Bayatılar/Ə
←E | Bayatılar. Ə hərfi ilə başlayan bayatılar Müəllif: Şifahi xalq ədəbiyyatı |
F→ |
Həmçinin baxın: Haqqında • |
Əlif mənəm, bey mənəm,
Əlif üstə tey mənəm.
Apar əcəl köynəyin,
Mən cavanam geymənəm.
Əlimdən qaşıq düşdü,
Getdi, yaraşıq düşdü.
Göründü ay camalın,
Aləmə işıq düşdü.
Əlində bayda gəlin,
Durubdu çayda gəlin.
Allah mətləbin versin,
Açılan ayda gəlin.
Əlində fənər gəldi,
Əqlimə nələr gəldi.
Dünyadan kam almadım,
Başıma nələr gəldi.
Ərəb atı zay olmaz,
Köhlən ata tay olmaz.
Mən ki, səndən pay umdum,
Bir öpüşdən pay olmaz.
Əzizim axındımı?
Su gəlir. axındımı?
Baxın yar gələn yola,
Mənzili yaxındımı?
Əzizim ağ biləklər,
Çırmanıb ağ biləklər.
Düşman çalsın, oynasın,
Başa çatdı diləklər.
Əzizim ağ çuxaya,
Çal kişi, ağ çuxaya.
Mənim yarım cavandı,
Verdilər ağ çuxaya.
Əzizim ağ səd olar,
Ağ sədəf, ağ sədalar.
Aşiqin göz yaşları,
Məxmərə axsa, dələr.
Əzizim ağ üzündən,
Kəfin al yağ üzündən.
Səni deyib gəlmişəm,
Gəl öpüm ağ üzündən.
Əzizim ağa dostum,
Dolan gəl bağa, dostum.
Sən duman ol, mən sisək,
Çəkilək dağa dostum.
Əzizim ağda yandı,
Şamama tağda yandı.
Özümü dağa verdim,
Alışdı dağ da yandı.
Əzizim ağlamazdım,
Gülərdim ağlamazdım.
Bilsəydim vəfan budur,
Sənə bel bağlamazdım.
Əzizim ağlamazlar,
Gülərlər, ağlamazlar.
Qürbətdə ölən kəsin,
Gözlərin bağlamazlar.
Əzizim ağlar gedər,
Könlümü dağlar gedər.
Ürəkdə qalıb sözüm,
Söz məni dağlar gedər.
Əzizim Ala dağa,
Gün düşür Ala dağa.
Mən Qarabağ əhliyəm,
Yaz məni Qaradağa.
Əzizim, Alı mindi,
Düratı Alı mindi.
Koroğlu təki mən də,
Yar, qadan alım indi.
Əzizim, alma qala,
Boşqaba alma qala.
Mən səni gizli sevdim,
Saldılar qalmaqala.
Əzizim, alma qala,
Boşqaba alma qala.
Namərd ilə dost olma,
Düşərsən qalmaqala.
Əzizim almadılar,
Yolladım almadılar.
Can qoydum bu qəfəsə,
Yalvardım almadılar.
Əzizim ay ağa qar,
Nola bir də yağa qar.
Məskəni Şah dağıdır,
Düşsə də ayağa qar.
Əzizim ay ağalar,
Gün keçər, aya qalar.
Dost dostan kənar gəzsə,
Düşmənlər ayaq alar.
Əzizim ay apardı,
Unu tay-tay apardı,
Bir çuval darı vardı,
Onu da bay apardı.
Əzizim ay azaldı,
Gün getdi, ay azaldı,
Qocalıq yükü gəldi,
Ömrümü ayaz aldı.
Əzizim ay aydına,
Tər salar, ay aydına.
Zülmətdə qalan başım.
Çıxmadı ay aydına.
Əzizim ay azaldı,
İl keçdi, ay azaldı.
Getdi, kömək qalmadı,
Arxalar vay azaldı.
Əzizim ay incələr,
Gün doğar, ay incələr.
Səni görən gözlərim,
Nə yatar,nə dincələr.
Əzizim ay incilər,
Yox sizə tay incilər.
Sənə baxan gözlərim,
Günün gündən incilər.
