Məzmuna keç

Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Mirzəcan bəy Mədədov (məqalə)

Vikimənbə saytından
Məhəmməd bəy Cavanşir "Aşiq" təxəllüs Azərbaycan ədəbiyyatı. I cild. Mirzəcan bəy Mədədov
Müəllif: Firudin bəy Köçərli
Mirzə Fətəli Axundov


Molla Pənah Vaqif dövrünün şairlərindən birisi də Mirzəcan bəy Mədədovdur ki, əslən Qarabağ mahalında Çanaxçı qəryəsindəndir və özü də məşhur general Valerian Qriqoryeviç Mədədovun ya əqrəbasındandır və yaxud onun özüdür ki, ondoqquzuncu əsrin ibtidalarında Rus ilə Osmanlı arasında vüqua gələn bir çox müharibələrdə ziyadə rəşadət göstəribdir və Qafqaziyanın bir çox yerlərini təsxir eləyibdir.

Mirzəcan bəy əgərçi milliyyət cəhətincə erməni idi, vəli əxlaqü adatca müsəlmanlardan seçilməzdi. Müsəlmanlara çox yavuq olduğu üçün, onun əfkarü hissiyyatı müsəlman əfkarü hissiyyatı idi, nişəst-bərxastı onlar ilə idi. Öz qövmündən artıq müsəlmanları dost tutardı.

Bilmək gərəkdir ki, knyaz Valerian Qriqoryeviç dəxi müsəlmanpərəst bir vücud olub, türk dilini yaxşı bilirdi və çox ittifaq və məqamlarda müsəlmanları şirin dil və hüsni-süluku ilə özünə ramü rağib edirdi.

Mirzəcan bəy türk dilindən əlavə fars dilini də kamalınca bilirdi və şerü ədəbiyyata meylü həvəsi artıq idi. Mirzə Yusif Qarabaği,--necə ki, onun barəsində zikr olundu,--Mirzəcan bəyin təklif və iltiması ilə Molla Pənahın və onun müasirlərinin əşarından bir məcmuə tərtib qılıb Teymurxanşurada çapa vermişdir. Mirzəcan bəy əhli zövq olduğu üçün Vaqifin kəlamını ziyadə dost tutarmış və özünün təbi-şeriyyəsi var imiş. Müasirlərindən Qazax şairi Kazım ağa Salik ilə və Maralyanlı Aşıq Pəri ilə irsal-mərsulları var imiş. Hər qisim əşarı mövcuddur. Amma Mirzəcanın sevdiyi əşarın mürəbbeat növüdür ki, əksərini Vaqif yazdığı səbkdə yazmışdır. Bu mürəbbeatın birisindən belə görünür ki, şair bir
vaxtı zindana düşüb, haman şerləri zindanda olan zamanı yazıbdır:

Bir belə əyyamda, böylə zamanda
Qəmgin könlüm necə munda şad olsun?
Munca zülmü sitəm, munca siyasət
Bəs deyilmi, yar da məndən yad olsun?!

Nə bir qəmxar, nə bir dosti-yeganə
Təmami-aşina oldu biganə,
Saldın axır, fələk, məni zindanə,
Qoymadın qüssədən can azad olsun.

Olmasın o, qəmgin, mən çəkim cəfa,
Unutmaq aşiqi görməsin rəva,
Gəlməsə, deyərlər ona bivəfa,
İstərəm özünə yaxşı ad olsun.

Külli-aləm düşmən olub canıma,
Tapıb fürsət düşmən batıb qanıma,
Deyin, dostlar, yarım gəlsin yanıma,
Bəlkə görmək ilə bir imdad olsun!

Fələyin ədli yox, dünyada divan,
Dəxi gəlməz həyatıma bir güman,
Bəndə düşüb nahaq yerə Mirzəcan,
Səbəbkarın evi qoy abad olsun!

Bu şerlərdən mütəvəffa Mirzəcanın alitəb olmağı və mərdanəliyi zahir olunur ki, onu nahaq yerə müttəhim edib zindana salan adama--"səbəbkar"a Mirzə nalayiq sözlər demir və nifrin oxumur, bəlkə onun haqqında gözəl dilək eləyir: "Səbəbkarın evi qoy abad olsun!" Və habelə şair yarının onu ziyarət etməyinə artıq şövqmənddir, onun üçün ki, ona bivəfa deməsinlər:

Gəlməsə, deyərlər ona bivəfa,
İstərəm özünə yaxşı ad olsun!

