Məzmuna keç

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası/Təhlükəsizlik mühiti

Vikimənbə saytından
Giriş Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası. Təhlükəsizlik mühiti (2007)

Azərbaycan Respublikasının milli maraqları


1. TƏHLÜKƏSİZLİK MÜHİTİ

Azərbaycan Respublikasının təhlükəsizlik mühiti onun suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, milli maraqları, davamlı inkişafı, əhalisinin rifah və dəyərlərinin qorunmasına təsir edən amillərin məcmusudur.

Qərb və Şərq dünyalarının qovuşduğu coğrafi məkanda yerləşən Azərbaycan Respublikası bir çox sivilizasiyaların müsbət məqamlarını özündə cəmləşdirmişdir. Avropanın mütərəqqi dəyərlərini paylaşan və Avratlantik təhlükəsizlik arxitekturasının ayrılmaz bir halqası olan Azərbaycan Respublikası bu məkanın təhlükəsizliyinə öz töhfəsini verməkdədir. Eyni zamanda, islam dünyasının bir hissəsi kimi Azərbaycan Respublikası bu mədəniyyətin irs və təfəkkürünü bölüşür. Azərbaycan Respublikasının yerləşdiyi və hazırda qeyri-sabit olan region dostluq və əməkdaşlıq ruhlu regional və beynəlxalq tərəfdaşlarla birlikdə inkişaf üçün səmərəli istifadə oluna biləcək geniş potensiala və imkanlara malikdir.

Azərbaycan Respublikasının zəngin təbii ehtiyatları ölkənin çiçəklənməsi və milli rifahın təmin olunması üçün perspektivlər açır, onu beynəlxalq əhəmiyyətli enerji mənbəyi və beynəlxalq enerji təchizatı şəbəkəsinin mühüm tərkib hissəsinə çevirir. Azərbaycan Respublikasının və tərəfdaş ölkələrin iqtisadiyyatlarının inkişafına artıq töhfə verən beynəlxalq əhəmiyyətli nəqliyyat və kommunikasiya dəhlizlərinin inkişaf etdirilməsi, neft və qaz boru kəmərlərinin inşası region ölkələrinin əməkdaşlığının bariz nümunəsidir.

Ölkənin yerləşdiyi coğrafi şərait ona mühüm üstünlüklər verməklə yanaşı, eyni zamanda, onu bir sıra təhlükəsizlik problemləri ilə də üzləşdirir. Bu problemlərin ən ağır və bariz nümunəsi Azərbaycan Respublikasının qonşu Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalması və bunun nəticəsində ölkə ərazisinin bir hissəsinin işğal olunması və təxminən bir milyon azərbaycanlının məcburi köçkün və qaçqına çevrilməsidir. Təcavüz zamanı Azərbaycan Respublikasının vətəndaşlarına qarşı soyqırımı və terror aktları daxil olmaqla, sülhə və insanlığa qarşı ən ağır cinayətlər törədilmişdir və zəbt olunmuş ərazilərdə transsərhəd mütəşəkkil cinayətkar, o cümlədən beynəlxalq terrorçu qruplar tərəfindən qeyri-qanuni fəaliyyət həyata keçirilməkdədir. İndiki Ermənistan və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində azərbaycanlılara məxsus tarixi, mədəni və arxeoloji abidələr kütləvi surətdə dağıdılmış, təbii sərvətlər talan edilmiş, ətraf mühitə ciddi ziyan vurulmuşdur. Azərbaycan Respublikasının məruz qaldığı bu təcavüz onun hazırkı təhlükəsizlik mühitində və milli təhlükəsizlik siyasətinin müəyyən edilməsində əsas amildir.

Eyni zamanda, Azərbaycan Respublikasının təhlükəsizlik mühiti üçün beynəlxalq terrorçuluq, qeyri-qanuni miqrasiya, transmilli mütəşəkkil cinayətkarlıq, insan alveri, narkotik vasitələrin qaçaqmalçılığı və kütləvi qırğın silahlarının yayılması kimi təhdidlərin mövcudluğu dövlət qarşısında müəyyən vəzifələr qoyur.