Məzmuna keç

Bahadır və Sona/Üçüncü məclis

Vikimənbə saytından
İkinci məclis Bahadır və Sona. Üçüncü məclis
Müəllif: Nəriman Nərimanov
Dördüncü məclis


Sonanın yatacaq otağı. Çarpayı, balaca miz, stullar.
 
S o n a (pәncәrәnin qabağında oturub kitab oxuyur, hәrdәnbir gözlәrini kitabdan götürüb fikrә gedir). Bu kitabda yazır: arvadların azad olmaqları özlәrinә bağlıdır. Kişilәrә ümid bağlayırlar isә öz mәqsәdlәrinә çatmazlar. Mәn dә bu fikirdәyәm. Görәsәn Bahadırın bu mәsәlәdә fikri nәdir? Burada olsaydı, soruşardım. Bu barәdә bir saat mübahisәmiz olardı.... Mәn çox vaxt ürәkdә onun sözlәrini qәbul edirdim. Fәqәt mübahisәmiz uzansın deyibәn qәsdәn dediyini qәbul etmәzdim.... Mәsәlәn, Bahadır burada olsaydı, mәn deyәrdim: xeyr, kişilәr arvadları insan bilirlәr isә özlәri gәrәkdir onlara azadlıq verәlәr. (Gülә-gülә.) Mәnim sözlәrimi qәbul etmәyib, hәm dә tarix kitablarını, fәlsәfә inşalarını tökmüşdü, mәnә dәlil gәtirmişdi: "Xeyr, xanım! Arvadlar özlәri hürriyyәt qazanmasalar, kimsә onlara hürriyyәt vermәz. Tәbii, hürriyyәt heç vaxt verilmәyibdir, alınıbdır" deyirdi. (Fikirdә). Ah, nә gözәl günlәr! Nә gözәl saatlar! İnsanın ağlı mübahisә meydanında, әcәba, nә gözәl işlәyir! İndi tәk, günlәrim bu kitablar arasında gedir. (Fikirdә.)
 
 
ӘVVӘLİNCİ GӘLİŞ
 
Maşo vә Sona.
 
