Məzmuna keç

Azərbaycan ədəbiyyatı (Salman Mümtaz)/Ağa Məsih Şirvani

Vikimənbə saytından
Başlanğıc Azərbaycan ədəbiyyatı Ağa Məsih Şirvani
Müəllif: Salman Mümtaz
Molla Pənah Vaqif

Sədaq oxu kimi kəci-təb’lər tutmuş nəzər gahi,
Olar kim, doğrudur, əgri qılınc tək yanda qalmışdır.

XII əsri-hicridə, yəni miladi XVIII əsrdə yaşayan bərgüzidə şairlərimizin biri də Ağa Məsihdir. Ağa Məsih azərbaycanlılar üçün Şiraz mənzələsində bulunan Şamaxı şəhərindəndir. “Soltan Dədə Günəş” sülaləsinə mənsub olan bu adlı-sanlı şairimizin adı Məsih, atasının adı Məhəmməd, təxəllüsü də həman adından əxz olunmuş Məsihdir ki, xalq arasında Ağa Məsih adı ilə məruf və məşhur idi. Məhəmməd Kaşan və İsfahan şəhərlərindən tirmə, əbrə və sair arşın malı gətirib satdığı üçün əhali arasında Sövdagər Məhəmməd ləqəbi ilə tanınmış idi.

Ağa Məsihin hansı tarixdə dünyaya gəldiyi məlum deyilsə də, Nadir şah ilə müasir olduğu müəyyən edilmişdir. 1155 sənei-hicriyyəsində Şahzadə Nəsrullah mirzə Şirvan və Ağsu qalasını Nadir şahın əmri ilə alıb, şamaxılıları Ağsuya köçürdüyü zaman Ağa Məsihin gənclik zamanı idi. Həyatı-xüsusiyyəsindən tamamilə bixəbər olduğum bu gözəl şairimiz Möhtəşəm Kaşani və Raci Təbrizi kimi ticarət, həm də ədəbiyyat ilə məşğul olurdu. Ticarəti ısə həman atası Sövdagər Məhəmmədin peşəsi olan sövdəgərlik, arşınçılıq idi. Bununla belə, Ağa Məsih siyasət ilə maraqlanan, hökumətə yaxın və xatiri ricali-hökumət yanında əziz tutulan bir zat idi. Ağa Məsih öz həmşəhrilərindən Nişat və Zülali ilə müasir, həm də dost idi. Hələ Nişatı özünə ustad intixab etdiyindən, ilk yazdığı şeirlərində də əvvəl Füzuliyə və sonra ona peyrəvilik etmişdir. Təəssüf olsun ki, Nişat, Məsih və Zülali aralarında vaqe olan müşairələrdən bu gün əlimizdə yalnız bircə məclis qala bilmişdir ki, bundan və digər bir təxmisdən Nişatın pişva və Məsih ilə Zülalinin ona peyru olmaları gözə çarpmadadır:

Nişat:

Şuri-cünun aşiqin başına rif'ət verir,
Hər kəsə dünyada Həqq əqlicə dövlət verir.
Qanım içərkən bular çeşmnən eyni səfa,
Elə ki, meyxarələr bəzminə zinət verir.
Harda görürsən, könül, yar, dolan başına,
Sanma ki, dövran səna bir dəxi fürsət verir.
Surəti-halın demək aşiqə lazım deyil,
Üz verə iqbal əgər, bəxt özü surət verir.
Gövhəri-nəzmin, Nişat, eyləmə hər yerdə sərf,
Bir belə bazaridə kim səna qiymət verir.

Ağa Məsih:

Aşiqə tə’limi, — yar feyzi-bəşarət verir,
Hər necə gül bülbülə dərsi-fəsahət verir.
Ol sə hi qədpüstə ləb gülşənə olsa rəvan,
Qönçəni dilxun edər, sərvə xəcalət verir.
Duzəx odu, söylənir, şiddəti məşhurdir,
Canda fəraq atəşi özgə hərarət verir.
Çərxə vəfa bağlama, eyş edə gör vəqt ikən,
Və’də irişsə əcəl, sanma ki, möhlət verir.
Əmməyə mümkün ola gər ləbi-dildaridən,
Çeşmei-heyvan kimi gör necə ləzzət verir.
Gövhəri-nəzmin, Nişat, düşsə Məsih əlinə,
Rayici-bazar edib, aləmə şöhrət verir.

