Məzmuna keç

Bəlayi-eşqə düşdürt, ey büti-mehparə, səbr eylə

Vikimənbə saytından
Bəlayi-eşqə düşdün, ey büti-məhparə, səbr eylə
Müəllif: Seyid Əzim Şirvani
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Bəlayi-eşqə düşdün, ey büti-məhparə, səbr eylə,
Günün oldisə gər hicran əlindən qarə, səbr eylə,
Ümidi-vəsli-cənnət eyləyib yan narə, səbr eylə,
Düşüb Məcnun kimi səhranı gəz avarə, səbr eylə,
Cəfayi-dövri-gərdun dunü kəcrəftarə, səbr eylə.

Bu ahugözlülər bağlar kəməndi-zülf ilə şiri,
Tökübdür çoxların qanın bu yolda eşq şəmşiri,
İtirmə kəsrəti-qəmdən, əzizim, rahi-tədbiri,
Məhəbbət pak olursa, çox olur əlbəttə təsiri,
Edər ahın əsər ol dilbəri-xunxarə, səbr eylə.

Oxurdum məktəbi-üşşaqdə təsnifi-Loğmanı -
Ki, gördüm səbt olub hər müşkülə bir növ samanı,
Bu qədri çəkmə hicri-yar əlindən ahü əfqanı,
O hansı dərddir kim, olmasın aləmdə dərmanı,
Yazılmış dəhrdə hər dərd üçün bir çarə, səbr eylə.

Vuran Mənsurluq lafın qəmi-darından inciməz,
Özün pərvanə tək şəmə vuran narından inciməz.
O şirin ləlin, aşiq, təlx göftarından inciməz,
Gülüstani-cahanda gül sevən, xarından inciməz,
Əgər yar istəyirsən, təneyi-əğyarə səbr eylə.

Nə qəm, olsa sənə, ey dust, düşmən cümleyi-aləm
Ki, mülki-hüsn içində, tacidarım, şahsən sən həm,
Çəkib müjgan sipahı eylə yeksər aləmi bərhəm,
Və lakin zəxmi-tiri-yarə hərgiz istəmə mərhəm,
Yetə gər sinən üzrə yarə üstən yarə, səbr eylə.

Əgərçi xurdü xabı eşq üşşaqə həram eylər,
Xəyali-zülfü rüxsarı günün möhnətlə şam eylər,
Nə Əflatun bu dərdin çarəsin, nə Cəm, nə cam eylər,
Olur ki, vəsli-dilbər bir gün, ey məh, iltiyam eylər,
Əgər Seyyid kimi könlün ola sədparə səbr eylə.