Məzmuna keç

Bayatılar/Ü

Vikimənbə saytından
U Bayatılar. Ü hərfi ilə başlayan bayatılar
Müəllif: Şifahi xalq ədəbiyyatı
V
Sister Projects. Həmçinin baxın: Haqqında • Mənbə: Bayatılar. Bakı, 1995

Ülkər Aydan ucadır,
Nə aydınlıq gecədir.
Mənim halım pis keçir.
Sənin halın necədir?

Ülkər qandı, qəmər qan,
Dərə, təpə hamar qan.
Dərdli sinəm odlanıb,
Qan üstünə damar qan.

Ürək yara olmasın,
Sınsın yara olmasın.
Rəngin qara olsa da,
Qəlbin qara olmasın.
 
Ürəkdə qan qalmadı,
Üzüldü, can qalmadı.
Elə bir bəla gəldi,
Nə ad, nə san qalmadı.

Üstü meşəli dağlar,
Həzar peşəli dağlar.
El qoynunda yurd salır,
Gül bənövşəli dağlar.

Üzülmüşəm, üzülmüş,
Xumar gözlər süzülmüş.
Görən, varmı mənim tək
Əli yardan üzülmüş.

Üzülmüşəm, üzülmüş,
Xumar gözlər süzülmüş.
Varmı bir mənim təki,
Əli əldən üzülmüş.

Üzümü dər səbətə,
Nə qorxu var, nə xətə.
Elə yar sevmişəm ki,
Səs salıb məmləkətə.

Üzüyündə qaşam mən,
İgitlikdə başam mən.
Yaxşı gündə gəz, dolan,
Pis gündə yoldaşam mən.