Azərbaycan ədəbiyyatı (Salman Mümtaz)/Molla Pənah Vaqif

Vikimənbə saytından
Jump to navigation Jump to search
Ağa Məsih Şirvani Azərbaycan ədəbiyyatı Molla Pənah Vaqif
Müəllif: Salman Mümtaz
Nişat Şirvani


Çün muradı-xatirimdir lə’li-ləbdən sudi-eşq,
Eyləram hərdəm qara bağrımı xunaludi-eşq,
Ərşə başımdan çıxar tük başına min dudi-eşq,
Hər rəkimdir abi-sevdadon dolu bir rudi-eşq,
Haliya mülki-məlahətdə mənəm məhmudi-eşq,
Var ümidim kim, olam mən müqtədai-cudi-eşq,
Həq mənə etmiş müsəlləm çünki hər müvcudi-cşq.
Vaqifəm, saldı məni atəşlərə Nəmrudi-eşq,
Qalmışam hicrində, gülzari-vüsalın istərəm!

Azərbaycan türklərinin saf bir özəyini təşkil edən kəndlilərdən ərsei-vücudə gəlmiş və bütün ellər tərəfindən “hər oxuyan Molla Pənah olmaz” ünvani-cəlilinə məzhər olmuş bu böyük və qiymətli şairimizə dair ilk məlumatı biz o tarixlərdə yazılan Hacı Əliqulu xan Valeh Dağıstaninin təlif etdiyi “Riyazülüş-şüəra” adlı təzkirəsindən və yaxud İbrahim xan Cavanşir ilə sıx bir rabitədə olan Təbriz bəylərbəyi əmirül-ümərası Hacı Əbdürrəzzaq xan Dünbilinin “Nigaristan”ından öyrənəcəkdik ki, məəttəəssüf, birincisini görmədiyimiz kimi, ikincisində də heç bir məlumata təsadüf etmədik və yenə uzun müddət Qarabağda yaşayan Bəhmən mirzə Qacar Nəsrəddin şah Qacarın atası olan Məhəmməd şah Qacarın adına yazdığı “Təzkirei-Məhəmmədşahi’’sində tam mənası ilə sükut ixtiyar edərək Vaqif haqqında tək bir cümlə də olsun işlətməmişdir. A.P.Berje də Azərbaycan şairlərinə dair Almaniyanın Leypsiq şəhərində çap etdirdiyi məcmuəsində Vaqifin tərcümei-halından bəhs edən bir sətir də yazmamışdır. Vaqif barəsində bizə dəyərli yardımda olan ərbabi-qələmin birincisi İbrahim xan Cavanşir vüzərasmdan həm də azərbaycanca yazdığı məşhur “Asari-Camal” adlı tarixi ilə qaranlıqda qalmış tariximizin bir hissəsini aydınladan Mirzə Camal, ikincisi erməni ədiblərindən, türk, fars və ərəb dillərinə bir əndazəyə qədər dara olan Mirzə Yusif Nersesov Qarabaği, üçüncü azərbaycanca “Qarabağnamə” tarixim yazan Mirzə Adıgözəl bəy olmuşdur. Əvvəlki ilə bu sonku müvərrix olduqlarından dolayı ancaq Vaqif ilə əlaqədar olan hadisəni müxtəsər qeyd edərək keçmişlər. Amma Mirzə Yusif isə Vaqifin icmalən farsca tərcümei-halın yazmaqla bərabər, bir neçə şeirlərini də bir araya toplamaqla ədəbiyyatımıza dəyərli xidmətdə olmuşdur. Bu çox dəyərli, qiymətli şairimizin adı Pənah, atasının adı Mehdi ağa, təxəllüsü də Vaqifdir. “Vaqif" kəlməsi iki mənanı - “xəbərdar” və “vəqf edən” havi olduğu üçün şair bu təxəllüsü qəbul edərək şeirlərində də işlətmişdir. Vaqifin Molla Vəli Vidadi ilə etdiyi müşairələrinin birindən anasının adı Ağqız olduğu da anlaşılmaqdadır:

Ağqız oğluyam, əhli-dərdəm mən,
Tayım-bərabərim yoxdur, mərdəm mən,
Əlinin quluyam, cavanmərdəm mən,
Ancaq sən yassarsan, xissət eylərsən.

Molla olduğunu da yenə özü Şəkili Məhəmmədhüseyn xan Müştaq təxəllüsün sovqati-ərməğan təriqi ilə göndərdiyi kürkdən dolayı nəzmə çəkdiyi müxəmməs ilə öz gəlininə xitabən söylədiyi digər bir mürəbbesində apaçıq göstərmişdir:

Qış günü çünki dönər şol cənnətül-məvayə kürk,
Ol səbəbdən layiq olmuş firqeyi-mollayə kürk,
Görünür ədna əgərçi himmətı-valayə kürk,
Eylə ki, püşak olur fəsli-şita əzayə kürk,
Tə’n edər yüz faxiri-məlbusei-dibayə kürk!

Və yenə:

Bir qədəm bas ki, toy öz toyundur,
Toylar yaraşığı sənin boyundur,
Mollalar məskəni səri-guyundur,
Əl çək bu nazü-qəmzədən, gəlin!

Molla Vəli Vidadinin də Vaqifə qarşı yazdığı şuxvanə şeirlərinin bir bəndindən Vaqifin axund olması görünür:

San Çoban oğlu gəlsin yanına,
Axund deyib, canın qatsın canına,
Onun şövkətinə, sənin şanına,
O, yaxşı müxəmməs düzər, ağlarsan.

Qasım bay Zakir də Cəfərqulu xan Cavanşirə kürk üçün yazdığı bir qəsidəsində Vaqifin molla olmasına işarə edərək böylə bir təlmih yazır:

Görmədinmi necə ol şirinü şəkkər xəndənin
Eylədi yanında acı binəva mollanı kürk!

