç yoxdur.
Milli oyanış dövrünə daxil olan yeni Azərbaycan da Nizamini layiqincə mənimsəmək üçün yetişməmiş və farsca yazmış olduğunu nəzərə alaraq, onun haqqında düşünməyi milli vəzifələrdən xaric, sonrakı işlərdən saymışdır.
Bununla bərabər, obyektiv olaraq, onu da qeyd etmək lazımdır ki, Nizami düşünən azərbaycanlılar tərəfindən büsbütün unudulmamışdır: məsələn, 1910-cu ildə Gəncə Dram Cəmiyyəti dahi həmyerlisini yada salıb onun xaraba türbəsini təmir etmək üçün bir kitabça çap edərək, könüllü şəkildə vəsait toplamaq təşəbbüsündə olmuşdur. Şərqşünas A.Krımskinin qeyd etdiyi [1] bu hadisə ilə bərabər mötəbər gəncəlilər, eşitdiyimizə görə, həmin məqsədlə bir neçə min manatdan ibarət olan bir məbləğ də toplamışlar.
Milli istiqlal dövründə də Nizami haqqında düşünüldüyünü, müasir formada bir heykəl layihəsinin mövcud olması haqda Azərbaycan hökumətinin sabiq xarici işlər nazirinin müavini Adil-xan Ziyadxanın çap olunmuş bir xatirəsindən xəbər tuturuq. [2] Heyf ki, hadisələr bu proyektin yerinə yetirilməsinə imkan vermədi.
Halbuki Nizami həm azərbaycanlılıq, həm də türklüyə təsəvvür olunacağından daha ciddi, çox və səmimi düyünlərlə bağlıdır. Azərbaycan vətəndaşları kimi türk milliyyətinin də şairlə yaxından maraqlanması üçün təbii və həyati səbəblər vardır.
Azərbaycan hökmdar və şahlarının ehtiram və lütfkarlığını görüb, kitablarını onların adına bağlayan bir şairin Azərbaycan vətənpərvərliyində oynadığı mənəvi rolun kiçik ola bilmədiyi aşkar bir həqiqətdir. Hansı mənəvi varlıq və tarixi iftixar Azərbaycana Nizami xatirəsindən daha yüksək və dünyaya şamil olan bir dəyəri təmin edə bilər? Nizami kimi bir mədəni dəyəri hansı azərbaycanlı vətənpərvərlik ənənəsi çərçivəsindən kənara çıxara bilər? Hansı yurdsevər və şüurlu bir azəri türkü Nizami ilə öyünməyə bilər?![3]
Kitabımızın müəyyən bölməsində təfsilatı ilə təkrar edəcəyimiz “gözəl ilə böyüyə - türk, gözəllik ilə böyüklüyə - türklük, gözəl və böyük sözə - türkcə, gözəllik və böyüklük diyarına – Türküstan” deyən bir şairə hansı ağız “o, türk deyildir” deyə bilər?
Onun yaşadığı zaman və şəraitdə dilin əhəmiyyəti yox idi; əhəmiyyətli hissiyyat idi, hiss nöqteyi-nəzərindən isə Nizaminin türklüyünü isbat edən dəlillər bir deyil, minlərcədir.
_______
- ↑ A.Krımski. İstoriya Persii, eye literaturı i dervişskoy teosofii. Axundzadə Mirzə Məhəmməd tərəfindən yayılmış bu kitabçadan V.Bartold da istifadə etmişdir.
- ↑ A d i l-x a n. Ziyadxan Tayeran-e qələm. Tehran, 1932.
- ↑ Nizamidəki bu dəyəri, bütün dəyərləri məntiqin qulağından çəkmək yolu ilə də olsa, öz xeyrinə istifadə etmək üçün əl çevikliyi göstərən Sovet təbliğatı da mənimsəyə başlamışdır.