M a ş o. Qızım! Dur hazırlaş, Lizagilә gedәk. Axşam atan da ora gәlәcәkdir.
S o n a (durub anasını öpür). Yox, anacığım, siz atamla gediniz, mәnim bir az kefim yoxdur, evdә oturmaq istәyirәm.
M a ş o. Qızım, nә üçün sәn axır vaxt heç yerә getmәk istәmirsәn? Tutalım qonaq getmirsәn, heç olmasa çıx bir az tәmiz havada gәz. (Sonanı öpür.) Yox, qızım, yaramır, evdә çox oturmaqdan baş ağrısı taparsan.
S o n a. Yaxşı, anacığım, gәzәrәm, fәqәt bu gün evdә oturmaq istәyirәm.
M a ş o. Yaxşı, qızım! Qalırsan qal evdә, mәn gedirәm. Ancaq yatmaq istәsәn qapıları bağlat.
S o n a. Arxayın ol, anacığım, bağladaram. (Anasının yanına gedib öpür. Maşo çıxır.)
S o n a (tәk). Doğrusu, Bahadır gedәndәn sonra heç bir adamla görüşüb söylәşmәk dә istәmirәm. Liza mәnim qәdim yoldaşım. Onu sevirdim, onunla hәmәvaxt danışardım.... İndi onunla da görüşmәk istәmirәm. (Fikirdә.) Nә üçün? Nә üçün mәn Bahadırdan sonra büsbütün dәyişirildim. (Fikirdә.) Mәn hiss, edirәm.... Mәn әziz bir vücudun, ruhumu tәmizlәyәn, ağlımı qüvvәtlәndirәn bir insanın ayrılığını, yoxluğunu hiss edirәm.... Nә üçün biz ayrıldıq? Nә üçün biz görüşdük, bir-birimizә mәhәbbәt bağladıq vә nә üçün ayrıldıq? Olduğumuz sәadәtdә hәmişәlik yaşamaq üçün nә lazımdı. (Fikirdә.) Yox, elә fikirlәr başımda gәrәkdir olmasın.... İnsan insanı ruhani mәhәbbәtlә sevә bilmәzmi? (Fikirdә.) Yox, yox! Mәnә heç bir şey lazım deyil.... Mәnә fәqәt Bahadırın ağlı, ruhi mәhәbbәti gәrәkdir.... Belә isә o Peterburqda, mәn burada olmağımız da yarar.... (Fikirdә.) Ağlını, ruhunu, mәhәbbәtini kağız vasitәsi ilә dә hiss edә bilirәm.... (Fikirdә.) Fәqәt bunu düşünmürәm: nә üçün onun burada olmamağı mәnibüsbütün dәyişdiribdir.... (Fikirdә.) Burada bir sirr var, mәn düşünmәyirәm.... Mәn әlimi onun әlinә verәndә bir elektrik onun bәdәnindәn mәnim bәdәnimә işlәmәyini hiss edirdim. (Fikirdә.) Fәqәt.... (Kitaba baxır, sonra saata baxıb durur. Qapı tәrәfә gedir, qulluqçuya.) Daniel! Daniel!
D a n i e l (qapı dalından). Bәli.
S o n a. Qapıları bağla, mәn yatacağam.
D a n i e l. Baş üstә!
S o n a (kitabını götürüb yerindә uzanır). Bunu da oxuyum, qurtarım, sonra soyunaram. (Oxuyur). Әcәba! Bu doğrudurmu? Burada yazır, bir çox qız var ki, әrә getmәklә özlәrini pula satırlar.... (Gülümsәyib.) Doğrusu, bu kitabda arvadlara çox sataşırlar.... Bir gün mәn Bahadırdan soruşdum: nә üçün arvadlar barәsindә bu qәdәr böhtan yazırlar vә nә üçün bunlara dair qanunlar çox pünhanda saxlanır? Buna cavab verdi: "Ondan ötәri ki, qәlәm düşmәn әlindә olubdur. Hәrgah peyğәmbәrlik başdan arvadlara gәlsәydi, arvadlara dair qanunlar hamısı büsbütün bәrәks olardı.... (Medalyonu açıb baxır.) Ah, Bahadır! Burada olsaydın, daha bir sualıma cavab verәrdin. (Fikirdә.) Ah, rәbbim! Ah, mәnim mәhәbbәtim! (Kitabı әlindәn buraxıb medalyona bir dә baxıb öpür vә yuxuya gedir.... )
 
 
İKİNCİ GӘLİŞ
 
Maşo vә Sona.
 
M a ş o (yavaş-yavaş gәlir vә söylәnir). Bu gecә kart arxasında sәhәri açdıq. (Sonaya tәrәf.) Bu da paltarlı yatıbdır, nә üçün dә şirin yuxudan durğuzum, indi sәhәr açılır, özü durar. (Yaxın gәlib Sonanı öpür, medalyonu açıq görüb şam yandırır, medalyona diqqәtlә baxır, sonra iki әllәri ilә başını tutub otaqdan çıxır.)
S o n a (sәhәr açılır, yavaş-yavaş oyanır). Mәn bütün gecәni paltarlı yatmışam. (Medalyonu görüb.) Ah, bu yaxşı olmadı. Anam yәqin ki, adәti üzrә otağıma gәlibdir. Medalyonu, әlbәttә, açıq görübdür. (Bir az fikirdәn sonra.) Mәn, әlbәttә, istәmәzdim anam medalyondakı şәkli görsün. İndi hәrgah görübdürsә, daha yaxşı! Söz açılar, dәrdimi açıq-açığına söylәrәm.... (Geyinir.)
 
 
ÜÇÜNCÜ GӘLİŞ
 
Maşo, Sona vә Daniel.
 