Mürəbbeatından məşhuru bunlardır:

BƏNƏFŞƏYӘ XİTAB

Boynu buruq varıb yarın kuyinə,
Dərdi-dilim söylə yarə, bənəfşə!
Üzümə bax, rəngi-ruyim hər nə var
Ərz etgilən o xunxarə, bənəfşə!

Aparsalar səni yar otağına,
Qafil olma, bax soluna, sağına,
Üz sürtüb zülfünə, de qulağına,
Salmasın aşiqin narə, bənəfşə!

Sirr ilə üzündə baxgilən hər su,
Məskən sal telində, söylə mubəmu,
Görsün ki, cananım olmayıb bədxu,
Bir xələl qat o əğyarə, bənəfşə!

Neyləsin mən kimi fəqir əndəlib,
Sən bənəfşə olsan o gülə həbib?
Əgər sən də mənə olasan rəqib,
Görüm günün keçsin qarə, bənəfşə!

Bundan artıq yoxdur sənə bir cavab,
Layiq deyil etmək aşiqə əzab.
İstərsən edəsən dünyada səvab,
Eylə Mirzəcana çarə, bənəfşə!

Əyzən kəlami-Mirzəcan:

Çəkdiyim cəfadən, cövrü bəladən
Xəbər verən o dildarə tapılmaz.
Pərişan halımı, ahü zarımı
Bir söyləyən o qəmxarə tapılmaz.

Nə canda taqət var, nə təndə rahət,
Qoymayır bu fələk olum fəraqət.
Dərd öldürür məni saətbəsaət,
Bu dərdlərə məgər çarə tapılmaz?!

Yar orda ah çəkər, mən burda fəryad,
Kim var ki, eyləyə bizlərə imdad,
Ya rəb, bu məmləkət olaydı bərbad,
Gələn ondan bu diyarə tapılmaz.

Yarın dərdi çoxdur Mirzə canında,
Bir kimsə yox onun bəndüvanında,
Hər kəsin sevgisi, yarı yanında,
Mənim kimi heç avarə tapılmaz.

Əyzən kəlami-Mirzəcan:

Girdabi-möhnətdə qərq olan canım,
Ya rəb, ola bir kənarə yetərmi?
Bu seyli-bəladən, tufan qəmindən
Xilas olub, o dildarə yetərmi?

Qəm ləşkəri mənə olub həvalə,
İstəyir qürbətdə canımı alə,
Çəkdiyim əfğanlar, etdiyim nalə
Bu diyardan o diyarə yetərmi?

Çünki belə hicran düşmüş arayə,
Kim var ki, yetişsin bunda harayə
Ümid yox qasidə, badi-səbayə,
Bir ah çəksəm, onda yarə yetərmi?

Necə dözsün canım bu sitəmlərə,
Munca möhnətlərə, munca qəmlərə?
Yarımın kuyində siz həmdəmlərə
Bir də görüm bu biçarə yetərmi?

Fələk məni böylə salmış avarə,
Könül müştaq, göz müntəzir didarə,
Mirzəcani, məgər o gülüzarə
Sənin kimi bəxtiqarə yetərmi?

Əyzən kəlami-Mirzəcan:

Dağıdır huşumu, alır canımı,
Hər baxanda o məstanə gözlərin.
Çəkibdir üstümə xəncəri-xunriz,
Batacaqdır məgər qanə gözlərin?

Bilirəm, bilibdir qəmii izzətin,
Qoy çəkməsin heç şadlığın minnətin,
Çünki bilmiş ağlamağın ləzzətin,
Qoy ağlasın yanə-yanə gözlərin!

Bulunmaz mənimçün bir yaxşı həmdəm,
Ərzimi yetirə yarə dəmadəm,
Bircə baxa mənə, gözdən yaş tökəm,
Bəlkə ola dərdim qanə gözlərin.