Vaqifin məsqətürrəsi, yəni anadan olan yeri haqqında da ixtilaf vardır. Bəziləri Balakən, Həsənsu, Qarabağ, Qazax şəhər və kəndlərini Vaqifin anadan olan yeri hesab edirlər. Amma ehtiyatkar mühərrirlər isə bu nöqtəni üstüörtülü buraxaraq, Qazax elindəndir, deyirlər. Bu ehtiyatkarların birincisi Mirzə Yusif Nersesovdur. Bizcə, Vaqifin dünyaya gəldiyi yer bu göstərilən yerlərin heç birisi deyildir. Onun doğma yurdu Qazax şəhərinin yanındakı Salahlı kəndidir. Çünki bunu Vaqif özü aydın və aşkar bir surətdə meydana qoymaqdadır. Aşağıya köçürdüyüm iki beyt buna böyük, həm də çox mötəbər bir sənəddir:

Vətən xoşdur deyə, Vaqif, bizi çəkdin Səlahlıya,
Səlah bilməm nədir, yanında yari-canfəza yoxdur
Şəkər ləblər olurlarmış əzəldən Sarıqamışda,
Gəlib şimdi sorağın sordum, onlardan səda yoxdur.

Çox ola bilər ki, Vaqifin Qazax şəhərində söylədiyi bu bir mürəbbedə Qazax kəlməsi işlənildiyi üçün bu söz bəzi yazıçılarımızı çaşdırmışdır:

Bir bölük yaşılbaş sonalar kimi,
Yığılıb gəlibdir Qazağa qızlar.
Ayna qabağında qara qaş ucun
Endirib gətirmiş qulağa qızlar.

Mola Pənah Vaqifin əvail halından tamamilə bixəbərəm. Kimdən və harada təhsil etdiyini də dürüst bilmirəm. O qaranlıq nöqtələri bu gün əlimizdə tənvir edəcək, aydınladacaq heç bir vəsiqə yoxdur. Bu barədə “Riyazül-aşiqin” sahibi ilə “Təzkireyi-Nəvvab” müəllifləri də sükut ilə keçmişlər. Bunların verdiyi məlumat da eyni ilə Mirzə Yusif Nersesov məlumatının icmalən xülasəsidir. Mirzə Yusifin yazdığına görə, Vaqif İbrahim xan Cavanşir taxta oturar-oturmaz tarixi-hicri 1172-də, yəni Nadir şah Əfşarın qətlindən on iki il sonra Qarabağa gəlmişdir. Vaqifin əsl məram və məqsədi yeni cülus etmiş xan ilə sıxı bir rabitəyə girişərək ona müqərrəb və vəzir olmaq imiş ki, nəhayət, müvəffəq olmuşdur. Əvvəlcə sünni məzhəbində olan Vaqif sonra, yəni Qarabağa gələrkən və yaxud gəlməmişdən bir qədər irəli məzhəbini dəyişərək səmimi bir surətdə şiəliyi qəbul etmişdir. Kim bilir, bəlkə də, zəmanəmizdə tam mənası ilə qiymət və əhəmiyyətini itirən bu fəqərə Vaqifi Qazax tərəflərindən hicrət etməyə məcbur etmişdir. Çünki o zamanlar bu kimi məsələlər əhəmiyyətli məsələlərdən ədd olunurdu. Bunun üstündə qan su yerinə axırdı. Məzhəb aktyorları rollarını müvəffəqiyyətlə oynamağa çalışırdılar. “İbrahim xan Cavanşirə çox yaxın olmaq üçün qəsdən məzhəbinə təğyir vermişdir”, - deyənlər, bizcə, yanılırlar. Çünki Vaqifin mərsiyə və məşhur zikrləri səmimi şiə olduğunu göstərir ki, burası bəhsimiz xaricindədir. Hər halda Vaqifin sünnülükdən dönüb şiəliyi qəbul etməsi bir əmri-vaqedir. Bunu həm Vaqifin, həm də müasiri və dostu Şıxlı Molla Vəli Vidadinin şeirlərindən də öyrənmək olar:

İsna əşərə çakəri-kəmtər ola Vaqif,
Sordaridir o’la,
Xaki-dəri-övladi-peyğəmbər ola Vaqif,
Neylər dəxi dünya?
Ol gündə ki, həngamei-məhşər ola Vaqif,
Tut daməni-mövla,
Fəryadrəsin heydəri-səfdər ola Vaqif,
Xof eyləmə əsla!
Sən qərqsən hərçənd ki, dəryayi-vəbalə,
Tövfiq bulan sən.

Ve yenə:

Ey xoş anlar kim, Məhəmməd Mustafanı sevdilər,
Oldular aşiq, Əliyyül- Mürtəzanı sevdilər,
Sidqü ixlas ilə pənc alü abanı sevdilər,
Çardəh mə’sum tək müşkülgüşanı sevdilər,
Dəxi anlardan gözəl yaxşı cəmaət görmədim.

Vaqif özü şiə məzhəbini qəbul etdikdən sonra səmimi dostu olan Molla Vəli Vidadini dəxi bir an təbliğdən geri qalmamış və bir çox şeirlərində də Vidadini şiə olmağa dəvət etmişdir. Biz bu təbliğatı zarafat deyil, ciddi sanırıq.

Vaqif:

Vəqtkən dəli olma, gəl eşit məndən,
Gəzmə, yalvar-yapış onlara gendən,
Amma qorxun olsun Əbüllhəsəndən,
Səni əzim-əzim əzər, ağlarsan.

Qıl körpüdən çünki sürşər ayağın,
Cəhənnəm xovfindən yarılır yağın,
Qorxma, yenə Əli olur dayağın,
Əgər anıb həştü çahar ağlarsan.


Əqlin olsun, on iki imama inan,
Fayda verməz sonra olmaq peşiman,
Yəqin bil ki, qurulacaqdır mizan,
Əməlin qarşında durar, ağlarsan.

