Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası/Azərbaycan Respublikasının milli maraqları
Görünüş
←Təhlükəsizlik mühiti | Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası. Azərbaycan Respublikasının milli maraqları (2007) |
Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər→ |
2. AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MARAQLARI
Azərbaycan Respublikasının milli maraqları Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, habelə insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusundan ibarət olmaqla, aşağıdakılardır:
- dövlətin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının təmin edilməsi;
- Azərbaycan xalqının vahidliyinin qorunub saxlanılması, azərbaycançılıq ideyasının təşviqi; vətəndaş cəmiyyətinin formalaşdırılması, insan hüquq və əsas azadlıqlarının təmin olunması;
- demokratik və vətəndaş cəmiyyəti təsisatlarının inkişafı, qanunun aliliyi, asayişin təmini yolu ilə dövlətin funksiyalarının yerinə yetirilməsinin gücləndirilməsi, əhalinin təhlükəsizliyinin qorunması;
- beynəlxalq öhdəlikləri yerinə yetirmək, qlobal və regional təhlükəsizlik və sabitliyə töhfə vermək üçün dəyərlərini bölüşdüyü beynəlxalq təşkilatlarla inteqrasiyaya yönəlmiş əməkdaşlığın inkişaf etdirilməsi;
- bazar iqtisadiyyatının inkişafı, onun hüquqi əsaslarının təkmilləşdirilməsi, iqtisadi sabitliyin təmin olunması məqsədi ilə daxili və xarici sərmayələr üçün əlverişli şəraitin yaradılması;
- təbii sərvətlərdən tam səmərəli istifadə edilməsi, davamlı iqtisadi inkişaf, ətraf mühitin qorunması, təhsil, elmi və texnoloji potensialın artırılması yolu ilə Azərbaycan xalqının gələcək inkişafının, əhalinin layiqli həyat səviyyəsinin və fiziki sağlamlığının təmin edilməsi;
- dünya azərbaycanlılarının bölüşdüyü dəyərlərə əsaslanan milli özünəməxsusluğun və həmrəyliyin möhkəmləndirilməsi;
- Azərbaycan xalqının mədəni-tarixi irsinin və mənəvi dəyərlərinin qorunması, eləcə də ümumbəşəri dəyərlərlə zənginləşdirilməsi, dilinin, özünüdərk, vətənpərvərlik və milli iftixar hissinin, intellektual potensialının inkişaf etdirilməsi.