Məzmuna keç

Bayatılar/X

Vikimənbə saytından
X Bayatılar. X hərfi ilə başlayan bayatılar
Müəllif: Şifahi xalq ədəbiyyatı
İ
Sister Projects. Həmçinin baxın: Haqqında • Mənbə: Bayatılar. Bakı, 1995

Xal görmədim xalınca,
Xalından kam alınca,
Bilsəydim bivəfasan,
Göz qoymazdım dalınca.

Xal vurmuşam xal üstə,
Zülfü tökmə şal üstə.
Söz dedin, könül aldın,
Şərbət tökdün bal üstə.

Xalların üz qarası,
Yaxşıdı göz qarası.
Hər qara, yuyulsa da,
Yuyulmaz üz qarası.

Xan Araz coşan yerdə,
Dağ-daşı aşan yerdə.
Torpağı çiçək açar,
Kürə qovuşan yerdə.

Xan kəndinin düzü var,
Çöllərində quzu var.
İki könül bir olsa,
Kimin buna sözü var.

Xan getdi, çəkmə qaldı,
Ləbə mey çəkmə, qaldı.
Yarın yad oldu, aşiq,
Sənə cançəkmə qaldı.

Xan Kərəmin bağı var,
Girmə bağa, yağı var.
Dindirmə, qan ağlaram,
Sinəmdə yar dağı var.

Xan pişiyim sərhasər,
Çölə çıxma, yel əsər.
Qonaq bu il burdayam,
Gələn il də sərhasər.

Xan yanında nökərəm,
İşim yoxdur, bekaram.
Toycünü gətirməsən,
Başında turp əkərəm.

Xançalı işlə yolla,
Üstün gümüşlə yolla.
Yanına beş alma qoy,
Birini dişlə yolla.

Xar əlindən gül ağlar,
Gül ağlar, sünbül ağlar.
Bağçaya xəzan gəlsə,
Yaş tökər, bülbül ağlar.

Xəbər getsin o yada,
Yatmış könlüm oyada,
Bivəfaya sirr vermə,
Gedər deyər o, yada.

Xəbər verdim, naz gəldi,
Bahar ötdü, yaz gəldi.
Dayandım toyxanada,
Yar əlində saz gəldi.

Xəbəri quş apardı,
Vətənə tuş apardı.
Gözlədim yar keçəcək
Onda da huş apardı.

Xəcalət təri səndə,
Sevdasəri səndə.
Mənnən keçən günlərin,
Yoxmu əsəri səndə?

Xəncər üstə qaş gəlir,
Qoşun başabaş gəlir.
Qoşuna qurban olum,
İçində qardaş gəlir.

Xəncərin bağı tasma,
Tasmadan qoyun asma.
Düşmən dili çox olar,
Hər dilə qulaq asma.

Xəstən mənən, xəstən mən,
Bağçada güldəstən mən.
Sən elə bir çiçəksən,
Hər görəndə məstəm mən.

Xəstəyəm, yan üstəyəm,
Yaram var, qan üstəyəm.
Gəl bir qol-boyun olaq,
Ölürəm, can üstəyəm.

Xəzəl çıxıb qurşağa,
Bir ün düşübdü bağa.
Bülbül gülün axtarır,
Qonur budaq-budağa.

Xınanı teldən qoyar,
Kəməri beldən qoyar.
Gözüm görməz o yarı,
Sevdiyin əldən qoyar.

Xırdaca cib biçağı,
Oldum ellər qaçağı.
Bir səhər gül, bir axşam,
Bir də günorta çağı.

Xırdaca nar kolları,
Qırılıbdı qolları.
Bilsəm hardan gəlirsən,
Gözlərəm o yolları.

Xırdacasan, məzəsən,
Sən hər güldən təzəsən.
Qurban olum o günə,
Ayaq tutub gəzəsən.

Xoruz ban verən yerdə,
Yaram qan verən yerdə.
Ana gəlsin yetişsin,
Oğul can verən yerdə.

Xoş gün bayramın olsun,
Günəş seyranın olsun.
Niyə gej-gej gəlirsən,
Canım qurbanın olsun.

Xoş günüm ayda getdi,
Tor qurdum, çayda getdi.
Mən günləri sayırdım,
Tez gəldi, ay da getdi.

Xoya gəl, Mərəndə gəl,
Bağdan bar dərəndə gəl.
Sağlığında gəlmədin,
Barı can verəndə gəl.

Xumar gözlər məstana,
Adın sığmaz dastana.
Ağla, a yarım ağla,
Təki dəsmal istana.

Xumar-xumar baxan yar,
A sultan yar, a xan yar.
Ağlım almaq istəsən,
Açıq saxla yaxan, yar.