Heştü çahar çün halını duyarlar,
Sanma səni öz kefinə qoyarlar,
Əvvəl onlar səni diri soyarlar,
Sümüyünü ta gömərlər, ağlarsan.

Vaqif, gərçi əzabı var dünyanın,
Tutubsan ətəyin Şahi-mərdanın,
Sən neçün xovfini çəkərsən anın,
O gülər - gülərsən, ağlar - ağlarsan.

Və yenə başqa bir şeirində Vidadiyə xitabən:

Cavanşir xəlqilə ol qohum-qardaş,
Qazağın sözünü heç eyləmə faş,
Demirəm, dinini elə qızılbaş,
Əqlin olsa, özün, əlbət, eylərsən.

Vidadi:

Mələklər ki, gələr sahib izzətdən,
Ayıra mömini asi millətdən,
Görər ki, deyilsən əhli-sünnətdən,
Səni yolum-yolum yolar, ağlarsan.

O zaman ki, məhşər xalqı durarlar,
Divan olub sorğu-sual sorarlar,
Əgər səni bu məzhəbdə görərlər,
Yerbəyer budayıb əzət, ağlarsan.

Allahın ki, heç çəkməzsən minnətin,
Tərk edibsən peyğəmbərin sünnətin,
Nə görərsən məlumların hörmətin,
Əgər ağlamazsan, əgər ağlarsan.

Şiə xalqı tamam dolar duzəxə,
Qalarlar duzəxdə od yaxa-yaxa,
Mahaldır ki, biri duzəxden çıxa,
Cümlə olur zirü zəhər, ağlarsan.

Əhli-sünnət vəl-cəmaət peyvəstə,
Gedərlər cənnətə dəstəbədəstə,
O gündə şad olur Vidadi xəstə,
Səni yanlış görüb gülər, ağlarsan.

Vaqif Salahlı kəndindən köçərkən ilk əvvəl Qarabağa deyil, Qarabağın indi də məruf kəndlərindən sayılan Veysəlli kəndinə gəlmiş və orada Salahlıdakı peşəsi olan məktəbdarlığına davam etmişdir. O zaman artıq dərəcədə sıxıntı və fəqrü faqə ilə güzəran edən Vaqifin əhvalın novruz bayramı ərəfəsində söylədiyi bu mənzuməsindən azacıq təəmmül ilə öyrənmək olar:

Bayram oldu, heç bilmirəm neyləyim,
Bizim evdə dolu çuval da yoxdur.
Dügiylə yağ ha tükənmiş lap çoxdan,
Ət heç ələ düşməz, motal da yoxdur.

Allaha bizmişik naşükür bəndə,
Bir söz desəm, dəxi qoymazlar kəndə.
Xalq batıb noğulə, şəkərə, qəndə,
Bizim evdə axta zoğal da yoxdur.

Bizim bu dünyada nə malımız var,
Nə də evdə sahibcamalımız var.
Vaqif, öyünmə ki, kəmalımız var,
Allaha şükür ki, kəmal da yoxdur.

Molla Pənah Vaqif bir an əvvəl məqsədinə nail olmaq üçün Veysəlli kəndindən köçərək Qarabağa gəlir və şəhərin Saatlı məhəlləsində bir məktəb açaraq məktəbdarlığa başlayır. Əvvəldən xəyalında tutduğu kimi, İbrahim xan Cavanşirə müqərrəb olmaq istəyir. Tam bu çağlardadır ki, Vaqif fəxriyyəmanənd bir qəzəl inşad edərək bir beytində də “ali-Cavanşir”i istəməyə-istəməyə boğazdan yuxan bir qədər mədh edir:

Qarabağ içrə bir şair kəlimüllah Musadır,
Cavanşir içrə bir mövzun bayati dəsti-beyzadir.

Qələm qədrin əsayi-əjdəhapeykərcə bilməkdə
Bəni-İsrailə ali-Cavanşir yəni həmtadır.

Dili-rövşən gərək nadan içində sərf edən ömrün,
Çırağın səltənətgahi səvadi-şami-yeldadır.

Ümidim vardır kim, bu qara gün getməyə başa,
Dönər bir özgə rəng ilə, bu axır çərxi-xəzradır.

Məkan tutdisə Vaqif, yox əcəb, ba Şişə daşında,
Məkani-ləli-gülrəngin miyani-səngi-xaradır.

Doğrudan da, Vaqifin qəzəli çox da təsirsiz qalmayır. Az keçmədən Vaqif İbrahim xan Cavanşirin eşik ağası və daha sonra nədimi-hüzur və müşaviri-məxsus olur. Demək:

Ümidim vardır kim, bu qara gün getmiyə başa,
Dönər bir özgə rəng ilə bu axır çərx xəzradır –

beyti öz yerini tutur. Nəhayət, öz istedad və doğruluğu sayəsində o qədər izzətü etibar qazanır ki, xan hər bir işini Vaqifin məsləhət vo səvabədidi ilə gördüyü kimi, səfərə çıxdıqda da Vaqifi öz yanınca götürərdi. Mirzə Yusif Qarabağinin yazmağına görə, İbrahim xan səfərlərinin birində bəzi mülahizələrə görə böyük bir qüvvə ilə Kür qırağında dayanmış imiş. Qoşun böyükləri bu tuli-mukənnətdən təngə gələrək Molla Pənah Vaqifdən rica edirlər ki, Qarabağa dönmək üçün bir əlac taparaq və hər nə tövr olur-olsun, İbrahim xana icrayi-nüfuz etsin. Vaqif isə aşağıdakı mürəbbei yazaraq xanəndələrə verir ki, məqamında İbrahim xanın hüzurunda təğənni etsinlər:

Siyah tel görmədim Kür qırağında,
Məgər heç yaşılbaş olmaz bu yerdə?
Tərlan könlüm yenə uça dağlara,
Havalanıb hərgiz qonmaz bu yerdə.