Əzizim ay incəli,
Xoş gəldin, ay İncəli.
Dərdini çəkən ölməz,
Günbəgün ay incəli.
Əzizim, ay şəkərsən,
Həm qəndsən, həm şəkərsən.
Bir quru canım qalıf,
Alarsan, əl çəkərsən.
Əzizim ay utanmaz,
Gün doğar, ay utanmaz.
Pisin pis əməllərin,
Üzünə say utanmaz.
Əzizim ay üzünə,
Gün həsrət ay üzünə.
Sən yarın işinə bax,
Tül çəkər ay üzünə.
Əzizim, ayaq sudan,
Üzər hey, ayaq sudan.
Yarımı suda gördüm,
Kəsmərəm ayaq sudan.
Əzizim ayağını,
Doğru at ayağını.
Yorğanından çıxartma,
Kəsərlər ayağını.
Əzizim ayaz aldı,
Bulud yox, ayaz aldı.
Zülfüncə ömrüm vardı,
Günbəgün, ay azaldı.
Əzizim ayaz olmaz,
Buluddu, ayaz olmaz.
Mən ki, qəm oylağıyam,
Dərd məndən ayaz olmaz.
Əzizim aydın olsun,
Ay doğsun, aydın olsun.
Eşitdim yarın gəlir,
Gözlərin aydın olsun.
Əzizim aydın olsun,
Ay doğsun, aydın olsun.
İki həsrət qovuşsun,
Gözlərin aydın olsun.
Əzizim, bad apardı,
Bad əsdi, bad apardı.
Cəfasını mən çəkdim,
Səfasın yad apardı.
Əzizim, baxtın olsun,
Qızıldan taxtın olsun.
Neylərsən qızıl taxtı,
Bir qızıl baxtın olsun.
Əzizim balabanı,
Asta çal balabanı.
Hamı gəldi qürbətdən.
Bəs mənim balam hanı?
Əzizim, bir-bir düşər,
Ox yaydan bir-bir düşər.
Cəfa çəkdigim günlər,
Yadıma bir-bir düşər.
Əzizim bir-bir düşər,
Ox yaydan bir-bir düşər.
Qürbətdə keçən günlər,
Ömürdən bir-bir düşər.
Əzizim, bir də görüm,
Səni mən bir də görüm.
Görmüşəm, doymamışam,
Aç üzün bir də görüm.
Əzizim bu dağ ilə,
El köçər bu daö ilə.
Necə qəbrə qoyarlar,
Mən ölsəm bu dağ ilə?!
Əzizim dad əlindən,
Fələyin dad əlindən.
Canım cəzana gəldi,
Hər gün fəryad əlindən.
Əzizim dağı-daşı,
Od tutdu bağrım başı.
Viran gördüm yurdumu,
Qurumaz gözüm yaşı.
Əzizim, dağıt üzdən,
Zülfünü dağıt üzdən.
Göylüm elə virandı,
Seçmərəm dağı düzdən.
Əzizim dalda gəzər,
Bülbüllər dalda gəzər,
Mərdlər qabağı gözlər,
Namərdlər dalda gəzər.
Əzizim, dalda yeri,
Yel tutmaz dalda yeri.
İki könül bir olsa,
Tez tapar dalda yeri.
Əzizim, daldasına,
Mərd igit dalda sına.
Namərd aslan olsa da,
Sığınma daldasına.
Əzizim damar-damar,
Sifətindən qan damar.
Şüşə könlüm sınarsa,
Bəs onu kimim yamar.
Əzizim, daşa çalar,
Su özün daşa çalar.
Yemə namərd çörəyi,
Qayıdar başa çalar.
Əzizim, dərd əkərəm,
Yoldaşdı dərdə Kərəm,
Qoşmuşam qəm kotanın,
Hər gecə dərd əkərəm.
Əzizim, dolu gözlər,
Göy kişnər, dolu gözlər.
Mənə derlər ağlama,
Durarmı dolu gözlər.
Əzizim fikr eylərəm,
Yolunda fikr eylərəm.
Ölsəm də yarın adın,
Qəlbimdə zikr eylərəm.
