Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh.26
|
Bar İlahi, min bir adın eşqinə,
Bu əziz axşama bağışla məni.
Dəşti-Kərbəlanın nahaq qanına,
Seyyidül ənnama bağışla məni.
Bağışla ol şəxsə adı Hüseyndi,
Həbibin olduğu bərhəqq, yəqindi.
Əfv qıl Rəsula, sahibi-dindi
On iki imama bağışla məni.
O yerdə qurulan qərib əsasa,
Zeynəbü Gülsümə qara libasa,
Ələmdari-Hüseyn, rəşid Abbasa,
O qolsuz ağama bağışla məni.
Bağışla novcavan Əkbər yasına,
O tifli-südəmər Əsğər yasına,
Şahzadə Qasımın sərvər yasına,
Verilən nizama bağışla məni.
Sənin rəhmin çoxdu, ey kani-kərəm,
Günahkar bəndənəm, mədəd istərəm.
Əta qılsan, bir zəlilə nökərəm,
Oxunan kalama bağışla məni.
Özün yaradıbsan, ya qadir Allah,
Əlacsız bəndənəm, çəkirəm mən ah.
Səndən qeyri kimə aparım pənah,
Bu gələn ayyama bağışla məni!
Biçarə İmanam, çoxdu üsyanım,
Qalmışam müşgüldə, əriyib canım,
Tövbə bəd əməldən, qadir sübhanım,
Gələcək cəzama bağışla məni.