Bu diyarda kəlağay yox, kətan yox,
Sinəm yotan müjgan oxun atan yox,
Sərxoş durub bir nəzakət satan yox,
Heç sövdagər fayda bulmaz bu yerdə.

Bəzək bilməz bu diyarın göyçəyi.
Tanımaz al çarqad zərrin ləçəyi,
Ağ buxaq altından həlqə birçəyi,
Tər məmə üstündən salmaz bu yerdə.

Desələr, Vaqif, nə oldu sənə,
Rəngi ruyin dönüb heyvayə yenə,
Əlin tər məmədən üzən kimsənə,
Saralıban niyə solmaz bu yerdə?

Nədənsə xanəndələr bu mürəbbei xanın məclisində oxurkən istənilən nəticə hasil olmur. Bunu eşidən Vaqif həman dəm bədahətən bu rəqsan və olduqca dilbər mənzuməni inşad edərək xanəndələrə verdirir ki, təkrar oxusunlar:

Kür qırağının əcəb seyrəngahı var,
Yaşilhaş sonası, hayıf ki, yoxdur!
Ucu tər cığalı siyah tellərin
Hərdəm tamaşası, hayıf ki, yoxdur’

Qış günü qışlağı Qıraqbasamn,
Gözüdür Aranın, cümlə cahanın,
Belə gözəl yerin, gözəl məkanın,
Bir gözəl obası, hayıf kı, yoxdur!

Çoxdur ağ bədənli, büllur buxaqlı,
Lalə zənəxdanlı, qönçə dodaqlı,
Amma şirin dilli, açıq qabaqlı,
Könül aşinası, hayıf ki, yoxdur!

Elə gözəl var bunların içində,
Ələ düşməz hərgiz Çinü Maçində,
Söyləgən, oynağan, dürüst biçimdə,
Bəzəyi-libası, hayıf ki, yoxdur!

Havasının, torpağının, yerinin,
Dad verməz dəhanı, ləbi-şirinın,
Pəri çoxdur, nə fayda, heç birinin
Adamlıq ədası, hayıf ki, yoxdur!

İçi əşrəfili, bulud kimi saç,
Dal gərdəndə hər hörüyü bir qulac,
Kəlağayı gülgəz, qəsabə qıyğac,
Altından cunası, hayıf ki, yoxdur!

Zər haşiyə al nimtənə üstündə,
Xallar üz yanında, çənə üstündə,
Buxağın altında, sinə üstündə,
Zülfün burulması, hayıf ki, yoxdur!

Güzgü tutub hərdəm cəmal görməsi,
Zülfə, zənəxdana sığal verməsi,
Səhər ala gözün siyah sürməsi,
Əlinin hənası, hayıf ki, yoxdur!

Çünki yorğunuyam mən bu yolların,
Bilirəm tərzini hər üsulların,
Qızıl qolbaqlı bəyaz qolların
Sarı kəhrəbası, hayıf ki, yoxdur!

Vaqif həqden dilər lütfü kərəmlər,
Belə yerdə duran, vallah, vərəmlər,
Yenə yada düşdü bizim sənəmlər,
Getməyin binası, hayıf ki, yoxdur!

Bu mənzumə oxunarkən İbrahim xan Cavanşirə elə təsir edir ki, qoşuna filfövr köçmək əmrini verərək, özü də ordu ilə bərabər Qarabağa əzimət edir.

Vaqif, ehtimal ki, iki hökumət arasında həll olunması lazım gələn işlərin həll və tövsiyəsi üçün İbrahim xan Cavanşir hökuməti adından o zamanlar Gürcüstan valisi olan II İraklinin yanına göndərilmişdir. Vali ilə Vaqifin o gün görüşmələrini təsvir edəcək lövhə və vəsiqələrin bu gün əldə olmaması bizə o rəsmi ziyarət və görüşün rəsmi qəbul və tərzi-üsulunu öyrənməyə və öyrətməyə mane olur. Vali özü şəxsən Vaqifin bazdidinə gəlmirsə də, amma öz oğlu Eulon xanı öz əvəzindən Vaqifin ziyarətinə göndərir. Məhz bu müxəmməs Vaqif tərəfindən o görüş münasibəti ilə Tiflis şəhərində söylənilən tarixi bir şeirdir:

Valinin çeşmi-çırağı, vəh, nə türfə can imiş,
Külli-Gürcüstanın üzrə sayei-sübhan imiş,
Düşməni pamal edən sərdari-valaşan imiş,
Aləmin sərdəftəriymiş, adı Eulon xan imiş,
Saxlasın allah pənahında, əcəb oğlan imiş.

Heç yoxdur nisbəti, özgə diyarın xanına,
Bir cavandır kim, yaraşır padşahlıq şanma,
Dəyməsin afət yeli, yarəb, güli-xəndanına,
Sərbəsər aləm gərəkdir baş əyə fərmanına,
Taqi-əbruyi-lətifi qiblei-iman imiş.

Xoş tamaşa eylədim, gördüm tamam ətvarını,
Çox bəyəndim özünü, həm ləhcei-göftarını,
Maşaallah, zahir etmiş ululuq asarını,
Belə sandım kim, mələkdir əvvəla didarını,
Xeyli çağdan sonra bildim kim, gözəl insan imiş.

Sayir oğlundan xanın gər olmadıq biz ruşinas,
Manei yox, anları həm eylədik bundan qiyas,
Bu çırağ elə çırağdır, eyləmiş nur iqtibas,
Vaqifa, sən qıl xudayə hər zaman şükrü sipas,
Valinin ocağı böyle gün kimi taban imiş.