Əzizim, gedər, qalmaz,
Axar su gedər, qalmaz.
Vəfalıya can qurban,
Vəfasız gedər qalmaz.
Əzizim gədiyindən,
Ay doğdu gədiyindən.
O yara qurban olum,
Dönməz öz dediyindən.
Əzizim, gördü günü,
Ay doğdu, gördü günü.
Namərddə sirr əylənməz,
Mərd deməz gördüyünü.
Əzizim, gözün aydın,
Ay çıxdı, gözün aydın.
Yardan sənə xoş xəbər,
Sənin də gözün aydın.
Əzizim gül alanda,
Gül bitmiş Gülalanda.
Yarım yadıma düşər,
Əlimə gül alanda.
Əzizim gül üşüdü,
Şeh düşdü, gül üşüdü.
Güldün, ağlım apardın,
Bu necə gülüşüdü?
Əzizim gülə bənzər,
Qönçəyə, gülə bənzər.
Yardan gileylənən var,
Dərdi bülbülə bənzər.
Əzizim güldən gözəl,
Oxur bülbüldən gözəl.
Yar mənə bir gül verib,
Özü o güldən gözəl.
Əzizim gülsə dağlar,
Sal başa gülsəd ağlar.
Səndən ayrı gözlərim,
İnanma, gülsə də ağlar.
Əzizim gülüstandı,
Aç, oxu, “Gülüstan"dı.
Bülbülün göz yaşından,
Bağçada gül islandı.
Əzizim günü-günə,
Gəl, satma günü-günə.
Keçən günə gün çatmaz,
Calasan günü-günə.
Əzizim, hara gedim?
Haram var, hara gedim?
Düşmüşəm eşq oduna,
Bilmirəm hara gedim?
Əzizim, kasad olmaz
Mərd əli kasad olmaz
Yüz namərdin çörəyin,
Doğrasan, kasa dolmaz.
Əzizim, keçdi məndən,
Ox atdı keçdi məndən.
Mərdlərə körpü oldum,
Namərdlər keçdi məndən
Əzizim kəsə gəldin,
Yolları kəsə gəldin.
Vədə verdin gəlmədin,
Ağladım, səsə gəldin.
Əzizim kətan yaxşı,
Keyməyə kətan yaxşı,
Qürbət yer cənnət olsa,
Yenə də vətən yaxşı.
Əzizim kətanda gül,
Şalda gül, kətanda gül.
Yerimiz yaxşı yerdi,
Hayıf ki, Vətən degil.
Əzizim kimi gözlər,
Tar çalan simi gözlər.
Qaşın kimi qaş olmaz,
Gözlərin kimi gözlər?
Əzizim küsü bağlar,
Dündirmə, küsü bağlar.
Mən yara neylədim ki,
Yar məndən küsüb ağlar.
Əzizim qala yerdə,
Bürc yerdə. qala yerdə.
Qorxuram qərib öləm,
Cənazəm qala yerdə.
Əzizim qar qalanmaz,
Qar yağmaz, qar qalanmaz.
Düşməni möhkəm vursan,
O bir də qarğalanmaz;
Əzizim qara xalın,
Can alır qara xalın.
Ürəyimə xal saldı,
Ağ üzdə qara xalın.
Əzizim qara saldı,
Xalların qara saldı.
Yar qalxdı qəm dağına,
Özünü qara saldı.
Əzizim qaranı yaz,
Ağ üstən qaranı yaz.
Əzzəl dəftər başına.
Mən bəxti qaranı yaz.
Əzizim qəlbi dağlar,
Ağsaçlı, qəlbi dağlar.
Yar fəraqı yamandı,
Yandırar qəlbi dağlar.
Əzizim, qəm oyanı,
El yatar, qəm oyanı.
Dəryalar oya bilməz,
Yoxsulda qəm oyanı.
Əzizim, qız adamı,
Od yana qıza damı.
Hər dərddən çox saraldar,
Bivəfa qız adamı.
Əzizim, qora dərdim,
Köz altdan qora dərdim.
Gözlədim, yar gəlmədi,
Apardım gora dərdim.
Əzizim qönçə qaldı,
Qızılgül qönçə qaldı.