Eylərsən axırda sən məni Sənan,
Dönərəm dinimdən verəsən fərman,
Bilmirsən edəcәk canını qurban,
Baxsa əgər Mirzəcanə gözlərin.

Burada yazılanlardan başqa Mirzəcanın yenə çox yaxşı mürəbbeatı vardır ki, hamısını buraya salmağa ehtiyac yoxdur. Bir neçə müxəmməsləri də vardır ki, onlardan biri belə başlanır.

Ey bivəfa yar, səni necə salım yadə mən,
Qoymadın bir şad olam bu fəna dünyadə mən,
Eyb deyildir sənə gəlmişəm fəryadə mən,
Səndən qeyri kimsə yox, kimə gedim dadə mən?
Dadrəsim yox mənim, qalmışam aradə mən i.a.

Bir müxəmməsində Mirzəcan könlünə xitab edib deyir:

İncinmə, könül kim, sənə imdad ola bilməz.
Yardan pozulan dil dəxi abad ola bilməz.
Ol zülfə giriftar olan azad ola bilməz.
Rəhm olmasa ondan, bu könül şad ola bilməz.
Gizlin qəmimi açmağa sərdar tapa bilməm i.a.

Aşıq Pəri ilə bir-birinin müqabilində münazirə təriqi ilə yazdıqları müsəddəs və mürəbbe:

Aşıq Pəri

Şairi-sənsən zəmanə, mərdi-meydandan danış,
Əzbər eylə dildə dəftər, cövhəri-candan danış,

Yeddi yerdir, yeddi göydür, yeddi əzbərdən sual,
Yeddi məna, yeddi qüslü yeddi gövhər həm kəmal,
Yeddi bürcdə yeddi ulduz, həşt cənnət bimisal,
Yeddi rəkət, yeddi imam, yeddi ərkandan danış!

Mirzəcan

Sevmə sən əfsanəni, gəl, ey Pəri, yardan danış,
Neylərəm üqba işin, sən kimi dildardan danış,
Yeddi yerdən, yeddi göydən neylərəm etmək sual,
Tapmışam bir mürşidi, kəsb etmişəm ondan kəmal,
Çəkmənəm rizvan qəmin bu dünyada versən macal,
Aşiqə cövr eyləyən yari-sitəmkardan danış!

Aşıq Pəri

Yetgilən Qüdsi-Xəlilə miqdis ilə mahrasa
Əqlini təğyir etdi, aldı sərdən kəlisa,
Əzbər eylə hər saətdə zikri-Məryəm həm İsa,
Gah İncil, gah Cəm-cəm, gah ərkandan danış!

Mirzəcan

Tapmışam Qüdsi-Xəlili, mahrasanı neylərəm?
Əldə təsbih ilə zünnarü əsanı neylərəm?
Bu Pəri şeyda qılıb, həzrət Musanı neylərəm?
Sevmərəm Tövrat, Zəburu, sən çalan tardan danış!

Aşıq Pəri

Tapdığın tərsa yoludur, eyləmə zövqü həvəs,
Badeyi-gülguna təhsin etməsin nitqü nəfəs,
Qaidə-qanun budur qalü bəladən xaçpərəs
Çağırar İsa, kəlisa göftügu candan danış!

Mirzəcan

Məndə can yox, eyləmə səyi-əbəs, bica həvəs,
Mürği-can pərvaz edib, cismim qalıb xali qəfəs,
Gəl mənə zülm eyləmə, naləm salır dünyaya səs,
Aləmi qərqə verən bu çeşmi-xunbardan danış!

Aşıq Pəri

Ey Pəri, oldu dili-şeyda rədifi-əlbəəl,
Sən təriqətdən ötüb, ürfan yoluna qoy məhəl,
Yəmdə mahi, göydə günbəd var Mərrixü Zühəl,
Abi-heyvan, şaxi-tuba, baği-rizvandan danış!

Mirzəcan

Tapalı eşqin yolun bir böylə işi neyləriz?
Əqlimiz heyran olubdur, dinü kişi neyləriz?
Gəl edək zövqü səfa, molla-keşişi neyləriz?
Mirzəcanı öldürən bu ah ilə zardan danış!