Qarabağın şairanə və fərəhəfza mənzərələrindən ayrıca bir ləzzət alan Vaqif pərilər məkanı olan Gürcüstandan da xüsusi bir zövq almışdır. Azərbaycan gözəllərini gerçək və təbii cümlələrlə oxşayan bu şirin dilli şairimiz Gürcüstan pərilərini də gözəl-gözəl öymüş və özünəməxsus bir məharətlə də Tiflis şəhərini, sularını, hamamlarını olduğu kimi mübaliğəsiz nəzmə çəkmişdir. Bu iki müxəmməs o zaman Tiflisdə söylənilmiş şeirlərdəndır:

I

Vəh, bu bağın nə əcəb sərvi dilaraları var,
Hər tərəf tazə açılmış güli-rənaları var,
Açılıb tazəvü tər lalei-həmraları var,
Yəni Tiflisin əcəb dilbəri-zibaları var,
Ey könül, seyr elə kim, türfə tamaşaları var.

Mərhəba, Tiflis İmiş cənnəti dünya yerinin,
Yığılıbdır ona cəmiyyəti huri-pərinin,
Mən bu şəhrin nə deyim vəsfini dilbərlərinin,
Filməsəl, şəklü şəmayildə, bəli, hər birinin
Məhi-tabanə bərabər sərü simaları var.

Ol qədərdir büti-nazikbədənü incəmiyan,
Eyləmək olmaz onun vəsfini mə’lumi-əyan,
Hər biri nazü nəzakət belə min afəti-can,
Cümlə bir cilvədə, bir şivədə, xoş sərvi-rəvan,
Məst tavus kimi gərdənü minaları var.

Özləri pərtövi-mehri-cahanara kimidir,
Səfhei-sinələri simi-müsəffa kimidir,
Ləzzəti-ləhcələri nitqi-məsiha kimidir,
Əlləri möcüzei-həzrəti-Musa kimidir,
Dilrübalıqda əcayib yədi-beyzaları var.

Ala gözlər süzülüb nərgisi-sirabə dönüb,
Ağ qabaqda xəmi-əbruləri mehrabə dönüb,
Lə’l tək ləblərinin rəngi meyü nabə dönüb,
Tökülüb gərdənə saçlar ucu qüllabə dönüb,
Sona cıqqası kimi zülfi-mütərraları var.

Nə qədər varsa buxaqü zənəxdanü yanaq,
Tazə gül yarpağı tək qırmızıdır nazikü ağ,
Bir-birindən götürüb şöləsini misli-çırağ,
Görməyib kimsə belə qaşü gözü dişü dodaq,
Özgə babət sifətü surəti-ə’zalari var.

Baği-rizvanda əgər huriyü qılman çoxdur,
Bu gözəllər kimi məqbulu müzəyyən yoxdur,
Nəsl-bər-nəsl gözəllik bulara buyruqdur,
Mən görənlər ki, mələkdən, pəridən artıqdur,
Hələ derlər ki, bulardan dəxi ə’laları var.

Qalmışam valehü matü mütəhəyyir, dili lal,
Ey xudavəndi-cahan, gizli deyildir sənə bal,
Bu necə sibi-zənəxdan, bu necə zibi-cəmal
Ki, veribsən bunlara sən bu qədər izzü kəmal,
Necə kim, var cəhan, surəti-ə’zaları var.

Bədəni-pak çəkib abi-rəvan tək sulara,
Ağarıb tazəvü tər cümlə dönübdür qulara,
Abi-Kür nəsb edib boylarını qarğulara.
Neçə şeydən belə zahir ki, xudanın bulara
Nəzəri-mərhəməti, lütfi-hüveydaları var.

Biri həmmam ki, qüdrətdən olub bəzlü bərat,
Biri Kür suyi ki, hər cür’əsidir abi-həyat,
Biri bu xubluğu göyçəkligü pakizə sifat,
Biri oldur ki, nəcib, əsldə ali-dərəcat,
Aləmin sərvəri vali kimi ağaları var!

Yeddi həmmam, nə həmmam ki, sərmənzili-hur,
Həşt cənnət kimi hər guşəsi bir mətlə’i-nur,
Bir əcəb abi-rəvani-gərm qılıb onda zühur,
Şükr təqdirinə, ey qadirü qəyyumü qəbir,
Lütfünün bəndələrə ne’məim-üzmaları var.

Mənbəi-cudü kərəmdən açılıbdır xoşab,
Basəfa hövza dəmadəm tökülür misli-gülab,
Görsə bir kərrə onu mən kimi bir xanəxərab,
Getməz andan dəxi bir canibə manəndi-hübab,
Getsə də badəbaşı, mənzili-mə’vaları var.

Gərçi, ey Xızr, bulubsan şərəfi-feyzi-əzəl,
Vermeyibdir könül asayişi amma sənə əl,
İstəsən əmri-dübarə görəsən türfə gözəl,
Bircə təşrif gətir Tiflisin həmmaminə sən,
Gör necə rahəti-canbəxşi-tənasaları var.

Bu ocaq böylə ocaqdır ki, işıq ayə salır,
Gün kimi şö’ləsini cümlei-dünyayə salır,
Tez tutar xainü bədxahları vayə salır,
Hər kimin başına kim, mərhəmətü sayə salır,
Elə bilsin oların dinlə dünyaları var.

Vaqifa, səndə ki, yoxdur, bilirəm, zöhdü riya,
Şərti-ixlas gərək eyliyəsən şimdi əda,
Eylə bu valiyə, oğlanlarına xeyrü dua,
Saxlasın anları öz hifzi-pənahında xuda,
Hasil etsin nə qədər dildə təmənnaları var.

II

Naz ilə ta ol büti-ziba kəlisadan çıxar,
Sərgəşü xəndanü bipərva kəlisadan çıxar,
Şahdır guya, geyib diba, kəlisadan çıxar,
Açıban təl’ət günəşasa, kəlisadan çıxar,
Şölə salmış aləmə kim, ta kəlisadan çıxar.

Şanəvəş seyğəl verib zülfi-bənəfşə nisbətə,
Pərdə mütləq tutmayıb simavü sədrü surətə,
Qıl tamaşa gərdənə, seyr eylə qəddü qamətə,
Qaşü göz, qəmzə, məazəllah, dönübdür afətə,
Etməyə din mülkünü yağma, kəlisadan çıxar.