M a ş o (yerә baxır). Qızım, durubsan? (Gedir Sonanı istәr-istәmәz öpür.)
S o n a (tәәccüblә anasına baxıb). Bәli, anacığım, durmuşam! (Diqqәtlә baxıb.) Nә üçün yerә baxırsan? Anacığım, sәnin ürәyindә bir söz olmağını düşünürәm, nә istәyirsәn soruş, deyәrәm.
M a ş o (Sonanın boynundan qucaqlayıb). Sevgili qızım! Sәn bilirsәn ki, mәn vә atan sәni nәhayәt dәrәcәdә sevirik. Sәn ali oxumuş bir qız, çox şeylәri ola bilsin ki, bizdәn yaxşı bilirsәn.... Biz sәnin uğrunda can vermәyә hazır olduğumuz halda, sәnin ürәyindәki dәrdi, başındakı fikirlәri bilmәk istәyirik. İxtiyarın var, deyә dә bilәrsәn, demәyә dә.
S o n a (bir az halından çıxıb). Anacığım! Açıq söylә, mәn hamı suallarına cavab verәrәm. (Bir az fikirdәn sonra.) Yoxsa, gecә medalyonun içindәki әksi gördün, hә?
M a ş o. Doğrudur, qızım! Gördüm. (Yerә baxıb.) Bu әhvalat mәni bir az tәşvişә salıbdır....
S o n a (sәslә ağlayıb Maşonun boynundan qucaqlayır). Nә edim, sevirәm.... Mәn Bahadırı sevirәm.... Anacığım, bu yolda mәnim elmim, qanacağım kömәk etmәyir, mәhәbbәtin müqabilindә ağlım çaşır.... Ah, sevgili anacığım! Bir yol göstәr....
Mәn bu vaxtadәk mәhәbbәtimi pünhanda saxlayırdım, fәqәt indi söz açıldı.... Mәn şadam!.... Ürәyimdәki sözlәri demәyә yol açıldı.... Bahadır isә bu vaxtadәk mәhәbbәtim nә dәrәcәdә olmağını bilmәyir. Burada ikәn hissiyyatımı ondan gizlәdirdim.... İndi bu ayrılıq mәhәbbәtimi birә on artırıbdır.... Ah, sevgili anacığım, bağışla mәni! Nә edim? (Bu sözlә ağlayıb Maşonun qucağına yıxılır.) Ah!.... Ah!....
M a ş o. Sevgili qızım, ağlama! Mәn sәni düşünürәm.... Mәn özüm dә mәhәbbәtin oduna yanmışam.... Fәqәt mәnim atana olan mәhәbbәtimin çarәsi tapıldı.... Mәn atana getdim.... Sizin mәhәbbәtinizin çarәsini görmürәm, qızım.... Sәn ağıllı,
kamallı, millәtini, dinini sevәn bir qız.... Bahadır isә millәtini nәhayәt dәrәcәdә sevәn bir oğlan.... Nә tövr etmәli? Mәn özüm dә çaşıram.
S o n a (gözlәrini silә-silә). Bәs necә olsun? Ah, sevgili anacığım. Bu mәsәlәdә analığı unudub da mәnimlә yoldaş ol, mәnә yol göstәr, mәni başımdakı qara fikirlәrdәn xilas et....
M a ş o (pәncәrәyә baxıb). Odur, atan da gәlir!.... (Gedir.)
S o n a. Ah, rәbbim! (Әllәri ilә üzünü tutub balış üstә uzanır.)
D a n i e l (dişarıdan). Xanım, sizә kağız var.
S o n a (tәlәsik durur, qapıya tәrәf gedir, kağızı alır). Ah, kağız! (Diqqәtlә baxıb gülür.) Bahadırdandır! (Oxuyur vә hәrdәnbir fikrә gedir, sonra oxuyur, gәzinir vә yenә dә diqqәtlә oxuyur.)
 
 
DÖRDÜNCÜ GӘLİŞ
 
Maşo vә Sona.
 