Hər dərdə dözən canım,
Əridi, incə qaldı.
Əzizim quşun ağlar.
Uçurub quşun ağlar,
Var-yoxu gedən mənəm,
Kirəkəş nədən ağlar?
Əzizim quzu qurban,
Qoç qurban, quzu qurban.
Mərdin bir tək tükünə,
Namərdin yüzü qurban.
Əzizim Məməqana,
Yol gedir Məməqana.
Kəs başım sinən üstə,
Qoy batsın məmə qana.
Əzizim, mən də yetim,
Asta get, mən də yetim.
Hamı arzuya çatdı,
Gün olsun mən də yetim.
Əzizim, mənə dəydi,
Daş atdın mənə dəydi.
Fələyin hicran oxu,
Qurtuldi mənə dəydi.
Əzizim məni tapar,
Dərd gələr məni tapar.
Göydən hər bəla gəlsə,
Axtarar məni tapar.
Əzizim, məst olaydım,
Yar səndən məst olaydım.
Bir piyalə ləbindən,
Mən içib məst olaydım,
Əzizim, nar ağacı,
Bar verməz nar ağacı.
İnadımdan keçmərəm,
Qurulsa dar ağacı.
Əzizim necə dönüm,
El yatsın, necə dönüm.
Kafər dinindən dönməz,
Mən səndən necə dönüm.
Əzizim, necə sayım?
Dərdim çox, necə sayım?
Sənsiz keçən günləri,
Ömürdən necə sayım?
Əzizim nə tarazi,
Nə daş var, nə tarazi.
Kişini tez qojaldar,
Arvadın natarazı.
Əzizim nərdivana,
Ayaq qoy nərdivana.
Yar qədrini yar bilər,
Nə bilər hər divana.
Əzizim o balıqnan,
Dəryada o balıqnan.
Bir vədəsiz yel əsdi,
Yandıq biz obalıqnan.
Əzizim, oda damı,
O bağı, o da damı.
Elə ki sən yandırdın,
Yandırmaz od adamı.
Əzizim oda damı,
Od yana, qıza damı.
Elə ki, sən yandırdın,
Yandırmaz od adamı.
Əzizim otağında,
Bülbüləm budağında.
Bala anadan ayrı,
Can verir otağında.
Əzizim səfa gəldin,
Xoş gəldin, səfa gəldin.
Nə mən öldüm qurtardım,
Nə sən insafa gəldin.
Əzizim səni, Təbriz,
El sevər səni, Təbriz,
Al qoynuna əzizlə,
Ana tək məni, Təbriz.
Əzizim, sərin ayaz,
Göy bulud, sərin ayaz.
Dosta gələn qadanı
Düşmənin sərinə yaz.
Əzizim sözə qaldı,
Bir şirin sözə qaldı.
Yad qovuldu dağlardan,
El-oba bizə qaldı.
Əzizim sulu gözlər,
Səndəki dolu gözlər.
Aşiq hicran çölündə,
Oturub yolu gözlər.
Əzizim üzdən oldum,
Söhbətdən, sözdən oldum.
Bir bivəfa yolunda,
Ağladım,gözdən oldum.
Əzizim, üzmə barı,
Qaşların süzmə, barı.
Aşnalıq başarmırsan,
Dostluğu pozma barı.
Əzizim üzü maya,
Qaş qara, üzü maya.
Dağılsın bulud zülfün,
Sataşsın gözüm aya.
Əzizim üzüm qara,
Bağımda üzüm qara,
Yar yanına gedirəm,
Əlim boş,üzüm qara.
Əzizim ya saraylar,
Yapılmış ya saraylar.
Üstümə hücum etdi,
Pis günlər, yassar aylar.
Əzizim yad apardı,
Dad çəkdi, dad apardı.
Yara bir gül saxladım,
Onu da bad apardı.
Əzizim yada neylim?
Yad oğlu yada neylim?
Görür ahu naləmi
Gəlmir imdada, neylim?
Əzizim yar dağıdı,
Bu dağlar yar dağıdı.
Hər yerdə yuva salsam,
Fələk yıxar, dağıdı.