Ləhzə-ləhzə eylədikcə mahrüxsarı zühur,
Ləmə-ləmə ziri-bərqədən düşər dünyayə nur,
Onu bir kərrə görən dindən olur, əlbəttə, dur,
Necə kim, cənnət sarayından çıxar qılmanü hur,
O şəkil bu düxtəri-tərsa kəlisadan çıxar.

Gül kimi nəmi ilə nazik pirəhəndə ağ bədən –
Bilmənəm kim, şö’lədir, ya xərməni-bərgi-səmən,
Dişləri qəltan sədəf, çün ağzıdır lə’li-Yəmən,
Ağ qabaqda bir gəz onun taqi-əbrusun görən
Meyli-məscid eyləməz, haşa, kəlisadan çıxar,

Vaqifəm, ta ki gözüm onun sataşdı qaşına,
İstədi mehrabü mənbərdən xəyalım daşma,
İndi bildim ki, nə gəlmiş Şeyx Sənan başına,
Ya budur kim, Tiflisi qərq eylərəm göz yaşına,
0l sənəm vəsli mənimçün ya kəlisadan çıxar.

Vaqif Veysəllidə söylədiyi mənzuməsinin bir bəndi vardır ki, o bənddə söz götürən bir misra olduğundan onu burada bır qədər şərh etməliyəm. Vaqif deyir:

Bizim bu dünyada nə malımız var,
Nə də evdə sahibcamalımız var.
Vaqif, öyünmə ki, kamalımız var,
Allaha şükür ki, kəmal da yoxdur.

Biz bu bənddən Vaqifin o zamanlar dünya malından əliboş olduğunu öyrənmiş oluruq ki, bu çox doğrudur. Və son iki misradan da şikəstənəfslik etdiyini görürük ki, bu da təvazö qəbilindən olaraq şərqlilərə məxsus bir sifətdir.

Nə də evdə sahibcamalımız var —

misrası ilə nə demək istənildiyini bir dürlü anlamırıq. Bizcə bu misranın mövzusu bir qədər üstüörtülü və mübhəmdir. İlk əvvəl Vaqifin ya o çağa kimi evlənmədiyi, və yaxud rəfiqəsinin “sahibcamal" olmayaraq çirkin olduğu xəyalə gəlir. Bu nöqtəni tənvir etmək üçün əldə vəsiqəmiz olmalıdır ki, məəttəəssüf, hələlik yoxdur, Hər halda çox keçmədən biz Vaqifin Mədinə adlı bir qadına məhəbbət yetirdiyini görürük. Vaqif onu almaq və hərəm etmək istəyir. İndi oxuyacağınız şeirlər Mədinə üçün söylənilmiş şeirlərdir:

I

Bir gözəl qamətli yari-lalərəngi sevmişəm,
Yari-istiğnası şirin, şuxü şəngi sevmişəm,
Qaşı yay, kirpikləri türfə xədəngi sevmişəm,
Ox atan, qanlar tökən türkanə cəngi sevmişəm,
Halə rəhmi gəlməyən bir bağrısəngi sevmişəm.

Naz ilə sərxoş gedəndə ol gözəllər sərvəri,
İki yandan mövc vurur zərrin kəlağay ucləri,
Bir mələkdir, sanasan, uçmağa açmış şəhpəri,
Rövzei-kuyi Mədinə, qaşı Kə’bə minbəri,
Arizi üzrə həcər tərhində səngi sevmişəm.

Bad əsib, üzdən niqabı açılanda gahi-gah,
Şöləsindən gün olur göydə xəcəl, şərməndə mah,
Gərdəni, qəddi tamam göyçək, rüxü süni-ilah,
Sərbəsər əndamı ağ, qaşı, gözü, saçı siyah,
Al hənadan lalərəng gülgunə çəngi sevmişəm.

Hər zaman ki, ol sənəm gedir qabağımdan mənim,
Başadək bir od düşər, yanır ayağımdan mənim,
Göy dəyir bir-birina ahi-fərağımdan mənim,
Kəsmə mina qülqülün, saqi, qulağımdan mənim,
Xəndei-cananə bənzər mən bu həngi sevmişəm.

Vaqifəm, hərdəm dilimdə əzbərim dost adıdır,
Qəddi xoş, rəftarı könlüm bağının şümşadıdır,
Gözlərindən ələman kim, canımın cəlladıdır,
Mən sevən dilbər Məhəmmədin gözəl övladıdır,
Sanmayın, Sənan kimi azıb firəngi sevmişəm.

II

Ey Kə'bəm, Kərbəlam, Məkkəm, Mədinəm,
Hər zaman kuyinə ziyarətimdir.
Qiblə deyib, qaşlarına baş əymək
Gecə-gündüz mənim ibadətimdir.

Hər nə desəm, sən incimə sözümdən,
Sərxoşunam, yox xəbərim özümdən,
Şol qamətin yayınanda gözümdən,
Sanasan ki, həşrü qiyamətimdir.

Bağışlamışam din-imanı zülfünə,
Menim kimi heyran hanı zülfünə,
Tapşırıb gedirəm canı zülfünə,
Yaxşı saxla, səndə əmanətimdir.

Sənsən mənim ayım, günüm, hilalım,
Dövlətim, iqbalım, cahım, cəlalım,
Xəyalın fikrimə gözəl xəyalım,
Sözün dildə şirin hekayətimdir.

Sonalar xəcildir siyah telindən,
Tutilər lal olur şirin dilindən,
Şikəstə Vaqifəm, sənin əlindən
Hər kimə ki, yetsəm, şikayətimdir.

III

Yenə məni yanar-yanar odlara
Dağılmış ayrılıq saldı, sevdiyim!
Mən ha oldum həsrət ilə, dərd ilə,
Can sənin yanında qaldı, sevdiyim!

Siyah zülfün buxaq altda qayrılır,
Ala gözlər can almağa sayrılır,
Canandan ayrılan candan ayrılır,
Xalq içində bir məs’əldi, sevdiyim!

