Məzmuna keç

Bayatılar/İ

Vikimənbə saytından
X Bayatılar. İ hərfi ilə başlayan bayatılar
Müəllif: Şifahi xalq ədəbiyyatı
K
Sister Projects. Həmçinin baxın: Haqqında • Mənbə: Bayatılar. Bakı, 1995

İçdik dərd ayağından,
Dostam dərdə yaxından.
Qəm başından Bikəsin,
Tutmuş dərd ayağından.

İgid gərək atlana,
Atın minə, atlana.
Mərd odur ki, döyüşdə,
Hər yaraya qatlana.

İgid paşa, say paşa,
Sənə yoxdur tay, paşa.
Koroğlu bir gəlibdi,
Bir də gəlsə, vay, paşa.

İgidin bir atıdır,
Bir də təmiz zatıdır.
Koroğluda qoçaqlıq,
Onun ehtiyatıdır.

İldırım çaxar gedər,
Su gəlib axar gedər.
Dostlar pis gündə gələr,
Bivəfa baxar gedər.

İlqarın oldu yalan,
Könlümi etdin talan.
Ayrılsın ayrı düşsün,
Bizə ayrılıq salan.

İncidən bəydi məni,
Saraldan neydi məni.
Dost bilib könül verdim,
Bəd yerdə əydi məni.

İncidir əğyar məni,
Xəncər alıb yar məni.
Gör nə zamandı zaman,
Ovlayır bu sar məni.

İrəfə düzdüm kasa,
Kim endirə, kim asa.
Sən orda şadlıq eylə,
Mən burda batım yasa.

İstəkanın bullurdan,
İstərəm cani-dildən.
Gətir caynaq çəkişək,
Sən dodaqdan, mən dildən.

İstəkanın qanlıdır,
Əl vurma dərmanlıdır.
Yurdumu xəbər alsan,
Əslim Girdimanlıdır.

İrəvan qana düşdü,
Qəfil talana düşdü.
Təbriz, Gəncə gəlmədi
Qollarım yana düşdü.

İrəvanın bağları,
Çiçək açıb tağları.
Kim geriyə döndərər
Ötüb keçən çağları?..

İstəmədim yad olsun,
Nişan aldım ad olsun.
Yardan mənə xəbər yaz,
Mənim könlüm şad olsun.

İşim aşmadı başdan,
Gözüm doymadı yaşdan.
Fələk mənə versəydi,
Verərdi əzəl başdan.

İşim düşdü bəndə, yar,
Can qalmadı məndə, yar.
Allah məni öldürsün,
Sən də qurtar, mən də, yar.

İşini al ələ sən,
Ömrü vermə yelə sən.
Hər işdə səbirli ol,
Peşman olar tələsən.