Məzmuna keç

Baklan səddini bağlatdırdığı üçün Şirvanşah Mənuçöhrün tərifi

Vikimənbə saytından
Baklan səddini bağlatdırdığı üçün Şirvanşah Mənuçöhrün tərifi
Müəllif: Xaqani Şirvani
Tərcümə edən: M.Soltan


Göy cəlallı at üstündə şah bənd vurub gur çaya,
Baklan səddi kənarından dönüb gəldi saraya.

Bahar kimi, öz atına min bir zinət verərək,
O, suların cilovunu yığdı bir qış yeli tək*.

Sikkəsinin arzusuyla çayda üzən balıqlar,
Pullarını qızıl pula çevirdilər nə ki var.

Şah ümmandır, onun atı bir atəşin nəhəngdir,
Bu nəhəngin cəvahirlə zinəti çox qəşəngdir.

Qılıncında ayna kimi əks olunur asiman,
O aynanın üzündə də sudan vardır bir nişan.

Kim görmüş ki, su şəkili çəkilsin bir aynada,
Ya kim görmüş su içində şəffaf olsun ayna da?

Görmək olmaz bir aynada heç bir zaman Günəşi,
Lakin Günəş ayna ilə suda durdu yanaşı.

Şahın odlu qılıncının qarşısında bu dəmdə,
Odun rəngi qaçdı tamam, sular düşdü kəməndə.

Təklik sevən bir sufidir şah qılıncı, bil, anla!
Alır hər –vaxt dəstəmazı su ilə yox, al qanla.

Suyun belə fikri varmış: torpağa vursun zərər,
Sanki suyun bu fıkrindən şaha çatıbdır xəbər.

Gördü kəmər bağlamışdır torpağa su hər zaman,
O da suyun belinə bir kəmər vurdu torpaqdan.

Axar suyun mədəsinə torpaq tökdü o qədər.
Ki, torpaqçün törətməsin daşan sular bir xətər.

Torpaq suyun ciyərində düyümləndi, doğrusu,
Şah qılıncı qorxusundan qabarmadı daha su.

Qalxdı suyun ciyərindən fələklərə ah, aman,
Ağlar suyun naləsindən cana gəldi asiman.

Gah gördü ki, "Əliallah" deyib, edir ahü-zar,
Yumdu onun ağzını ki, etməsin bir də təkrar.

Sular şahın xidmətinə baş əyərək, nəhayət,
Xızrı çəkib gətirdi ki, şaha etsin şəfaət.

Xızr dedi: "İdrak ilə ey sulara bənd vuran!
Gəl, indi sən icazə ver, sular olsunlar rəvan".

Şah Xızırın ricasını aldı o dəm nəzərə,
Coşğun suyun cilovunu ona verdi bir kərə.

Qoy su, torpaq şahımıza olsun möhkəm bir dayaq,
Nə qədər ki, bu dünyada olacaqdır su, torpaq.

Şairlərin qarşısına düşüb gedir Xaqani, -
Necə köpük öndə gedər, dalınca su karvanı