Sərv qəddin sənubərə tən deyil,
Tamam sənin təki gülbədən deyil,
Dəxi əzəlki tək sən görən deyil,
İndi halım yaman haldı, sevdiyim!

Ol Xədicə haqqı, Səkinə haqqı,
Xeyrənnisə haqqı, Əminə haqqı,
Kə’bə, Məkkə haqqı, Mədinə haqqı,
Dərdin bu Vaqifi aldı, sevdiyim!

IV

Ey Məkkəni, Mədinəni yaradan,
Bir fikir çək əhvalına Vaqifin.
Ol qaşı qibləyə üz sürtmək istər,
Mədəd eylə iqbalına Vaqifin.

Mənim yarım deyil ol Kə’bedən kəm,
Xali-həcəril-əsvəd, dəhanı zəm-zəm.
Bir zaman ki, olsam onunla həmdəm,
Xət çəkilər vəbalına Vaqifin.

Yüz zülfü pərişan hinduxal olsa,
Yüz göftan şəkər, ləbi bal olsa,
Yüz türfə qəzal, yüz maral olsa,
Yetə bilməz maralına Vaqifin.

V

Gülsən, sənə yoxdur bu nəzakətdə qərinə,
Kuyin çəməni tə’nə vurur xüldi-bərinə,
Sünbül anı görcək özünü saldı qəminə,
Pəh-pəh, nə əcəb, şükr xudanın kərəminə,
Olmaz belə qamət, belə gərdən, belə sinə.

Yoxdur gülzarında tamaşası bu zülfün,
Hifzində, görüm, saxlaya mövlası bu zülfün,
Düşdü xütən əmlakına qovğası bu zülfün,
Ta düşdü mənim başıma sevdası bu zülfün,
Zəncir ilə divanələri çəkdi səfinə.

Zülfün qoxusun, çox dilərəm, canıma gəlməz.
Rəhmi məgər ol hali-pərişanıma gəlməz,
Bir gecə qulaq asmağa əfğanıma gəlməz,
Bilməm nə olub, sevgili yar yanıma gəlməz,
Can çıxdı, xudaya, nə deyim mən bu gəlinə?

Bilməm, nə deyib dilbərə əda yenə məndən,
Kəsmiş nəzərin, ahü vaveyla, yenə məndən,
Ün yetməz onun sə’minə əsla yenə məndən,
Döndərdi üzün ol güli-rə’na yenə məndən,
Eyb olmaya, söysəm belə iqbalın içinə.

İman gətirir çün hərəm olmağına Vaqif,
Sürtər üzünü qapının torpağına Vaqif,
Gah zülfün öpər, gah düşər ayağına Vaqif,
Hərdəm baş əyər qaşlarının tağinə Vaqif,
Sənsən mənə həm qibləvü həm Məkkə, Mədinə.

Molla Pənah Vaqif, Vidadi, Hali, Aşıq Əli, Fəzli, Müştaq, Rafe və Alim ilə müasir, həm də dost idi. Hələ sonku Vaqifin öz doğma oğlu İdi. Kəlibərli Aşıq Əli Qaradağdan öz Səkinə adlı məşuqəsilə köçüb Qarabağa gəldikdə Vaqifə bir şeir yazaraq varid olduğunu bildirir. Bu şeirdən biz Aşıq Əlinin Vaqifə olan nəzərini bilməklə bərabər, Vaqifin rəfiqəsinin adı Mədinə olduğunu da qəti surətdə müəyyən edirik:

Bu gövhər sözlərin, ey alicənab,
Tamam aşiqlərin sə’minə gəlmiş,
Fəsahətdə, bəlağətdə sənin tək,
İnanma ki, ruyi-zəminə gəlmiş.

Bu əsrdə şairlərin xanı sən,
Müdərrisə bərabərsən yəni sən,
Elmin mə’dənisən, gövhərkani sən,
Eşidənlər sözün dəminə gəlmiş.

Aşiq oldum bir qaməti rə’nayə,
Onu sevdim, canım düşdü bəlayə,
Vallah-billah, sən düşdüyün sövdayə
Artıq mən fəqirin sərinə gəlmiş.

Əli çəkər gecə-gündüz ahü zar,
Kəsildi müdava, getdi ixtiyar,
Vaqif olsun bu mə’nadan xəbərdar,
Mədinə kuyinə Səkinə gəlmiş.

Vaqif qonşu xanlıqlara və yaxud qəzalara getdikdə bir gözəl tüfəngə ehtiyac hiss etmişdir. Bunu Şirvana gedərkən öz səmimi dostu, Şəki və Şirvan bəylərbəyisi olan Şəkili Məhəmmədhüseyn xan Müştağa söyləmiş, həm dostundan bir əla tüfəng istəmişdir. Hər nədənsə Müştaq etdiyi vədini unudaraq tüfəngi göndərməmişdir. O münasibətlə Molla Pənah Vaqif bu müxəmməsi yazaraq müasirlərindən Kəlibərli Rafe təxəllüs şair ilə Müştağın hüzuruna göndərərək şuxyanə gilayədə bulunmuşdur:

Dəhrdə oldu mənə dildarü dilbər bir tüfəng,
Xoş qədi ayineı-simü səmənbər bir tüfəng,
Çəkdi dudi-ahimi ta çərxi-çənbər bir tüfəng,
Canıma atəş salıb, yaxdı sərasər bir tüfəng,
Yane-yanə qaldım, olmadı müyəssər bir tüfəng.

Qıvrılır könlüm tüfəngdən dəm vuranda, mar tək,
Od çıxır ağzımdan ol dud ilə çaxmaqbar tək,
Gülləsi əşkim əsər çeşmim şərarı nar tək,
Müşki barut ətrilə həm türrei-tərrar tək,
Etmədi dimağımı mütləq müəttər bir tüfəng.

