Bayatılar/U
Görünüş
←T | Bayatılar. U hərfi ilə başlayan bayatılar Müəllif: Şifahi xalq ədəbiyyatı |
Ü→ |
Həmçinin baxın: Haqqında • Mənbə: Bayatılar. Bakı, 1995 |
Uçaram gülünüzdən,
Qaçaram əlinizdən.
Bir yaşıl baş sonayam,
Düşərəm dilinizdən.
Ulduz deyiləm, ayam,
Ulduzlardan mən sayam.
Bir yaman qaynanam var,
Əlindən cazanayam.
Ulduzlar batmaz, ağlar,
Yarı oyatmaz ağlar.
İki könül ayrılsa,
Gecələr yatmaz, ağlar.
Ulduzlar sürü kimi,
Ayın kəsiri kimi,
Apardılar balamı
Firəng əsiri kimi.
Ustalar ustasıyam,
Xəncərun dəstəsiyəm.
El bilir, aləm bilir,
Gözlərun xəstəsiyəm.
Uzaqdan bir yel əsdi,
Səbrim-qərarım kəsdi.
Sağ gözüm sənə qurban,
Sol gözüm mənə bəsdi.