M a ş o. Qızım, kağız kimdәndir? Yoxsa Bahadırdandır?
S o n a (ayağa durub gözlәri kağızda). Bu saat, anacığım. (Kağızı qurtarıb.) Bәli, anacığım, Bahadırdan gәlibdir.... İndi bir az rahat oldum, anacığım. Sәn dә, atam da bu kağızı oxuyun.... Mәni bu vaxtadәk rahatsız edәn suallara mәn bu kağızda cavabtapıram.... Bәlkә siz dә tapasınız.... Mәn sizdәn heç bir şey gizlәtmәk istәmirәm. Çünki sizi çox sevirәm. Sizin ruhunuza әziyyәt vermәk istәmirәm, fәqәt nә edim? Sevirәm.... Mәn Bahadırı sevirәm.... Bu kağız mәnim tamam şübhәlәrimi dağıtdı. Gizlin nöqtәlәri aşkar etdi. Açılmayan düyünlәri açdı.... Bundan әvvәl ikimizin arasında görükәn uçurum dәrәlәr indi mәnim üçün görünmәyir. Mәn insan, o insan, bizi ölümdәn savayı hansı bir qüvvә ayıra bilәr?....
M a ş o. Qızım! Nә söylәyirsәn? Düşünmәyirәm.
S o n a. Ah, anacığım! Oxuyun, mәslәhәt edin. Mәn sizin razılığınızla iş görmәk istәyirәm. Mәn sizi çox sevirәm, siz dә mәni.... Siz hazır ağlınıza tabesiniz, mәn isә ürәyimә. Ağlım ürәyimlә bir çox zaman müharibәdә olarkәn ürәyim ağlıma
güc gәtirirdi. Hazır bu işdә ağlım iş görmür.... (Fikir.) İndi sәn otur kağızı diqqәtlә oxu, mәn bir az çıxım bağçada dolanım.... (Çıxır.)
M a ş o (kağızı diqqәtlә oxuyur). Ah, binәva cavanlar! İkisi dә mәhәbbәt atәşinә yanırlar. (Ağlayır.)
 
 
BEŞİNCİ GӘLİŞ
 
Yusif vә Maşo.
 
Y u s i f (tәәccüblә Maşoya baxır). Maşo, nә üçün ağlayırsan?
M a ş o (gözlәrini silә-silә durur). Daha yatmaq vaxtı deyil.... Mәn sәnә dediyim әhvalatı diqqәtsiz qoymaq olmaz. Gәrәkdir bir әncam çәkmәk, yoxsa qız özünü hәlak edәr. (Kağızı Yusifә verir).
Y u s i f (kağızı diqqәtlә oxuyub başını bulayır. Sonra fikrә gedir). Mәn hәrçi fikir edirәm, bir şey çıxmır. Sәn mәnә medalyon barәsindә söylәdikdә, mәn elә bir mәna vermәdim. Fәqәt görünür iş-işdәn keçibdir. Nә edim. Әlbәttә, qızın özü
ilә gәrәkdir söhbәt etmәk. (Bir az fikirdәn sonra.) Bir şey dә fikrimә gәlir: biz özümüz Bahadırı çox sevirik.... Nә eybi var.... Bahadır ağıllı vә kamallı bir oğlandır. Onun üçün hansı bir mәzhәbdә olmağın tәfavütü gәrәkdir olmasın. Onun belә bir әqidәdә olmağı öz kağızından mәlum edir. Ona görә xristianlığı qәbul edәrsә, biz artıq dәrәcәdә mәmnuniyyәtlә onu qәbul edәrik.... (Maşoya.) Sәn Sonanı çağır buraya.
M a ş o (çıxır). Yaxşı.
Y u s i f. Doğrudan da böyük bir bәlaya düçar olmuşuq.... Hәrçi fikir edirәm, bir yol tapa bilmirәm. Nә etmәli? (Fikirdә.)
 
 
ALTINCI GӘLİŞ
 
Yusif, Sona, Maşo.
 