Bu Qarabağ içrə çox çıxdım tələb meydanına,
Müşkül oldu çünki yol bulmaq onun imkanına,
Eylədim bu müşkülü izhar Şirvan xanına,
Göstərib lütfü kərəm mən bəndei-fərmanına,
Etdi və’də ol şəhinşahi-dilavər bir tüfəng,.

Bavər etdim və’dəyə, mən gəldim, o da həm gələ,
Gəlmədi amma, gözüm yollarda qalmışdır hələ,
Nalişimdən hər zaman düşdü zəminə zəlzələ,
Derlər, ol bəylərbəyi həm axtarır, düşməz ələ,
Qəhətə çıxmışdır məgər, Allahü əkbər, bir tüfəng?

Hər kim istər kim, vücudi mərəkə ara gərək,
Kəndi zatından silahü əsləhə ə’la gərək,
Gülləsilə xuni-əda tökməyə sevda gərək,
Gər tüfəng olsa bizə, mümtazü bihəmta gərək,
Vaqifa, yoxsa deyil məqbulumuz hər bir tüfəng?

Şair Rafe Vaqifin şerini Məhəmmədhüseyn xan Müştağa təqdim edən kimi Müştaq filfövr üstü qızıl suyu ilə yazılmış kamil cövhərli bir tüfəngin verilməsi üçün əmr verərək və bu müxəmməsi də Vaqifə cavabən inşad edir:

Gəlmiş ol alicənabın qasidi, istər tüfəng,
Ey gözüm, nəzzarə qıl, bax hər yana, axtar tüfəng,
Eyləsin tap kim, görənlər söyləsin behtər tüfəng,
Kamil olmuş cövhəri üstündə nəqşi-zər tüfəng,
Neylir, aya, bilmənəm, yarəb o şuxü şər tüfəng.

Yox ikən zatı cəhanda qıldı Əflatun anı,
Gör nələr saldı xəlaiq içrə, tutsun xun anı,
Hər gələnlər ixtira qıldılar əfzun anı,
Eyləmişlər qətli-nəfs üçün həmişə çün anı,
Anın üçün növhə salmış aləmə ağlar tüfəng.

Yayı təşbeh etdilər xubruların əbrusuna,
Tiri-müjganə dönüm ey, gözlərin cadusuna,
Xoncör ile nizə kimdir düşələr qayğusuna,
Çərxə də dəysə başı, dəyməz anın pabusuna,
Hansı bir əndamı simin üzvinə bənzər tüfəng?

Sən Qarabağ içrə qurmuşsan tələb meydanını,
Tutmusan dildə olan və’dü vəfa mizanını,
Görməyibsən əsbi-ehsanın məgər cövlanını,
Bir tüfəngin bu qədər sən çəkmisən hicranını,
Eylədim təslimi-Rafe çeşm pabərsər tüfəng.

Şeirinə əhsən ki, yetməz heç bir əşar ona,
Hər kimin var isə həddi, söyləsin göftar ona,
Kimsə ləb tərpətməsin kim gəlməz istifsar ona,
Eybdir Müştaqidən bu sözləri izhar ona,
Tutmasın nəzmi rəkakət, var isə kəmtər tüfəng.

Vaqifi fövqəladə bir səmimiyyətlə sevən və ona ürəkdən ixlas və iradət yetirən Məhəmmədhüseyn xan Müştaq Vaqifə vəd etdiyi tüfəngi əda etdikdən başqa, bir də bir xoş cövlan at bağışladığım da xəbər verir ki, müxəmməsin son bəndi bu sözümüzə də dəlildir:

Sən Qarabağ içrə qurmuşsan tələb meydanını,
Tutmusan dildə olan və’dü vəfa mizanını,
Görməyibsən əsbi-ehsanın məgər cövlanını,
Bir tüfəngin bu qədər sən çəkmisən hicranını,
Eylədim təslimi-Rafe çeşm pabərsər tüfəng.

Məhəmmədhüseyn xan Müştaq öz dostu Vaqifə tüfəngdən, atdan başqa, bir də bir kürk göndərmiş imiş ki, Vaqifin bu gözəl müxəmməsi ilə o nöqtə də aydınlaşmış olur:

Qış günü çünki dönər şol cənnətül-mə’vayə kürk,
Ol səbəbdən layiq olmuş firqei-mollaya kürk,
Görünür ədna əgərçi himməti-valayə kürk,
Eylə ki, puşak olur fəsli-şita ə’zayə kürk,
Tən edər yüz faxiri-məlbusei-dibayə kürk!

Kürk olan yerdə cahanın rəxti-əlvan nədir?
Eşməkü zərdabə, bəkrəs çuxa, baranı nədir?
Pəri-qunun döşəyi, yastığı, yorğanı nədir?
Gərmü nərm adamların qucağı, ya yanı nədir?
Rövzei-rizvanda bənzər hilleı-hurayə kürk!

Gün bu gündən belə istər hiç təfvir etməsin,
Badü bərfin istəsə, təbdilü təğyir etməsin,
Yazadək kimsə mənə otaq tə’mir etməsin,
Sovuğun hər nə əlindən gəlsə, təqsir etməsin,
Odlu bu coşən xədəngi-şiddəti-sərmayə kürk,

Pusitini-bərre ki, büzğalə bəxti filməsəl,
Eydi-növruzi əyan etməkdədir bürci-Həməl,
Daxi sən lazım deyilsən, ey bahari-xoşəməl,
İstəsən şimdən geri xahi gəlmə, xahi gəl,
Artırıbdır yəni asayiş qədü bəlayə kürk.

Vaqifa, çox lütf qılmış həzrəti-sübhan sənə,
Kürk irsal eyləmiş ol sahibi-Şirvan sənə,
Xanei-ehsam abadan ki, vermiş can sənə,
Tutma kəm kim, çox kərəmdir hem əzimüş-şan sənə,
Fəxr qıl kim, padişahlardan gəlir, paşayə kürk.