Zülali:

Şərmi-ərəq gül üzə özgə lətafət verir,
Hüsni-gülüstaninə abi-nəzakət verir.
Vüsləti-mehrulərin mümkün olurdu, nedim,
Kövkəbı-iqbalıma bəxti-nühusət verir.
Qətlinə eşq əhlinin qaşları haşa deyir,
Gözünə qarşı durub, qəmzə şəhadət verir.
Zahidi-rüstayi-vəş şiddəti eşqin görüb,
Xof düşüb canına, xəlqə nəsihət verir.
Aşiqi-bidil, səna yar verə zəhr əgər,
Al onu mərdanə iç, gör necə ləzzət verir.
Eşqdə hər bülhəvəs lafi-gəzaf etməsin,
Canım cananına əhli-dəyanət verir.
Nəzmi-Nişatü Məsih düşsə, Zülali, ələ,
Feyzi-həyati-əbəd eyşi-məsərrət verir.

Ağa Məsih Nişatın ayrı bir qəzəlini də təxmis etmişdir ki, eynən aşağıya köçürürəm:

Ağa Məsih:

Sevmişəm ta səni, ey müğbəçə, xəndan degiləm,
Yüzü gül kimi açıq çaki-giriban degiləm.
Lalə tək dağəm əgər var nümayan degiləm.

Nişat:

Qeyri-səndən dəxi bir özgəyə heyran degiləm,
Mayili-sərvü gülü baği-gülüstan degiləm.

Ağa Məsih:

Küfr zülfünə bu imanımı nəzir eyləmişəm,
Qəddinə ömri-firavanımı nəzir eyləmişəm.
Payinə didei-giryanımı nəzir eyləmişəm.

Nişat:

Rahi-eşqində dilü canımı nəzir eyləmişəm,
Hər cəfa eylər isən, eylə, peşiman degiləm.

Ağa Məsih:

Salma gözdən mon-hicranzədəni yad eylə gah,
Bəd günündə qulunu yadə salar rəhmli şah.
Səni, tari, necə fəryad qılıb etməyim ah?

Nişat:

Aşna, sən yetəni məndən edirsən ikrah,
Səna mən qurban olum, mən məgər insan degiləm?

Ağa Məsih:

Mən ki öz aşiqinəm, dövr edirəm ta gendən,
Qeyrilər məhrəmi-bəzmin dəxi pirahəndən.
Necə dad etməyim, ey dilbəri-kafər, səndən?

Nişat:

Ki müsəlman bilibən, nifrət edirsən məndən,
Səna aşiq olalı mən də müsəlman degiləm.

Ağa Məsih:

Məsihim, olsa əgər üzr-günahım bihədd,
Var ümidim kərəmindən ki, xuda qılmaya rədd.
Sirri-eşqin demənəm hər yetənə tabe əbəd.

Nişat:

Dili pürqüssə Nişatəm, yüz əgər olsam, bəd,
Sən kimi zalimi-bimürvət, biman degiləm.

Ağa Məsih çox nəzahətli və lətafətli bir şairdir. Təəssüf olsun ki, zamanının müsaidsizliyindən vaxtım bir çoxlarının xoşuna getməyən aşiqanə şeirlərə sərf edə bilməmişdir. Könlü istədiyi mövzularda, səbklərdə hər nə yazmışsa, onlan da Nadir şahın və Şahsevən Əhməd xanın Şirvan üzərinə etdikləri məşhur yürüşlərindən əvvəl yazmışdır. Ağa Məsih bədahətən şeir söyləmədə də mahir imiş. Bir gün göy paltarlı bir gözəl qız istinin təsirindən köksünün düymələrini çözərək, bulaq başında durmuş ikən birdən-birə Ağa Məsihin bədahətən söylədiyi bu beytinə məruz qalır:

Kəbudi-camə geymiş əgninə, köksünü çak etmiş,
Açıqdır gög qapusu, mətləb istərsən, dua eylə.

Ağa Məsih Nadir şah faciəsindən sonra müluki-təvayif, yaxud “xan-xan oyunu” təbirinə layiq olan xanları və xanlıqları öz gözü ilə görmüş və ətraflı da seyr edə bilmişdir. Bu da bəs deyilmiş ki, bir də tarixi-hicri 1162-də, yəni Nadir şahın qətlindən iki il keçmiş Şahsevən Əhməd xanın on iki min Muğan və Şahsevən atlıları ilə Şirvan üstünə hücumunun şahidi olmuşdur. Ağa Məsih o faciəni nəzmə çəkərək, tariximiz üçün bir mənzumei-əbədi-zində yaratmışdır. Sənətcə bir o qədər əhəmiyyəti olmayan o mənzumənin tarix və ictimaiyyət nöqteyi-nəzərindən böyük bir dəyəri və qiyməti vardır.

