Məzmuna keç

Bakı fəhlələrinə

Vikimənbə saytından
Bakı fəhlələrinə (1906)
Müəllif: Mirzə Ələkbər Sabir


Bu çərxi-fələk tərsinə dövran edir imdi,
Fəhlə də özün daxili-insan edir imdi,

Olmaz bu ki, hər əmrə dəxalət edə fəhlə,
Dövlətli olan yerdə cəsarət edə fəhlə,
Asudə nəfəs çəkməyə halət edə fəhlə,
Yainki hüquq üstə ədavət edə fəhlə,
Bu çərxi-fələk tərsinə dövran edir imdi,
Fəhlə də özün daxili-insan edir imdi,

Fəhlə, mənə bir söylə, nədən hörmətin olsun?
Axır nə səbəb söz deməyə qüdrətin olsun?
Əl çək, bala, dövlətlilərə xidmətin olsun,
Az-çox sənə verdiklərinə minnətin olsun!...
Bu çərxi-fələk tərsinə dövran edir imdi,
Fəhlə də özün daxili-insan edir imdi,
 
Dövlətli, amandır, özünü salma bəlayə,
Fəhlə sözü həqq olsa da, baxma o sədayə,
Yol vermə nəfəs çəkməyə hərgiz füqərayə,
Öz şənini puç eyləmə hər bisəru payə!..
Bu çərxi-fələk tərsinə dövran edir imdi,
Fəhlə də özün daxili-insan edir imdi,
 
Aldanma, fəqirin olamaz əqli, zəkası,
Çün yoxdur onun sən kimi pakizə libası,
Yox sərvəti, yox dövləti, yox şalı, əbası,
Var köhnə çuxası, dəxi bir təkcə qəbası…
Bu çərxi-fələk tərsinə dövran edir imdi,
Fəhlə də özün daxili-insan edir imdi,

İstərsən əgər olmağa asudə cəhanda,
Ta olmayasan qəmlərə aludə cəhanda -
Fəhlə üzünə baxma bu bihudə cəhanda,
Öz fikrini çək, ol dəxi fərsudə cəhanda,
Bu çərxi-fələk tərsinə dövran edir imdi,
Fəhlə də özün daxili-insan edir imdi,

Gör millətinin dərdini, axtarma dəvasın,
Əl çəkmə yetimin başına, kəsmə sədasın,
Zinhar qoyub dəhrdə bir xeyr füqərasın…
Yad eyləmə, şad eyləmə millət füqərasın…
Bu çərxi-fələk tərsinə dövran edir imdi,
Fəhlə də özün daxili-insan edir imdi.

Mənbə

[redaktə]
  • Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 23-24