Əzizim yar dağıdı,
Görünən yar dağıdı.
Sinəmin qəm kasasın,
Dağıtsa yar dağıdı.
Əzizim, yar diyarı,
Yar yurdı, yar diyarı.
Alçaq ol, uca dağlar,
Görünsün yar diyarı.
Əzizim yara yazım,
Tükəndi çara yazım.
Günümün hər vərəqi,
Dolubdu, hara yazım?
Əzizim, yaralandım,
Ox dəgdi, yaralandım.
Xəncəl vurdun, dəgmədi,
Dilindən yaralandım.
Əzizim yarı canım,
Yarıdan yarı canım,
Yoluna göz dikməkdən
Qalmayıb yarı canım.
Əzizim, yazan yoxdu,
Dərdimi yazan yoxdu.
Qürbətdə düşüb ölsəm,
Qəbrimi qazan yoxdu.
Əzizim yolla gəlsin,
Dağ aşsın, yolla gəlsin,
Ürəkdə nisgilim var,
Bir namə yolla, gəlsin;
Əzizinəm, ay qardaş,
Qaşın ucu yay qardaş.
Ölsə, bacılar ölsün,
Heç deməsin "vay qardaş"
Əzizinəm kasa dolmaz,
Fitnəsiz fasad olmaz.
Namərdə boyun əymə,
Mərd əli kasad olmaz.
Əzizinəm, qəmdə gül,
Qəmdə danış, qəmdə gül.
Ağ gündə gülən gönül,
Mərd igidsən, qəmdə gül.
Əziziyəm aslandı,
Qılınc qından aslandı,
Tülküdən aslan olmaz,
Aslan elə aslandı.
Əziziyəm axşamlar,
Çıraq yanar axşamlar.
Evli evinə gedər,
Evsiz harda axşamlar.
Əziziyəm bac alar,
Mərd rəqibdən bac alar,
Hər kəsi el istəsə,
Bülənd olar, ucalar.
Əziziyəm can məndən,
Cisim məndən, can məndən.
Kaman, ox səndən olsun,
Hədəf məndən, can məndən.
Əziziyəm çönmərəm,
Çağırmasan çönmərəm.
El-tayfanı ataram,
Amma səndən çönmərəm.
Əziziyəm dərdə mən,
Dözəmmərəm dərdə mən.
Sən yat dincin alginən,
Keşikçinəm dərdə mən.
Əziziyəm dilən gəz,
Bağda gülə dilən gəz,
Qürbətdə xan olunca,
Vətənində dilən gəz.
Əziziyəm, gün gələ,
Ay çəkilə, gün gələ.
Ömrümü bada verdim,
Gözlədim xoş gün gələ.
Əziziyəm gündə mən,
Kölgədə sən, gündə mən.
İldə qurban bir olar,
Sənə qurban gündə mən.
Əziziyəm qar gündə,
Yağır qara qar gündə.
Yarı görmək istəyir,
Ürəyim bu dar gündə.
Əziziyəm, nə qaldı?
Nə payladı, nə qaldı?
Fələk mənim başıma,
Gətirməmiş nə qaldı?
Əziziyəm sinəndə,
Ovçu ovun sinəndə.
Tifiləm al qoynuna,
Bəslə məni sinəndə.
Əziziyəm üzə sən,
Ürbənd salma üzə sən.
Girəsən yar bağına,
Bir cüt narın üzəsən.
Əziziyəm, var dərdim,
Yox dərmanım, var dərdim.
Xar əkənlər, gül dərdi,
Mən gül əkdim, xar dərdim.
Əziziyəm yad əli,
Ya divanə, ya dəli.
Qiyamət o gün qopar
Yara dəysə yad əli.
Əziziyəm yaxşı dur,
Yaxşı danış, yaxşı dur.
Yaxşı igid yurdunda,
Pis qalmasa yaxşıdır.
Əziziyəm, yüz il gəz,
Yüz il dolan, yüz il gəz.
Vəfalı yar yolunda,
Heç gəzməsən, yüz il gəz.
Əziziyəm yüz yerdən,
Əlli yerdən, yüz yerdən.
Camalın bayram ayı,
Baxışların yüz yerdən?