S o n a (başı aşağı). Atacığım, mәni çağırıbsanmı?
Y u s i f. Bәli, qızım! Otur. Әhvalatdan xәbәrdaram.... Qızım, әbәs yerә özünü fikirlәrә salma, bu asan bir işdir. Mәnim yәqinimdir ki, Bahadır xristianlığı qәbul edәr, o vaxt hamı işlәrimiz dә düzәlәr, deyilmi, qızım?
S o n a. Ah, sevgili atacığım! Mәn tәvәqqe edirәm belә mәsәlәni heç araya gәtirmәmәk. Mәn heç vaxt belә sözlәri demәrәm vә razı da olmaram Bahadıra deyilsin. Nә üçün Bahadır xristian olsun? Yainki nә üçün mәn müsәlman olum? Bizi xristianlıqmı vә müsәlmanlıqmı bir-birimizә yaxın etdi, yainki özgә bir şey?
Y u s i f. Yox, qızım, elә deyil! Hәr halda biz bir millәtin hissәsi hesab olunuruq. Bu millәtә dair müәyyәn bir yol, ya bir adәt var. Biz haman adәtlәrә bәrәks hәrәkәt edәriksә, bizә ayrı bir nәzәr ilә baxarlar.... Bizi camaatımız özündәn hesab etmәz.... Sәn millәtini sevirsәn, onun uğrunda can qoymağa hazırsan, razı olarsanmı haman millәt sәni özündәn kәnar etsin?
S o n a. Әcәba, Bahadırın millәtdәn kәnar olmağına necә razılıq vermәk?
Y u s i f. Qızım! Sәni canım kimi sevirәm. Yәqin bil ki, mәn sizin mәhәbbәtinizә mane deyilәm vә ixtiyarım da yoxdur. Fәqәt bir şeyi demәk istәyirәm. Qızım! Bahadırın vә sәnin fәlsәfәnizdәn camaatın, millәtin xәbәri yoxdur. Tәklikdә fәlsәfәniz gözәl olmuş olsa, camaat fәlsәfәnizә nifrәtlә baxacaqdır.... Camaatın fәlsәfәsi müәyyәn qanunlar vә ata-babalarımızın adәtlәridir, qızım!
S o n a. Atacığım! Sözlәriniz haqdır. Camaat, millәt ümumiyyәtlә bizim fәlsәfәyә nifrәtlә baxacaqdır.... Bunu yaxşı düşünürәm. (Fikirdә.) Bәs nә etmәli? Mәn çaşıram.... Millәtimdәn uzaq düşmәk istәmirәm. Mәn ömrümü millәt yolunda sәrf etmәyә hazıram. Onu sevirәm.... (Fikirdә.) Bahadırı da sevirәm.... Bahadır burada ikәn belә şeylәr fikrimdәn keçmәyirdi.... Bәlkә bu ayrılıq sәmәrәsidir. Bәlkә bir yerdә olsaq, yainki birlikdә mәslәhәt etsәk, qeyri bir nöqtәyә gәlmәli olarıq.... Bilmirәm.... Başım işlәmir. Fikrim dağınıqdır.... Әhvalım pәrişandır.... (Fikirdә). Bahadırın sözlәri vә әqidәsi haqdır.... Camaata, millәtә dair söylәdiyiniz sözlәri dә diqqәtsiz qoymaq olmaz.... Özgә bir yol, qeyri bir çarә yoxmu, sevgili atacığım?
Y u s i f (bir az fikirdәn sonra). Qızım! Mәnim başıma bir fikir gәldi.... Sәninlә bәrabәr Peterburqa gedәk, Bahadırla bir yerdә söhbәt edәk. Bәlkә birlikdә bir çarә tapdıq!
S o n a (birdәn ayağa durub atasını qucaqlayır). Ah, sevgili atacığım! Nә gözәl fikirdir! Mәn razıyam! (Sonra anasının qucağına yıxılıb.) Sәn dә anacığım, atamın fikrinә şәriksәn, deyilmi? Hә?
M a ş o. Razıyam qızım, razıyam! Bu fikir mәnim başımda var idi. Mәn Bahadırın nәcibliyinә, kamalına ümid bağlayıb yәqin edirәm, birlikdә çarә tapılar.
Y u s i f (durur). Yaxşı, hazırlaşaq! İki gündәn sonra gedirik.
S o n a (gah atasını, gah anasını öpür). Peterburqa! Peterburqa!
 
PӘRDӘ