Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Sabit Şəqaqi (məqalə)
←Şeyx İbrahim Qüdsi Gəncəvi | Azərbaycan ədəbiyyatı. I cild. Sabit Şəqaqi Müəllif: Firudin bəy Köçərli |
Şəkər Şirvani→ |
Bu şairin dəxi Aciz, Qövsi, Nişat və qeyriləri kimi ismi və əsl-nəsəbi məlum deyil. "Sabit" şairin təxəllüsüdür. Anadan təvəllüd etdiyi məhəllin ismi də yəqin ki, Şəqaqdır ki, onunla müləqqəb olmuş--Şəqaqi adlanır. Çox ehtimal var ki, onun adı Mehdi olsun. Çünki aşağıda yazılan bir qafiyəsində Sabit əvəzinə Mehdi yazılmışdır. Onun əsərlərindən Mirzə Yusif Qarabağinin məcmuəsinə daxil olan ancaq bir qəzəl ilə bir mürəbbeatıdır ki, hər ikisi burada dərc olunur.
Qəzəli-Sabit:
Ənbərin rayiheyi-türreyi-canan gətirir,
Lütf ilə badi-səba dərdimə dərman gətirir.
Deyirəm qasidə: get nameyi-cananı gətir,
O gedir sürət ilə qətlimə fərman gətirir.
Mən dedim iikhəti-zülfün gətir, ey badi-səba,
O gedir başıma sevdayi-pərişan gətirir.
Zülf düşgəc yüzünə didələrim əşk tökər,
Gün üzün əbr haçan bağlasa, baran gətirir.
Baxıb ol şiveyi-rəftarə, töküb qanlı yaşım,
Mən bilirdim ki, bu göz başıma çox qan gətirir.
Küfri-zülfün ürəfa rəxneyi-iman dedilər,
Bu necə küfrdü kim, hər görən iman gətirir?!
Mərdümi-didələrim hicr günü Nuhasa,
O qədər əşk tökər, axırı tufan gətirir.
Sabita, şükr elə, hər izzət üçün zillət var,
Demədin vəsl süruri qəmi-hicran gətirir?!
Qafiyə:
Bürci-nəhsə düşdü kövkəbi-bəxtim,
Fələk zülmü mənə nümayan oldu.
Zövrəqi-taleyim bəhri-ələmdə
Təlatümi-qəmdən binişan oldu.
Soldu gül, pozuldu gülşəni-aləm,
Şeyda bülbül nərə çəkər dəmadəm,
Fanusi-ifayə çünki düşdü şəm
Pərvanə gör necə sərgərdan oldu.
Pəri, … fələk dad əlindən, dad,
Bir dəm eşq əhlini eyləmədin şad,
Bir Şirindən ötrü misali-Fərhad
Mehdi Bisitunda kuhkən oldu.