Eşidin etdiyini Şahsevən Əhməd xanın,
Xahişi-nəfsim ol zalimi-biimanın.
Yox imiş zərrəcə şə’nində mürvət anın,
Qıldığı aləmə cövrü sitəmin dünyanın,
Nə qədər olsa, olur baisi-nahəq qanın —

sətirləri o mənzumənin başlanğıcı və mətləidir ki, içində böylə dəhşətli bəndlər:

Tale'i şumdir anın ki, belə işləri var,
Şəhri-Dərbənddə çıxmaq yeddi yüz göz izhar,
Qətli ol Qahi-Muğan, Cisrdə həm kəllə minar —

vardır ki, yeri gəldikcə tamamilə gözdən keçirəcəksiniz. Bu son misralardan məlum olur ki, Şahsəvən Əhməd xan hənuz Şirvana gəlməmişkən Dərbənd şəhərində yeddi yüz göz çıxartdırmış və Muğan ölkəsində qətliam etdirərək Cavadda da insan kəllələrindən minarə qurdurmuş imiş. Təbii, bu vəhşilikləri öz gözü ilə seyr edən bədbəxt Ağa Məsih aşiqanə şeirlər söyləyə bilməz idi. Odur ki, tarixi-hicri 1155-ə kimi aşiqanə şeirlər yazaraq, layəmut lövhələr təsvir edən Ağa Məsih bu tarixdən etibarən kiçik-kiçik tarixi mənzumələr nəzmə çəkərək, nəhayət, “Şahnamə” yazmağa başlayır. “Şahnamə”də şair öz gözü ilə gördüyü hadisələri tamamilə türkcə olaraq canlandırır. Artıq mehtabı, şəfəqi buraxaraq, topdan, tüfəngdən, çərxəçidən, zənburəkdən bəhsə girişir.

Təqarüb vəznində rişteyi-nəzmə çəkilmiş o “Şahnamə”nin bir və bəlkə də, yeganə nüsxəsini Şamaxı mütəəxxirin üləmasından mərhum Mir Mehdi ağa tapıb, mənə göndərmişdi. Nə fayda ki, iki əsrdən bəri güvələr, mürgənələr ağızlarından çıxmış və illərcə yağışlar altında qalmış o kitabdan min məşəqqətlə yalnız bir beyt oxuya bildim ki, o da tarixlərdə Quba, Bakı, Dərbənd, Şirvan və Salyan xanı olan Fətəli xanın haqqındadır. Ağa Məsih “Şahnamə”sini o xanın adına ithaf edərkən bir də bir müqəddimə yazmışdır ki, bu bir beyt “Şahnamə”yə yazılan müqəddimədən çıxanla bilmişdir:

O şahdən ki, şahini mənim kəm deyil,
Yazam “Şahname”i, məna qəm deyil.

Bu qədər. Ağa Məsih burada nə Fətəli xanı Sultan Mahmuddan və nə özünü Firdovsidən aşağı görməyir. Odur ki, “Şahnamə” yazmasını da artıq bir qəm hesab etmir. Firdovsinin “Şahnamə”sindən azərbaycanlılar üçün min qat dəyərli olan bu kitabın digər bir nüsxəsi də tapılıb əlimizə keçərsə, tariximiz üçün gözəl bir hadisə təşkil edəcəkdir. Ağa Məsih XII əsri-hicrinin yarısına kimi rübabi-lirik bir şairdir. Ondan bu yana isə artıq “Şahnamə”nəvis və hail-ənəvisdir. Bu münasibətlə şairin bu gün əlimdə olan şeirlərini bir- birinə qatmayaraq, iki hissəyə böldüm və bundan sonra da fəzlə nə taparsam, o tapdığım parçanı da mənsub olduğu hissəyə izafə edəcəyəm ki, hörmətli oxucularım Ağa Məsihi tədqiq edərkən çətinlik çəkməsinlər. Ağa Məsihin ədəbiyyatımıza böyük xidməti olmuşdur. Özünəməxsus məktəbi vardır ki, şairlərimizdən Möhsün, Səlami, Valeh, Şahid, Qərib, Abdulla, Zakir, Vaqif, Nəvvab, Sabir və s. o məktəbin təsirində olmuşlar. Ağa Məsihin vəfatı təxminən tarixi-hicri 1180 radələrində vaqe otaraq, Fit dağında dəfn olunmuşdur. Ömrünün son çağlarında yazdığı şeir “Dila, etmə təvəqqe rastguluq qandə qatmışdır” mətləi ilə başlanan müxəmməs olduğu kimi, ən son yazdığı şeir də tərcibənd səbkindəki “Tövbənamə’”si zənn olunur. Ağa Məsihin şərhlərində bir nəzahət və bir abi-tab vardır ki, fəqət o xüsusiyyət və məziyyət şairin özünə məxsusdur. Ondan sonra gələnlərdə, nədənsə, o məziyyət gözə ilişməyir...