Baxın (divani, Novrəs İman)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Baxın
Müəllif: Növrəs İman
müxəmməs
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 155-158

Huş verin kalama siz,
Belə bir zamana baxın;
Aləmə qərar qoyan
Əkbəri-sübhana baxın;
Fərş olan cəlalətə,
Zinəti-cahana baxın;
Çarxı-dövran nizamına,
Ərzlə asimana baxın;
Qüdrəti-ilahiyə,
İns ilə heyvana baxın.

Axtarın tavarixi,
Tapın büsati-ləngərin;
Necə keçibdi dövrlər,
Bilin qəzayi-sərsərin;
Ərş, kürs, lohi-aləm,
Qələm yazan xəbərlərin;
Xəlq eləyibdi Adəmi,
Yazıbdı hali-dəftərin;
Çox olan binasına,
Axırda virana baxın.

Şəmsi Qəmər salır
İşıq bu çarxı-əxzərə;
Qətrələr coşub gözəl,
Hökm olunur əbrlərə;
Moc ilə nida qılır,
Yağır buluddan hər yerə;
Ol günü yada salın,
Qəzəb etdi bəhrü bərə;
Nuha, həm gəmisinə,
Qarışan tufana baxın.

Oxudun keşişlərə,
Görün nizami-İncilin;
İsaya nə zülm olub,
Deyirdi milləti dəli;
Çıxartdı dardan aşikar
Gəlibdi əvvəl sincili;
Firon deyirdi allaham,
Məxluqat deyirdi bəli.
Firona dəryaya, həm
Musa bin İmrana baxın.

Zəbura nəzər salın,
Oxudun Davud əhvalın;
Qırx oğul fəda verib,
Tutub haqq ilə xəyalın;
Gör necə kərəm kam
Əydi onun qəddi-dalın;
Axırda rəhm ilə baxıb,
Düzəltdi möhkəm cəlalın;
Bəxş eyləyib Süleymanı,
Eylə hökmrana baxın.

Xaliqin nizamam
Kim deyir yetirrəm başa;
"Kün" deyib, xəlq eləyib,
Qərar qoyub dağa, daşa;
Min ilə katib yaza,
Zərrəcə olmayır haşa;
Nəmruda, Şəddata bax,
İbrahimə qıl tamaşa;
Haqq yolunda şövq ilə
Verdiyi qurbana baxın.

Qırx min il bu dünyadan
Qabaq yaradıb Əhmədi;
Ol vücüdi-əvvəlin
Xətmi-Rəsul Məhəmmədi;
İbni-əmmi-Mustafa,
Şiri-dilavər Əsədi;
Cismimə nəqş eləyib
Həmdi - Allahüssəmədi,
Vəsflərində zikr olan
Ayeyi-Qurana baxın.

Ələm zalikəl-kitabı
Lareybə fihi hədən;
Axırda xəcalətdi
Belə kalamı tərk edən;
Kaf ha ya eyni sat
Taha və yasində gedən;
.........onun
Övladı bərhəqdir nədən;
Beylə bir cəlal ilən
Vəsfi o sultana baxın.

Şöleyi-camalına
Xətm olunubdu vəzzüha;
Misilsiz vücuduna
Nazil olubdu qulkəfa;
Qəlbinə şəbahətdir
Vəlnəcm iza həva;
Sat vəl quranidə
Müsdərdi həm qıl innəma;
Halətada vəsf olan
Ol Şahi-Mərdana baxın.

Mədh ol mövlalərə
Yetirin huş siz həmin;
Cəngdə nüsrət tapıb,
Fəth eləyib Xavərzəmin;
Kim deyirdi bir dəfə
"Allahi-əkbər", bil, yəqin,
Zülfüqarı çaldı bəs,
Açdı bizə dini-mübin;
Qətl olan kəfərlərə,
Həm cəngi-tüğyana baxın.

Hər işin tamamına
Yetişmək olmaz, müxtəsər;
Bir ilahi olmasa,
Dünya olardımı məgər;
Həm ölür, həm dirilir,
Gərdişi durur sərbəsər;
Bir dənə milçəkcə, gör
Yaratmağa yoxdur hünər;
Aləmi əldə tutub,
Xəlq olunan cana baxın.

Qafil olma, gəl ayıl,
Millət, oyan, qan işlərin;
Vur başa, təfəkkür et,
Axtargınan gərdişlərin.
Səhl sanma, axırda
Xaliq bilir hər işlərin.
Nəzmənin büsatına
Vergilən huşü guşlərin;
Dünyada bir qəhr çəkən
Bu Novrəs İmana baxın.