Məzmuna keç

Bayatılar/E

Vikimənbə saytından
D Bayatılar. E hərfi ilə başlayan bayatılar
Müəllif: Şifahi xalq ədəbiyyatı
Ə
Sister Projects. Həmçinin baxın: Haqqında • Mənbə: Bayatılar. Bakı, 1995



El batır qəm dəryada,
Kimə gedim mən dada?
İgid döyüşdə ölsə,
Adı qalar dünyada.

El bu dağda ya qışlar,
Ya köç elər, ya qışlar.
Başım cəllad əlində,
Nə vurar, nə bağışlar.

El köç eylər bu dağa,
Quşlar qonmaz budağa.
Elə ki, mən dözürəm,
Heç kim dözməz bu dağa.

El köçər, dağa gəli,
Bülbüllər dağa gəli.
Namərdin qaydasıdı,
Can verən çağa gəli.

El köçür dağa sarı,
Ucadır dağ hasarı.
Ürəyin nar istəsə,
Dolan gəl bağa sarı.

El-obada, katda mən,
Kam qoymaram yadda mən.
Gəlincə yol gözlərəm,
Qallam kəbin altda mən.

Elat köçür atdan sən,
Gözlə özün yaddan sən.
Dilimin əzbərisən,
Heç çıxmadın yaddan sən.

Eldə viranə bağlar,
Dönmüş viranə bağlar.
Bülbül öldü, gül soldu,
Qaldı viranə bağlar.

Eldən yana düşmüşəm,
Nahaq qana düşmüşəm.
Yar məni bərkə çəkib,
İmtahana düşmüşəm.

Elə baxma, belə bax,
Dağdan gələn yelə bax.
Tər tökdük oba saldıq,
Evlər yıxan sələ bax.

Elədimi dad ola,
Fəryad ola, dad ola.
Qorxuram qərib öləm,
Ağlayanım yad ola.

Eləmi ay qabağı,
Buluddu ay qabağı.
Yetimin üzü gülməz,
Açılmaz ay qabağı.

Eləmi Baxtıyarım,
Bax elim, bax diyarım.
Üzündə göz izi var,
Sənə kim baxdı yarım.

Eləmi dağda qara,
Zülfünü bağda dara.
Vəfalı yardan ötrü,
Rumu gəz, Bağdad ara.

Eləmi dan yeridi,
Görünən dan yeridi.
İki məmən arası,
Yatmağa can yeridi.

Eləmi gözəl kimi,
Baxarsan gözəl kimi,
Dərddən saraldı, düşdü,
Ürəyim xəzəl kimi.

Eləmi gül açıldı,
Yaz gəldi, gül açıldı.
Rəngin nədən dəyişdi,
Al oldu, gülə çaldı.

Eləmi gül istana,
Şeh düşə, gül istana.
Ayıq ol, şeyda bülbül,
Xar qonar gülüstana.

Eləmi günü neylim?
Gün vermir günü neylim?
Ər döyür, baldız döyür,
Mən belə günü neylim?

Eləmi qalam qardaş,
Səngərim, qalam qardaş.
Yağı basqınçaq tapdı,
Dardadı balam qardaş.

Eləmi qaldı səbir,
Qovğadı, qaldı səbir.
Nəyar insafa gəldi,
Nə məndə qaldı səbir.

Eləmi mən pərişan,
Halım yoxdu danışam.
Varmı mənim kimisi,
Dərdi dərdə qarışan?

Eləmi nalam qardaş,
Fəryadım-nalam qardaş,
Top atıldı, bürc sındı,
Alındı qalam qardaş.

Eləmi o gülə nəm,
Tez keçdi o gülə nəm.
Nə deyirsən and içim,
Səninlə o gülənəm.

Eləmi tağı bizdən,
Eyvanın tağı bizdən.
Yağılar basqın etsə,
Alarlar bağı bizdən.

Enişdə enənə bax,
Dolayı dönənə bax.
Muradına çatmayıb,
Çırağı sönənə bax.

Eşit sözüm deyim yar,
Donum göndər geyim yar.
Sən gedəli qalmayıb,
Ürəyimdə heyim yar.

Eşq oduna bir-bir yan,
Bir kabab ol, bir büryan.
Sənlə keçən günləri,
Sal yadına bir-bir, yan

Eşq oduna qalannam,
Yar başına dolannam.
Vətəndən ayrı düşsəm,
Viran ollam, talannam.

Eşqindən oldum xəstə,
Mənəm zaru şikəstə.
Məmələrin nazbalış,
Can verim dizin üstə.

Ev tikdim tağlı olsun,
Bağ saldım bağlı olsun.
Deyirlər nə vaxt gələr?
Deyirəm, sağlıq olsun!

Ev tikdim, yalan oldu,
Gül ömrüm talan oldu.
Nə çubuğum bərkidən,
Nə keçəm salan oldu.

Evin dalı qarağat,
Qarağatdan yara at.
Yardan mənə bir xəbər,
Mən də olum farağat.

Evində, eçiyində,
Yat quzum, beşiyində.
Dan ulduzu, bir də mən,
Durmuşuq keşiyində.

Evinin yanı çiçək,
Yarpağı ləçək-ləçək.
Qardaşın adaxlısı,
Bəstəboy, gözü göyçək.

Evləri səkilidi,
Reyhanlar əkilidi.
İki könül bir olsa,
Kim onun vəkilidi?!

Evləri Tərtər üstə,
Tər yorğan örtər üstə.
Yarın çuxası bizdə,
Görən nə örtər üstə?

Evləri yaxın yarın,
Boyuna baxım yarın.
Gözəldi, göz götürməz,
Muncuğun taxım yarın.

Evlərində var kilim,
Lal olsun mənim dilim.
Gedəndə küsdü getdi,
Gəlsə necə dindirim?